TEATRO

TEATRO

sənət portalı

post-title

Leyla Hüseynzadə - Onlayn teatr şərqisi - Bu matematik bizi kandırıyor, hocam

Bildiyiniz kimi, artıq bir ildir, Azərbaycanda koronavirus pandemiyası səbəbilə  teatr-konsert müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Buna görə də teatrlar ötən ilin aprel ayından etibarən, tamaşalarını onlayn platformalar vasitəsi ilə nümayiş etdirirlər. Pandemiya bitmədiyi üçün bəzi teatrlar onlayn tamaşa nümayişinə hələ də davam edirlər. Teatro.az mütəmadi şəkildə teatrların onlayn nümayişlərini izləyir və zaman-zaman bu barədə məlumat verir. 
Ötən həftə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəsmi Facebook səhifəsində 13 Fevral saat 19:00-da “Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında səhnələşdirilmiş “Manqurt” tamaşası, 14 fevral saat 19:00-da isə dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub.  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının facebook-da 3600 nəfərə yaxın izləyicisi olmasına baxmayaraq, 50 dəqiqəlik “Manqurt” tamaşası zamanı maksimum izləyici sayı 8, iki hissəli “Ah, bu uzun sevda yolu”nda isə 7 nəfər olub. 
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı həftə ərzində Elçinin hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” və rejissor Elvin Mirzəyevin quruluş verdiyi "Arşın mal alan" musiqili komediyalarını onlayn nümayiş etdirib. Akademik Musiqili Teatrı repertuar yayımlamasa da, həftə sonları keçmiş tamaşalarını onlayn şəkildə izləyicilərə təqdim  edir.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rəsmi facebook səhifəsində və saytında dərc olunan repertuara əsasən, 13 fevral saat 12:00-da Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal”, 14 fevral saat 12:00-da “Cırtdan” tamaşaları teatrın “Youtube” kanalında yayımlanmalı idi. Lakin adları çəkilən tamaşalar təqdim edilmədi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı son dəfə yanvar ayının 24-ü saat 18:00-da "Dəlinin qeydləri” tamaşasını teatrın  sosial şəbəkədəki hesabları vasitəsilə onlayn göstərib. Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. 
Digər ölkələrdə teatrlar həm ənənəvi, həm də onlayn şəkildə şəkildə fəaliyyətlərinə davam edirlər. Azərbaycanda pandemiyanın ilk aylarında Akademik Milli Dram teatrı, Akademik Musiqili teatr, Gənc Tamaşaçılar teatrı, Kukla teatrı, YUĞ Dövlət teatrı, o cümlədən İrəvan, Şəki, Gəncə, Lənkəran, Mingəçevir, Ağdam, Füzuli teatrları "Evdə qal" çağırışına qoşularaq, aktiv şəkildə onlayn tamaşalar təqdim edirdilər. Amma indi, çox təəssüf ki, onlayn tamaşa təqdim edən teatrların sayı azalıb. Bilirik ki, bu bir il müddətində həm teatra, həm də digər incəsənət sahələrinə maraq olduqca zəifləyib. Tamaşaçıların diqqətini yenidən cəlb etmək üçün onlayn tamaşaları nümayiş etdirib, məhdud imkanlar çərçivəsində də olsa, yeniliklər etmək lazımdır.Yoxsa ənənəvi forma bərpa olunduqdan sonra tamaşaçıların diqqətini yenidən qazanmaq çətin olacaq.

Load Time (S) : 0.000284