TEATRO

TEATRO

sənət portalı

post-title

MƏRYƏM ƏLİZADƏ 7.5

                                                                                              75 yaşlı tələbəm

Məryəm Əlizadəni lap gənc yaşlarından tanıyıram.  1967-ci ildə o, Teatr İnstitutunun “Teatrşünaslıq” fakültəsinə daxil olmuşdu, mən də institutda müəllim işləyirdim. Onların kursuna “Səhnə danışığı”ndan dərs deyirdim. 

Elə ilk baxışdan istedadı, intellekti, kübarlığı, məsuliyyəti ilə seçilirdi. Dərslərə ciddi münasibət bəsləyir, yaşıdları ilə hörmətlə davranır, onların qayğısına qalırdı. Dostluqda sadiq, incə zövqlü gənc bir qız idi...  

O vaxtdan xeyli keçib. Məryəm Əlizadə özünəqarşı tələbkar münasibəti sayəsində şərəfli ömür yaşayıb və bu gün böyük alimlərin sırasında dayanıb. Amma mənim xatirimdə o, elə həmin 17 yaşlı gənc qız, müəllimlərinin sevimli tələbəsi kimi qalıb. 

Məryəm xanımın heç kimdə olmayan, özünəməxsus müsbət keyfiyyətləri haqqında çox söz yazmaq, saatlarla danışmaq olar. Mən bu keyfiyyətlərin cəmini iki sözlə ifadə etmək istəyirəm – MÜKƏMMƏL İNSAN! Onun həyatı, sənəti vəümumilikdə bütün varlığı bu iki sözün qüdrətinəsığışır. 

Məryəm Əlizadəni yubileyi münasibəti iləAzərbaycan Teatr Xadimləri İttifaqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, elmi, pedaqoji və yaradıcı fəaliyyətində böyük, davamlı uğurlar arzulayıram. Yubileyin mübarək, mənim 75 yaşlı tələbəm!

Hacı İsmayılov

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, 

Xalq artisti, Dövlət mükafatı laureatı

                                                                                        Teatr eşqiylə yaşayan teatrşünas

Məryəm Əlizadə görkəmli elm xadimi, görkəmli teatrşünasdır. Bu sözləri deyərkən yadıma Məryəm xanımın bir məqaləsi düşdü. O, bu yaxınlarda bizim görkəmli teatr rəssamı, Xalq rəssamı Nazim Bəykişiyev haqqında “Teatra eşq elan edən görkəmli rəssam..” adlı bir məqalə yazmışdı. Məqalə mənim çox xoşuma gəlmişdi. Nə üçün bu məqaləni indi xatırladım? Məryəm xanımın yaradıcılığına bələd olan, onu illər boyu tanıyan bir insan olaraq deyə bilərəm ki, onun özü də teatr eşqiylə yaşayan görkəmli elm xadimi,  sənətşünas, professional  teatrşünaslığımızın çox görkəmli nümayəndələrindən biridir. Bilirsiniz ki, keçən əsrin əvvəllərində də, XX əsrin sonlarında da vəbu gün də Azərbaycan teatrı haqqında, teatr tamaşaları haqqında çox qələm sahibləri yazıblar və yazırlar. Ancaq məncə, professional teatrşünaslıq keçən əsrin 60-cı illərindən etibarən inkişaf etməyə başladı. Həmin dövrdə Akademik Milli Dram Teatrında  İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası (1964-cü il) oynanıldı və çox böyük uğur qazandı. Sözügedən tamaşa haqqında bizim görkəmli teatrşünas alimimiz Cəfər Cəfərov “Təklik faciədir” adlı möhtəşəm bir məqalə yazdı. Məhz bu məqalədən,  onun elmi-nəzəri sanbalından, aktuallığından, güclü müasirlik ruhundan rişələnən Azərbaycan teatrşünaslığı ədəbi tənqiddə müstəqil bir qol kimi inkişaf etməyə başladı.  Məryəm Əlizadə də, məhz həmin dövrdən etibarən formalaşmağa başlayan  professional teatrşünaslığın görkəmli nümayəndələrindən biri, birincilərdən biridir!

Küll halında götürdükdə Azərbaycan teatrı onun üçün doğma bir məkandır. 

Elçin 

Xalq yazıçısı 

Çıxış ATV kanalında 28 dekabr 2024 tarixindəyayımlanan 

“Birinci ikincilər” verilişindən götürülüb.

                                                                                    Azərbaycan teatrşünaslığının fenomeni

“Məryəm Əlizadə gözəl qadın, gözəl insan, şəxsiyyət, çox nazlı, danışığının,  sözünün yerini bilən, hər insanla dil tapmağı bacaran, hər insanla layiq olduğundan da artıq rəftar edən zadəgan bir xanımdır. Bir dəfə biz  Şuşaya - I “Xarıbülbül” festivalına gedəndə Məryəm xanımın gözlərində  elə bir xoşbəxtlik görmüşəm ki, o baxışlar çox az adamlarda, çox az, ömrün bəlkə də, bir neçə anında olur.  Məryəm xanım şuşalıdır. Əsl xanımlar xanımıdır! Siz görəydiniz ki, o, doğma Şuşanı, doğma yurd yerini, Cıdır düzünü, burada keçirilən möhtəşəm konserti, eləcə də mədəniyyət və incəsənət adamlarını - öz doğmalarını, əzizlərini görəndə hansı hisləri keçirirdi. Həmin an onun baxışlarında olan sevinc dolu o ifadəni ömrüm boyu unuda bilməyəcəyəm.  

Məryəm xanımla yol yoldaşı olmaq özü həyatın bir hədiyyəsidir. O qədər səmimidir ki! Bəzən insanı illərlətanıyırsan, amma nədənsə onunla açılışa bilmirsən... Axıracan ürəyinin sirrini deyə bilmirsən... Məryəm xanımla ilk andan, bir beşcə dəqiqə söhbət eləsəniz bütün ürəyinizi onu açacaqsız. Elə biləcəksiniz ki, bacınızla, ananızla, ən yaxın sirdaşınızla yol gedirsiz və istəyirsiz ki, “içinizin içini” onunla bölüşəsiniz. 

Mən onunla neçə illərdir ki, bir ali məktəbdə işləyirəm. Heç bir dəfə görməmişəm ki, bu qadın əsəbiləşsin. Bir dəfə də olsun onun qəzəbli sifətini xatırlamıram. 

Məryəm xanım professional teatrşünasdır. Teatrı bildiyi və sevdiyi qədər kinonu da bilir və çox sevir.  Bir dəfə o, Əli Əmirlinin “Hasarın o üzü” tamaşasına baxandan sonra pərdəarxasına gəlib, mənə yaxınlaşdı və dedi: “Həmidə, çox təəssüf edirəm”. Mən həyacanlanaraq soruşdum: “Niyə?” Dedi: “Sən bu obrazla elə bərabərləşmişdin, obrazın içində elə ərimişdin ki, mən təəssüf edirəm ki, teatr səni itirdi”. Dedim, “onda kino qazandı”... Güldük.

Mən heç vaxt eşitməmişəm ki, Məryəm xanım nədənsə şikayət eləsin, həyatından narazı olsun. Mərd qadındır. Çətinliklərə dözən qadındır. Nə gözəl ki, incəsənət aləmində Məryəm Əlizadə adlı fenomen bir qadın var”

Həmidə Ömərova 

Xalq artisti, professor

Çıxış ATV kanalında 28 dekabr 2024 tarixindəyayımlanan 

“Birinci ikincilər” verilişindən götürülüb.

                                                                                                       Onun tanrısı

Məryəm Əlizadə sevgi ilə möhürlənib - bunu hələt ələbəlik illərindən özüm üçün müəyyənləşdirmişdim. Əvvəl-əvvəl təəccüblənirdim və nə gizlədim, inanmırdım: kurs yoldaşlarını... müəllimləri... dərsləri... məşğələləri... bu qədər də sevmək olmaz axı! Sən demə, olar və sən demə, bu sevgini o qədər də gül-çiçəkli olmayan həyat yolu boyu qoruyub bəsləmək də olarmış. "Xanımların yaşlarını dilə gətirməzlər" - bu deyimlə razı olmasam da, ona riayət edəcəyəm. Halbuki, demək istədiyim qənaət məhz yaşla bağlıdır. Demək istəyirəm ki, ağbirçək sinninə çatmış Məryəm xanım yenə də sevgi ilə yaşamaqdadır: indi o, tələbələrini... aspirantlarını... həmkarlarını sevir, indi də o, sevə-sevə auditoriyaya girir və sənətinə olan sevgidən pay paylayır. Pafoslu səslənsə də, deməliyəm ki, o, doğma Azərbaycan mədəniyyətini və incəsənətini artıq müdrikliklə aşılanmış sevgi ilə sevir, milli teatrı isə ərköyün bir övlad kimi sevərək, onun inkişafından ötrü iş görməkdən usanmır. Və buna görə də Məryəm xanım onu yaxından və uzaqdan tanıyan hər kəsdən ötrü gözəldir! Böyük yazar və düşünər zamanında demişdir ki, bəs, narahat olmayın, dünyanı gözəllik xilas edəcək. Dünyanı bilmirəm, amma Məryəm xanımın gözəlliyi illərdir teatr icmamızı qoruyur, onu tənəzzüldən xilas edir.

O, bizə çox gərəkdir, çünki onun Tanrısı - gözəllikdir, sevgidir.

Vaqif İbrahimoğlu

Əməkdar İncəsənət xadimi, professor, 2010-cu il

                                                                                     Düşüncəylə duyğuların qovşağında

Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına bir sıra yeni, prinsipial məqsəd vəvəzifələr qoyuldu ki, bunları, eyni zamanda, elmi-nəzəri, konseptual müstəvidə həll etmək zəruri oldu. Təsadüfi deyil ki, məhz XX əsrdə rejissuranın sürətli inkişafı ilə üzvi bağlılıqda sənətşünaslığın tərkib hissəsi olan teatrşünaslıq da güclü sıçrayış nəticəsində müstəqil bir elm-sənət fəaliyyət sahəsinə döndü. Əski dövrlərdən fərqli olaraq, yeni teatrşünaslıq rejissuranın dominantlığını qəbul etdi və bütün araşdırma-dəyərləndirmə əməliyyatlarını məhz bu aspektdən apararaq elmi baxımdan dürüst qənaətlərə gələ bildi.

