TEATRO

TEATRO

sənət portalı

post-title

MƏRYƏM ƏLİZADƏ – 7.0

Düşüncəylə duyğuların qovşağında

Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına bir sıra yeni, prinsipial məqsəd və vəzifələr qoyuldu ki, bunları, eyni zamanda, elmi-nəzəri, konseptual müstəvidə həll etmək zəruri oldu. Təsadüfi deyil ki, məhz XX əsrdə rejissuranın sürətli inkişafı ilə üzvi bağlılıqda sənətşünaslığın tərkib hissəsi olan teatrşünaslıq da güclü sıçrayış nəticəsində müstəqil bir elm-sənət fəaliyyət sahəsinə döndü. Əski dövrlərdən fərqli olaraq, yeni teatrşünaslıq rejissuranın dominantlığını qəbul etdi və bütün araşdırma-dəyərləndirmə əməliyyatlarını məhz bu aspektdən apararaq elmi baxımdan dürüst qənaətlərə gələ bildi.

Hörmətli oxuculara böyük məmnuniyyətlə açıqlamalıyam ki, yuxarıda söylədiyim ümumiləşdirilmiş mülahizəni şəxsən mən illər boyu yaradıcı ünsiyyətdə olduğum Məryəm ƏLİZADƏ adlı teatrşünasın fəaliyyətini izləyərək formulizə edə bildim. Böyük alim və dövlət xadimi Cəfər Cəfərovun tələbəsi olan  Məryəm ƏLİZADƏ, məndən ötrü, Azərbaycan teatr məkanında yaranmış və inkişaf etmiş yeni teatrşünaslığın ən parlaq nümayəndəsidir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, Məryəm ƏLİZADƏ müəlliminin vəsiyyətinə sadiq qalaraq, öz elmi araşdırma metodunu məhz rejissuranın üzərində qurub və məhz bu aspektdən tamaşanın təhlilini son dərəcə əsaslı və – ən ümdəsi! – sistemli şəkildə apara bilib.

Mənə elə gəlir ki, bir teatrşünas kimi Məryəm ƏLİZADƏ çox erkən rejissuranın məğzini və özəlliyini dərk edib. O, özünəməxsus həssaslıqla bu peşənin, bu yaradıcı fəaliyyətin psixoloji təməlini anlayaraq onun ikili xassəsini aşkarlayıb. Məlumdur ki, rejissor yaradıcılığı iki təməli xassənin sintezindən – düşüncə (intellektual başlanğıc) və duyğuların (emosional başlanğıc) vəhdətindən yaranan bədii-yaradıcı fəaliyyətdir. Məryəm ƏLİZADƏnin də elmi metodu məhz bu iki başlanğıcın təmas nöqtəsində, qovşağında bərqərar olub. Məhz buna görədir ki, onun təhlilləri həm dəqiq diskursa malikdir, həm də tamaşanın emosional ovqatını adekvat əks etdirir.

… Bilmirəm, peşənin şərtlərimi Məryəm xanımın insani xarakterinə təsir edib, yoxsa teatrşünas özəlliyi onun xasiyyətindən qaynaqlanır, amma onu yəqin bilirəm ki, sevimli həmkarım, əziz dostum və sirdaşım həyatda da düşüncəylə duyğuların qovşağında yaşayıb-yaradır. Bəlkə dostumuzun məhz bu yaşam mövqeyi onu hamımıza əziz, doğma və gərəkli etməkdədir. 

Əziz Məryəm xanımı ad günü münasibətilə təbrik edirəm, ona hələ uzun illər seçdiyi və yaşatdığı mövqedə sağ-əsən durmağı arzu edirəm.

Azər Paşa Nemət
AzTXİ-nin sədri, Xalq artisti, professor

Onun ömür nağılı…

Nə vaxt başladığını deyə bilmərəm, amma bu nağılın süjetində sehr də var, seyr də, dördüncü ölçünün rəngləri də, əcaib-qəraib məxluqların yaratdığı tilsimləri və həmin tilsimləri qırıb ətrafındakı dünyanı işıqlandıran, xoşbəxtliyin günəşində qəlbləri qızdırmağı bacaran qəhrəmanları da var.

