TEATRO

TEATRO

sənət portalı

post-title

KOD ADI - VXA

D İ Q Q Ə T !!!      B U   G Ü N   P R E M Y E R A D I R!!!

Azərbaycan teatr tarixində ilk dəfə

Esse-resenziya məşq prosesləri  əsasında yazılıb

ANNOTASİYA və ya SARSILAN RUHUN DİKTƏLƏRİ

Böyük istedadlar şəxsi amalları üçün deyil, böyük ideyalarla yaşayırlar: Vətən, Torpaq, soydaşları üçün, onların maddi və mənəvi mənafeyi üçün fədakarcasına çalışırlar! Onlardan biri - Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çoxşaxəli istedadının bir töhfəsini bizə hədiyyə edib: 30-cu illər repressiyasına məruz qalmış Azərbaycan qadınlarına həsr olunmuş “Kod adı: VXA” tamaşasını. 

Tamaşa repressiya qurbanlarından biri - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, tanınmış maarifçi Əhməd Cavadın anadan olmasının 130 illiyinə, eyni zamanda, repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs, sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən yoğrulub.

Mehriban Ələkbərzadə müəllifi və quruluşçu rejissoru olduğu  “Kod adı: VXA” təvsirində tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin müdhiş mənzərəsini yaradır:

-Heç bir günahı olmayan Azərbaycanın nurlu şəxsiyyətlərinə ”vətən xaini” damğası vurub onları da, qadınlarını da həbs edirlər. Bayıl təcridxanasında olmazın işgəncələrə məruz qalan qadınlarla “stalinçilər” qeyri-insani rəftarla davranır, uzun sürən istintaq prosesindən sonra günahsız qadınlara iş kəsirlər: kiminə 8, kiminə 10, kiminə də 15 il. Qadınlar buna şükür edirlər ki, ittiham prosesi bitdi. Gələcəyə ümidlə baxan qadınlar cəza müddəti bitdikdən sonra, nəhayət, əzizləri ilə görüşəcəklərinə ümid bağlayıb sevinirlər. Lakin  qarşıda hansı cəhənnəm əzabı gözlədiyini bilmədən sevinirlər. Onları günlərlə soyuq vaqonlarda, ac-susuz Akmola aparırlar. Orada qadınları heyvan kimi işlədir, vəhşi kimi davranırlar.  Bu qadınların arasında ağır işgəncələrə dözməyib intihar edənlər də olur, hər cür işgəncəyə dözüb namusunu qoruyanlar da. Hələ sahibsiz qalan 1507 uşaqdan biri də onların arasındadır. Bu uşaqlar köklərini tanımağa, zinadan törənmədiklərini öyrənməyə çalışırlar.

Tamaşa ağır faciələrin təsviri fonunda cərəyan etsə də, sabaha bir ümid var: bir gün bu əzab bitəcək, evlərinə qayıdıb əzizlərinə qovuşacaqlar! Nə qədər ağır olsa da, zaman keçir, qadınlar artıq azadlıqdadırlar. Lakin bu məqamda da bəzi qadınlar ciddi problem qarşısında suallarına cavab tapa bilmirlər. Çünki ağır işgəncələrdən daha dəhşətlisi Nəimənin və onun kimi onlarla qadının taleyidir. Nəimənin burada uşağı olub, ərindən deyil, ona yemək verən bir qazaxdan. O qazax da müharibəyə gedib, qayıtmayıb. Nəimə uşağı orada atıb vətənə dönə bilməz, dönərsə, ailəsi o körpəni qəbul edərmi? Aparmazsa, o uşağın taleyi necə olar?

Dramaturq repressiyaya uğramış qadınların intizarını, qəlblərini isindirən kövrək ümidlərini belə ifadə edir: “İndi bizdən hər hansı nişanə qalıbsa, bizi xatırlayırsınızsa ...demək ki, biz olmuşuq.  Yaşamışıq. Biz Həyatın dibində...oradan da aşağıda idik...Əsas odur ki...bizi xatırlayın...bizi xatırlayın.”

