TEATRO

TEATRO

sənət portalı

post-title

“Mən – Dədə Qorqud: Epizod 1 Başlanğıc” tamaşasının premyerası keçirilib

Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib.

Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Anar Mikayılov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur.

Tamaşada rolları (iki tərkibdə) Yuğ Teatrının aktyorları – Xalq artisti Vidadi Qasımov, Əməkdar artist Qasım Nağı (Dədə Qorqud) və aktyorlar Mətanət Abbaslı, Nigar Mürsəlova (Ozan Ana), Vüqar Hacıyev (Ozan Ata) və  Amid Qasımov (Ozan Oğul) ifa edirlər.

“Mən-Dədə Qorqud” layihəsi YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 75 illiyinə həsr edilir. Seyrçilərə təqdim ediləcək bu böyük layihədə “Kitabi-Dədə Qorqud” dastanının 12 boyu əsasında hazırlanacaq tamaşalara Vaqif İbrahimoğlunun teatr məktəbini keçmiş rejissor tələbələri quruluş verəcək.

Vaqif İbrahimoğlunun yaradıcılığında dəfələrlə müraciət etdiyi ədəbi məxəzlərdən biri də  ümumtürk mədəni abidəsi olan “Kitabi- Dədə Qorqud” eposudur. YUĞ Teatrının “Oğul”, “Xatun”, “Dürlü xəbər” tamaşaları  məhz qədim eposumuzun müxtəlif boylarının motivləri əsasında hazırlanıb. Milli teatrın unikal poetikasını yaratmaq uğrunda rejissor “Kitabi-Dədə Qorqud”un fəlsəfi-estetik potensialını yüksək qiymətləndirmiş, eposun motivləri əsasında hazırladığı tamaşalarda dastanın orijinal dilini, üslub xüsusiyyətlərini saxlamışdır.

Müəllif intensiyası: İdeyası bir neçə xətt üzərində təqdim edilən səhnə əsərində ən böyük problem insanın, bəşərin oyundan, həmçinin yaradılışın, varlığın harmoniyasından çıxmasıdır. İlkin yaradılış mərhələsində insan düşünmür, sadəcə iman edir, harmoniyaya tabe olaraq var olur. Başlanğıc dövründə təbiətlə bir bütöv olan insan həm də onunla rabitədə olur. Səhnədə də qəbirlər açılır və aktyor-mediatorlar kölgələr ortaya çıxır. Gedişatdan aydın olur ki, onlar düşünmür, sadəcə davranırlar. Bu məqamı ilk baxışdan canlanmanı, dirilməni realizə edən xüsusi hərəkətlər, ritualvari rəqslər müşayiət edir. Amma bu mövcudluqdan sonrakı dirilmə deyil, ilkin, yəni heçdən yaradılışdır. İnsan yaranarkən dərhal nəyisə düşünmür. Bu mənada o sadəcə davranır, yaşayır, harmoniyaya tabe olur və hərəkətləri də qeyri-ixtiyari, mexanikidir. Ruhuna, varlığına, beyninə gələn ilk şeyləri edir, qırıq səslər çıxarır, hərəkət edir, yaşayır və nitqi kamilləşincə ilk olaraq onu yaradanın, Tanrının adını zikr edir. Səhnə əsərini maraqlı edən ən önəmli cəhətlərdən biri də budur ki, mətnin orijinalda olduğu kimi saxlanılmasıdır.

Qeyd edək ki, “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının ilk premyerası Meksikanın Metepek şəhərində təşkil edilmiş Kimera Beynəlxalq  İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində 16 oktyabrda nümayiş edilmişdir.