O bu nağılda böyüdü, onun hikmətini ana südü kimi canına çəkdi, halal bir ömür yaşamağa üz tutdu. Onu uşaqlıq illərindən tanıdığım üçün illərdən bu yana yaşadığı həyat, üzləşdiyi tale, düşüncə və əməlləri, mənəviyyat və əxlaq, əqidə və məslək meyarları barədə fikir söyləyə biləcək bir neçə nəfərdən biriyəm.

O, yalanın nə olduğunu bilir, amma danışmır, sevməyi çoxumuzdan daha yaxşı bacarır. Vətənsevərlik, insanpərvərlik onun təbiətinin hüceyrə səviyyəsində qərar tutan, Şekspir sözləri ilə desək, namuslu olub on min adamdan seçilmək haqqı qazanan, allah vergisi olan istedadını tədqiqata və pedaqoqikaya sərf edib, alim fəhmini bu şərəfli missiyaya xərcləməklə yaşayan bu insanın ömür nağılı savabla doludur.

Bir ədibimizin “olanlar oldu” ifadəsi bu nağılın da epiqrafı ola bilər. Çünki onun baş qəhrəmanı olduğu bu nağılın hadisələri içərisində uğurlarla bərabər itkiləri xatırlasaq, valideynlərinin, canı qədər əziz qardaşının, ağlı kəsəndən həyat yolunda bərabər addımladığı sevincini, kədərini, ən məhrəm düşüncələrini bölüşdüyü unudulmaz ustadlarının və dostlarının itkisi göz önünə gələcək. Bu xatirələrdə göz yaşı, niskil, yeri heç zaman dolmayacaq boşluqlar, məyusluq yer alsa da, o öz yoluna davam etməkdədir. Çünki öz çarəsiz xəstəliyi onu nikbin bir coşqu ilə yaşamağa çağırır.

Adı teatr olan bu çarəsiz xəstəliyə nə vaxt tutulduğu dəqiq bilinməsə də, yüzlərlə insanı da yoluxdurduğu çoxlarına bəllidir. Ən maraqlısı budur ki, onun yoluxdurduğu həmin “xəstələr” öz aqibətlərindən məmnundurlar və “giriftar” olduqları xəstəliyə görə hər dəfə ona minnətdarlıq bildirirlər. 

Mən izah edilməyəcək bir qürurla deməliyəm ki, bir türk mahnısında səsləndiyi kimi “bərabər yürüdük biz bu yollarda”, büdrədiyimiz oldu, amma yıxılmadıq, sınmadıq vicdanımız və məsləyimizlə möhtəkirlik etmədik. Odur ki…

Nağıl davam edir. Göydən üç alma gözləməyin, çünki sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm xanım Əlizadənin nağılı davam edir. Və  nə yaxşı ki, o davam edir… 

İsrafil İsrafilov
Sənətşünaslıq doktoru, professor

Müdrik düşüncənin səmimiyyəti

Onu tanıyanda Məryəm adı mənim üçün tələbə yoldaşım anlamını verirdi. Bir kursda oxuyurduq və açığı, hələ kimin kim olacağı barədə heç düşünmürdük də. Qayğılı və qayğısız tələbəlik illərimizi yaşayırdıq. İllər ötüşdü və Məryəm xanım peşə və amal dostum oldu. Yəni, hərəmiz başqa-başqa iş yerlərində olsaq da, mətbuatda, televiziyada eyni sənət qayğıları və problemləri, sənət uğurları və uğursuzluqları barədə söhbət açırdıq. Tədricən cəmiyyət tələbə Məryəmi, dostum Məryəm xanımı kamil teatrşünas kimi tanımağa, onun fikirlərinə ehtiramla yanaşmağa başladı. Artıq uzun illərdir ki, «Məryəm Əlizadə» imzası teatr sənəti, səhnə sənətçiləri barədə dəqiq və qəti, həqiqi və xeyirxah, elmi və nəzəri əsaslı fikir söyləyən meyara çevrilib. «Məryəm Əlizadə» imzası həqiqətə ayna tutan fikir möhürü gücündədir.