Hörmətli oxuculara böyük məmnuniyyətlə açıqlamalıyam ki, yuxarıda söylədiyim ümumiləşdirilmiş mülahizəni şəxsən mən illər boyu yaradıcı ünsiyyətdə olduğum Məryəm ƏLİZADƏ adlı teatrşünasın fəaliyyətini izləyərək formulizə edə bildim. Böyük alim və dövlət xadimi Cəfər Cəfərovun tələbəsi olan  Məryəm ƏLİZADƏ, məndən ötrü, Azərbaycan teatr məkanında yaranmış və inkişaf etmiş yeni teatrşünaslığın ən parlaq nümayəndəsidir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, Məryəm ƏLİZADƏ müəlliminin vəsiyyətinə sadiq qalaraq, öz elmi araşdırma metodunu məhz rejissuranın üzərində qurub və məhz bu aspektdən tamaşanın təhlilini son dərəcə əsaslı və – ən ümdəsi! – sistemli şəkildə apara bilib.

Mənə elə gəlir ki, bir teatrşünas kimi Məryəm ƏLİZADƏ çox erkən rejissuranın məğzini və özəlliyini dərk edib. O, özünəməxsus həssaslıqla bu peşənin, bu yaradıcı fəaliyyətin psixoloji təməlini anlayaraq onun ikili xassəsini aşkarlayıb. Məlumdur ki, rejissor yaradıcılığı iki təməli xassənin sintezindən – düşüncə (intellektual başlanğıc) və duyğuların (emosional başlanğıc) vəhdətindən yaranan bədii-yaradıcı fəaliyyətdir. Məryəm ƏLİZADƏnin də elmi metodu məhz bu iki başlanğıcın təmas nöqtəsində, qovşağında bərqərar olub. Məhz buna görədir ki, onun təhlilləri həm dəqiq diskursa malikdir, həm də tamaşanın emosional ovqatını adekvat əks etdirir.

…Bilmirəm, peşənin şərtlərimi Məryəm xanımın insani xarakterinə təsir edib, yoxsa teatrşünas özəlliyi onun xasiyyətindən qaynaqlanır, amma onu yəqin bilirəm ki, sevimli həmkarım, əziz dostum və sirdaşım həyatda da düşüncəylə duyğuların qovşağında yaşayıb-yaradır. Bəlkə dostumuzun məhz bu yaşam mövqeyi onu hamımıza əziz, doğma və gərəkli etməkdədir. 

Əziz Məryəm xanımı ad günü (7.0) münasibətilətəbrik edir, ona hələ uzun illər “Əlahəzrət teatr”a  sağ-salim xidmət etməyi  arzulayıram.

Azər Paşa Nemət
AzTXİ-nin sədri, Xalq artisti, professor, 2020-ci il

                                                                                 Azərbaycan teatrşünaslığının brendi

Bizim Xalq rəssamı Nazim Bəykişiyev deyir ki, Məryəmlə Fuad görüşəndə gözlərində elə bir qığılcım hiss olunur ki, elə bil tələbə vaxtlarındakı kimi görüşürlər. Burada bir həqiqət var. Bizim Məryəm xanımla münasibətlərimizdə qəlplik yoxdur. Bu, əgər kənardan da, xüsusilə rəssam gözü ilə hiss olunursa, demək biz münasibətlərimizdə o tələbəlik dövrünün paklığını, saflığını qoruyub saxlaya bilmişik. Məryəm xanımın adı bu gün Azərbaycan sənətşünaslığında xüsusi bir nüfuza malikdir. Bu, təkcə mənim fikrim yox, teatr sənəti ilə ciddi məşğul olan hər bir insanın fikridir. Mən hətta deyərdim ki, Məryəm xanımın adı və imzası Azərbaycan sənətşünaslığında bir brenddir. Ona da Məryəm xanım işinə olan hədsiz tələbkar vəciddi münasibəti ilə nail olub. Məryəm xanımın imzası olan hər bir məqalə haqqında demək olar ki, o heç vaxt qərəzli olmayacaq. Çünki Məryəm xanım öz imzasına hörmətlə yanaşan bir alimdir. Mən belə bir insanla tələbə yoldaşı və dost olduğum üçün qürur hissi duyuram. Məryəm xanım öz müəllimləri Tofiq Kazımov və Cəfər Cəfərovun tələbəsi adını şərəflədaşıyır.

Fuad Poladov

Dövlət mükafatı laureatı, Xalq artisti, 2010-cu il

                                                                                                  Sənət avtoriteti

Teatr aləmində elə şəxsiyyətlər var ki, onların zövqü, fikri mənim üçün çox vacibdir, hətta yazdığım əsərlərin onlar tərəfindən qiymətləndirilməsinə, türklər demiş, aşırı həssaslıq göstərirəm. Etiraf edim ki, çox vaxt bədii keyfiyyətindən bir az nigarançılığım olan əsərlərimi onların oxumalarını, o əsərlər əsasında qoyulmuş tamaşalara baxmalarını istəmirəm. Belə insanlardan biri görkəmli teatrşünas alimimiz, professor Məryəm xanım Əlizadədir.

Məryəm xanımın ilk oxuduğum yazısı "AzDrama"nın "Adsız ulduz" tamaşasına həsr etdiyi resenziyası olmuşdu, axırıncı yazısı isə "Yuğ" teatrının "Birinci akt"ına teatral şərhi. Bir-birindən azı otuz illik məsafə ilə ayrılan bu iki məqalə arasında onlarla resenziyalar, fundamental elmi əsərlər, monoqrafiyalar, elmi məruzələr, mühazirələr, çıxışlar, ideyalar, layihələr meydana gəldi. Bir çoxları ilə yaxından tanış olduğum bu əsərlər teatrşünaslığımızın daha çox xronoloji məlumatlar toplusu müstəvisindən yeni istiqamətə - intellektual təhlil istiqamətinə yönəldilməsində, teatr tənqidçiliyində yüksək bir plankanın - səviyyənin yaradılmasında, ümumilikdə teatr mədəniyyətimizin var olmasında, inkişafında müstəsna rol oynayıblar. Bu gün Azərbaycan teatrşünaslığında formalaşmış sabit bir Məryəm Əlizadə üslubu var ki, onu başqaları ilə qarışıq salmaq mümkün deyil.

Məryəm xanımın ad günü münasibəti ilə yazdığım bu sətirləri onun oxuduğum ilk və hələlik son resenziyaları ilə başlamağım təsadüfi deyil: əgər "Adsız ulduz"a həsr edilən yazıda gənc müəllifin istedadını, teatr biliyini göstərmək, imzasını yaddaşlara həkk etmək istəyi özünü qabarıq şəkildə göstərirdisə, "Birinci akt"a yazılan gözəl şərhin əsasında artıq özünü çoxdan təsdiq etmiş sənət avtoritetinin yüksək teatral intellekti ilə yanaşı tamaşanın müəllifinə, istedadlı aktyor ansamblına, ümumilikdə "Yuğ"a düşünülmüş, dərk edilmiş dərin məhəbbəti dayanır. Əlbəttə bir-birindən otuz illik zaman kəsiyi ilə ayrılan bu yazıların ümumi müsbət cəhətləri çoxdur, amma bir cəhət mənim üçün çox vacibdir: səmimiyyət, materiala azad münasibət. Təcrübə göstərir ki, həmişə səmimi, obyektiv tənqidçi olmaq çətin peşədir, özü də olasan hər bir cəhətdən çox həssas teatr sənətinin tənqidçisi.

Əli Əmirli

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor, 2020-ci il

                                                                                        Azərbaycan teatrının rəmzi

“Məryəm Əlizadə Azərbaycan teatrının simvoludur! Məryəm Əlizadə Azərbaycan teatrşünaslığının ən qabaqcıl nümayəndələrindən biridir. Ümumiyyətlə, Məryəm xanım haqqında danışanda və yaxud Azərbaycan teatrı haqqında danışanda mütləq orda Məryəm xanımın şəxsiyyəti özünü göstərməlidir və göstərir də. Çünki bizdə bir neçə tanınmış teatrşünas var ki, onların birinci cərgəsində Məryəm xanım dayanır. Məryəm xanım uzun illərdir həm də pedaqoji fəaliyyətlə məşğuldur. Yeni nəsil teatrşünasların yetişdirilməsində, ümumiyyətlə, mədəni insanların yetişdirilməsində, fikir adamlarının yetişdirilməsində Məryəm xanımın rolu çox yüksəkdir və birincilər içərisindədir. Məryəm xanım çox xeyirxah insandır. Tənqidçilərdə bu qədər xeyirxahlıq olmur, adətən. Amma Məryəm xanımda bir teatrşünas kimi, bir insan kimi, bir mütəxəssis kimi birinci yerdə yaxşını görmək dayanır. Bu da onun öz içindən gəlir, o yaxşılıqdan gəlir. Ümumiyyətlə, mən hesab edirəm ki, yaxşı şeyləri görən adamlar daxilən xoşbəxt olurlar. Yəni, öz içində o yaxşını görür, o yaxşını yaşadır və özü də bundan zövq alır. Ətrafdakılar da bundan zövq alır. Hətta mən hərdən zarafatla deyirəm ki: “Məryəm xanım, o qədər xeyirxah adamsan ki, sən artıq tənqid yaza bilmirsən. Yəni tənqid  yazmağa əlin gəlmir”. Bu da insani keyfiyyətdən irəli gəlir.  

Onun çox gözəl bir kitabı var teatr haqqında – “Teatr: Seyr və Sehr”. Bax bu iki sözdə teatr sənətinin mahiyyətini açır. Çünki sən seyr eləyirsən, özü də canlı seyr edirsən, həm də onun sehrinə düşürsən. Bu çox vacib olan məsələdir. 

