TEATRO

TEATRO

sənət portalı

post-title

Leyla Hüseynzadə - A.N.Ostrovskinin dramaturgiyasında ailə cəmiyyətin modeli kimi

Theodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisələri yazıya köçürüb digər insanların da dərs almasına kömək etmiş olurlar.

A.N.Ostrovskinin yaradıcılığını nəzərdən keçirəndə onun cəmiyyəti müşahidə etmək və bundan nəticə çıxarmaq qabiliyyətinin nə qədər güclü olduğunun şahidi oluruq. Ostrovskinin yaradıcılığı çoxşaxəli – dram, faciə, komediya, müxtəlif ədəbi məqalələr, dramatik xronikalar, kənd həyatından səhnələr və s. olması ilə fərqlənir. O, bütün bunların sayəsində  XIX əsrin 50-80-cı illərində rus teatrına yeni nəfəs gətirmiş, onu ideya-məzmun cəhətdən yeniləməklə yanaşı, həm də zənginləşdirmişdir. “Tufan”, “Günahsız müqəssirlər”, “Cehizsiz qız”, “Öz adamımızdır - düzəlişərik” pyesləri dramaturqun şah əsərləri sayılır. Bu pyeslər eyni müəllif tərəfindən yazılsa da, mövzu və ideya baxımında fərqlənirlər.

Amma bu əsərlərin hamısında hadisələr ailə daxilində, ailə üzvlərinin münasibətləri fonunda baş verir. Ailə isə, bildiyimiz kimi, hər bir cəmiyyətin, dövlətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır.  Adlarını çəkdiyimiz əsərlərində də A.Ostrovski XIX əsr Rusiyasında yaşayan müxtəlif ailələri təsvir edir. Bu ailələrin hər birinin özünəməxsus  keyfiyyətləri olduğu kimi, ortaq cəhətləri də vardır.

Məncə, “Tufan”dakı Marfa İqnatyevna Kabanova və onun oğlu Tixon İvanoviçlə “Cehizsiz qız”dakı Xarita İqnatyevna Oqudalova və qızı Larisa Dmitriyevna oxşarlıq təşkil edirlər. Əvvəlcə diqqəti hər iki əsərdəki ana obrazlarına yönəltmək istəyirəm. Buradakı analar öz övladlarını idarə edir, onların təkbaşına – azad şəxsiyyət kimi qərar verməsinə mane olur, necə oturub-durmasından tutmuş, bütün yaşam tərzinə qarışırlar.

Xarita İqnatyevna Oqudalova qızı Larisanın ölümünə səbəb olur. Qızını varlı biri ilə evləndirmək, özünün varlanmaq sevdası onun gözünü o qədər kor edib ki, qızının iztirab çəkdiyini görmür, yaxud da görməzdən gəlir. Hər iki halda, ətrafındakıların qızı ilə könül əyləndirməsinə, onun ləyaqətini alçaltmasına bir söz söyləmir, ancaq öz mənfəətlərini güdür. Bu yaşına kimi qızına sevgi göstərməyən bu qadın Larisadan böyük iki qızını da varlı adama ərə verib. Amma, nə xeyri? Bir qızının əri, necə deyərlər, heç mənzil başına çatmamış qısqanclıq zəminində onun başını kəsib, digəri isə fırıldaqçı çıxıb. İki qızını bədbəxt etmiş ana üçüncü qızı Larisanın da həzin sonunu öz əlləri ilə hazırlayır. Larisa Dmitriyevna olduqca təvazökar və saf biridir. Onun saflığından, sevgisizliyindən, anası başda olmaqla Sergey Sergeyeviç Paratov, Yuli Kapitoniç Karandişev və cəmiyyətin digər adlı-sanlı adamları öz məqsədləri üçün istifadə edirlər. Təhqir olunmuş Larisa isə son çıxış yolu kimi ölümü seçir. Lakin buna cəsarəti çatmadığı üçün Karandişevlə mübahisə edərək, onu intihar həddinə gətirir. Tapançanın tətiyini Karandişev çəksə də, Xarita İqnatyevna Oqudalova və XIX əsr Rusiya cəmiyyəti üçün tipik olan təkəbbürlü meşşan və tacirlərin də əli Larisanın qanına bulaşır. Çünki onu bu həddə gətirən məhz o cəmiyyət idi. O cəmiyyət ki, burada cehizi olmadığı üçün gənc bir qızın hissləri ilə oynayan, ürəyinin istədiyi kimi rəftar edib, sonra bir kənara atmaqla lovğalanan insanlar yaşayırdı. Larisanın ara-sıra anasının hərəkətlərindən utanması, ona qarşı gəlməsi, meşşan və tacirlərin əməllərindən xoşlanmaması  yaşadığı cəmiyyətə qarşı etiraz olsa da, təəssüf ki, bir nəticə vermir.