Məryəm Əlizadə əsasən çağdaş teatr prosesi və bir də milli teatr poetikasının estetik-nəzəri səciyyələri ilə məşğul olur. Onun aydın düşüncə  tərzinə, sözü son dərəcə ehtiyat və ehtiramla işlətməyinə, ən əsası isə müdrik alim düşüncəsinin səmimiyyətinə heyran qalmışam. Əslində, bu səmimiyyət Məryəm xanımın əsl-nəcabətindən, özünün xanım-xatınlığından, qadın kimi şahanəliyindən irəli gəlir. Tanıyanlar, onunla ünsiyyətdə olanlar bilirlər, yazıram ki, bilməyənlər də xəbər tutsunlar: Məryəm xanım dərs dediyi, professoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, rəhbərlikdən tutmuş adi tələbələrə qədər, hamının ehtiram və rəğbətini qazanıb. Günün hansı vaxtında rastlaşsan Məryəm xanımın çöhrəsi təbəssümlüdür, dostlarını «can» və «əzizim» kəlmələri ilə dindirir. Tələbələrilə baş-başa verib ana-bala söhbətini xatırladan fikir mübadiləsi aparır. Əslində, bu söhbət onların sənətə cəsarətlə kövrək qədəm qoymalarına zəmin yaradır. O, dərsdən əlavə də biliyinə, düşüncə tərzinə, elmə həvəsinə inandığı tələbələrlə məşğul olur. Teatr tamaşalarına onlarla birgə gedir. Hər yerdə də «tələbələrimdi», deyə onları qürur və fəxrlə təqdim edir. 

Çağdaş teatr prosesini diqqət və maraqla izləməkdə həmişə Məryəm Əlizadəyə qibtə eləmişəm. Teatrşünas-alim hətta teatr olan rayonlara gedib oradakı sənət ocaqlarının tamaşalarına baxmağa da macal tapır. Baxdıqları barədə mətbuatda gözəl təhlili məqalələr, elmi resenziyalar yazır. Həmin yazılarda alimin səmimiyyəti və alicənablığı məni valeh edir. Təriflərini ürək dolusu sevinclə, tənqidi fikirlərini son dərəcə ehtiram və ehtiyatla söyləyə bilir. Bu səmimiyyət, bu müdriklik Məryəm Əlizadənin yaradıcılığının qranit sütunudur.

Tələbə vaxtı ad günlərimizdə bir-birimizə kitab bağışlayardıq. İmkanımız artanda hədiyyələrimizin qiyməti də artdı, ancaq bir-birimizə kitab bağışlamaq ənənəmiz qalıb. Artıq uzun illərdir öz kitablarımızı qarşılıqlı surətdə hədiyyə veririk. 

Bütün bunlar öz yerində. Ancaq bu gün mənim tələbə dostum Məryəmin, alim həmkarım Məryəm xanımın, sənətsevərlərin ehtiram bəslədikləri Məryəm Əlizadənin ad gününü söz hədiyyəsi ilə təbrik edirəm.

Məryəm xanım! Çöhrəndən sənə çox yaraşan təbəssüm, alim müdrikliyindən səmimiyyət əskik olmasın…

Hörmət və ehtiramla:

İlham Rəhimli

Sənətşünaslıq doktoru, professor                                                                                        

Əziz  dostum

Məryəm   ƏLİZADƏ, ilk növbədə, ən yaxın  dostum, illərlə  fikir  mübadiləsində  bulunduğumhəmkarım, mədəniyyətimizdə  böyük  önəm  daşıyan  teatr  bilicisidir. Zəngin  teatr  bilgisinə malik Məryəm  xanım  həm də  gözəlinsan, səmimi  dostdur. Teatr sənətini dərindən bilən,  incə estetik  zövqə və yüksək peşəkarlıq qabiliyyətinə malik  Məryəm xanım uzun illərdir milli teatr prosesini addımbaaddım izləyir və fiksasiya edir. Uzun illər boyu apardığım müşahidələr mənə onu deməyə əsas verir ki, Məryəm ƏLİZADƏ teatrın bütün komponentləri kimi səhnəqrafiya sənətinin, teatr rəssamlığının da bilicisidir. Məryəm xanımın bütün elmi əsərləri, məqalələri, çıxışları vahid paradiqmaya əsaslanır. Məryəm ƏLİZADƏ TEATRı anlayır… TEATRı sevir… TEATRa xidmət edir. 

Mən əziz dostum, sevimli həmkarım, düşüncəsinə dərin inam və ehtiram bəslədiyim Məryəm xanımı ad  günü  münasibətilə  təbrikedir, sevinc və fərəh dolu uzun ömür arzulayıram.   

