“Görünməmiş bir hadisə baş verəcək. Jurnalistlər demişkən, a bala, “sensasiya!” Həm iqtidar, həm müxalifət qəbrimi ziyarətə gələcəklər. Müxalifət biri-birinə “mitinqlərdə görüşək” deyəcək, iqtidar biri-birinə “yubileylərdə görüşərik” deyib, mənə rəhmət oxudacaqlar. Sonra da iqtidar qəbrimin sağına, müxalifət də qəbrimin soluna keçib, nəhayət, birlikdə fatihə oxuyacaqlar...”
Bu sözlər çox sevdiyim aktyor xalqın artisti Telman Adıgözəlovun monoloqundandır. Bu monoloqu səsləndirərkən, ölümün ummadığı bir zamanda qapısını döyəcəyini, yəqin ki, güman etmirdi, bəlkə də edirdi, nə bilim... Yəqin bildiyimsə odur ki, mən bu əsrarəngiz aktyor haqqında yazmaq istəyirəm. Nədən başlayacağımı isə bilmirəm...
Nə isə, üslub oyularının məni məqsədimdən yayındırmasına izn verməyəcəyəm. Buna görə də, bəri başdan etiraf edirəm ki, çox sevidiyim aktyorlar haqqında yazı yazanda həmişə çox çətinlik çəkirəm.
Budur, Telman Adıgözəlov haqqında məqalə yazmaq istəyirəm. Amma bir həftədir, sərasər bu barədə düşünsəm də, bir cümlə də yaza bilməmişəm.
Bilmirəm, bu hiss etdiyim məsuliyyətin nəticəsidir, ya nədir...
Əlqərəz... Yaxşısı budur ki, bütün qorxularımı, komplekslərimi bir yana qoyub, cəhd eləyim.
Telman Adıgözəlov. Azərbaycan aktyor məktəbində ən çox sevdiyim simalardan biri. Zərrə qədər də şübhəm yoxdur ki, Telman Adıgözəlov sənin də ən çox sevdiyin aktyorlardan olub, hörmətli oxucum.
Haqlıyam? Elədirsə, mənə Telman Adıgözəlovun baş rol oynadığı bir tamaşanın və yaxud filmin adını çək. Hə, çəkə bilmirsən? Qəm yemə. Bu sənin yaddaşının zəifliyindən irəli gəlmir. Elə mən də. Telman Adıgözəlovun yaradıcılıq bioqrafiyası ilə dərindən tanışlıq zamanı özüm üçün bir qəribə faktı kəşf etdim (kəşf ha, sözə bax!..). Sən demə, mənim də, sənin də yaddaşında milli aktyor məktəbinin ən parlaq nümayəndələrindən biri kimi qalmış Telman Adıgözəlovun ifa etdiyi bir dənə də olsun baş rol yoxdur. Yaddaşımızı təzələmək məqsədi ilə informativ arayış:
1971-1975-ci illər – Telman Adıgözəlov Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda kino aktyorluğu fakültəsində təhsil alır.
1975-1976-cı illər - Telman Adıgözəlov həqiqi hərbi xidmətdə olur.
1978-1980-ci illər - Telman Adıgözəlov İncəsənət İnstitutunun Tədris teatrında aktyor kimi çalışır.
Burada o, ustad rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi, müxtəlif janrlarda hazırladığı Anarın “Qaravəlli” (Əvəz Əvəzov), Cəfər Cabbarlının “Yaylağa gedir” (Əhməd), Rəsul Rzanın şerləri əsasında kompozisiyası qurulmuş “Güney-quzey” (Uşaq), Rəhman Əlizadənin “Diqqət, başlayırıq!” (Pinəçi) əsərlərinin tamaşalarında oynayır.
1980-2010-cu illər - Telman Adıgözəlov Akademik Milli Dram Teatrında işləyir.
Burada o, Zəncir vuran (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə), İkinci şahid (“Səhra yuxuları”, Anar), Daşdəmir (“Xurşidbanu Natəvan” İlyas Əfəndiyev), Flins (“Maqbet”, Uilyam Şekspir), Üçtel (“Sizi deyib gəlmişəm...”, Anar), Rəhman (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Təlxək (“Vaqif”, Səməd Vurğun), Filaks (“Böyük Romul”, Fridrix Dürrenmatt), Oyunbaz (“Qədr gecəsi”, Eldar Baxış), Əhməd (“Ah, Paris... Paris!..”, Elçin), Professor (“Mənim sevimli dəlim” (“Diaqnoz “D”), Elçin), Professor (“Mənim ərim dəlidir”, Elçin), Qumarbaz (“Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz) və s. obrazlar yaradıb.