Məryəm xanım dostluqda çox vəfalı bir insandır. Mən sizə deyim ki, ümumiyyətlə mən bu qədər dosta vəfalı olan adama, onun bütün zəhmətini üzərinə götürməyi bacaran adama birinci dəfə idi ki, rast gəlirdim. Onun çox istedadlı rejissor, YUĞ teatrının yaradıcısı, rəhmətlik Vaqif İbrahimoğlu ilə çox dərin dostluq münasibəti var idi. Və bu dostluq o qədər güclü idi ki, zamanı gəldi, Vaqif İbrahimoğlu çox ağır xəstə olan vaxtlarda Məryəm xanım onun qulluğunda dayandı. Bilirsiz, onun son nəfəsinə qədər, bu bir neçəay çəkdi, bu uzun xəstəlik ərzində Məryəm xanım onun yanından əl çəkmədi və sübut elədi ki, bir insan nə qədər vəfalı ola bilər, insan nə qədər dost yolunda cəfalar çəkməyi bacarar. Bax, Məryəm xanım haqqında mən bu sözləri deyərdim. Onun tələbələri ilə münasibəti heyrətamizdir. Zaman keçir, o tələbələr çoxdan universitetdən ayrılırlar. Hərəsi müəyyən vəzifəyə çatır, iş başında olurlar və yaxud işləmirlər. Amma, Məryəm xanımla əlaqələrini kəsmirlər. Bax bu insanlara məhəbbət, insanlara olan o sədaqət hissi, geniş ürəklilik Məryəm xanımın bütün xarakterini əhatə eləyir və bizə bariz şəkildə göstərir.

Mən hesab edirəm ki, Məryəm xanım xoşbəxt insandır. Bax, Məryəm xanım belə bir Məryəm xanımdır. Yenə də deyirəm, o, Azərbaycan teatrının simvoludur, rəmzidir!”

Əli Əmirli 
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor 

Çıxış ATV kanalında 28 dekabr 2024 tarixində yayımlanan “Birinci ikincilər” verilişindən götürülüb.

 

                                                                                               Onun ömür nağılı…

Nə vaxt başladığını deyə bilmərəm, amma bu nağılın süjetində sehr də var, seyr də, dördüncü ölçünün rəngləri də, əcaib-qəraib məxluqların yaratdığı tilsimləri və həmin tilsimləri qırıb ətrafındakı dünyanı işıqlandıran, xoşbəxtliyin günəşində qəlbləri qızdırmağı bacaran qəhrəmanları da var.

O bu nağılda böyüdü, onun hikmətini ana südü kimi canına çəkdi, halal bir ömür yaşamağa üz tutdu. Onu uşaqlıq illərindən tanıdığım üçün illərdən bu yana yaşadığı həyat, üzləşdiyi tale, düşüncə və əməlləri, mənəviyyat və əxlaq, əqidə və məslək meyarları barədə fikir söyləyə biləcək bir neçə nəfərdən biriyəm.

O, yalanın nə olduğunu bilir, amma danışmır, sevməyi çoxumuzdan daha yaxşı bacarır. Vətənsevərlik, insanpərvərlik onun təbiətinin hüceyrə səviyyəsində qərar tutan, Şekspir sözləri ilə desək, namuslu olub on min adamdan seçilmək haqqı qazanan, allah vergisi olan istedadını tədqiqata və pedaqoqikaya sərf edib, alim fəhmini bu şərəfli missiyaya xərcləməklə yaşayan bu insanın ömür nağılı savabla doludur.

Bir ədibimizin “olanlar oldu” ifadəsi bu nağılın da epiqrafı ola bilər. Çünki onun baş qəhrəmanı olduğu bu nağılın hadisələri içərisində uğurlarla bərabər itkiləri xatırlasaq, valideynlərinin, canı qədər əziz qardaşının, ağlı kəsəndən həyat yolunda bərabər addımladığı, sevincini, kədərini, ən məhrəm düşüncələrini bölüşdüyü unudulmaz ustadlarının və dostlarının itkisi göz önünə gələcək. Bu xatirələrdə göz yaşı, niskil, yeri heç zaman dolmayacaq boşluqlar, məyusluq yer alsa da, o öz yoluna davam etməkdədir. Çünki öz “çarəsiz xəstəliyi” onu nikbin bir coşqu ilə yaşamağa çağırır.

Adı teatr olan bu “çarəsiz xəstəliyə” nə vaxt tutulduğu dəqiq bilinməsə də, yüzlərlə insanı da yoluxdurduğu çoxlarına bəllidir. Ən maraqlısı budur ki, onun yoluxdurduğu həmin “xəstələr” öz aqibətlərindən məmnundurlar və “giriftar” olduqları “xəstəliyə” görə hər dəfə ona minnətdarlıq bildirirlər. 

Mən izah edilməyəcək bir qürurla deməliyəm ki, bir türk mahnısında səsləndiyi kimi “bərabər yürüdük biz bu yollarda”, büdrədiyimiz oldu, amma yıxılmadıq, sınmadıq, vicdanımız və məsləyimizlə möhtəkirlik etmədik. Odur ki…

Nağıl davam edir. Göydən üç alma gözləməyin, çünki Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmlər doktoru, professor Məryəm xanım Əlizadənin nağılı davam edir. Və  nə yaxşı ki, o davam edir… 

İsrafil İsrafilov
Əməkdar incəsənət xadimi,
Sənətşünaslıq elmləri doktoru, professor

                                                                                      Müdrik düşüncənin səmimiyyəti

Onu tanıyanda Məryəm adı mənim üçün tələbə yoldaşım anlamını verirdi. Bir kursda oxuyurduq və açığı, hələ kimin kim olacağı barədə heç düşünmürdük də. Qayğılı və qayğısız tələbəlik illərimizi yaşayırdıq. İllər ötüşdü və Məryəm xanım peşə və amal dostum oldu. Yəni, hərəmiz başqa-başqa iş yerlərində olsaq da, mətbuatda, televiziyada eyni sənət qayğıları və problemləri, sənət uğurları və uğursuzluqları barədə söhbət açırdıq. Tədricən cəmiyyət tələbə Məryəmi, dostum Məryəm xanımı kamil teatrşünas kimi tanımağa, onun fikirlərinə ehtiramla yanaşmağa başladı. Artıq uzun illərdir ki, “Məryəm Əlizadə” imzası teatr sənəti, səhnə sənətçiləri barədə dəqiq vəqəti, həqiqi və xeyirxah, elmi və nəzəri əsaslı fikir söyləyən meyara çevrilib. “Məryəm Əlizadə” imzası həqiqətə ayna tutan fikir möhürü gücündədir.

Məryəm Əlizadə əsasən çağdaş teatr prosesi və bir də milli teatr poetikasının estetik-nəzəri səciyyələri ilə məşğul olur. Onun aydın düşüncə  tərzinə, sözü son dərəcə ehtiyat və ehtiramla işlətməyinə, ən əsası isə müdrik alim düşüncəsinin səmimiyyətinə heyran qalmışam. Əslində, bu səmimiyyət Məryəm xanımın əsl-nəcabətindən, özünün xanım-xatınlığından, qadın kimi şahanəliyindən irəli gəlir. Tanıyanlar, onunla ünsiyyətdə olanlar bilirlər, yazıram ki, bilməyənlər də xəbər tutsunlar: Məryəm xanım dərs dediyi, professoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, rəhbərlikdən tutmuş adi tələbələrə qədər, hamının ehtiram və rəğbətini qazanıb. Günün hansı vaxtında rastlaşsan Məryəm xanımın çöhrəsi təbəssümlüdür, dostlarını “can” və “əzizim” kəlmələri ilə dindirir. Tələbələrilə baş-başa verib ana-bala söhbətini xatırladan fikir mübadiləsi aparır. Əslində, bu söhbət onların sənətə cəsarətlə kövrək qədəm qoymalarına zəmin yaradır. O, dərsdən əlavə də biliyinə, düşüncə tərzinə, elmə həvəsinə inandığı tələbələrlə məşğul olur. Teatr tamaşalarına onlarla birgə gedir. Hər yerdə də “tələbələrimdi”, deyə onları qürur və fəxrlə təqdim edir. 

Çağdaş teatr prosesini diqqət və maraqla izləməkdə həmişə Məryəm Əlizadəyə qibtə eləmişəm. Teatrşünas-alim hətta teatr olan rayonlara gedib oradakı sənət ocaqlarının tamaşalarına baxmağa da macal tapır. Baxdıqları barədə mətbuatda gözəl təhlili məqalələr, elmi resenziyalar yazır. Həmin yazılarda alimin səmimiyyəti və alicənablığı məni valeh edir. Təriflərini ürək dolusu sevinclə, tənqidi fikirlərini son dərəcə ehtiram və ehtiyatla söyləyə bilir. Bu səmimiyyət, bu müdriklik Məryəm Əlizadənin yaradıcılığının qranit sütunudur.

Tələbə vaxtı ad günlərimizdə bir-birimizə kitab bağışlayardıq. İmkanımız artanda hədiyyələrimizin qiyməti də artdı, ancaq bir-birimizə kitab bağışlamaq ənənəmiz qalıb. Artıq uzun illərdir öz kitablarımızı qarşılıqlı surətdə hədiyyə veririk. 

Bütün bunlar öz yerində. Ancaq bu gün mənim tələbə dostum Məryəmin, alim həmkarım Məryəm xanımın, sənətsevərlərin ehtiram bəslədikləri Məryəm Əlizadənin ad gününü söz hədiyyəsi ilə təbrik edirəm.

Məryəm xanım! Çöhrəndən sənə çox yaraşan təbəssüm, alim müdrikliyindən səmimiyyət əskik olmasın…

Hörmət və ehtiramla:

İlham Rəhimli
Əməkdar İncəsənət xadimi,
Sənətşünaslıq elmləri doktoru, professor 

                                                                                    Teatr fədaisi olan əziz dostum

Məryəm xanım mənim ilk gənclik illərimin dostudur. İncəsənət İnstitutunda bir yerdə oxumuş, insititutu bitirdikdən sonra Elmlər Akademiyasının Memarlıq vəİncəsənət İnstitutunun “Teatr və Kino” şöbəsində bir müddət birgə çalışmışıq. Sonradan iş yerlərimiz ayrılsa da, ömür yollarımız ayrılmayıb. Biz bu gün də bir yerdəyik. Bizim dostluğumuzda heç vaxt umu-küsüyə, giley-güzara, xırda hisslərə yer olmayıb. Ona görə də bu dostluğun ömrü uzun olub.

