“…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, Azərbaycan teatrı yarandığı gündən məşəqqətli yol keçsə də, onun yaradıcıları heç vaxt nə yorulmayıblar, nə də unudulmayıblar…”. Bu sözləri müsahibələrinin birində Miraslan Ağayev deyib. Bir çoxunuz onu tanımaya bilərsiniz, amma, o da, örnək götürdüyü klassiklər kimi, ömrünü teatra həsr edib. Həm də bölgədə, Lənkəran Dövlət Dram Teatrında. Bölgə teatrında fəaliyyət göstərmək isə bilirik ki, sənətə necə böyük sevgi və fədakarlıq tələb edir. Miraslan Ağayevi teatra bağlayan və ona tamaşaçı məhəbbəti qazandıran da məhz bu sənət aşiqliyi və fədakarlıqdır.
Miraslan Ağayevin həyat tarixçəsi oynadığı çoxsaylı rolları kimi maraqlıdır. O, 18 mart 1958-ci ildə Lerik rayonunda anadan olub. Orta məktəbi 1975-ci ildə Lənkəranda bitirib. Elə həmin ildən Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi əmək fəaliyyətinə başlayıb, eyni zamanda, tamaşalarda epizodik rollarda çıxış edib. İki illik hərbi xidmətini 1978-ci ildə başa vuran gənc Miraslan qayıtdıqdan sonra teatrda əvvəl yardımçı aktyor, daha sonra isə aktyor ştatına qəbul olunub. Daim öz üzərində işləyən, sənətin sirlərinə daha dərindən bələd olmaq istəyən M.Ağayev səhnədən ayrılmadan 1987-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.
Miraslan Ağayev deyir ki, “Həyat və səhnə… Biri o birisini yaratmasa da, tamamlayır. Səhnəyə gətirilən həyat hadisələri o zaman həqiqət kimi qəbul edilir ki, aktyor obrazı özününküləşdirsin, eyni zamanda özgələşməyi də bacarsın. “Yaşama və göstərmə məktəbi”ni kamil bilənlər bu həqiqəti unutmurlar. Ona görə də obrazlarında yaşamaq haqqını qazanırlar”. Miraslan Ağayev də belə aktyorlardandır. Bunu onun ifa etdiyi rollar, yaratdığı obrazlarda özünəməxsus ifa tərzi, aktyor oyunu və tamaşaçıların sevimlisi olması da təsdiqləyir.
Bəzən biz bir aktyordan söhbət açarkən onun ən yadda qalan rolu haqqında danışırıq. Bu, elə bir rol olur ki, aktyorun imzası, sənət simvolu mənasını daşıyır. Amma elə aktyorlar da var ki, onların yaradıcılığında belə rolların sayı bir olmur. Yaradıcılığı ərzində yüzdən çox personaja səhnə həyatı verən Miraslan Ağayev məhz belə aktyorlardandır. O, C.Cabbarlının “Sevil“ində Əbdüləli bəy, C.Məmmədquluzadənin “Ölülər”ində Hacı Baxşəli, M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər“ komediyasında Molla Həmid, V.Səmədoğlunun “Uca dağ başında” əsərində Murtuz, Ş.Qurbanovun “Özümüz bilərik” komediyasında Bəbirli, S.Mixalkovun “Bahalı oğlan”ında Raul, V.Vişnevskinin “Nikbin faciyə”sində Anarxislərin başçısı, B.Rzayevin “Qəhrəmanlıq xronikası”nda S.B.Mehmandarov, F.Şillerin “Qaçaqlar”ında Şveytser, E.D.Flipponun “Ruhlar”ında Qastone, B.Beyzayinin “İlan Sultan”ında Vəzir, J.B.Molyerin “Jorj Danden”ində Jorj Danden və başqa bu kimi fərqli obrazları canlandırıb. Aktyorun oynadığı səhnə əsərlərindən ”Ölülər” (C.Məmmədquluzadə) və “Olanlardan-keçənlərdən” (Ü.Hacıbəyli) tamaşaları Azərbaycan Dövlət Televiziyasının “Qızıl Föndu”nda saxlanılır.
Göründüyü kimi, M.Ağayevin oynadığı tamaşalar, ifa etdiyi rollar mövzu, janr və üslub baxımından müxtəlifliyi ilə seçilir. Biz burada onun həm faciəvi, həm komik, həm də dramatik rolları ifa etdiyinin şahidi oluruq. Bu, bir tərəfdən, aktyorun obrazlar qalereyasının zənginliyindən, yaradıcılıq palitrasının rəngarəngliyindən xəbər verirsə, digər tərəfdən, onun yüksək peşəkarlığının, amplua tanımayan aktyor olduğunun göstəricisinə çevrilir.
