Müsahibəyə başlamazdan öncə Mehriban xanım mənə belə bir sual verdi: "Sən niyə Mehriban Zəki haqqında yazmaq istəyirsən?"
Mən isə həqiqətən bu haqda düşünməmişdim.
İlk sualım, "Tanımayan biri sizdən Mehriban Zəkini soruşsa, onu necə təqdim edərdiniz?" olmuşdu. Lakin bu sualı ona verməzdən əvvəl özümə vermək istəyərdim. "Onu tanımayan biri məndən, 4-cü kurs tələbə-teatrşünasdan Mehriban Zəkini soruşsa, onu necə təqdim edərdim?" Görünür, məni Mehriban Zəki ilə görüşməyə sövq edən də elə bu suala cavab axtarmağım idi.
Nigar Əsədova: Tanımayan biri sizdən Mehriban Zəkini soruşsa, onu necə təqdim edərdiniz?
Mehriban Zəki: Adətən, tanımayan birinə özümü təqdim etmək, tanıtmaq, gözə soxmaq kimi bir vərdişim yoxdur. Tanımırsa, tanımır özü bilər.
Məsələn, xaricdən gələn bir vətəndaş bizim sənətimizlə, mədəniyyətimizlə tanış olmağa çalışır. Bu zaman mən özümü Mehriban Zəki, teatr və kino aktyoru və bəzən də öz sevdiyim şairlərin şeirlərinə musiqilər düzüb-qoşan, ürəyimdən gələn müəllif musiqisi ilə məşğul olan bir kəs kimi təqdim edirəm. Belə bir şey...
Amma ilk növbədə mən teatr və kino aktyoruyam. Vəssalam, bu qədər.
N.Ə.: Sizə uğuru qazandıran nədir?
M.Z.: Ola bilsin ki, sözlərim bir az qeyri-təvazökar səslənər. Amma hesab edirəm ki, bu qeyri-təvazökarlıq deyil, bu, sadəcə, dəyərini bilməkdir. Sualınızın cavabı isə işgüzarlıq və inadkarlıqdır.
Mən, misal üçün, sizin yaşlarınızda olanda qarşıma bir məqsəd qoyurdumsa, onu mütləq şəkildə əldə eləməyin birinci növbədə əziyyətini özümdə görürdüm və onu mütləq şəkildə eləyirdim. Ki, mən bunu əldə eləməliyəm. O baxımdan bu xasiyyətim indiyə qədər də qalıb.
Misal üçün, uşaqlıqda arzum var idi ki, velosiped sürməyi öyrənmək istəyirəm. Sadəcə olaraq o imkanım yox idi, bir də qorxum var idi. Velosipedə minməyi dəfələrlə cəhd etsəm də, qorxurdum. Amma müəyyən bir yaşımda, tutalım, 52 yaşında mən velosiped sürməyi öyrəndim. İnadkarlıqla onu öyrəndim. O addımı atdım ki, içimdə bunu bacarmadım hissi qalmasın. Ümumiyyətlə, hər bir işi görəndə də mən bunu eləyəcəm inadı və məqsədə doğru getmək istəyi, onun zəhməti bunun üçün yetərlidir.
N.Ə.: Əgər Vaqif İbrahimoğlu olmasaydı, sizcə sənət həyatınız necə davam edərdi?
M.Z.: Mən bu barədə... bu sualı düşünmək belə istəmirəm. Çünki mən universitetdə oxuyanda arzum idi, niyyətim idi. Bir söz var ki, deyilir niyyətin hara, mənzilin ora. Sən içdən nəyi istəyirsənsə, Allahtəala onu sənə verir. Mən yenə də deyirəm, sizin yaşınızda olarkən universitetdə mənə belə bir sual yazmışdılar ki, siz hansı teatrda işləmək istəyirsiniz. O zaman Yuğ teatrı yox idi. Mən də yazmışdım ki, Azərbaycanda var olan teatrların heç birində işləmək istəmirəm. İstəyirəm, elə bir teatr yaransın ki, və o teatr elə bir mövqe ortaya qoysun ki, bütün dünya o barədə danışsın və desinlər ki Azərbaycanda belə bir teatr var və orda bunu, bunu, bunu eləyirlər...