Mehriban Ələkbərzadə bir müəllif, bir quruluşçu rejissor kimi geniş tamaşaçı auditoriyasına demək istəyir ki, tariximizi unutmayaq. Dünənini unudanın gələcəyi olmaz. Belə fikir  sekulyarlığı ilə Mehriban Ələkbərzadə baş verənlərdən sarsılan ruhunun diqtələrini bizə təqdim edir.
                                             
Ümumi konseptual baxış

Mehriban Ələkbərzadə! Azərbaycan teleməkanının ən təsirli təfəkkür, həm də tarixi əhəmiyyət daşıyan sənədli teleesselərinin əvəzolunmaz müəllifi – ssenarist, rejissor, dramaturq, yazıçı, həm də VƏTƏNPƏRVƏR! Bir xanım şəxsiyyətində cəmləşən və öz təzahürünü reallığımızda təqdiqləyən bu gözəl keyfiyyətlər Mehriban ƏLəkbərzadəni Azərbaycan tarixinin çox ürəkgöynədən qanlı səhifələrindən birini vərəqləməyə sövq edib, kimsə təşviq etməyib, məhz şəxsi istəyi və arzusu ilə Təhlükəsizlik Nazirliyinin arxivlərində uzunmüddətli tədqiqat işi aparıb: XX əsrin 30-cu illərində repressiyaya uğramış Azərbaycan qadınlarının ağrıalarının və namusunun fövqündə dayanaraq, belə bir nadir dramaturji material yazıb. Başqa sözlə desək, Azərbaycanın teatr tarixində ilk dəfə olaraq, məhz Mehriban Ələkbərzadə, məhz CTT belə bir mövzuya müraciət edib.

Qeyri-adi dramatik yükü olan “Kod adı: VXA” pyesini qələmə alması, hadisələrin fabula üzrə dramatik inkişafı, süjet xəttinin konseptual tutumu və axarlılığı, müəllif və rejissor kimi janrın tələbinə  tam cavab verə bilməsi sübut edir ki, istedadlı xanım rejissor həm də dramaturji yük ötürücülüyünə malik bir sənətkardır.

Əsərin-tamaşanın kodlaşdırılmış adının özündə belə elmi-nəzəri, həm də tarixi yanaşma var; yəni istintaq sənədlərində kod adı  “VXA” olan (vətən xainlərinin arvadları) “kod” sözünü birləşdirib. Nəticədə, qeyri-adi, çəkici bir tamaşa adı yaranıb: “Kod adı: “VXA”. Bu dramaturji material üçün hadisələr o qədər zərgər dəqiqliyi ilə seçilib ki, fabula süjeti üstələyib və nə yaxşı ki, üstələyib!

Tamaşanın ekspozisiyasından hadisəyə keçid  elə tərzdə qurulub ki, həmin mərhələdə artıq tamaşaçı bunu hiss etmədən baş verən fəlakət görüntüsünə  aludə olur. Bu, rejissor ustalığından irəli gəlir və daxilimizdən bir sual haray çəkir: “Niyə bizim namuslu xanımlarımız bu qədər haqsız zülmə düçar olublar?” sualı kişi qəlbimizi neştər kimi sancır.

Mehriban Ələkbərzadə, bir rəssam kimi, sözlə dramaturji materialın rəsmini çəkib, həm də səhnə təcəssümçüsü kimi nadir bir sənət tablosu yaradıb!
    

