TEATRO

TEATRO

sənət portalı

post-title

Könül Cəfərova - Teatrdan nə gözləyirik, yaxud günümüzün dəyişən qəhrəmanı

Yorğun adamın sayıqlamaları

 

“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”

Anton Çexov

Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamamışam. Sadəcə yorğunam, nəyin yorğunuyam, onu da bilmirəm – deyəndə daha havalı görünür, ancaq təəssüf ki, bilirəm. Açığı, izah etməyə ərinirəm. Dərd orasıdır ki, bu yorğunluq fiziki deyil – canımda yox, düşüncəmin dərin qatlarında yerləşir. Təhlükəlisi də budur ki, cəmiyyət onu xəstəlik kimi deyil, günümüzün “həyat tərzi” kimi qəbul edir.

Son zamanlar baxdığım tamaşalardan, filmlərdən, oxuduğum kitablardan, dinlədiyim musiqidən zövq ala bilmədiyimi hiss edəndə bunu əvvəlcə estetik böhran sandım. Sonra anladım ki, problem səhnədə yox, tamaşaçı kreslosundadır. Daha doğrusu, mənim içimdədir. Sevdiyim aktyorlar... klassik mətnlər... emosional təsir də öz yerində, amma mənim içimdə heç nə tərpənmir.

Elmi terminologiyada buna “burnout” deyilir, yəni davamlı performans təzyiqindən yaranan emosional tükənmə. Psixologiyada “burnout” anlayışı ilk dəfə XX əsrin sonlarında işlədilmişdi. Tədqiqatlar göstərirdi ki, daimi performans təzyiqi insanın emosional ehtiyatını azaldır. Bu gün isə vəziyyət fərqlidir: artıq təkcə iş yox, həyatın özü performansa çevrilib. İnsan işləyərkən məhsuldar, dincələrkən maraqlı, susarkən dərin, danışarkən motivasiyalı olmalıdır – sanki bu yetim proqram təminatıdır, içində susmayan bir performer oturub. Və bu performer yorğunluğun özünü də sosial mediada estetik çərçivəyə salır: kofe fincanı, kitab, yorğan və altına yazılmış “özümə zaman ayırıram”. Bəxdəxt beyin bu “zamanı” da performans kimi qəbul edir.

Neyropsixoloji araşdırmalar göstərir ki, davamlı informasiya axını beyində diqqət mərkəzlərinin həddindən artıq yüklənməsinə səbəb olur. İnsan bir vaxtlar təhlükədən qorunmaq üçün aktiv olan stress mexanizmini indi bildiriş səslərinə qarşı işə salır. Təbiət anamız bizi yırtıcıdan qaçmaq üçün hazırlamışdı, amma biz mesajdan qaçırıq. Vatsapa gələn hər mesaj məni diksindirir, gərginləşdirir.

Böyük şəhərlərdə yaşayan insanların sosial əlaqələrinin sayı artdıqca, emosional yaxınlıq səviyyəsi azalır. Bu paradoks deyilmi?! Təkliyin paradoksu: minlərlə “dost”,  amma bir nəfərə də zəng edib “gəl, birlikdə susaq” deyə bilməmək.

Müasir teatr, məncə, bu mövzuda maraqlı işlər sərgiləyə bilər. Səhnə özü də paradoksların məkanı deyilmi? Aktyor izdiham qarşısında dayanır, amma canlandırdığı obrazın daxilində təkcənədir, tənhadır. Müasir insan da eyni vəziyyətdədir: kütlə içində fərdi tənhalıq yaşayır.

Tənhalıq artıq kənddə əlçatmaz, ünyetməz dağın başında deyil, o, auditoriyada, iclasda, liftin içində, açıq ofisdə, hətta ailə süfrəsindədir. İnsan danışır, amma eşidilmir, paylaşır, amma anlaşılmır. İroniyaya baxın: ünsiyyət vasitələrinin çoxalması ünsiyyətin zəifləməsi ilə nəticələnir, seçim imkanları yaxınlığı ucuzlaşdırır.

Müasir dövrün ən səssiz təzyiqi emosional qəhrəmanlıq tələbidir. “Şikayət etmə”, “özünü toparla”, “pozitiv düşün”. Bu cümlələr motivasiya kimi təqdim olunsa da, çox vaxt insanın ağrısını legitimlikdən məhrum edir, onu “güclü ol” diktaturasının əsirinə çevirir.

Çexov qəhrəmanları da zahirdə sakit, daxilən parçalanmış insanlardır. “Üç bacı”da Maşa deyirdi: “Yaşamaq lazımdır… yaşamaq lazımdır…” Bu cümlə ümid kimi səslənsə də, əslində, təkrarlanan bir özünütəlqindir. Çexovun dramaturgiyasında faciə qışqırmır – pıçıldayır. Müasir yorğunluq da belədir: o, səs salmır, amma hər yerə hopur.

Bü günün teatrı üçün ən böyük çağırış, mənə görə, budur: qəhrəmanı dəyişmək.

Teatrın üstünlüyü ondadır ki, o, statistikanı hissə çevirə bilir. Rəqəmlər deyir ki, depressiya halları artır və teatr bu artımın konkret bir insanın taleyində necə əks olnduğunu göstərir.

Taleyin ironiyası: insan özünü sübut etmək üçün tükənir, tükəndiyi üçün də özünü dəyərsiz hiss edir. Bu qapalı dövriyyə müasir dramın ən real konfliktlərindəndir – qəhrəman kənarda kiminləsə deyil, öz daxili ilə mübarizə aparır.

Müasir psixoloji yorğunluq nə zəiflikdir, nə də fərdi uğursuzluq. O, sürət kultunun əks təsiridir. Hər şeyin tez, parlaq və ölçülə bilən olduğu bir dünyada insanın ölçülməyən hissləri arxa plana keçir.

Teatr isə bu görünməyən hissləri görünən edə bilər. Səhnədə bir insanın susması bəzən min cümlədən daha çox şey deyir.

Bəlkə də müasir dövrün ən radikal jesti budur: bir anlıq dayanmaq, nəfəs almaq və öz yorğunluğunu gizlətməmək. Çünki biz robot deyilik – yenilənmək üçün “restart” düyməsinə yox, anlayışa ehtiyacımız var.

Və bəlkə də ən böyük dramatik dönüş bu olar: öyrəşdiyimiz kimi qəhrəman dünyanı yox, öz ritmini dəyişir.

Və bəlkə də ilk dəfə qəhrəmanlıq sürətlə və cürətlə yox, dayanmaqla və susmaqla ölçülür.

Hər gün içimdə bir performer öldürürəm…