Və bir neçə müddətdən sonra Yuğ teatrı yarandı. Təsadüfən... Amma bilirsiniz ki, təsadüf zərurətdən doğur. O zərurətin nəticəsində mən Vaqif müəllimin yanına gəldim. Elə ilk ünsiyyətdən, ilk sözdən, ilk baxışdan, nə bilim, ilk təmasdan, Vaqif müəllim mənim içimdə, yəqin ki, o qeyri-adiliyimi gördü...?!
Ondan sonra mən Vaqif müəllimin yanına məşqlərə həmişə gəlib gedirdim. Yavaş-yavaş-yavaş-yavaş...
Yenə deyirəm, mənim içimdəki o qəribəliyi Vaqif müəllim görə bilərdi yalnız. Ona görə də, bu məsələnin başqa cürə olacağını nəinki müzakirə etmək, düşünmək belə niyyətində deyiləm.
İstəyirsiz bunu tale adlandırın, istəyirsiniz bunu alın yazısı adlandırın, mən bunu zərurət adlandırıram. Bu, belədə olmalı idi. Çünki MƏN bunu belə istəyirdim, MƏN bunu belə arzulayırdım. Allahtəalanın Mənim qarşıma..., çünki bu mənim yolumdur, ona görə mənim qarşıma deyirəm, Vaqif müəllimi çıxartdığı üçün son dərəcə məmnunam, şadam. Çünki bilirsiniz, Vaqif müəllimlə mənim münasibətlərim həm də ustad-şəyird münasibətləri kimi idi. Necə ki, sizin ustadınız kimdir?
N.Ə: Vidadi Qafarov.
M.Z: Aha, Vidadi müəllim. Siz böyük bir səadət əldə etmisiniz. Bu böyük bir səadətdir ki, onun qarşısında otura bilirsiniz, ona fikir söyləyə bilirsiniz, onunla paylaşa bilirsiniz, onunla ünsiyyətdəsiniz, onunla təmasdasınız. Bax, mənim də səadətim, böyük xoşbəxtliyim onda idi ki, mənim Vaqif müəllim kimi ustadım olub. Vaqif müəllim, həqiqətən də, Azərbaycan teatr məkanında danılmaz bir prosesi başlatdı və o proses hələ də davam edir.
N.Ə.: Ustadınız Vaqif İbrahimoğlu dünyasını Əməkdar incəsənət xadimi kimi dəyişdi. Siz isə Xalq artistisiniz. Bu sizə hansı hisləri yaşadır?
M.Z.: Bu mənə xoşbəxtlik nəsib eləmir. Necə ki bayaq deyirdim ki, Vaqif müəllimin qarşıma çıxmağı mənə xoşbəxtlik nəsib eləyir. Bu isə mənə xoşbəxtlik nəsib eləmir. Adlar, fəxri adlar yalnız və yalnız sosial durumu təyin eləmək üçündür. Onlar insanın mənəviyyatına, istedadına, belə deyək daxilinə heç nə əlavə eləmir. Mən və digər tələbələri 100 dəfə Xalq artisti olaq, Vaqif müəllimə heç vaxt çata bilməyəcəyik. Əməkdar incəsənət xadimi olmasaydı belə, Vaqif İbrahimoğlu Azərbaycan teatr düşüncəsini yerlə yeksan eləyə biləcək bir insandır və eləyib də. Çağdaş teatr düşüncəsini formalaşdırıb. Digər tərəfdən də belə bir şey deyim, Vaqif müəllimin bir çox tələbələri Xalq artistidir artıq və bu, Vaqif müəllimin qazancıdır. Bu, Vaqif müəllimin uğurudur. Çünki biz onun düşüncəsinin işartılarıyıq. Onun fikirlərinin davamçılarıyıq. Biz onun yaratdığı teatrın zərrəcikləriyik. Biz zərrəciyiksə və biz Xalq artistiyiksə, deməli, o bizdən qat-qat artıq Xalq artistidir.