Nazim  Bəykişiyev
Xalq rəssamı,
Dövlət mükafatı laureatı, professor

Sənət avtoriteti

Teatr aləmində elə şəxsiyyətlər var ki, onların zövqü, fikri mənim üçün çox vacibdir, hətta yazdığım əsərlərin onlar tərəfindən qiymətləndirilməsinə, türklər demiş, aşırı həssaslıq göstərirəm. Etiraf edim ki, çox vaxt bədii keyfiyyətindən bir az nigarançılığım olan əsərlərimi onların oxumalarını, o əsərlər əsasında qoyulmuş tamaşalara baxmalarını istəmirəm. Belə insanlardan biri görkəmli teatrşünas alimimiz, professor Məryəm xanım Əlizadədir.

Məryəm xanımın ilk oxuduğum yazısı "AzDrama"nın "Adsız ulduz" tamaşasına həsr etdiyi resenziyası olmuşdu, axırıncı yazısı isə "Yuğ" teatrının "Birinci akt"ına teatral şərhi. Bir-birindən azı otuz illik məsafə ilə ayrılan bu iki məqalə arasında onlarla resenziyalar, fundamental elmi əsərlər, monoqrafiyalar, elmi məruzələr, mühazirələr, çıxışlar, ideyalar, layihələr meydana gəldi. Bir çoxları ilə yaxından tanış olduğum bu əsərlər teatrşünaslığımızın daha çox xronoloji məlumatlar toplusu müstəvisindən yeni istiqamətə - intellektual təhlil istiqamətinə yönəldilməsində, teatr tənqidçiliyində yüksək bir plankanın - səviyyənin yaradılmasında, ümumilikdə teatr mədəniyyətimizin varolmasında, inkişafında müstəsna rol oynayıblar. Bu gün Azərbaycan teatrşünaslığında formalaşmış sabit bir Məryəm Əlizadə üslubu var ki, onu başqaları ilə qarışıq salmaq mümkün deyil.

Məryəm xanımın ad günü münasibəti ilə yazdığım bu sətirləri onun oxuduğum ilk və hələlik son resenziyaları ilə başlamağım təsadüfi deyil: əgər "Adsız ulduz"a həsr edilən yazıda gənc müəllifin istedadını, teatr biliyini göstərmək, imzasını yaddaşlara həkk etmək istəyi özünü qabarıq şəkildə göstərirdisə, "Birinci akt"a yazılan gözəl şərhin əsasında artıq özünü çoxdan təsdiq etmiş sənət avtoritetinin yüksək teatral intellekti ilə yanaşı tamaşanın müəllifinə, istedadlı aktyor ansamblına, ümumilikdə "Yuğ"a düşünülmüş, dərk edilmiş dərin məhəbbəti dayanır. Əlbəttə bir-birindən otuz illik zaman kəsiyi ilə ayrılan bu yazıların ümumi müsbət cəhətləri çoxdur, amma bir cəhət mənim üçün çox vacibdir: səmimiyyət, materiala azad münasibət. Təcrübə göstərir ki, həmişə səmimi, obyektiv tənqidçi olmaq çətin peşədir, özü də olasan hər bir cəhətdən çox həssas teatr sənətinin tənqidçisi.
 

Əli Əmirli
Əməkdar incəsənət xadimi, professor

Sevimli müəllimim Məryəm Əlizadəyə açıq məktub!

Salam, sevimli Məryəm xanım!

Müasir Azərbaycan teatrşünaslığının ən aparıcı simalarından biri olan Siz, mənim də həyatımda müstəsna rolu olan insanlardansınız. Siz, məndən ilk qabiliyyət imtahanı götürmüş, altı il kurs rəhbərim kimi əziyyətimi çəkmiş, mənə tearşünaslığın sirlərini öyrətmiş, xeyir-duamı vermiş və bu yolda daim yanımda olmuş əbədi müəllimimsiniz!

Bu gün Azərbyacan teatr prosesini, teatrşünaslığını, teatrşünaslarını sizsiz təsəvvür etmək mümkün deyil. Siz 50 ildən çoxdur ki, teatrla yaşayır, teatr üçün yaşayır və teatrı yaşadırsınız. Bu çətin, mürəkkəb yolda haqqınız olaraq, çoxlu uğurlar qazanmış, mükafatlara, adlara layiq görülmüsünüz. Mən sizin bütün nailiyyətlərinizi sadalamaq fikrində deyiləm. Amma onu vurğulamaq istəyirəm ki, siz həm tearşünas-alim, tənqidçi, həm pedaqoq, həm də bir insan kimi bu uğurlara öz gərgin zəhmətiniz, istedadınız, ən əsası isə teatra, sənətə və insanlara olan sevginiz sayəsində nail olmusunuz. 

