Bir teatr tamaşası insanı susdurursa, deməli, danışmağına ehtiyac qalmamışdır. “Arqon” monotamaşası (müəllif: Şəbnəm Xeyrulla, quruluşçu rejissor və ifaçı: ADMİU-nun teatr və kino aktyoru ixtisası üzrə IV kurs tələbəsi Rəvan Hüseynzadə) məhz belə bir təcrübədir - səssizliyin səhnədə danışdığı, tək bir insanın monoloqunda bütün bir toplumun tənhalığının duyulduğu bir təxəyyül məkanı. Bu əsər sadəcə izlənilmir, hiss olunur, düşünülür və içində yaşanır. Tamaşa boyu mən tələbə-teatrşünas kimi izləyici kürsüsündə sadəcə oturmadım, Arqonun qarşısında susan, ona cavab verə bilməyən, amma içində şeir doğan bir varlığa çevrildim. Bu yazı da həmin səssiz dialoqun yazıya çevrilmiş halıdır.
Hər insanın içində gizlənmiş bir qutu var. Həmin qutuda dinlənməmiş fikirlər, cavabsız qalmış suallar, başa düşülməmiş duyğular toplanır. Amma bu qutunu açmaq çox az insana nəsib olur. “Arqon” tamaşasında bu qutu açılır. Həm obrazın, həm də tamaşaçının içində.
Səhnəyə bir nəfər çıxır... Əlində bir şam, üzündə sarıq, əynində “BOMB” yazılmış jilet. O, səssizcə qara bir qutunun üzərinə qalxır. Səhnədə az, amma məna ilə dolu elementlər var: ətraf üzərində STOP yazılmış lentlərlə doludur. Qutunun üstündə kimya laboratoriyasının şüşə qabları.., elə bil sınaq zamanı partlayacaq bir təcrübə düzəldilib.
O, danışmağa başlayır və mən... mən susmağa. Çünki danışan təkcə o deyil, mənim də içim danışır. Arqon adını özü izah edir: “Kimyəvi element. Təsirsiz qaz”. Və bu təsirsizlik onun varlığına çevrilib... Arqonun problemi sadəcə eşidilməmək deyil, həm də heç kimə təsir etməməkdir. Sevilmir, çağırılmır, yad tutulur. Cəmiyyət onun üçün şəffaf divardır. İçindədir, amma həm də kənardadır. Arqonun adı onun tale yazısıdır: həyatda iz qoymadan yaşayan adam. Obraz da adını daşıdığı element kimi reaksiyaya girmir - həyat yoldaşının, dostunun həyatında görünmür, yer tutmur. Sanki nəfəs aldığı dünya da onun nəfəsini qəbul etmir.
O, səhnədə qara bir qutunun üzərinə qalxır. Bu qutu sadəcə dekor deyil, onun iç dünyasının fiziki bədənə çevrilmiş formasıdır. Orada həyatının susqunluğu, yığılmış ağrıları və cavabsız qalan sualları yatır. Qara qutuda Arqon Gümüşlə danışır, Asimlə danışır. Amma əslində özü ilə danışır. Bu səhnədə sadəcə teatrın deyil, həyatın da tənhalığı canlanır. Tamaşaçı ilk dəfə bir obrazın dostsuz dostluğu, ünsiyyətsiz ailəsi, reaksiyasız kimliyi ilə tanış olur. Səhnədə və Arqonun ətrafında hər şey simvoldur: STOP lentləri onu saxlayan cəmiyyət qaydaları, kimya qabları kimliyi, təbiəti, reaksiyasızlığının sübutu, “BOMB” jileti susqunluğun partlayışa çevrilmiş halı. Amma bütün bunların içində ən təsirlisi şamdır. O, işıq saçır, amma sönür. Missiyası özünü yandıraraq başqalarına yol göstərməkdir. Arqon da elədir, sönmək hesabına danışmaq istəyir....
Tamaşada bir yerdə Arqon səhnədəki stop yazılı lentdə bir qarışqaya baxır və onunla “danışmağa” başlayır. Bu, sadəcə bir zarafat və ya təsadüf deyil. Arqon qarışqaya baxaraq deyir: “Sənin missiyan var… Bəs mənim?” Bu nə deməkdir? Qarışqa nəyi təmsil edir? Qarışqa balaca bir canlıdır, amma çox çalışqan və məqsədlidir O, öz işini bilir, daim bir məqsəd üçün hərəkət edir - yuvasına yem daşıyır, çalışır, cəmiyyətinə xidmət edir. Sakit və sadə olsa da, həyatda rolu və yeri aydındır. Qarışqa ilə müqayisədə Arqon özü haqqında düşünəndə hiss edir ki, onun həyatda rolu yoxdur. Özünü “təsirsiz qaz” kimi tanıdır, yəni heç nəyə təsir etmir, heç kimə lazım deyil. Ona görə də o, qarışqaya baxıb qısqanır: “Sən balaca olsan da, bir məqsədin var. Mən isə nə üçün yaşadığımı bilmirəm”. İnsan, həyatdakı yerini tapa bilməyəndə, özünü balaca bir qarışqadan da aşağı hiss edə bilər. Arqon qarışqaya müraciət edəndə əslində özünü sorğulayır: “Mənim bu dünyada nə işim var? Mən nəyə lazımam?”
Tamaşa boyu Arqon suallar verir. Amma cavab ala bilmir. Elə bu anda mənim içimdə bir cavab doğulur – şeir kimi. Bu, Elyar Əkbərin “Darıxmaq, ən ağır yük...” misrası ilə başlayan şeiridir. Tamaşada səslənmir, amma səhnənin ruhunu tamamlayır:
Darıxmaq, ən ağır yük…
Ölmək, inanmaqdır kiməsə…
Biri yoxdur paylaşasan yükünü,
Biri yoxdur qapısını döyəsən…
Bu şeir tamaşa əsnasında daxili reaksiyamdir. Bu, tamaşa əsnasında içimdə yaranan ikinci tamaşadır, səhnədəki Arqonla mənim içimdəki Arqonun dialoqudur. Şeirin misraları, Arqonun səsini tamamlayır, bəzən onun əvəzində cavab verir:
Bütün feillərinin axırı bir ölümdü,
Yandırdığın şam kimi
Yana-yana sönürsən…
Arqon da bir şamdır. Sönəcəyini bilə-bilə danışır. Amma bu sönmək yox olmaq deyil, özünü başqasına çevirməkdir.
Qeyd edim ki, tamaşanın quruluşu Arqonun intihara meyilli olduğunu göstərirdi. Amma o, sonda ölümə getmir. Jileti çıxarır, səhnədən sakitcə gedir.
O, “məni eşidin” deyə danışdı və getdi. Eşidilməsə də... özünü eşitdi. Bəlkə elə bu, ən böyük dönüşdür... Bu sonluq tamaşanı qaranlıqdan çıxarmır, amma az da olsa, işıqlandırır...
Lamiyə Zeynalova – tələbə-teatrşünas
Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 3 Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə” müsabiqəsi çərçivəsində çap olunur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...