N.Ə.: Yuğ teatrından sonra, "İbrus"da, Akademik Milli Dram Teatrında, Rus Dram Teatrında çalışmısınız, bir aktrisa üçün bu qədər yerdəyişmə çox deyilmi? Və bu sizə nə verib, nə alıb?
M.Z.: Ümumiyyətlə, hesab edirəm ki, bugünkü tələblərlə aktyor hər bir teatrda işləyə bilməlidir. Sovet dönəmində repertuar və janr teatrı vardı. Orada belə idi ki, bu aktyor bu teatrda işləyirsə, o, başqa teatrda uğur qazana bilməyəcək. İndi isə başqa bir zəmanədir artıq. Necə ki, sovet dövrü dağıldı, onun düşüncələri və sənət nümunələri də dağılmaqdadır. Misal üçün, çox xoşuma gəlirdi, hələ 90-lardan Türkiyədə Genel teatr müdirliyi var və bütün teatrlar, hamı o Genel teatr müdirliyinə bağlıdır. Yəni, bu aktyor bu teatrda da işləyə bilər, sonra başqa teatrda da işləyə bilər. Janr etibarı ilə hər bir tamaşada oynaya bilər. Və bu aktyorun inkişafı üçün, aktyorun fərqli olması üçün bir zəmin yaradır.
Yuğ teatrı, "İbrus", Akademik Milli dram teatrı, mən, hətta Rus Dram Teatrında da işləmişəm... Janr etibarı ilə, yəni var olma etibarı ilə tamam fərqli-fərqli məkanlardır, fərqli düşüncələri var. Bir az sözüm qeyri-təvazö olsa da, istedadlı aktyor üçün və aktyor üçün (vurğulayaraq) tipaj üçün yox, məkan, yəni hansı teatrda oynamağı önəmli deyil. Onun üçün məhsul, yəni gördüyü iş önəmlidir. Mənim Yuğ teatrında, "İbrus"da, Rus Dram Teatrda, Akademik Milli Dram teatrında hələ elə bir işim olmayıb ki, ondan zövq almayım. O gördüyüm işlərin hamısından MƏN zövq almışam, bir aktyor olaraq.
Bu mənə çox şey qazandırıb. Gələcəkdə daha başqa teatrlarda işləmək istəyərdim. Məsələn, dəvət etsələr, musiqili teatrda da işləyə bilərəm. Sizcə bacararam?
Mən gülümsədim və ona baxdım. Mehriban Zəki isə qaşını qaldıraraq başı ilə təsdiqlədi. Artıq mən, onun bacara bilməyəcəyi heç nəyin olmadığına əmin oldum.
M.Z.: Hətta kukla teatrında da işləyə bilərəm, tamaşa oynaya bilərəm. Mənim üçün heç bir sərhəd, heç bir imkan məhdudiyyəti yoxdur. Mənim düşüncəmi qıcıqlandıran, ruhumu həyəcanlandıran hər bir işdə oynaya bilərəm. Mən hətta Əsa teatrında da tamaşa oynamışam (gülümsəyərək). İş olsa, mən ora böyük məmnuniyyətlə getməyə hazıram.
N.Ə.: İbrus teatrında İvan Buninin “Son döyüş” əsərinin tamaşasındakı Banin - Ümbülbanu obrazı ilə sizin ortaq cəhətləriniz varmı?
M.Z.: Bu sualınız maraqlı sual oldu. Amma bunu bir personaja aid eləmək doğru olmaz.