Məryəm xanım teatr fədaisidir. Onun bütün həyatı teatra bağlıdır. Mənə elə gəlir ki, biz teatrşünasların içində Məryəm qədər teatra bağlı adam çox az tapılar. Məsələn, mən sənətimlə yanaşı, poeziyaya, folklora, təsviri sənətə daha çox meylliyəm, amma Məryəm xanım teatrı o qədər sevir ki, indi daha ondan tənqid də yaza bilmir. Teatra, teatr adamlarına sayğı hissi, sevdiyi sənətə sədaqət onun böyük sənətinin, yaradıcılığının mayasını təşkil edir. Yaradıcı adamlar iki müstəvidə yaşayırlar: ruhi və cismani qatda. Məryəm əsasən ruhi qatda yaşayır. Onun çox vaxt ruhi qatda yaşaması bizim teatrşünaslığımızda dəyərli əsərlərin yaranmasına səbəb olur. Məryəm yaxşı dost, sədaqətli insan, gözəl müəllim, dostlarının, əzizlərinin yolunda yarpaq kimi əsən kövrək bir xanımdır. Mən ona nə arzu edə bilərəm? Özünü sənətə həsr etmiş bir insana layiq olan bütün zirvələri fəth edib, bütün adları alıb. Qoy Allahın verdiyi ömrü sağlam yaşasın, könül rahatlığı, qulaq dincliyi tapsın, ən böyük sevgisi olan teatrda öz istədiyini görə bilsin. Axı teatr həyatımızın aynasıdır... Və uşaqlıq illərinin keçdiyi, sevə-sevə söhbət açdığı ana vətəni Şuşaya bir də dönə bilsin, gedəndə bizi də özü ilə aparsın.

Kəmalə Cəfərzadə
Əməkdar mədəniyyət işçisi, teatrşünas, 2010

 

   Azərbaycan teatrının Məryəmi
(şünaslığın apologiyası)

İnsanlığa məlum ən gözəl qadın adlarından biridir Məryəm. Elə ki bu adı tələffüz edirsən, sanki dünya həməncə sakitləşir, mülayimləşir, həlimləşir. “Məryəm” sözü su kimi axıcıdır, hecaları güzgüvaridir, qafiyəlidir. Həqiqətən, bu ad çox zərifdir, ipək qismindədir, yumşaqdır. Gəl, bir olmasın da: fikir verin, görün bir şəcərəsi haradan gəlir; qədim-qədim mətnlərdən, müqəddəs kitablardan, qutsal əfsanələrdən. Məryəm sadəcə ad deyil, qadınlığa işarədir, qadınlığa eyhamdır: qadınlığın simvoludur, ikonik təsviridir; kişisəl toplumda qadın idealının təcəssümüdür. Kişilər Məryəmi ona görə düşünüb yaradıblar ki, qarşısında diz çöksünlər, sevgilərini, sədaqətlərini etiraf etsinlər, onun mərhəmətini qazansınlar...

Ol səbəbdən fərqi yoxdur ki, Məryəmin yaşı neçədir; əlli də ola bilir, yüz də, min də. Amma o, həmişə gözəl və cavandır.

Bizim şünaslığın da bir Məryəmi var: Əlizadə Məryəmi. Aprelin 14-ü ad günüdür bu qadının. Bağ vaxtı olsaydı, bir salxım ağ şanını buluda büküb hədiyyə yollardım ona. Hələ ki yazdır və mən, əzizim Məryəmi, teatrşünaslığın xanımı Məryəmi nə qədər təbrik eləsəm, yenə də azdır. Deyəcəyim təriflər, təbriklər üçünsə bəlkə də bir saz çatışmır. Çünki biz uzun yol gəlirik birlikdə və bu yolda bir-birimizi yaxşı tanımışıq. Ona görə haqqım var söyləyim ki, günümüzün teatrşünasları içində Məryəm Əlizadə kimisi yoxdur. Azərbaycanda teatr fikri tarixinin ən mühüm fiqurlarından biri, milli və peşəkar teatrşünaslığın elmi-analitik müstəvisinin müəllifi Cəfər Cəfərovun əlindən su içmiş tələbələrin sayı yetərincədir. Ancaq onun yadigarı birdənədir: Əlizadə Məryəm. Və bu insan müəlliminin layiqli davamçısıdır. Belə ki, o, müasir Azərbaycan teatrının cikini də bilir, bikini də; tarixini də bilir, nəzəriyyəsini də. Gərçi bilməsəydi “Teatr: seyr və sehr” adlı mükəmməl bir elmi-nəzəri araşdırmanı ərsəyə gətirməzdi ki? Cəmi 352 səhifədən ibarət bu monoqrafiyanı “söküb” təzədən cild-cild kitablara yığmaq mümkündür. Nədən ki, bu tədqiqatda hər şey son dərəcə lakonik, yığcam və dürüst cümlələrlə fikir bloklarına yığılıb. Bu fikirlər çözüldükcə çözülür, mətləblər xırdalandıqca isə Azərbaycan teatrının dipdiri mənzərəsi canlanır göz önündə. İndi Siz deyin: belə bir kitabın müəllifini, özü də həmin müəllif sənin həmkarın ola-ola, alqışlamamaq, təbrik eləməmək, onun ünvanına yağış kimi xoş sözlər yağdırmamaq rəvadırmı? Əsla. Azərbaycan teatrlarının hamısı Məryəm xanımı öz doğması, öz “evinin” içi sanır. Baxmayaraq ki, Məryəm Əlizadə həmişə özündə latent formada güclü tənqidi pafos gəzdirir. Bir zamanlar onun elə tənqidi məqalələri olub ki, ətrafa səs salıb, mis kimi cing-cing cingildəyib, teatr aləmində oxunub, əldən ələ ötürülüb... Nə isə... Əlizadə Məryəm yaradıcılığının özü bir tədqiqat obyektidir…

Aydın Talıbzadə
Əməkdar incəsənət xadimi, professor, 2010

    Seyr və Sehrin Məryam variantı
(təkməcüt poetikası)

            Seyr nədir? 

            Ürəyin istəyini gözlərə pıçıldamaq, baxışlarını uçurub hər yana səpələmək, dünyanı gözlərinə təpmək...

            Nədir sehr? 

            Seyri buraxmaq, özünü unutmaq, gerçəklikdən qopmaq, yaşantının əsiri olmaq, ovqata tutulmaq, yatmadan yuxu görmək...

            Seyrlə sehrlənirsən...

            Sehrlənəndə seyrdən ayrılırsan...         

            Çünki sehrdə sən artıq sən deyilsən, aşiqsən, mübtəlasan, gerçəklikdən ruhsal aləmə adlamısan vəseyrdən birdəfəlik imtina etmisən... 

            Sən seyrdən sehrə düşə bilərsən...

            Sehrdən seyrə qayıtmaq imkansız: nədən ki, sehr bitdimi, seyr sönər, solğunlaşar, cəzbini itirər...

            Seyr realizmdir, sehr – sürrealizm...

            Sehr seyrin möhürüdür...

            Seyr üzdür, sehr – batin...

            Seyr aşkardır, sehr – gizlin...

            Bəzən bir ad bir tədqiqatın, bir romanın, bir pyesin, bir şeirin məzmunu qədər dəyərli olur, onun cövhərini, ideya pafosunu yüzdə yüz ifadə eləyib fikir sayrışmaları ilə oynaya bilir, dəyişən mövzuların məna qanadlarına çevrilir, assosiativ təfəkkür üçün gah orda, gah burda qəfil işıqlar yandırır...

            “Teatr: seyr və sehr”. Bu ad təzadlarla cilvələnir... Nədən ki seyrlə sehr bir nöqtədə ani “öpüşüb” həmişəlik sağollaşırlar. Çünki əzəldən bir-birinə ziddirlər: sehr başlayanda seyr qurtarır...

            Teatr seyrdir, sehrə çevriləndə tapınaq olur...

            Məryam Əlizadənin “Teatr: seyr və sehr” kitabının təkcə adı bir magiyadır, bir sirrdir:  mükəmməlliyi və poeziyası ilə, mənalar ambivalentliyi ilə adamı məftun edir: teatr təkdə ola-ola onun təbiəti seyr və sehr cütlüyü ilə təsnif edilir. Vallah, hünər sahibinin, vəhy sahibinin işidir seyrlə sehri bir-birinə qoşmaq. Bir tək bu adın özündən fəlsəfi bir məqaləyazmağın yeri var. Necə yaranıb, necə tapılıb bu ad? Mən bilirəm necə... 

Necəliyi bu ki, Məryam Əlizadənin özü seyr və sehr dağarcığıdır. Bu insanın sehri özünü onda görükdürür ki, Məryam xanım ruhən permanent 18 yaşın içindədir. Bu il aprelin 14-də düz keçən ilki kimi, düz 7.0 il bundan öncəki kimi onun yenə 18 yaşı tamam olacaq. “Bu misalə yuxu timsali demək mümkün idi, əgər olsaydı yuxu“ ... Yox, bu, yuxu deyil... Yuxuda hər şey var və heç nə yoxdur eyni zamanda... Yuxu bir sehr... 

Seyr 18 yaşın seyridir, sehr 7.0 yaşın sehri...

Məryam Əlizadə teatrın seyrindən sehrlənib teatrşünas olub, ağlına, məntiqinə, yazmaq istedadına, analitik düşüncəsinə, tənqidi təfəkkürünə aşiq unikal zəka sahibi Cəfər Cəfərovun ardınca gedib teatrşünas olub, onun davamçısı olub, müəlliminə oxşamağa, məqalələrində teatrın sehrini insanlarla paylaşmağa çalışıb. 

