TEATRO

TEATRO

sənət portalı

post-title

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

İyunun 1-dən 5-dək I Lənkəran Beynəlxalq Teatr festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrının səhnəsində reallaşacaq.

Festivala ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılacaq. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək. 

Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olmaq imkanı qazanacaqlar.

Festivalın açılışı iyun ayının 1-də saat 12.00-da ev sahibi Lənkəran Dövlət Dram Teatrının “Tilsimlənmiş qız” tamaşası ilə olacaq. Tamaşanın quruluşçu rejissoru və ədəbi əsasın müəllifi Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.  

Açılış günü nümayiş olunacaq növbəti tamaşa (saat 17.00) Böyük Britaniyanın “Two Destination Language” Teatrının “Near Gone” adlı səhnə əsəridir. “Near Gone” sağ qalmaq haqqında səmimi hekayətdir. 

Tamaşa ölümün ağuşunda olan gənc qız və oğlanın dueti ilə başlayır. İki aktyor çətin bir hadisəni nəql etməlidir. Real hadisələrdən bəhs edən duet zamanı tədricən onların şəxsi əlaqəsi üzə çıxır. Onlar səhnədə bir saat ərzində sözlə ifadə olunması mümkün olmayan mətləbləri Şərqi Avropanın qaraçı musiqisi altında bir-birini əvəzləyən ritmik rəqsləri ilə deməyə cəhd edirlər. Bolqar və ingilis dillərində nəql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşaçını zamanın sürətli ritmi qarşısında bir anlıq dayanmağa və həyatın ötüb keçməsi haqqında düşünməyə dəvət edir. 

“Two Destination Language” teatrı layihə üzrə ikinci rejissor olan məşhur xoreoqraf Şarlot Vinsentlə dramaturq kimi ilk dəfə çalışmışdır. Milli Teatrı təmsil edən Tim Blazdell “Two Destination Language” teatr heyətinin artisti kimi fəaliyyət göstərdiyi “The Point Eastleigh” teatrında “The Creation Space” studiyasının iqamətgahı tərəfindən dəstəklənən iş üzrə səs dizayneri kimi çalışmışdır.

“Near Gone” tamaşası “Pulse Fringe Suitcase” (2013) və İnnovasiya, Təcrübə və Səhnələşdirməyə görə “Total Teatr” mükafatlarının (2014) sahibidir.

“Near Gone” tamaşası İngiltərə İncəsənət Şurasının və “The Point Eastleigh” teatrının dəstəyi ilə Kolçester İncəsənət Mərkəzinin işi kimi hazırlanmışdır.  

İyun ayının 2-də isə 3 tamaşa göstəriləcək. Belə ki, saat 10.00-da Gəncə Dövlət Kukla Teatrı, saat 12.00-da “Ol” teatrı, 16.00-da isə Bakı Uşaq Teatrı çıxış edəcək. Gəncəlilər Ə.Orucoğlunun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik” tamaşası ilə festivala qatılır. Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı Təranə Cəfərovadır. 

Müstəqil “Ol” Teatrı festival tamaşaçılarının qarşısına xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə Məlikməmmədin nağılı” adlı tamaşa ilə çıxacaqlar. Tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssam Xuraman Azəri, musiqi tərtibatçısı Əfsanə Bağırovadır. 

Bakı Uşaq Teatrı isə Lənkəran Festivalına “Göyçək Fatma”nı gətirəcək. Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. 

3 iyun tarixində saat 10.00-da İran İslam Respublikasının Muğan-Hünər və Mika teatrlarının təqdimatında quruluşçu rejissoru və müəllifi Əli Bəhnun hazırladığı “Qırmızı vız-vızı” tamaşası nümayiş olunacaq. Tamaşanın prodüseri Əli Məmmədzadədir. Azərbaycan oxucuları üçün kollektiv haqqında bir qədər məlumat verməyi lazım bilirik. “Muğan-Hünər” teatr qrupu 2001-ci ildə İranın Parsabad şəhərində fəaliyyətə başlamışdır. Qrup 25-dən çox əsər səhnələşdirmiş, İranda və xarici ölkələrdə keçirilən  Beynəlxalq Festivallarda iştirak etmişdir.

“Mika” teatr qrupu 2005-ci ildə fəaliyyətə başlamış və İranın şimal-qərbində kukla tamaşaları ilə özünə məxsus dəsti xətti ilə seçilən bir qrupdur. Hazırladığı kukla tamaşaları xalq ədəbiyyatı və mədəniyyətinə əsaslanır. “Mika” qrupu bütün tamaşaları azərbaycan dilində nümayiş etdirir. Qrup Azərbaycan və İran mədəniyyətini gənc nəsillərə və uşaqlara tanıtmaq məqsədilə müxtəlif şəhər və ölkələrdə keçirilən festivallarda iştirak edir.

“Qırmızı vız-vızı” tamaşası “Mika” və “Muğan-Hünər” teatrlarının birgə yaradıcılıq məhsuludur.

Festivalın 3-cü gününün 2-ci tamaşasını Akademik Milli Dram Teatrı təqdim edəcək. “Nindza tısbağalar və kapitan Cekin macəraları” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Anar Sadıqov, rəssamı İlham Əsgərovdur. 

 Günün sonuncu tamaşası Gənc Tamaşaçılar Teatrının “Qoğalın sərgüzəştləri” tamaşası (saat 17.00) olacaq. P.Nurəliyevanın səhnələşdirməsi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. 

İyun ayının 4-də Qax Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı ilə yanaşı, Gürcüstanın “Azadlıq” teatrı da çıxış edəcək. Saat 10.00-da nümayiş olunacaq Qax Dövlət Kukla Teatrının “Xeyir və Şər” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. 

Saat 12.00-da nümayiş olunacaq Kukla Teatrının "Cırtdan" tamaşası isə (müəllif M.Seyidzadənin əsəri əsasında) Əməkdar artist Qurban Məsimovun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. 

Gürcüstandan dəvət olunmuş Azadlıq teatrının “Bu nağıl ağlı başdan alır” (müəllif N.Ptuşkina) tamaşası isə saat 17.00-da nümayiş olunacaq.  Tamaşanın quruluşçu rejissoru Maya Doborcqinidze, musiqi tərtibatçısı Toma Atanelişvili, işıq üzrə rəssamı Natalya Manaqadzedir. 

İyun ayının 5-də saat 10.00-da Ərdəbil şəhərinin “Ünvan” Teatrının “Qızıl başmaq” tamaşası nümayiş olunacaq. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir. 

İran İslam Respublikasının Ərdəbil şəhərinin “Ünvan” teatrı 2012-ci ildən fəaliyyət göstərir. Teatrın repertuarında İran və dünya klassiklərinin əsərləri yer alır. “Ünvan” teatrı uşaqlar və gənclər üçün tamaşalar hazırlayır. 

“Qızıl başmaq” tamaşası İranda keçirilən bir sıra beynəlxalq teatr festivallarında çıxış etmişdir. 

Saat 12.00-da isə Şuşa Dövlət Musiqili Dram Teatrının ərəb xalq nağılı əsasında hazırlanmış “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.  Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. 

Festivalın sonuncu tamaşası isə Salyan Dövlət Kukla Teatrı "Bostançı və Şah Abbas" nağılı olacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarovadır.  

Load Time (S) : 0.003941