Telman Adıgözəlov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” (Ayrobika müəllimi), Üzeyir bəy Hacıbəyovun felyetonları əsasında “Ordan-burdan” (Rəqs müəllimi), Əhməd Orucoğlunun “Qonşular” (Səlim), Cəlil Məmmədquluzadənin hekayələri əsasında Anarın işlədiyi “Nigarançılıq” (Hüseyn), Məcnun Vahidovun “Yarımştat” (Zaman), Anarın “Evləri köndələn yar” (Kamil) əsərlərinin teletamaşalarında xarakterik rollar oynayıb.
“Azərbaycanfilm” kinostudiyasında “Dörd bazar günü” (Şamil), “Nəsimi” (Hürufi), “1001-ci qastrol” (Telman), “Üzü küləyə” (Murad), “Çətirimiz buludlardır (Çoban), “Qırmızı qatar” (Oğlan), “Qurama” (Telman), “Mən dəniz sahilində böyümüşəm” (Kiçik qardaş) və s. filmlərə çəkilib.
***
Yaradıcılığı öz yerində. Telman Adıgözəlovu unudulmaz edən, ona rəğbət qazandıran amil aktyorun şəxsiyyəti ilə bağlıdır. Nə qədər qəribə səslənsə də, tarix boyu, elə bu günün özündə də aktyor sənəti baxımdan heç vaxt korluq çəkməyən, aktyor teatrı kimi tanınan Azərbaycan teatrı aktyor-şəxsiyyət sarıdan, yumşaq desək, bir balaca axsayıb. Heç kəsin xətrinə dəyməsin, amma tarixdən bəllidir ki, milli teatr tariximizin bir çox parlaq nümayəndələri belə şəxsiyyət kimi hörmət qazana bilməyib. Düzdür, “Gilası mürəbbə, quzunu kabab, şairi heykəltək” sevən, tarixi şəxsiyyətləri bütləşdirməyə aşırı meyilli olan xalqımız aktyorlarımızı da ilahiləşdirmiş, onların şəxsiyyəti haqqında əfsanələr uydurmuşdur. Əgər bu gün kütlənin bütləşdirdiyi bir çox aktyorlarımızın “şəxsiyyətsizliyinin” şəxsən şahidi olmasam, bəlkə də bu əfsanələrə mən də inanardım. Amma... mən nağıllara... əfsanələrə... çoxdan inanmıram. Çünki teatr səhnələrindən, televiziya ekranlarından insanlara ləyaqət, şərəf dərsi keçənlərin kölə xislətinin, ikrah doğuran xəbisliyinin, həmkarının üzünə gülüb, arxasınca hədyanlar deyən, sənət yoldaşının üzünə kislata töküb yandıracaq qədər paxıllığının, daha nə bilim nələrin şahidi olmuşam. Həm də söhbət təkcə akyorlardan getmir. Elə rejissorların, texniki işçilərin, lap teatrşünasların da bu sayaq şəxsiyyətsiz davranışlarını çox görüb, çox eşitmişəm.
Amma söhbət bundan getmir. Bəs, söhbət nədən gedir? Söhbət Telman Adıgözəlovun şəxsiyyətindən gedir. İnanmıram ki, sənət adamları arasında kimsə, Telman Adıgözəlov haqqında pis danışa.
Telman Adıgözəlov haqqında düşünəndə nədənsə ağlıma belə bir söz birləşməsi gəlir: “ciddi komik”. Bütün jestləri, danışığı, oyunu ilə tamaşaçının üzündə səmimi bir təbəssüm yaradan T.Adıgözəlovun gözlərinin dərinliyində həmişə gizli bir kədər vardı. Elə bil ki, aktyor bu kədəri həmişə tamaşaçılarından gizlədirdi. Gizlətməyə məcbur idi. Axı, yüzminlərlə tamaşaçıya gülüş bəxş edən, insanlara dərdini-sərini unutduran Telman Adıgözəlov kədərli görünə bilməzdi...
Aktyorun həyat və yaradıcılıq yolunu gözdən keçirə-keçirə Braziliya kinematoqraflarının çəkdiyi “Dahi Kloun” bədii filmini xatırladım. O qədər də məşhur olmayan Uilyam Kobetin filmi hardan yadıma düşdü? Telman Adıgözəlovun bütün yaradıcılığı mənə onu deməyə əsas verir ki, o kədərli kloundur. Teatrda, kinoda, hətta televiziya verilişlərində də ifa etdiyi rolların hamısında oyun-karnaval estetikasının elementlərini görmək mümkündür. Onun yaratdığı gülüş “tərsinə çevrilmiş dünya”nın, həqiqətlərin astar üzünün gülüşüdür.