Məryam xanımın fəhmi hissiyyatındadır. O, mahiyyəti duyğularının gözüylə görə bilir, emosiyalarına güvənib tamaşanın dəyərini anındaca verə bilir, əsli surətdən həməncə ayıra bilir. 

            Təsadüfi deyil ki, Məryam xanım həmişəAzərbaycan teatr mədəniyyətinin birinci simalarının müəyyən qisminin, əsasən də, Cəfər Cəfərov, İlyas Əfəndiyev, Tofiq Kazımov, Vaqif İbrahimoğlu, Azər Paşa Nemətov, Nazim Bəykişiyev, İsrafil İsrafilov (bu seçim bir mövqe, düşüncə, münasibət göstəricisidir) kimi şəxsiyyətlərin yanında olub, onların dostu, əzizi olub. Çünki Məryam xanım öz varlığı qədər sənəti və istedadı, bir də əbədiyyətin magiyasını, sehrini sevir. 

            İpək kimidir, pambıq kimidir, amma “Andalus köpəyi” filmində gözü kəsən parıltılı ülgüc tiyəsi kimi də ola bilir zaman-zaman. Parıltılı ülgüc tiyəsi onun zəkasının vizual obrazıdır. Məryam xanım o qədər huşyardır ki, informasiyaları o qədər çevik təhlil edə bilir ki, hadisələrin hansı səmtə yönələcəyini öncədən proqnozlaşdıra bilir. Teatrşünas olmasaydı, Azərbaycanın ən tanınmış qadın diplomatlarından biri olardı Məryam Əlizadə...

Sözə qarşı yaman həssasdır, münasibətlərində kübardır, rəftarında lütfkardır. Hərçənd acıqlandırsan onu, tufana, qasırğaya dönə bilər, fırlana-fırlana göydən qar yağdıra bilər, amma çox tez də mülayimləşib öz şirin diliylə ürəkləri ovcunun içinə ala bilər. 

70 yaş ömrün zirvələrindən biridir.

Zirvələr həmişə duman içində...

Zaman orda yatar güman içində... 

Sənin kimi şünas Çini-Maçində... 

Günorta çıraqla gəzsən, tapılmaz!!!

Duman zirvələrə bir əzəmət, bir rahatlıq, bir sakitlik, müdrik bir eyləmsizlik və sehr gətirər. Məhz bu məqamda dünya yamacda dayanıb zirvələrə baxar. 

Məryam xanım, Siz müəyyən bir teatr dönəmini simvollaşdıran, onu seyr və sehrlə taclandıran, müəyyən bir teatrşünas nəslini teatrla yaşamağa həvəsləndirmiş, onların mədəniyyətdə mövcud olmasına imza atmış birisiniz. Siz bütün teatrşünaslara dəstəksiniz, dayaqsınız. Bilirik hamılıqla, dəfələrləeşitmişik Sizdən: mərcanı çox sevirsiniz. Bu ad gününüzdə bütün şünaslarla birgə qaça-qaça, uça-uça, üzə-üzə gedib Mərcan adalarından mərcan boyunbağılar gətirərdik Sizə cürbəcür. Amma nə edək ki, aləm koronavirusdur, adamı heç yerə buraxmırlar. Amma fərqi nədir, dedin, ya elədin, ariflər üçün ikisi də birdir. Təki təbrik könüldən, candan olsun!!! Mərcan boyunbağını isə təsəvvür etmək də mümkün...

Aydın Talıbzadə
Əməkdar incəsənət xadimi, professor, 2020

Heç kimə bənzəməyən dostum

Məryəm ƏLİZADƏ, ilk növbədə, ən yaxın  dostum, illərlə  fikir  mübadiləsində  bulunduğum həmkarım, mədəniyyətimizdə  böyük  önəm  daşıyan  teatr  bilicisidir. Zəngin  teatr  bilgisinə malik Məryəm  xanım  həm də  gözəl insan, səmimi  dostdur. Teatr sənətini dərindən bilən,  incə estetik  zövqə və yüksək peşəkarlıq qabiliyyətinə malik  Məryəm xanım uzun illərdir milli teatr prosesini addımbaaddım izləyir və araşdırır. Uzun illər boyu apardığım müşahidələr mənə onu deməyə əsas verir ki, Məryəm ƏLİZADƏ teatrın bütün komponentləri kimi səhnəqrafiya sənətinin, teatr rəssamlığının da bilicisidir. Məryəm xanımın bütün elmi əsərləri, məqalələri, çıxışları vahid paradiqmaya əsaslanır. Məryəm ƏLİZADƏ TEATRı anlayır… TEATRı sevir… TEATRa xidmət edir. 

Mən əziz dostum, sevimli həmkarım, düşüncəsinə dərin inam və ehtiram bəslədiyim Məryəm xanımı ad  günü  (7.5) münasibətilə  təbrik edir, sevinc və fərəh dolu uzun ömür arzulayıram.   

Nazim  Bəykişiyev
Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor

Sevimli müəllimim Məryəm Əlizadəyə açıq məktub!

Salam, sevimli Məryəm xanım!

Müasir Azərbaycan teatrşünaslığının ən aparıcı simalarından biri olan Siz, mənim də həyatımda müstəsna rolu olan insanlardansınız. Siz, məndən ilk qabiliyyət imtahanı götürmüş, altı il kurs rəhbərim kimi əziyyətimi çəkmiş, mənə teatrşünaslığın sirlərini öyrətmiş, xeyir-duasını vermiş və bu yolda daim yanımda olmuş əbədi müəllimimsiniz!

Bu gün Azərbaycan teatr prosesini, teatrşünaslığını, teatrşünaslarını sizsiz təsəvvür etmək mümkün deyil. Siz 50 ildən çoxdur ki, teatrla yaşayır, teatr üçün yaşayır və teatrı yaşadırsınız. Bu çətin, mürəkkəb yolda haqqınız olaraq, çoxlu uğurlar qazanmış, mükafatlara, adlara layiq görülmüsünüz. Mən Sizin bütün nailiyyətlərinizi sadalamaq fikrində deyiləm. Amma onu vurğulamaq istəyirəm ki, Siz həm teartşünas-alim, tənqidçi, həm pedaqoq, həm də bir insan kimi bu uğurlara öz gərgin zəhmətiniz, istedadınız, ən əsası isə teatra, sənətə və insanlara olan sevginiz sayəsində nail olmusunuz. 

Ümumiyyətlə, sevgi, qayğı və xeyirxahlıq sözlərini Sizin yaşam şüarınız da adlandırmaq olar. Bunu Sizin tələbəniz, həmkarınız və müəllim yoldaşınız kimi tam məsuliyyətlə deyirəm. Və bu hisslər sizdə o qədər güclüdür ki, hamıya çatır. Siz daim, həm teatrşünas, həm müəllim həmkarlarınız, həm də tələbələrinizin yanında olursunuz: kiminə dostluq əli uzadır, kiminə ana qayğısı göstərir, kiminə dəstək olur, müdafiə edirsiniz. Ona görə də bütün həmkarlarınız və tələbələriniz sizi sevir.

Amma siz bütün bu yüksək insani keyfiyyətləri həm də bir pedaqoq və teatrşünas-alim olaraq, milli teatrşünaslığımızın öndərlərindən biri kimi ağır yükü çiyinlərinizdə daşıyaraq qoruyub saxlayırsınız. Eynən müəlliminiz, həmişə tələbələrinizə haqqında sevə-sevə danışdığınız Cəfər Cəfərov kimi. Bu mənada, siz də sevdiyiniz teatra bənzəyirsiniz: insan-alim-pedaqoq olaraq sinkretiklik və deməli, harmoniya daşıyıcısısınız.

Sizin elmi yaradıcılığınız, sözsüz ki, ayrı bir yazının mövzusudur. Və nəinki yazının, yaxud yazıların mövzusudur, bütövlükdə, sizin yaradıcılığınızın dissertasiya mövzusu kimi tədqiq olunmaq vaxtı çoxdan çatıb və bu barədə ciddi düşünmək lazımdır. Çünki vaxtilə Tofiq Kazımov haqqında yazdığınız “onu tədqiq edəndə mədəniyyət prosesini tədqiq etmiş oluruq” fikri bu gün sizin özünüzə aiddir. Çünki siz çağdaş milli teatr prosesimizin üzvi tərkib hissəsisiniz.

Mən sizin elmi yaradıcılığınızdan söhbət açmaq istəməsəm də üç əsəriniz haqqında danışmaya bilmirəm. Bunlar: öz elmi-nəzəri dərinliyi və əhatə dairəsinin genişliyi ilə milli teatrşünaslığımıza töhfə olan “Teatr: seyr və sehr”, görkəmli rejissor Tofiq Kazımovun yaradıcılığından bəhs edən, elmi təfəkkürlə bədii təfəkkürün, elmi başlanğıcla bədii başlanğıcın sintezini özündə əks etdirən “Dördüncü ölçünün rəngləri” monoqrafiyalarınız və Yuğ teatrının banisi Vaqif İbrahimoğlunun bütöv bir şəxsiyyət kimi portretini yaratdığınız “Rejissor haqqında paradoks” məqalənizdir. Bu əsərlərin adını ona görə çəkirəm ki, onlar bütün parametrləri ilə bütövlükdə Azərbaycan teatrşünaslığının nailiyyətləridir. Siz yalnız bu əsərləri yazmış olsaydınız belə, adınız milli teatr tariximizdə qırmızı hərflərlə yazılardı. Çünki bu əsərlərinizin hər biri özündə müasir sənətşünaslığın demək olar ki, bütün elmi-nəzəri-metodoloji nailiyyətlərini ehtiva etməklə həm də çox dəyərli dərsliyə çevrilir. Və biz bu kitabları hər dəfə oxuduqca sizdən dərs almş oluruq. Və biz bunu hər dəfə sevə-sevə edirik.

Sevimli Məryəm xanım!

Bu gün sizin 7.5 yaşınız tamam olur! Mən Sizi bu münasibətlə təbrik edir və sizə yalnız bir arzu diləyirəm: Allah sizi qorusun! Azərbaycan teatrı üçün, milli teatrşünaslığımız üçün, sizi sevənlər və sizin sevdikləriniz üçün! 

