XXI əsrin teatr düşüncəsi ötən əsrlə müqayisədə ciddi dəyişikliyə məruz qalıb, yeni yanaşmalar, yeni tendensiyalar, yeni janrlar, yeni teatr poetikaları, hətta yeni teatrlar yaranıb. Təbii, uğurlusu da olub, uğursuzu da… Amma bu gerçəkliyi dəyişmir. İndi məsələ nədədir? Məsələ ondadır ki, belə olan təqdirdə teatrşünaslıq elminin ötən əsrin forma və üsulları, qlossariyası, instrumentariyası ilə predmetə yanaşması, onu əvvəlcədən məğlub duruma salır. Bu fikri deyəndə, mən ayrı-ayrı teatrşünasların fəaliyyətini nəzərdə tutmuram. Dərinə getsək, bunu heç teatrşünaslıq da saymıram. Teatrşünaslıq elminin dünənin alətləri ilə bu günün teatr prosesini fiksasiya etməkdə göstərdiyi acizliyi məyusluqla etiraf edirəm. Onu da etiraf edirəm ki, Azərbaycan teatrşünaslığı anoxronizmə yuvarlanır və zamandan qopması onu gərəksizlik sindromu ilə üz-üzə qoyur. Təbii ki, proseslə ayaqlaşa bilməyən, teatr sənətinə bu və ya digər dərəcədə faydası olmayan teatrşünaslıq elmi mövqeyini itirməyə, gərəksizləşməyə məhkumdur. İş o yerə gəlib çatıb ki, teatrşünaslıq deyəndə üzgörənlik, tərif, ən yaxşı halda, proteksionizm nəzərdə tutulur. Teatrşünaslarla mətbuat və televiziya arasında qarşılıqlı münasibət yalnız bayram xarakterli müstəvidə mövcuddur – ya müqtədir rəhmətliklərin yubileylərində, ya da ildə bir dəfə Milli Teatr Günündə eyni adamlar eyni fikirləri səsləndirir və bununla da "öz müqəddəs missiyasını” bitmiş hesab edir. Bu sahəyə yeni qədəm basan gənc, istedadlı qələm sahibləri çox ciddi müqavimətə məruz qalaraq, televiziya məkanından uzaq saxlanılır. Media aləmində "at oynadan” sarı mətbuat ciddi elmi-nəzəri problemləri kölgədə qoyur, kütləvi informasiya vasitələrindən sıxışdırıb çıxarır.
İstənilən milli mədəniyyətin keyfiyyət göstəriciləri milli teatr sənətinin mövcud durumunda təzahür və təcəssüm olunur. Necə ki, M.K.Atatürk zamanında dəqiq ifadə eləyib: "Teatr hər bir məmləkətin kültür səviyyəsinin aynasıdır”. Teatr jurnalistikamız isə teatr sənətinin "ayna”sı funksiyasını yerinə yetirməklə, bilavasitə məmləkətimiz Azərbaycanda mədəni səviyyənin mövcud durumununun barometri kimi çıxış etməlidir. Sahəni bilən, sənətin sirlərinə bu və ya digər dərəcədə bələd olan teatrşünaslar ya zəlzələdən, ya vəlvələdən passiv fəaliyyət göstərirlər.
Bu durumdan çıxış yolu isə iddia olunduğu kimi, C.Cəfərovun, Y.Qarayevin, M.Allahverdiyevin, M.C.Cəfərovun və digər teatrşünas və filoloq alimlərimizin yazdığı kimi resenziyalar yazmaqda deyil. Çünki yaşayıb-yaratdıqları zamanda çox proqressiv, gərəkli və maraqlı olsa belə, bu gün adları çəkilən alimlərin üsul və vasitələrini, istifadə etdikləri janrları mexaniki şəkildə müasir teatrşünaslıq elminə tətbiq etməklə onun inkişafına nail olmaq istəyi "qaranlıq otaqda qara pişik axtarmaq” sevdası qədər fani...