Ümumiyyətlə, sevgi, qayğı və xeyirxahlıq sözlərini sizin yaşam şüarınız da adlandırmaq olar. Bunu sizin tələbəniz, həmkarınız və müəllim yoldaşınız kimi tam məsuliyyətlə deyirəm. Və bu hisslər sizdə o qədər güclüdür ki, hamıya çatır. Siz daim, həm teatrşünas, həm müəllim həmkarlarınız, həm də tələbələrinizin yanında olursunuz: kiminə dostluq əli uzadır, kiminə ana qayğısı göstərir, kiminə dəstək olur, müdafiə edirsiniz. Ona görə də bütün həmkarlarınız və tələbələriniz sizi sevir.

Amma siz bütün bu yüksək insani keyfiyyətləri həm də bir pedaqoq və teatrşünas-alim olaraq, milli teatrşünaslığımızın öndərlərindən biri kimi ağır yükü çiyinlərinizdə daşıyaraq qoruyub saxlayırsınız. Eynən müəlliminiz, həmişə tələbələrinizə haqqında sevə-sevə danışdığınız Cəfər Cəfərov kimi. Bu mənada, siz də sevdiyiniz teatra bənzəyirsiniz: insan-alim-pedaqoq olaraq sinkretiklik və deməli, harmoniya daşıyıcısısınız.

Sizin elmi yaradıcılığınız, sözsüz ki, ayrı bir yazının mövzusudur. Və nəinki yazının, yaxud yazıların mövzusudu, bütövlükdə, sizin yaradıcılığınızın dissertasiya mövzusu kimi tədqiq olunmaq vaxtı çoxdan çatıb və bu barədə ciddi düşünmək lazımdır. Çünki vaxtıilə Tofiq Kazımov haqqında yazdığınız “onu tədqiq edəndə mədəniyyət prosesini tədqiq etmiş oluruq” fikri bu gün sizin özünüzə aiddir. Çünki siz çağdaş milli teatr prosesimizin üzvi tərkib hissəsisiniz.

Mən sizin elmi yaradıcılığınızdan söhbət açmaq istəməsəm də üç əsəriniz haqqında danışmaya bilmirəm. Bunlar: öz elmi-nəzəri dərinliyi və əhatə dairəsinin genişliyi ilə milli teatrşünaslığımıza töhfə olan “Teatr: seyr və sehr”, görkəmli rejissor Tofiq Kazımovun yaradıcılığından bəhs edən, elmi təfəkkürlə bədii təfəkkürün, elmi başlanğıcla bədii başlanğıcın sintezini özündə əks etdirən “Dördüncü ölçünün rəngləri” monoqrafiyalarınız və Yuğ teatrının banisi Vaqif İbrahimoğlunun bütöv bir şəxsiyyət kimi portretini yaratdığınız “Rejissor haqqında paradoks” məqalənizdir. Bu əsərlərin adını ona görə çəkirəm ki, onlar bütün parametrləri ilə bütövlükdə Azərbaycan teatrşünaslığının nailiyyətləridir. Siz yalnız bu əsərləri yazmış olsaydınız belə, adınız milli teatr tariximizdə qırmızı hərflərlə yazılardı. Çünki bu əsərlərinizin hər biri özündə müasir sənətşünaslığın demək olar ki, bütün elmi-nəzəri-metodoloji nailiyyətlərini ehtiva etməklə həm də çox dəyərli dərsliyə çevrilir. Və biz bu kitabları hər dəfə oxuduqca sizdən dərs almş oluruq. Və biz bunu hər dəfə sevə-sevə edirik.

Sevimli Məryəm xanım!

Bu gün sizin 70 yaşınız tamam olur! Mən sizi bu münasibətlə təbrik edir və sizə yalnız bir arzu diləyirəm: Allah sizi qorusun! Azərbaycan teatrı üçün, milli teatrşünaslığımız üçün, sizi sevənlər və sizin sevdikləriniz üçün! 

Dərin hörmətlə, 

sizin əbədi tələbəniz Vidadi Qafarov.

Vidadi Qafarov 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Load Time (S) : 0.005948