Dərin hörmətlə, sizin əbədi tələbəniz Vidadi Qafarov

Vidadi Qafarov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Sizi sevirik, teatrı sevdiyiniz qədər

Bəlkə də bu sətirləri, nə siz, nə də səbəbkarın özü oxumayacaqdı. Əgər, ya zəlzələdən, ya vəlvələdən 2003-cü ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmasaydım. 

Məryəm xanımın dili ilə desək, “xoşbaxt” vaxtlarımız idi. ADMİU-nun Teatrşünaslıq ixtisasına qəbul olmuşduq və bir az ixtisas seçimimizin, bir az da qohum-qardaşın ixtisasımızla bağlı suallarının çaşqınlığı içərisində universitetə daban döyürdük. 

Və məhz həmin günlərdə taleyin bizə hədiyyə etdiyi o qəribə adamla tanış olduq. Doğrudur, orta məktəbdə mənə ədəbiyyat dərsini tədris etmiş Şamama müəlliməm, Teatrşünaslıq ixtisasına qəbul olunduğumu eşidəndə, Məryəm Əlizadə haqqında bir xeyli danışmışdı (özü də bu ixtisası qiyabi oxuyubmuş). Televiziya ekranlarından da Məryəm xanımın bulaq kimi rəvan danışığını bir neçə dəfə eşitmişdim. Amma və lakin... 

Amma və lakin bilmirdim ki, tale məni bu günə qədər tanıdığım ən maraqlı adamla görüşə hazırlayırmış. Elə birinci dərsdən Məryəm xanım təsəvvürümüzdə mövcud olan müəllim streotiplərini darmadağın elədi. 

Çox gözəl, səlis və maraqlı nitqi ilə fikrimizi özünə cəlb etmişdi. Düzü, nə danışdığını xatırlamıram... Bircə onu xatırlayıram ki, teatr haqda danışırdı və çox gözəl danışırdı. Elə danışırdı ki, haqqında söz açdığı predmetə sevgisini hər sözündən, hər cümləsindən, intonasiyasından duyurdun. 

Beləcə, teatr haqqında, teatr xadimləri barədə elə gözəl, sevgiylə söhbət edirdi ki, dünyanın ən gözəl xəstəliyinə - teatra necə yoluxduğumuzun fərqinə belə varmadıq. Odur-budur, Məryəm xanım bizim üçün müəllimdən çox dost oldu, yoldaş oldu, sirdaş oldu, valideyn oldu. Bu illər ərzində dalaşdıq da, barışdıq da, mübahisələrimiz də çox oldu, danladığı, incidiyi vaxtlar olsa da, qürurlandığı məqamlar da az olmadı. Bu illər ərzində dəyişməyən yeganə şey ona qarşı sevgimiz və hörmətimiz oldu. 

Məryəm xanım, çox qəribə, ziddiyətli adamdır. Özü Vaqif müəllimin şəxsiyyətini və yaradıcılığını paradokslar müstəvisində araşdırmağa çalışmışdı zamanında. Elə Məryəm xanımın özü də təzadlarla doludur, paradokslardan ibarətdir. 

Mən onu “müdrik uşaq”, yaxud “sadəlövh böyük” adlandırardım. O, hərdən uşaq kimi sadəlövh, kövrək, cığal ola bilir, hərdən də dünyanın altından da-üstündən də xəbərdar olan müdrik adam. O, sadədir, səmimidir, ancaq eyni zamanda, həm də təəsəvvür edə bilməyəcəyiniz qədər mürəkkəb və uzaqgörəndir. Teatr prosesi, tamaşalar, sənətkarlar, hadisələr və onların nəticələri haqqında heyrətmiz dəqiq təyinlər verir (özü də bəzən bu təyinlər çox əyləncəli olur...) O, çoxmərtəbəli düşünür, hər şeyi ən incə detalına qədər araşdırır, dəfələrlə götür-qoy edir. Hərdən mövqeyi ilə barışmıram. Bunu açıq şəkildə özünə də bildirirəm (təbii ki, böyük sevgi ilə və ədəb çərçivəsində). Müəllimim incimir. Elə bu günün özündə də Məryəm xanımın sözlərində, fikir və əməllərində razılaşmadığım məqamlar olur hərdən. Ancaq dəqiq bilirəm ki, o nəsə deyirsə, və yaxud nəsə edirsə, demək ki, bilir. Bəlkə də izahat verməyi lazım bilmir, ancaq nəyin necə olduğu, necə olmalı olduğu və necə olacağı ona gün kimi aydındır. 

Məncə, Məryəm xanım bizim peşəmizin tarixində sonuncu mütləq nüfuz sahibi kimi qalacaq. Onunla razılaşmamaq olar, tənqid etmək, bəyənməmək, qəbul etməmək olar, ancaq hesablaşmamaq mümkün deyil. O teatrı içindən tanıyır, teatr adamlarının arasında kimin kim olduğunu bilir. Ancaq bu, Məryəm xanıma teatrı sevməyə mane olmur. Çünki o, teatrı olduğu kimi sevir.

Çox incə duyuma, güclü intuisiyaya və mükəmməl zövqə malik Məryəm xanımın yazıları olduqca səmimidir. Çünki o gözəl anlayır ki, “başqası olmağın” dəbdə olduğu bir zamanda “özü olmaq” teatr üçün də, tənqid üçün də yeganə xilas yoludur. 

Kitabları və məqalələri bir-birini tamamlayır. Gündə bir kitab yazmaq onluq deyil – yarım əsrə yaxın elmi fəaliyyəti ərzində vur-tut 5 monoqrafiyası var. Halbuki, yazdıqları 50 kitaba da sığmazdı, bəlkə. Ancaq kitab məsələsində həm bir az “tənbəl”, həm də aşırı məsuliyyətlidir. Məryəm xanım, nə yazırsa, həmişəlik yazır. Yazdığı kitabların hamısı teatrşünaslar üçün ustad dərsidir. Üstündən 30 il keçməsinə baxmayaraq, onun qələmindən çıxan “Teatr: seyr və sehr” monoqrafiyası Azərbaycan teatrşünaslığında ən yaxşı nəzəri monoqrafiya statusunu saxlamaqda. Kitabları sıxılmış, kip informasiyalarla, orijinal fikirlərlə, ideyalarla doludur. Bu səbəbdən Məryəm xanımın kitablarını yavaş-yavaş oxumaq lazımdır.  Məqalələri isə su kimi içilir.  Məryəm xanım, nədən yazırsa, yazsın, predmetini ən dərin qatlarına qədər açmağı bacarır. Məntiqli, dəqiq və inandırıcı arqumentləri ilə hər hansı teatr təzahürünü mükəmməl təhlil edərək, dəqiq diaqnoz qoymağa qadirdir. 

Son vaxtlar az yazsa da, yazdıqları çox dəyərlidir, oxunaqlıdır, anlaşılandır və teatr prosesinə fayda verir. “Proses” Məryəm xanımın teatrşünaslıq fəaliyyətinin açar sözüdür. Çünki bu yazılar prosesin içindən doğulub, proseslə qol-boyun olub yol gedir, bəzən yanaşı addımlayır, bəzən hətta onu qabaqlayır, ən əsası, prosesə xidmət edir. 

O, sadə yazır, aydın yazır, ancaq yazdıqlarının böyük elmi dəyəri var. Postmodern hoqqalardan istifadə etmir. Məryəm Əlizadənin məqalələrinin sadəliyi, aydınlığı və səmimiliyi onları teatr prosesi üçün hava-su kimi lazımlı edir. O gözəl anlayır və tələbələrinə də təlqin edir ki, teatr sənəti efemerdir. Ən parlaq teatr hadisələri, tamaşalar, görüşlər, tapıntılar və teatr qəhrəmanları da nə vaxtsa, ölməyə məhkumdur. Geci-tezi var, sadəcə. Bütün bu hadisələr və adamlar ancaq əfsanələrdə yaşamağa məhkumdur. Bu əfsanələri isə teatrşünaslar yaradır. Teatrşünas məhz bu öləri hadisələri və şəxsiyyətləri ölümsüzləşdirəndir. Tənqidçi tamaşanı gələcək üçün qoruyub-saxlayan adamdır. Tarix boyu qadının ən əsas ilahi görəvi od keşikçisi olmaqdırsa, teatrşünasın da bəxtinə teatr keşikçisi olmaq yazılıb. Məryəm xanım uzun illər boyu teatr keşikçisi kimi xidmət edib, teatrın alovunu sönməyə qoymayan iki-üç teatrşünasdan biri olub. 

Məryəm xanımın məqalələri son dərəcə subyektivdir.  Deyirlər ki, tənqidçi obyektiv olmalıdır. Mənə görə, teatrşünaslıqda obyektivlik deyilən şey, ümumiyyətlə, yoxdur və ola da bilməz. Hətta obyektiv olduqlarını iddia edən teatrşünaslar belə obyektiv deyillər. Axı, teatrşünas öz bədii seçimlərindən və zövqündən niyə imtina etsin ki? Əsası, teatrı sevmək və pisi yaxşıya qarışdırmamaqdır, ədalətli olmaqdır. 

Məryəm xanımın müəllimləri, ustadları haqqında yazdığı yazıları oxumağın bir ayrı ləzzəti var. Nə yalan deyim, şəxsən mən Cəfər Cəfərovu Məryəm Əlizadənin onun haqqında yazdığı essesini oxuyandan sonra sevməyə başlamışam. Halbuki o vaxta qədər, milli peşəkar teatrşünaslıq elminin banisinin, demək olar ki, çap olunmuş bütün əsərləri ilə tanış idim. Məryəm xanımın yazısını oxuyandan sonra C.Cəfərovun köhnə hesab etdiyim yazıları, teatrşünaslıq fəaliyyəti mənim üçün fərqli məna kəsb etməyə başladı. Sanki sklet əzələ və dəri qatı ilə örtüldü, cana gəldi və dil açaraq bizimlə ünsiyyətə girməyə başladı. 