“Tufan”da isə Marfa İqnatyevna Kabanova oğlu Tixon İvanoviçə Xarita Oqudalovanın qızına etdiklərini təkrarlayır. Hətta təkcə oğluna deyil, gəlini Katerina və qızı Varvaraya da, necə deyərlər, göz verib işıq vermir. Tixonun həyat yoldaşına xoş rəftar göstərməsini sevmir, onu Katerinanın yanında alçaldır. Hər şeyə müdaxilə edib xoşbəxt olmalarına mane olur. Dövlətli bir tacir arvadı olan  Marfa İqnatyevna Kabanovanın dünya görüşü olduqca dardır. Düşüncə  tərzi, insanlara baxışı, böyükdürsə, hər şeyin ən yaxşısını o bilir kimi davranmağı bunları deməyə əsas verir.

Kabanova Tixona “demək, sənin fikrincə arvadla müdam mehriban yaşamaq lazımdır? Demək, onun üstünə-üstünə qışqırmaq, onu hədələmək lazım deyil?” [1, s. 94] deyərək, psixoloji cəhətdən onu yönləndirərək, ortada heç bir səbəb yoxkən Katerina ilə kobud danışıb, onun qəlbini qırmasına səbəb olur. Kabanova bütün bunları onları sevdiyi üçün etdiyini dilə gətirərək, özündən başqa heç kimi düşünmədiyini ört-basdır etmək istəyir. Eynilə Xarita İqnatyevna Oqudalova kimi, Lakin Xarita Oqudalova təkcə qızı Larisanın ölümünə səbəb olursa, Marfa İqnatyevna Kabanova gəlinin intaharına, oğlunun mənəvi cəhətdən məhvinə, qızının isə evi tərk etməsinə səbəb olur. Hadisələr uydurulmuş Kalinov şəhərində baş versə də, bu XIX əsr Rusiyası üçün yad bir mənzərə deyildi. Burada da Katerinanın ölümündə günahkar cəmiyyətdir. Qadınlara əşya kimi rəftar göstərən, onların fikirlərinin önəmsənmədiyi bu cəmiyyət məhv olmağa məhkumdur.

A.N.Ostrovski “Günahsız müqqəssirlər” pyesində də ailə mövzusunu qabardır. Buradakı Lyubov İvanovna Otradinanı gözəlliyi, danışıq tərzi, təvazökar olması və s. kimi xüsusiyyətlərinə görə “Cehizsiz qız” pyesindəki Larisaya bənzədirəm. Lakin onların əsas fəqli cəhəti budur ki, Lyubov İvanovna Otradina güclü iradəyə sahib bir qadındır. O, sevdiyi adam tərəfindən xəyanətə məruz qalmasına, oğlunun öldüyünə inandırılıb, övladından ayrı düşməsinə baxmayaraq, öz həyatını tamamilə dəyişməyə nail olur. Adını dəyişərək, Yelena İvanovna Kruçinina edir. Murov onun ətrafında dolanıb barışmaq istəsə də, Kruçinina onu bağışlamır. Həyata qarşı bu güclü duruşu sayəsində Allah onu mükafatlandırır, oğluna qovuşması üçün ona bir fürsət verir.

“Cehizsiz qız” Larisaya da Paratov tərəfindən xəyanət olunur. Lakin, Larisa onu bağışlayır. Öz mənliyini ona qurban verir. Kruçinina cəmiyyətin qurbanı olmaqdan son anda qurtulsa da, Larisa xilas ola bilmir.

Kruçininanı “Cehizsiz qız”dakı Xarita Oqudalova və Tufan”dakı Marfa Kabanova kimi obrazlarla da müqayisə edə bilərik. Hər iki əsərdəki ana obrazları yalnız özlərinin xoşbəxtliyini düşündükləri, övladlarını heçə saydığı halda, Kruçinina Neznamovun onun oğlu olduğunu bilməməsinə baxmayaraq ona qayğı göstərir. Ostrovski Otradina-Kruçinina obrazını yaratmaqla cəmiyyətdə yalnız pis anaların olmadığına işarə edir. Dramaturq, cəmiyyət hər nə qədər pisliklərlə dolu olsa da, onun xilas yolunun içindən olduğunu və ailədən başladığını vurğulayır.

