Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qaranlıq bir metafizik laboratoriya təsiri bağışlayırdı. Abdulla Elşadlının mətni dəyişdirilmədən saxlanılsa da, səhnə quruluşu onu söz səviyyəsindən çıxararaq simvolların dili ilə danışdırırdı. Burada mətn oxunmurdu, yaşanırdı.
Səhnənin mərkəzində yerləşdirilmiş, həm oturacaq, həm ev, həm də tabut funksiyası daşıyan konstruksiya tamaşanın əsas semantik oxuna çevrilmişdi. Tabut yalnız ölünü daşıyan qutu deyildi; o, yaddaşın sandığı idi. İçində görünən üz ölümün gizlədilmədiyini, əksinə, açıq şəkildə nümayiş etdirildiyini göstərirdi. Ölüm burada metafora deyil, fiziki reallıq rolunu oynayır və tamaşaçı bu reallıqla üz-üzə qalmağa məcbur edilirdi. Konstruksiyanın sonradan qapıya çevrilməsi isə semantik transformasiya yaradırdı: ölüm keçidə çevrilirdi. Lakin bu keçid xilas və ya dirilmə ideyasını deyil, dövri təkrarlanmanı işarə edirdi. Tabut qapıya çevrilirsə, bu, son deyil, yeni bir başlanğıcın eyni ağrını daşıyacağına işarədir.
Kuklaların passiv yox, hərəkətli olması rejissor həllinin ən təsirli tapıntılarından idi. Onlar əvvəlcə baş daşı kimi səssiz və donuq görünürdülər, lakin zaman keçdikcə bu donuqluq dağılıb mexaniki hərəkətə çevrilirdi. Əli uşaqlı obraz, hamilə qadın, sarıqlı fiqurlar, qara geyimli kölgəvari varlıq - bunlar artıq dekor elementi yox, cəmiyyətin travmatik qatlarının səssiz arxivləri idi. Onların səhnədə dolaşması insanın taleyindən qaça bilmədiyi düşüncəsini gücləndirirdi. Kukla olmaq burada cansızlaşmaq kimi mənalanmırdı; sistem daxilində mexaniki varlığa çevrilməyi, hiss edə-edə hərəkət etməyi görükdürürdü.
Əli Hüseynovun kloun geyimində səhnəyə çıxması tamaşanın ən ağrılı məqamlarından birini təşkil edirdi. Kloun burada gülüş simvolu yox, maskalanmış ağrı idi. O, insanın öz faciəsini tamaşaya çevirməsini, ağrını estetizə etməsini göstərirdi. Arabir zaldan eşidilən gülüşlər isə bu ironiyanın davamı idi. Və bu gülüş əyləncə istəyindən doğmurdu, müdafiə mexanizmi funksiyasını daşıyırdı. İnsan absurda gülür ki, qorxu ilə birbaşa üzləşməsin. Amma qorxu səhnədə qalır və sükutun içində böyüyür.
Final səhnəsində yarıçılpaq kişinin bələyin içindən almalar çıxarıb personajlara paylaması tamaşanın semantik kulminasiyası idi. Alma çoxqatlı simvol kimi çıxış edirdi: həm ilkin günahın, həm şüurun, həm də həyatın davamlılığının rəmzi kimi. Lakin almaların paylanıb yeməyə icazə verilməməsi insanın azad seçimdən məhrumluğunu ifadə edirdi. Seçim mövcuddur, amma icazə yoxdur. Bu obraz Tanrı kimi də yozula bilərdi, sistem kimi də, zaman kimi də. Onun mövqeyi hökm verən, lakin izah etməyən bir qüvvədir.
Qapıdan gələn günəşvari işıq personajları özünə çəkir və ilk baxışda xilas təsiri bağışlayır. Lakin dərhal doğuş sancısı ilə səhnəyə daxil olan gənc qadın bu illüziyanı dağıdır. Həyat yenidən başlayır, amma ağrı ilə başlayır. Dövrə qırılmır, sadəcə təkrarlanır. Müharibə yenidən başlaya bilər, yaddaş yenidən silinə bilər, insan yenidən öz adını itirə bilər.
Radio motivi tamaşada xüsusi yer tutur. Radio xışıltısı Tanrının susması deyil, insanın eşitmək istəməməsi kimi təqdim olunur. “Tanrı bizi unudub” cümləsi səsləndiyi anda əslində başqa bir həqiqət açılır: insan əvvəl öz arzularını unudur, sonra ümidlərini, daha sonra isə adını. Qocalıq, tənhalıq, unudulma - bunlar səssiz, lakin dağıdıcı proseslərdir.
Bu tamaşa açıq şüarlarla danışmır. O, sakitcə insanı öz daxili boşluğuna aparır və orada onu tək qoyur. İnsan həmin boşluqda başını axtarır. Tapmır. Çünki baş burada yaddaşdır, kimlikdir, xatirədir. Onu itirəndə insan hərəkət edən bir bədənə, mexaniki varlığa çevrilir. Yəni kuklaya.
Və tamaşa öz əsas fikrini məhz bu nöqtədə tamamlayır: “insan unudulduğu anda yox, unutduğu anda ölür”. Başqalarının səni xatırlamaması faciə deyil; özünü unutmaq faciədir. Yaddaş itəndə kimlik dağılır, kimlik dağılanda isə həyat formal davam etsə də, mənəvi ölüm artıq baş vermiş olur. Əsas məsələ bizim özümüzü, öz həqiqətimizi, öz yaddaşımızı itirməyimizdədir. Yaddaşsız insan zahirən diri görünə bilər, amma daxilində çoxdan dəfn olunub.
Sonda isə, tamaşadan çıxanda sənə səni qucaqlayan sükut qalır. Tabut qapıya çevrilir, kuklalar dolaşır, almalar dadılmır, amma bütün bu simvollar bir mesaj daşıyır: unudulmamaq üçün deyil, xatırlamaq üçün yaşamaq lazımdır. Və əslində, həyat da yalnız yaddaşda yaşayır.
Lamiyə Zeynalova
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qa...
30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...
Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzini...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçirilə...
Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” psixodramatik tamaşasının premyerası baş tutub.
10 yanvar tari...
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...