Ümumiyyətlə, Məryəm xanımdan çox şey öyrənmişik. Bilirəm ki, bir az da eqozim yatır bu duyum-qənaətimin altında. Hərdən mənə elə gəlir ki, o, ən yaxşı bizə dərs deyib, ən çox bizi yaxına buraxıb, hamıdan artıq bizi sevib və öyrədib. Üstümdə haqqı çoxdur Məryəm xanımın. Saymaqla bitməz. Elə onu demək bəsdir ki, Vaqif müəllimlə tanış edib məni və düşünməyi öyrədib. Güvənib, inanıb həmişə. Tolerant olmağı, dinləməyi və sevməyi təlqin edib. Biz xeyirxahlığı, şəfqəti, sevgini, mərhəməti, ləyaqəti, mərdliyi, sədaqəti onun yaşam tərzində görmüşük, ondan öyrənmişik. Vaqif müəllimin xəstə olduğu vaxtlarda göstərdiyi dəyanəti, fədakarlığı ilə çoxlarına kişilik dərsi keçib. Ömrünü dostlarına, tanışlarına, qohumlarına, tələbələrinə və bunların hamısından üstün olan ƏLAHƏZRƏT TEATRa xərcləyib. O teatrın tarixini yazıb, bu gün – 7.5 yaşının tamamında isə teatr tariximiz onun adını öz səhifələrinə həkk edir. Azərbaycan teatrı Sizə minnətdardır – onu sevdiyiniz, yaşatdığınız, təbliğ etdiyiniz üçün. 

Doğum gününüz mübarək, əziz Məryəm xanım. 

SİZİ sevirik – TEATRI sevdiyiniz qədər.

Elçin Cəfərov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Şöhrət və ya heç vaxt unudulmayacaq adam...

Bu yazı Azərbaycan mədəniyyətinə, teatrına, teatrşünaslıq elminə illərdir şərəflə xidmət edən görkəmli alim Məryəm Əlizadənin yubileyinə ithaf olunur.

Məryəm xanımın əsas portret cizgisi “teatr adamı” kəlməsi ilə ştrixlənir. Səhnə arxasında-kulisdə və tamaşaçı zalında olsa da o əsl “teatr adamı”dır...

Məryəm xanım bu cahana 1950-ci il 14 apreldə-bahar fəslində gəlib... Ailəsinin göz nuru, illərlə yolunu gözlədikləri övlad olub. Uşaqlıq illərinin bir hissəsi Bakı məhəlləsində-Dəvəçi küçəsində, bir hissəsi isə Şuşanın Malbəyli kəndinin füsunkar təbiətində keçib. Onu da deyim ki, Məryəm xanım həm Bakı, həm də Qarabağ ləhcəsində çox şirin danışır. Uşaqlıq illərində o qədər “əziz-xələf” olub ki, məktəbdə (31saylı orta məktəb) bir uşağı onu itələdiyi üçün hətta “dişləyib”, 5 yaşında olarkən anası əlinə yüngülcə vurub deyə tərsliyindən günlərlə “qızdırıb”, AMEA kimi mötəbər yerdə özünü alimə yaraşmayan tərzdə aparan “kəsi”-şərbaz həmkarını az qalıb  pəncərədən “atsın”. 

Ali təhsil aldığı Teatr İnstitutunda da hamını sevib, hamının sevimlisi olub.  Malakan bağında əynində son dəb geyimləri, hər qolunda bir dostu qol-qola teatr camiyəsinin gələcək məşhurları ilə tələbəlik illərinin qayğısız dönəmini yaşayıb. Məşhur mahnının sözlərində olduğu kimi nə bəxtiyardıq.... Bir tərəfdə Vaqif İbrahimoğlu, o biri tərəfdə İsrafil İsrafilov, mərkəzdə isə Eyvaz Vəliyev və Fuad Poladov... Teatr İnstitutunun “qaymaqları”-müəllimləri Cəfər Cəfərov, Turan Cavid, Tofiq Kazımov, Mehdi Məmmədov, İslam İbrahimov... Yeri gəlmişkən, onun yanında heç bir vaxt cılız və ya natamam insanlar olmayıb... Ailəsində də əzizdən əziz qardaşı, Azərbaycanın görkəmli psixoloq-alimi Əbdül Əlizadə kimi şəxsiyyətin dəstəyini görüb... peşə seçimində, işində, həyat yolunda bu dəstəyi hər zaman hiss edib. Anası onu həkim görmək istəyib, o isə israrla teatrı seçib. İnstitut illərinin bitməsi ilə ailə yükünün ağırlığı, çətinlikləri başlayıb. Məryəm xanım ailəsinə erkən vəfat edən edən atasının əvəzi olub... illərlə yataq xəstəsi olan anasının ümidinə çevrilib... 

Pedaqoji fəaliyyətə başladığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə tələbələrin sevimli müəllimi olub... O təkcə dərs demirdi, teatrı-teatrşünaslığı anladıb-sevdirirdi... 

Biz - onun tələbələri Vətən sevgisini və ləyaqət hissini hər şeydən uca tutan Məryəm xanımın və onun aşırı sevgi ilə tərənnüm etdiyi “Əlahəzrət Teatr”ın sehrinə düşdük, onu sevdik... Mən Məryəm xanımı tanıyanda onun 55 yaşı var idi. O, bizim Universitetin nəinki dəyərli pedaqoqu, həmçinin “dəb ikonası” idi. Belə ki, mən Sona Tağıyeva məktəbini (190-saylı orta məktəbi) bitirmişdim, 11 illik məktəb dövründə ancaq ətək geyinən köhnə dəbli müəllimləri görmüşdüm. Təsəvvür edin ki, Məryəm xanım auditoriyaya daxil olur... Mənim-bizim üçün o zamanlar ekstrovaqant sayılan geyim tərzində... Biz ondan nəinki teatrşünaslıq elmini, hətta sadədən sadə geyinməyi də öyrəndik... ənlik-kirşansız təbii olmağı da...  azad... sərbəst... kompleksiz davranışı da... Onu tanıdığım 20 illik zaman kəsimində Məryəm xanım bizim üçün istər insan, istər teatrşünas-alim, istərsə də pedaqoq kimi “müasirlik ikonası”na çevrildi. Onu da deyim ki, teatr camiyəsində o, yalnız teatrın dostu olan teatrşünas-alim kimi deyil, həm də standart zövqü olmayan bənzərsiz geyim tərzi və zamanla əl-ələ tutub irəli getdiyi üçün də hamıdan fərqlənir.   

“Müasir teatr tənqidinin problemləri” fənninin tədrisi zamanı biz qarşımızda müasir pedaqoq nümunəsini gördük. O, bizim tanıdığımız müəllimlər kimi deyildi.  Məryəm xanım tələbəni sevən, qayğısına qalan, onu öyrədən, ona dəyərli olduğunu hiss etdirən nümunəvi bir öyrətmən nümunəsi oldu. O, bizim əlimizdən tutub, teatra gətirdi. Hətta Məryəm xanıma “qısqanclıqla yanaşanlar” deyirdilər ki, yenə “bir dəstə yetimi” (yəni tələbələri!) yanına salıb gəzdirir. Lakin o yanına salıb gəzdirdiyi tələbələri bu minvalla teatr camiyəsinə təqdim edirdi. O, bizim təqdimatımız idi. Məryəm xanım bunu o qədər sevgi ilə edirdi ki, biz nə nimdaş geyimimizdən, nə də köhnə ayaqqabımızdan utanmırdıq. Qətiyyətlə demək olar ki, bizim nəsil-bu gün teatr tənqidini professional tərzdə təmsil edən nə qədər teatrşünas varsa, onlar hamısı “Məryəm xanımın əsəri”dir. 

Onun Azərbaycan teatrşünaslığına bəxş etdiyi daha bir dəyərli əsər “Teatr: sehr və seyr” kitabıdır. Bu günə qədər yazılan, yazılmış və yazılacaq 100 kitabın əvəzidir bu əsər. “Dördüncü ölçünün rəngləri”ndə görkəmli rejissor Tofiq Kazımovun, “Elçinin teatr dünyası”nda Xalq yazıçısı, dramaturq Elçinin bənzərsiz yaradıcılıqları yüksək professinallıqla  tədqiq olunub, araşdırılmışdır. 

Onun portret cizgiləri dalğavaridir: hər zaman yeni olmaq... köhnəlməmək... dayanmadan öz üzərində işləmək... zamanla ayaqlaşmaq... yeri gələndə zamana meydan oxumaq... O, zamana özü hökm edir. Onun yaşı yoxdur... Əhval-ruhiyyəsindən asılı olaraq bir gün 18 yaşında “gənc”ə, səhərisi isə 7.5 yaşlı müdrikə çevrilir...

Məryəm xanım həlimdir... gülərüzdür... hər zaman müsbət enerji saçır, amma və lakin o, həm də yeri gələndə çox sərt ola bilir... özü heç kəsə  “gözün üstdə, qaşın var” demədiyi üçün özü də belə yanaşmanı qətiyyən qəbul etmir. 

Məryəm xanım tələbələrində ləyaqət, özünə və başqalarına hörmət və hər mənada “ölçü” hissini də tərbiyə edən nadir pedaqoqlardandır. 

O, Azərbaycan teatrşünaslığının sinergetik mərkəzidir. Hər kəs bilir ki, o, hər şeyi bilir, hər kəsdən də çox bilir. Teatr elmini onsuz təsəvvür etmək çətindir, teatr tənqidi isə elə Məryəm xanım deməkdir. Çünki o, həyatını “Əlahəzrət teatra” və onu araşdıran teatr elminə sərf edib. İstər “teatr hadisəsi”nə çevrilmiş tamaşaların mətbuatda işıqlandırılması, istərsə də çağdaş teatr prosesinin televiziya və radio vasitəsilə ictimaiyyətə çatdırılması işini ən yüksək professional səviyyədə həyata keçirməkdədir.

...Məryəm xanım doğuluşdan bu günə kimi şan-şöhrət içində yaşamaqdadır. Onun şöhrətinin rüşeymləri mükəmməl insanlığı... intellektual səviyyəsi... peşə professionallığı... ailəsinə... həmkarlarına... dostlarına... tələbələrinə... teatr camiyəsinə... İNSANa-küll halında götürdükdə isə “Əlahəzrət teatr”a bəslədiyi sonsuz sevgisindədir...