Ümbülbanu tarixi şəxs olub və onun həyat hekayəsi mənə çox maraqlı gəldi. Ortaq cəhətlərimizdən... onun inadkarlığı, onun işgüzarlığı, onun qarşısına qoyduğu məqsədi mütləq yerinə yetirmə istəyi, yəqin ki, bu keyfiyyətləri diqqətimi çəkdi. Çox dikbaş idi, sözünü deyən, ötkəm idi. Məndə də var o keyfiyyətlər. Hər hansısa bir personaj üzərində işləyəndə çox qəribədir ki, əvvəlcə özündən qatırsan personaja, öz xasiyyətlərindən qatırsan personaja, sonra, bir müddət onunla yaşayandan sonra, çox qəribə olaraq personaj başlayır səni formalaşdırmağa. Yəni hər bir işdə virtual olsa da, ünsiyyət baş verir. Enerji mübadiləsi edirsən, o sənə nəyisə qatır, çox maraqlı prosesdir. Mən nə oynayıramsa, oynayım mən həmişə Mehriban Zəkiyəm. Bu nöqteyi-nəzərdən, Mehriban Zəki Ümbülbanunu necə təqdim eləyir, Mehriban Zəkinin simasından necə görsənir, hansı baxışla, hansı enerji ilə, hansı səs tembri ilə...
Baxan seyrçi də bunu görür. Təbii ki, Mehribanı da görür. Amma onun təqdimatında o personajin həyat hekayəsini, xasiyyətini və s. və i., onları görə bilir.
Təşəkkür edirəm bu sualınıza görə.
N.Ə.: Aktyora ən çox yaraşdırdığınız və yaraşdırmadığınız keyfiyyətlər hansılardır?
M.Z.: Çox yaxşı sualdır (2 dəfə təkrarlayır).
Mənim tələbələrimə tədris prossesində söylədiyim məqamlardandır.
Aktyor son dərəcə kibar, ziyalı, davranışında etik normalara, görünüşündə estetik görünən bir person olmalıdır. Və aktyor uzaqdan gələndə artıq onun fiziki görünüşündən, davranışından, onun ədasından, təmkinindən, mədəniyyətindən bilməlidirlər ki, aktyor gəlir... aktrisa gəlir...
Vauu aktrisaaa...
Aktyor böyük ədiblərin, böyük yazarların sözünü ifadə eləyirsə, onların sözünü çatdırırsa, Dostoyevski kimi, Şekspir kimi, Kamyu kimi, Çexov kimi, Anar kimi, Elçin kimi insanların sözlərini səhnədən tamaşaçıya ötürürsə, davranışı da, etikası da ona layiq olmalıdır.
Aktyor yeganə peşədir ki, 24 saat iş gedir. Hətta yuxuda da. Yuxular nədir? Bizim şüuraltımızın bizə təqdim etdiyi görüntülərdir.
Şüur altımızı da biz özümüz davranışımızla, mədəniyyətimizlə formalaşdırırıq. Tək qalanda belə, tək güzgü qarşısında olanda belə aşağı düşüncəni, qeyri-estetik düşüncəni özümüzə rəva bilməməliyik. O zaman mədəniyyətimizin daşıyıcısı olacayıq.
N.Ə: Sizcə, istedadın və təkəbbürün ortaqlığı ola bilərmi?
Bu zaman Mehriban Zəki məndən təkəbbürün nə olduğunu soruşdu. Mən isə cavabımda təkəbbür insanın eqosundan yaranır deyə söylədim. Və Mehriban Zəki...
M.Z: Təkəbbürlü olmaq yaxşı deyil. Amma eqoist olmaq pis deyil. Eqoistlik xudbinlikdir. Təkəbbürlü olmaq başqalarını bəyənməməkdir. Eqoist olmaq özünə dəyər verməkdir. İnsan özünə dəyər verməlidir ki, özgüvəni olsun, öz fikrini söyləyə bilsin. Çəkinməsin, utanmasın, nə istədiyini anlada bilsin, dediyi sözün arxasında dura bilsin. Bu özgüvəndir. Eqoizm özgüvəndir. Aşırı dərəcədə olanda, başqasını bəyənməmək, bu artıq təkəbbürlülükdür.
Bizim teatr camiəsində, sənət adamları arasında intriqalar nədən baş verir? Sizin bu sualınızdan doğdu mənim bu sualım.
İnsanlar öz istedadlarını ifadə eləyə bilməyəndə. Axı istedadlıdır, sənətlə doludur, yaratmaq istəyir. Onun üçün məşğul olacağı iş tapa bilmir, başlayır intriqa ilə məşğul olmağa, həmin enerjini harasa sərf eləməlidir axı.