Bəlkə də oxucularımızın arasında Telman Adıgözəlovu “kloun” adlandırdığım üçün məni qınayanlar tapılacaq. Mən də özümə bəraət qazandırmaq üçün uzun-uzadı izahat verməyi lazım bilmirəm. Bircə onu demək istəyirəm ki, yazımdakı “kloun” istilahı bu gün bir çoxlarının qavradığı mənada işlədilməyib. Kloun aktyor sənətində komikliyin ən yüksək zirvəsidir. Klounada isə teatr sənətinin özüdür, ilkin mahiyyətidir. Teatr sənəti lap-lap çoxdan ritual şəklində, ayin formasında yaranmağa başlayanda nə “yaşama”, nə “göstərmə”, nə “yadlaşma effekti”, nə “intellektual ifaçılıq”, nə də bu sayaq ifadələr və anlayışlar olmayıb axı. Ancaq və ancaq insan ruhunun yaşamı olub. Ruha müraciət olub, ruhun oyunu olub. “Homo ludens” (Heyzinqa) bütün “izm”lərdən uzaq ayin-sənətlə, OYUNla, ruhun manifestasiyası ilə məşğul idi.
Bu günün özündə də müxtəlif ölkələrinin teatrlarında az sayda aktyor cürbəcür cərəyanların, nəzəriyyələrin, ifaçılıq üslublarının, konsepsiyaların oluşdurduğu qlafı dəlib də teatr sənətinin mahiyyətindəki qutsal mətləblərə, ruhun hikmətlərinə toxuna bilir. Çox zaman teatr sənətində izah etməyə çətinlik çəkdiyimiz, sənət sehri kimi qəbul etdiyimiz məqamlar məhz sənətin mahiyyəti hesab etdiyimiz ruh qatı ilə təmas nöqtələrində yaranır.
Telman Adıgözəlov az sayda belə aktyorlardan biri idi. Onun yaradıcılığını tam olaraq, hansısa cərəyana aid etmək mümkün deyil. Əslində, bu, heç lazım da deyil. Cərəyanlar, təyinlər nəzəriyyələr üçündür. Quru nəzəriyyələr isə ruhu, düşüncəsi, əsəbləri olan canlı insanı araşdırmaqda acizdir. Yəqin səbəb budur ki, bu yazımda Telman Adıgözəlovun aktyor yaradıcılığına nəzəri yanaşmaya üstülük vermirəm.
Telman Adıgözəlovun yaradıcılığından danışarkən hər şeyi istedadla, spontan yaradıcılıqla bağlamaq da qeyri-korrekt olardı. Çünki o peşəkar idi. Yüksək ifaçılıq texnikasına malik idi. Aktyor məktəbləri haqqında nəzəriyyələrə, üslublara azdan-çoxdan bələd idi. Öz rolunu təhlil etməyi, ifadə vasitələrini düzgün və yerində seçməyi, obrazını dəqiq boyalarla işləməyi bacarırdı. Spontanlıq isə onun yaradıcılığının “duzu, istiotu, sarıkökü, zəfəranı” idi.
***
Düz 60 il bundan əqdəm – 1953-cü il 17 iyul tarixində bir körpə dünyaya göz açdı – o, Telman Adıgözəlov idi. Tanıdığımız, sevdiyimiz həmən Telman Adıgözəlov. O Telman Adıgözəlov ki, gözlərində kədər, dodağında təbəssüm... ürəyində dərd, dilində zarafat... Yəni sözün əsl mənasında, KƏDƏRLİ KLOUN...
Deyirlər klounada gənclərin sənətidir. Qəhrəmanım da ömrünün sonunacan buna sadiq qaldı – yəni həmişə gənc. Bu gün Telman Adıgözəlovun neçə yaşının tamam olması önəmli deyil. Önəmli olan odur ki, Telman Adıgözəlov bizim yaddaşımızda həmişə gənc qalacaq. Buna isə üzülmək yox, qibtə etmək gərək.
Ruhun şad olsun, KƏDƏRLİ KLOUN...
Müəllifin digər yazıları
“Görünməmiş bir hadisə baş verəcək. Jurnalistlər demişkən, a bala, “sensasiya!” Həm iqtidar, həm müxalifət qəbrimi ziyarətə gələcəklər. Müxalifət biri-birinə “mitinqlərdə görüşək” deyəcək, i...
XXI əsrin teatr düşüncəsi ötən əsrlə müqayisədə ciddi dəyişikliyə məruz qalıb, yeni yanaşmalar, yeni tendensiyalar, yeni janrlar, yeni teatr poetikaları, hətta yeni teatrlar yaranıb. Təbii, uğurlusu da olub, uğursuzu da&helli...
Teatr deyilən şeyi fenomenoloji reduksiyadan keçirsək, yəni ki, onu bir stuktur kimi ələ alıb, “öz”ünün üstünə yüklənmiş digər elementlərdən təmizləsək, ortada nə qalacaq? Yalnız ünsiyyət! Teatrın...