TEATRO

TEATRO

sənət portalı

post-title

“Lyubimovka 2021” davam edir

1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı Sovremennik Teatrında baş tutan “Lyubimovka 2021” Teatr Festivalı, sentyabr ayının 2-sindən 10-na qədər davam edəcək. Festivalın əsas müsabiqə proqramına Moskva, Sankt -Peterburq, Ryazan, Ufa, Lvov, Bakı, Minsk, Vladivostok, Sofiya, Kazan, Yekaterinburq və Voronej şəhərlərindən dəvət almış müəlliflərin 24 pyesi daxil edilib.

Proqramda ölkəmizi dramaturq İsmayıl İman təmsil edir. O, festivala müəllifi olduğu “Balidən sonra” pyesi ilə qatılıb. Pyesin mövzusu bir evin içində yaşayan ailənin tarixçəsindən bəhs edir. Buradakı əşyalar isə həm sevgini, həm də tənhalığı simvolizə etməkdədir. Tamaşa rejissor Sergey Fişerin quruluşunda təqdim olunacaq. Əsərin təqdimatı sentyabrın 10-da, Moskva vaxtı ilə saat 13.00-da başlayacaq.

Sovremennik Teatrının rejissoru və bədii rəhbəri Viktor Rıjakovun kuratoru olduğu müsabiqədənkənar proqramda artıq özünü təsdiqləmiş müəlliflərin 5 pyesinin oynanılması nəzərdə tutulub. Bunlar, Dimitri Bogoslavskinin “Katapulta”, Anastasiya Bukrevanın “Qara çovğun”, Oleq Mixaylovun “İnau”, Pavel Pryajkonun “Lentlər”, Konstantin Steşikanın “Mənim dostum” adlı səhnə əsərləridir.

Ümumiyyətlə, Festival özlüyündə bir çox proqramları əhatə edir. Məsələn, Fringe-proqramı, başqa sahələrdən gələn konsepsiya və ideyaların teatra təsiri imkanlarını öyrənən maraqlı layihələrin hazırlanması üçün xüsusi laboratoriya rolunu oynayır. Fringe proqramının kuratorları, postdramaturq Gülnara Qaripova, rejissor, senarist və dramaturq Andrey Jiqanov, rejissor və dramaturq Mikita İlinçik, kulturologiya namizədi, rəqəmsal mühit tədqiqatçısı və bloger Aksana Moroz, teatr tənqidçisi Polina Pxor və dramaturq Kseniya Savelyeva müsabiqəyə göndərilən bütün pyesləri oxuyub və xüsusi proqram formalaşdırıblar.

“Dramaturq + Yeni vəziyyətlər” adlı təhsil proqramı isə teatrda baş verən transformasiyalara və burada dramaturqun roluna həsr olunub. Bu proqramın əsas mahiyyəti teatr yaradıcılığının yeni dünya mühiti ilə qarşılıqlı əlaqələrinin və müxtəlif inkişaf perspektivlərinin araşdırılması və bu yöndə olan bir çox suallara cavab tapmaqdır: “Bu günün tələblərini dramaturq necə və hansı prinsiplərlərlə, hansı janrlarda və hansı kontekstlərdə işləyə bilər? O bu dəyişikliklərə hansı prizmalardan yanaşmalıdır? O bu mövzuları öz pyesinə hansı şəkildə uyğunlaşdıra bilər? Və nəhayət, bütün bunları necə düzgün şəkildə həyata keçirmək lazımdır?” Bu suallar ətrafında müzakirələr isə layihənin kuratoru Maria Krupnik tərəfindən dəvət edilmiş çağdaş teatr, dramaturgiya və teatr işi sahəsindəki aparıcı mütəxəssislərlə görüşlərdə və təcrübə dərslərində baş tutacaq. Proqramda, izləyiciləri, Saşa Denisovanın “Dramaturq bir rejissor kimi” mövzusunda master-klassı, Nataşa Borenkonun “Dramaturgiyada gender stereotipləri” adlı seminarı, Roman Kantorla “Kino sənayesində necə uğurlu senarist olmaq olar?” mövzusunda söhbət və Aleksey Kiselyovla “Rəqəmsal teatr və şəhər audiotamaşaları” mövzusuna həsr olunmuş maraqlı diskussiyalar gözləyir.

Festivalın son günü, sentyabrın 10-da İvan Vırıpayevin “Qapalı tədqiqat. New Constructive Ethics” adlı yeni pyesinin oxunuşu olacaq. Müəllif pyesin mətnini özü Zoom platforması ilə səsləndirəcək. Pyesin premyerasını yalnız zalda oturanlar dinləyə biləcəklər.

Festivalın bədii rəhbəri Yuri Şaxatov qeyd edib ki: “Hazırda qarşımıza qoyduğumuz əsas vəzifələrdən biri də, müasir mətn teatrında dramaturqların mövqeyini möhkəmləndirməklə yanaşı, onların yalnız mətn müəllifi deyil, həm də tamaşanın yaradılmasında tam hüquqlu iştirakçı olmalarına şərait yaratmaqdır.

Xatırladaq ki, oxucular festivalın tam cədvəli ilə “Lyubimovka Teatr Festivalı”-nın rəsmi saytında tanış ola bilərlər.

 

Mənbə: https://lubimovka.ru/dlya-pressy/858-press-20-21

Tərcümə edən: Cavanşir Qasımov

Load Time (S) : 0.003534