O insanlar ki, intriqalarla, təkəbbürlülüklə nələri isə əldə edirlər, başlarını yerə qoyandan sonra gördükləri iş bir köpüklük olmur. Amma istedadlı insan hər zaman anılır, hər zaman dəyərləndirilir. Necə ki Vaqif müəllim...
Tələb eləsəydi...
Vaqif müəllimin yaşamı elə də əla deyildi. Amma indi mən ondan varlı, ondan istedadlı adam bilmirəm. Mənim kimi onun tələbələri çoxdur. Bu sahədə çalışmayan tələbələri belə, onun tələbəsi olmuşam deməyi şərəf bilirlər.
N.Ə.: Arzusunda olduğunuz, amma oynamadığınız rol varmı?
M.Z.: Əvvəllər bəlkə də olub. Arzusunda olduğum amma oynaya bilmədiyim rol.
Uzun müddətdir, mən səhnəyə çıxmıram və mən o insan deyiləm ki, gedim tələb eləyim ki, mən niyə səhnəyə çıxmıram. Aktyor bir az istər-istəməz təklif almalıdır. Təklif gözləyən insandır. Bu müddət ərzində oynaya biləcəyim belə deyək, hamının dediyi kimi personajlar, rollar sürüşüb gedib heyatımdan artıq. Çünki yaş artıq öz sözünü deyir. Bir müddət əvvəl Anna Karenina oynamaq istəmişəmsə, indi mən onu istədiyim halda da oynaya bilmərəm. Artıq düşüncəm də dəyişir və mən Anna Kareninanı, ümumiyyətlə, istəmirəm. Çünki bir zamanlar, Kareninanı oynamaq istədiyimdə onun həyatına acıdığım, hərəkətinə, davranışına haqq qazandırdığım anlar olurdusa, zaman keçdikcə, düşüncəm böyüyüb, dəyişib və artıq haqq qazandırmıram. Bunu misal üçün dedim. Fakt olaraq, fizioloji mənim onu oynamaq imkanım yoxdur. Çünki doğru olmayacaq, orqanik olmayacaq, yalandan görünəcək. Əvvəllər teatr həddindən artıq şərti idi, hər şey şərti idi. İndi hər şey artıq dokumentilistikaya doğru gedir.
Sualdan çox başqa yerlərə getsəm də, çox maraqlı şeylər deyirəm.
Yaşımın elə bir dönəmindəyəm ki, mən işləyib rollarla böyümək yox, necə ki gənc aktyor Şekspiri işləyib böyüyür, artıq belə yox, artıq hər hansısa bir rolu öz dünyamla böyütməyi arzulayıram. Çünki mənim artıq özümün demək istədiyim fikirlərim var. Və material elə bir material olmalıdır ki, mənim arzularımı, istəklərimi, fikirlərimi o materialla söyləyə bilim. Çox qəliz oldu deyəsən...
Amma maraqlı oldu (təbəssümlə).
N.Ə: Rejissor sizin üçün kimdir?
M.Z: Rejissor mənim üçün teatr səhnəsində qurduğu tamaşanın müəllifi. Tamaşadamı, yaxud filmdəmi, rejissor yön verir. Onun konsepsiyasının parçasıyam. Əgər məni görüb, məni dəyərləndirib, məni sevib bu işdə görmək istəyirsə, niyə məni görmək istədiyinə məni inandırırsa, fikirlərini izah edirsə, mən də onun düşüncələrinin ardınca getməyə hazıram. Mənim etibar etdiyim, işlədiyim rejissora həmişə inanmaq mövqeyim var. Rejissor mənim üçün inandığım insandır. Onun düşüncəsinə, onun təfəkkürünə, onun istedadına, onun dünya görüşünə.
Rejissor məndən qat-qat artıq bilməlidir. Məndən çox bilməlidir. Əks təqdirdə o balans pozulur.
N.Ə: Özünüzə ən çox verdiyiniz sual hansıdır?