Aygün Süleymanova
Teatrşünas,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun doktorantı 

 Hər dövrün adamı

Adətən, teatrla bağlı hər hansı fikri bildirəndə mütləq ondan sitat gətirirəm: “Teatr cəmiyyəti öz arxasınca apara bilən böyük bir mədəniyyət ocağıdır. Bu mədəniyyətin bir parçası olmaq isə hər kəsə nəsib deyil”.  
​Onunla tanışlığım 17 il bundan əvvələ təsadüf edir. 2008-ci il... İlk dəfə tələbə adını qazanıb ali təhsil ocağına qədəm qoymuşduq. O gün “Teatrşünaslıq” deyilən bir ixtisasın varlığından ilk dəfə xəbərdar olmuşduq. Biz səhnə ilə tanış olmağı gözlədiyimiz halda kurs rəhbərimiz Məryəm Əlizadə bizi yeni bir dünya ilə tanış etdi. O gün hamımız gözümüzü döyüb onun danışdıqlarına qulaq kəsilmişdik. Sözləri muncuq kimi bir-birinin ardınca elə düzüb danışırdı ki... Dediklərini həm anlayırdım, həm də ki, yox... Ona ilk dərsdə “Teatrı anladım, bəs, bu şünaslıq nədir?” sualını vermişdim. Məryəm Əlizadə bizə teatrşünaslığın ayrıca bir elm olduğunu izah etmişdi. O gün biz yeni dünyaya - teatrşünaslığa doğru ilk addımımızı atmışdıq... 
​Təhsil aldığımız universitetdə kimsəsizlərin yiyəsi idi Məryəm Əlizadə. Nəinki universitetdə, hətta ailədədə problemlərimiz olanda onun yanına qaçar, dərdimizi onunla bölüşərdik. Zaman keçdikcə onu daha yaxından tanımağa başlayırdıq. Sən demə, Məryəm ƏlizadəAzərbaycan teatrşünaslığında öz dəst-xətti olan, imzası ilə tanınan bir teatr mütəxəssisi imiş. Adının qarşısında titul, vəzifə olsa da, bizim üçün o, zərif qəlbli dostumuz, sirdaşımız, sevimli müəllimimiz Məryəm Əlizadə idi. Həmişə çevrəsindəki insanlara sevgi bəxş edir, üzündən təbəssümü heç zaman əskik olmurdu. 
​Deyirlər, insan özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır. O, hər zaman ömrünün bahar çağını yaşayır. Təbəssümünün arxasında isə gizlətdiyi o qədər dərd var idi ki... 
​Onunla birlikdə teatrlara getdiyimiz günlərin böyük bir hadisəyə çevrildiyini xatırlayıram. Baxdığımız tamaşalardan sonra “3 cümlə də olsa fikirlərinizi yazın, təəssüratlarınızı qeyd edin” deyətəkid edirdi. Yadımdadır, ilk dəfə bizi YUĞ Teatrında "Mən, Məhəmməd Füzuli" tamaşasına aparmışdı. Tamaşadan sonra isə təəssüratlarımızı yazmağı tapşırmışdı. O gün dərsə hazırlıqsız gəlmişdim. Gözləmədiyim halda, “Çoxdanışan qız, gəl görək, nəyazmısan?” deyə mənə müraciət etdi. Özümü itirmədim, yazmamışam da demədim, “mənim fikirlərim yazmaqla tükənməz” deyib vəziyyətdən çıxmağa çalışdım. Düşündüm ki, bir-iki cümlə iləçulumu sudan çıxarıb, oturaram. Bütün dərs boyu lövhə önündə mənə verdiyi sualları cavablandırdım. Dünən izlədiyim tamaşa haqqında fikirlərimi çatdırmağa çalışırdım. Məryəm xanım: “Belə çıxır ki, tamaşanı səndən başqa heç kim anlamayıb” dedi vəməndə gələcəkdə teatrşünas ola biləcəyimə inam yaratdı. Əslində, inam qalibiyyətin yarısıdır, deyirlər. Həmin gün içimdə ilk dəfə “bəlkə...” deyə düşünmüşdüm. Bəlkə mən teatrdan nəsə yaza bilərəm... Sonra xatırladım ki, mənim ondan gizlətdiyim bir şey vardı. "Mən, Məhəmməd Füzuli" baxdığım ilk tamaşa idi və həmin günün səhəri anam məni qorxduğum üçün çıldağa aparmışdı. Çıldaqçı xalanın bədənimi necə yandırdığı gözümün önündəcanlandı. Bir də ilk dəfə gözündə eynəyi olan “keçəl kişinin” (rejissor Vaqif İbrahimoğlu) tamaşa zamanı özünün zalda, ruhunun başqa aləmdə olduğu o psixoloji vəziyyəti xatırladıqda, psixikam pozulurdu. 
​İçimdəki o “bəlkə...” hər dəfə baş qaldıranda o “keçəl kişinin” baxışları, göydən asılan aktyor, aktyorun səhnədə gözümün içinə baxıb, üstümə gəlməsi və titrəyən bədənimi xatırlayırdım. İki il hər dərs Məryəm xanımın davamlı olaraq bizə yazılar yazdırması yazı vərdişimizi formalaşdırmışdı. Artıq hər birimiz nəinki düşündüklərimizi aydın yazır, cəmiyyət içində də sərbəst şəkildə fikirlərimizi bildirirdik. Sonadək mübarizə aparmağı öyrənmişdik. Bizdə bir özgüvən yaratmışdı Məryəm xanım. 
​Üstündən iki il keçmişdi. Məryəm xanım otağa daxil olub, auditoriyaya bir sual ünvanladı: "Aranızda kim teatrşünas olmaq istəyir?". Sandım ki, kurs rəhbərimiz bizə belə bir sual ünvanlayırsa, hamının əli göydə olacaq. Biixtiyar əlimi qaldırdım. Və o gün təsadüfən qalxan əlim həyatımı dəyişdirdi. 
​Üçüncü kursda oxuyurduq. O “qalxan əl”in cəfasını çəkirdim. O gündən sonra Məryəm Əlizadəmənə Cəfər Cəfərovun, Yaşar Qarayevin, İlham Rəhimlinin, İsrafil İsrafilovun, Aydın Talıbzadənin qalaq-qalaq kitablarını aldırdı və hər gün bu kitabları oxuduğumdan, orada yazılanları  əzbər bilirdim. 
​Kursumuzla birlikdə tez-tez teatrlara gedir, eləYUĞ-un tamaşalarında da çox iştirak edirdik. Tamaşadan sonra müəlliməm məni müzakirələrə qatılmağa məcbur edirdi. Artıq o “keçəl kişi”dən də qorxmur, tamaşadan sonra 2 saat davam edən müzakirəyə qatılır, səhəri gün qrupda müzakirəni davam etdirirdik. 
​Bu gün geriyə boylananda hər şeyin qismət olduğuna inanıram. Məryəm Əlizadə əlimin qələm tutmasında müstəsna xidmətləri olan insandır. Bəlkə də teatrşünas ola bilmədim, amma qələm tutmağı ondan öyrəndim... Heç vaxt heç nəyin gec olmadığını öyrəndim... Bacarıqsız olduğunu bildiyin halda, sənə bağlanan ümidin nə qədər dəyərli olduğunu öyrəndim... Hər şeyin sevgidən başladığını öyrəndim... Sən demə, teatrdan yazmaq üçün, ilk növbədə, onu sevmək lazım imiş. Müəlliminin hər zaman arxanda dayanması, “Sənə inanıram!” deməsi uğurun başlanğıcıdır. Çünki içində güvən hissi olan hər insan dağı belə yarmaq gücünə malikdir.

Təhsil aldığımız illər onun sənət dostu, görkəmli rejissor Vaqif İbrahimoğlunun ağır xəstəlikdən əziyyət çəkdiyi və dünyasını dəyişdiyi dönəmə təsadüf etmişdi. O dönəmdə “dağ kimi” Məryəm xanımın necə sarsıldığının, dostunun yolunda nələrdən keçdiyinin şahidinə çevrildik... 

Müəllim-tələbə arasında yaranan münasibətimiz təhsil illərindən sonra da davam etdi. Mənə arzularımın ardınca getməyi öyrədən Ustadımın dediyi kimi etdim. Qorxularımın gözünə dik baxmağı öyrəndim. İllər keçsə də, teatr cameəsinin bir parçasına çevrilsəm də, ailə qurub, övlad-uşaq sahibi olsam da, yenə qarşılaşdığım ən çətin məqamda gedəcəyim bir ünvan var – Məryəm Əlizadə.  Harada görürəmsə, uşaq kimi boynuna sarılmaq, “yaxşı ki varsız...” demək keçir içimdən. 
​Həyatımda böyük rolu olan insanın,  üzümə sonsuz qapılar açan insanın 7.5 yaşının tamam olduğunu deyirlər... Amma kim nə deyirsə desin, onun qəlbində həmişə bahardır.   
​İllər keçsə də, mən qocalıram, Siz isə hər zaman təravətli, gənc və  birinci dəfə necə görmüşəmsə, elə də qalmısınız. 
​Bu yazını yazarkən başqası haqqında yazmağın, əslində, çox asan olduğunun, müəllimindən yazmağın isə cəsarət tələb etdiyinin fərqinə vardım. 
​Məryəm xanım! Bu gün tələbələrinizin sədası ən mötəbər kürsülərdən eşidilir. Teatrşünas dedikdə nümunə göstərilə biləcək gənclərin çoxu da Sizin tələbələrinizdir. Hər birində bir Məryəm Əlizadə dəsti-xətti özünü göstərir. Bunun özü isə, xəzinəyə bərabərdir. Bizim hər bir uğurumuzun altında sizin adınız dayanır, əziz müəlliməm Məryəm xanım. 

Xəyalə Rəis
Teatrşünas-jurnalist

Load Time (S) : 0.000167