“Öz adamımızdır-düzəlişərik” komediyasının yuxarıda bəhs etdiyimiz pyeslərdən fərqini başa düşmək üçün öncə əsərinin adına fikir verək. Buradakı əsas mövzu ideya ilə sıx bağlıdır. Bu əsərdəki bütün personajlar bir-birinə “öz adamımızdır-düzəlişərik” prinsipi ilə yanaşırlar. Bu prinsip saxtakarlıq, ikiüzlülük üzərində qurulduğu üçün iflasa uğrayır. İnsanları aldatmaq, yalan danışmaq kimi mənfi keyfiyyətlər bu cəmiyyətin tacir təbəqəsinin əsas xüsusiyyəti olduğu üçün Samson Siliç də bu yola əl atır. Necə deyərlər, “Nə tökərsən aşına, o da çıxar qaşığına!” Tacir təbəqəsinin bu qədər qudurğanlıq, saxtakarlıq etməsi həm də cəmiyyətin günahıdır, qanunlardakı boşluqlardan xəbər verir. Qanunlar imkan verir ki, tacirlər saxtakarlıqla məşğul olurlar və hamı da buna göz yumur. Hər gün yeni qəzetdə yeni bir tacirin müflis olma xəbəri, sözün əsl mənasında, iflas etməkdə olan cəmiyyətin əsas xəbərçisinə çevrilir.

“Cehizsiz qız”dakı Xarita Oqudalova kimi bu komediyadakı Aqrafena Kondratyevna da qızını varlı adama vermək niyyətindədir. Larisa nə qədər təvazökar, sadə qızdırsa, Olimpiyada Samsonovna onun tam əksidir. Larisa dəbdəbədən uzaq sadə həyat yaşıb sevdiyi adam ilə xoşbəxt yaşamaq arzusundadır, Olimpiyada Samsonovna isə cah-cəlal içində, zadəganlar kimi yaşamaq istəyir. Olimpiyada özünü olmadığı biri kimi qələmə verib, bununla fəxr edərkən, Larisa aid olmadığı bir cəmiyyətə zorla daxil edildiyi üçün kədərlənir. Anası Olimpiyadanı varlı tacirlə evləndirmək üçün vasitəçilərə üz tutur. O isə tacirə ərə getmək istəmir. Olimpiyada zadəganla, daha dəqiq desək, zabitlə evlənib dəbdəbəli həyat yaşamaq istəyir. Halbuki, o özü zadəgan nəslindən deyil. Adi bir tacir qızıdır. Sadəcə azca fransızca bilir, rəqs etməyi öyrənib deyə özünü digərlərindən üstün hesab edir. O, “Tacirə getməkdənsə, ölərəm, ömrümün axırınacan ağlayıb canımı çürüdərəm; göz yaşım qurusa, istiot yeyərəm ki, yenə ağlayım [1.s21], deyərək, niyyətini açıq şəkildə bildirir.

 Ailənin başçısı Samson Siliç Bolşov şəhərin ən varlı tacirlərindəndir. O, kobud, pul naminə, mənfəəti üçün hər şey etməyə hazır, fırıldaqçı biridir. Özünü saxtakarlıqla müflis elan edib, varlanmaq istəyir. Elə buna görə də etdiyi əməllər qarşısına çıxır. Özü saxtakarlığın və xəyanətin qurbanına çevrilir. Hətta qızı belə ona xəyanət edir. Çünki hamı xoşbəxtliyi pulda görən ailədə və cəmiyyətdə yaşayır.

    “Öz adamımızdır-düzəlişərik” komediyası kəskin satirik əsərdir. Bu komediya tacir zümrəsinə qarşı təhqir hesab edilmiş, tənqid və gülüş hədəfi olan tacirlərin etirazı səbəbindən uzun illər səhnəyə qoyulmamış, hətta I Nikolayın göstərişi ilə qadağan edilmişdir [1,s.5]. Çünki, A.Ostrovski bu komediyada da digər əsərlərində olduğu kimi, təsvir etdiyi ailənin nümunəsində yaşadığı cəmiyyətin modelini yaratmış və bu cəmiyyətin süquta doğru getdiyini, həm də bunun hansı səbələr üzündən baş verdiyini qatı boyalarla göstərə bilmişdir.

Load Time (S) : 0.005750