Bir neçə saniyəlik susqunluqdan sonra
M.Z: Mən nə üçün yaşayıram? Bu sualı hər gün verirəm özümə. Hər gün cavabını axtarıram.
Mən pıçıltı ilə: "Tapa bilirsinizmi bəs"? deyə, sual verdim...
O isə: "Bu məndə qalsın", dedi, sonra da...
M.Z: Deyəsən, siz də axtarırsınız onu?...
Mən susdum.
M.Z: İnan ki, bu suala bir cavab tapan kimi görəcəksiniz ki, o deyil cavab. Başqa bir cavabdır. Bir dənə də cavab tapan kimi, başqa bir cavabdır. Hər dəfə bir cavabı tapanda səhərisi gün o cavabdan imtina eləyirsən və düşünürsən, həyatda yaşamağımızın mənası o sualları qarşımıza qoyub, o suallardan imtina edib, yeni mərhələləri açmaqdırmı?!
Sizinlə söhbət elədiyim anda, məqamda bunu deyərəm. Sabah başqa söz deyərəm. Çünki fikirlər hər zaman yenilənir.
Bax, bu yaxınlarda çox maraqlı bir fikirlə rastlaşdım. Çox xoşuma gəldi.
Deyir, heç vaxt plan qurmayın. Niyə? Qurduğunuz plan sizin keçmiş təcrübəniz və keçmiş bilgiləriniz üzərində qurulur. Yeni bilgilər almadan, yeni təcrübə qazanmaq üçün necə plan qura bilərsiniz?
Yəni plan qurmağa cəhd eləməyin, yenilənməyə, yeni bilgilər toplamağa cəhd eləyin. Siz soruşsanız tələbələrə niyə dərs deyirsiz, onlara nəyisə öyrədirsiniz?
YOX. Əksinə onlardan öyrənirəm. Bunu təcrübəmdən paylaşıram. Mən öyrənirəm, sizinlə indi söhbət edirəm, sizdən öyrənirəm.
Aktyorun həm də belə bir qabiliyyəti var. Hər zaman müşahidədədir. Bayaq söylədiyim kimi 24 saat işləyir. Və mən sizinlə söhbət edə-edə eyni zamanda sizi müşahidə eləyirəm. Davranışınızı, baxışınızı, gülüşünüzü, əllərinizi necə sıxmağınızı, necə utanmağınızı.
Bunlar artıq mənim üçün təcrübədir, mən hər an bir təcrübə qazanıram. Yəqin buna görə yaşayıram. Bilmirəm...
N.Ə.: Son olaraq, məndən gözlədiyiniz, amma eşitmədiyiniz sual?
M.Z.: Suallar maraqlı oldu və bu müsahibəni icazəniz olsa, mənə də göndərərsiniz.
N.Ə.: Sözsüz, Mehriban xanım...
Dedim və susdum...
Nigar Əsədova
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...
2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü...
REJİSSOR, PROFESSOR FİKRƏT SULTANOVUN AD GÜNÜNƏ GECİKMİŞ TƏBRİK
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müə...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Folklor ...
Salam, İsrafil müəllim!
Əvvəlcə bu məktubu yazma səbəbimin tarixçəsindən başlayım. Ötən ilin dekabrında bir əlyazmanızı kompüterdə yığmaq üçün mənə verdiniz. Məktub idi. Müəlliminizə - Tofiq Kazımova yaz...
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikanın Əməkdar artisti Zemfira Nəcəfova avqustun 1-də 74 yaşında vəfat edib.
Zemfira Musabala qızı Nəcəfova 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 17...
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi Kür çayının hekayəsini Virtual Reallıq Eynəklərində izləmək üçün sərgiyə dəvət edir.
Bu sərgi “Kür çayı xronikaları” adlı layihə çərç...
Avrasiya teatrlar birliyinin, Portuqaliya Mədəniyyət nazirliyinin, CTB- Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirdiyi "MİT III" Beynəlxalq Teatr Festivalı başa çatıb. 19-27 iyul 2024-cü il tar...