Düşünürəm ki, məsələni mütləq milli teatrşünslıq elminin gündəminə gətirmək teatrşünaslığın nəzəri əsaslarına dövrün tələbləri aspektində yenidən baxmaq lazımdır.
Bu gün teatr tənqidi adlandırdığımız nəsnə, əslində, obyektiv, universal, işlək teatr nəzəriyyəsinə yox, teatrşünasların zövqünə, düşüncəsinə, ən pis halda subyektiv münasibətlərinə əsaslanır. Obyektiv, universal əsaslardan məhrum aksiologiyaya söykənən teatr tənqidi dövrün teatr sənətinin obyektiv mənzərəsini verməkdən çox, ən yaxşı halda, jurnalistikanın bəzi funksiyalarını yerinə yetirməyə qabildir.
İndi bir həmkarım durub mənə irad bildirə bilər ki, mənim yazılarımı aktyorlar, rejissorlar, hətta teatrlar şəxsi arxivlərində qoruyub saxlayır. Cavabım hazırdır:
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram! (M.Ə.Sabir)
Hərdən qara-qara fikirlər də beynimi didib durur ki, bəs, bu nə peşə idi gəldin seçdin? Dünyaya iki övlad gətirmisən, heç düşünmüsənmi, sabah övladların sənin kimliyin haqqında danışanda nə deyəcək? Həməncə "müsəlman ölkələri yer üzünün parazitləridir” fikrinə teatrşünas dostumun kontr-arqumentini xatırladım: "Materiya ideyaya ölçü ola bilməz. İdeya obyektiv aləmin təsirindən asılı olmayaraq mövcuddursa, materiya bu təsirlər nəticəsində dəyişikliyə uğraya bilər”. Yəni, əziz dostum demək istədi ki, sən müsəlmana baxıb islamı dəyərləndirmə. Biçarə üz-gözümün ifadəsindən cavabından qane olmadığımı anlayıb, vəziyyəti belə izah elədi. Ki, bax, teatrşünaslıq ideya olaraq gözəldir, teatrşünaslıqla məşğul olan Əlövsət pisdir. Həə, bu məqamda əziz dostumun fikirləri ilə razılaşıb susdum və əbsəm oldum. Daha bundan sonra nə yazım?! Nə yazsam, gətirilən bu kontr-arqumentə tutarlı cavab olmayacaq. Odur ki, daşdan da keçən "milli konsepsiyamızın” bəyanı ilə söhbəti itmamə yetirirəm.
O "milli konsepsiyamız” ki, iki dəyərli, tutarlı və əsaslı təməl üzərində qurulub və fələk də gələ, yel olub yanından ötə bilməz:
1. Dəvəni eşşəyin quyruğuna bağlamaq…
2. Mərdi qova-qova namərd eləmək…
Di, əziz dostum, Budur aləmi-nisvan! Budur hali-müsəlman! Sən əmma, hələ qanma! İnanmırsan, inanma!
Müəllifin digər yazıları
“Görünməmiş bir hadisə baş verəcək. Jurnalistlər demişkən, a bala, “sensasiya!” Həm iqtidar, həm müxalifət qəbrimi ziyarətə gələcəklər. Müxalifət biri-birinə “mitinqlərdə görüşək” deyəcək, i...
XXI əsrin teatr düşüncəsi ötən əsrlə müqayisədə ciddi dəyişikliyə məruz qalıb, yeni yanaşmalar, yeni tendensiyalar, yeni janrlar, yeni teatr poetikaları, hətta yeni teatrlar yaranıb. Təbii, uğurlusu da olub, uğursuzu da&helli...
Teatr deyilən şeyi fenomenoloji reduksiyadan keçirsək, yəni ki, onu bir stuktur kimi ələ alıb, “öz”ünün üstünə yüklənmiş digər elementlərdən təmizləsək, ortada nə qalacaq? Yalnız ünsiyyət! Teatrın...