Bu yaxınlarda, Miraslan Ağayevin Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Böyükxanım Əliyevanın yubiley gecəsində oynadığı səhnəciyin videosu qarşıma çıxdı. Lent yazısından bəlli olurdu ki, köhnə kadrlardır. Amma, çəkilişin köhnə olmasına baxmayarq, aktyor oyunu canlılığı, təbiiliyi ilə seçilirdi. Bu yumoristik səhnəcikdə komik bir obrazı canlandıran M.Ağayev eksentrik ifa tərzi ilə diqqət çəkir, hər replikası ilə tamaşa zalını gülüş və alqış sədalarına qərq edirdi.
Miraslan Ağayev təkcə səhnədə deyil, ekranda yaratdığı obrazlarla da tamaşaçı rəğbəti qazanıb. O, bir neçə bədii film və seriallarda maraqlı rollar ifa edib: “Durnalar qayıdır”da Əsgər və Məhbus, “Susmuş vicdan”da Deputat, “Sevginin ğöz yaşları”nda Ata, “Günəşim ol”da Qafur, “Xalxın evi”də Şərəf kimi yaddaqalan obrazlar yaradıb.
Miraslan Ağayevin yaradıcılığı aktyorluq fəaliyyəti ilə bitmir. O, həmçinin dramaturgiya ilə də məşğul olur, “Yaxşılığa yaxşılıq”, “Altı yaşlı körpə”, “ TTK” kimi pyeslərin müəllifi, öz qələminin məhsulu olan “Təbii Tibbi Klinika” əsərinin qurluşçu rejissorudur.
Aktyor eyni zamanda, Lənkəranın mədəni-ictimai həyatında da fəal iştirak edir. Miraslan Ağayevə həmçinin, Teatr Həmkarlar Təşkilatı İdarə Heyətinin sədri kimi məsul ictimai vəzifə daşıyır. Yüksək yaradıcılıq şövqü ilə çalışan aktyorun əməyi dəfələrlə Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və teatrın rəhbərliyi tərəfindən təşəkkürnamə, fəxri fərmanlarla qiymətləndirilib.
Bir sözlə, həyatını teatra həsr edən, zəngin yaradıcılığı ərzində biri-birindən fərqli onlarla obraza həyat verən, tamaşaçıların sevimlisinə çevrilən Mqiraslan Ağayev Lənkəran teatrının o aktyorlarındandır ki, yaratdığı obrazlarda yaşamaq haqqını qazanıb! Və biz inanırıq ki, indi də gənclik həvəsi ilə çalışan aktyor yaşamaq haqqını qazandığı yeni dəyərli obrazları ilə hələ tamaşaçılarını çox sevindirəcək.
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində “Dünya və teatr Qodonu gözlərkən” adlı beynəlxalq elmi konfrans ke&cce...
Qara dənizin Efesi adı ilə məhşur olan Prusias Ad Hypiumda 2 min il sonra ilk dəfə teatr tamaşası oynanılıb. Tamaşa eramızdan əvvəl 3-cü yüzilliyə aid Prusias Ad Hypiumda uzun müddətdir aparılan arxeoloji qazıntılardan sonra baş ...
“…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, ...
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlə...
Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən “Teatr çamadanda” 24-cü Beynəlxalq Kukla tamaşaları festivalında iştirak edib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə ke...
Theodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisəl...
“Öyrətmək olmasın” adlı YouTube layihəsinin növbəti buraxılışı yayımlanıb. İlk buraxılışından geniş tamaşaçı auditoriyası qazanan, ideya müəllifi və rejissoru Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadə ola...
Məşhur “Game of Thrones” (“Taxt-tac oyunları”) teleserialının yaradıcısı Corc R.R. Martin özünün fantastik kitab seriyasının əsasında teatr tamaşası hazırlayır.
“Buz və Alovun nəğməsi” romanlar si...
“Öyrətmək olmasın” adlı yeni YouTube layihəsinə start verilib. Layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.
Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin ...
Bildiyiniz kimi, artıq bir ildir, Azərbaycanda koronavirus pandemiyası səbəbilə teatr-konsert müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Buna görə də teatrlar ötən ilin aprel ayından etibarən, tamaşalarını onlayn platformalar v...