Həyati modelin personaja çevrilməsi

Həyati modelin obraz gerçəkliyindən danışmazdan əvvəl xatırladırıq ki, bədii yalan həyat həqiqətindən yoğrulur, lakin bu  tamaşada baş verənlər həyat həqiqətlərindən törənmiş bədii təcəssümdür. Ələkbərzadə öz təcəssümü ilə daxilimizə “Kaş ki...” adında bir təəssüf səpələyir. Kaş ki, nə belə həyati model olaydı, nə də biz onun səhnə təcəssümünü verəydik!
Mehriban Ələkbərzadə model və onun ictimai mənşəyini böyük istedadla açıq şəkildə göstərə bildiyi üçün xarakterik xüsusiyyətlər, obrazların yaşayış tərzləri, həyata münasibətləri, həyat amalı, səhnə-tale yükü, bu məkanda yeri aydın cizgilərlə görüntülənir.

Həyati modelin obraz gerçəkliyi dramaturq, ona səhnə nəfəsi verən quruluşçu rejissor, obrazı yaradan aktyor üçün də ciddi daxili imkanlar və prosesə məntiqlə yanaşma tələb edir. Bizim təqdimatımızda sadaladıqlarımız aydın lövhə kimi görünür. Bugünki müasir tələbatımızda elə müasir ruhlu model gerçəkliyi sənət bilicilərinin qarşısında ciddi tələbat kimi dayanır və seçimimiz inamları doğruldur.  “Kod adı: VXA”da ağır yaradıcılıq yüklü, heç vaxt solmaz, teatr sənətində həmişəyaşar modellər gerçəkliyi mövcuddur. 

Tamaşanın təcəssüm prosesində daha çox tarixi gerçəkliyin müasir teatr prosesinə uyğunlaşdırılması istəyi olsa da, Mehiban xanım bədii təfəkkür formulundan da istifadə etmişdir. Məşqlərdə  prosesi  izlədikcə bir daha əminlik yaranaır ki, Mehriban Ələkbərzadə üçün “Kod adı: VXA”-da həyati model daha üstünlük təşkil edir. Və o, model gerçəkliyini yaratmaq üçün onlarla nümunə seçib (istintaq sənədlərinə əsasən mühakimə olunanlar): 30024-Şükriyyə Axundzadə (Kəmalə Müzəffər), 2385-Ceyran Bayramova (Leyli Vəliyeva), 30037-Umgülsüm Sadıxzadə (Qəmər Məmmədova), 28965-Xavər Qarayeva (Şəfəq Əliyeva), 2496-Ayna Sultanova (Günel Məmmədova), 30418-İzzət Vəzirova (Gülər Nəbiyeva), 10506-Dilbər Axundzadə (Aygün Fətullayeva), 30419-Şövkət Məmmədxanova (Səbinə Məmmədzadə), 30415-Tamara Hüseynova (Asya Atakişiyeva), 1775-Zivər Əfəndiyeva (İlqarə Tosova), 30510-Panfiliya Tanalidi (Zülfiyyə Alhüseynova), 2239-Firəngiz Rzayeva (Mehriban Abdullayeva), 29954- Xədicə İzmayılova (Sevinc Əziz), 22482-Güllü Camalbəyova (Zemfira Əbdülsəmədova), 30789-Anna Kisilyova (Könül Əbilova), 30585- Sitarə Qarayeva (Nübar Novruzova), 30212-Xədicə Qayıbova (Fəridə Qurbanova), 23346-Kriminal avtoritet (Naibə Allahverdiyeva), 30418-Mariya Paşina (Təhminə Məmmədova), 82185-Yelizaveta Qorbunova (Yasəmən Məmmədova), 30221- Kövsər Seyidbəyli (Nəsibə Eldarova), 82231-Xədicə Kəngərlinskaya (Xalidə Əliməmmədova), 2385-Gülarə Qədirbəyova (Nuriyyə Əliyeva), 2334-Suğra İsazadə (Şəbnəm Hüseynova), 1314-Sənubər Eyyubova (Simuzər Ağakişiyeva), 29997- Natalya Talıblı (Mehriban Hüseynova), 30001-Məryəm Mirqədirova (İradə Rəşidova), 29998-Ruhiyyə Qurbanova (Güşvər Şərifova), 29981-Firuzə Eminbəyli (Gülbəniz Lətifova), 2230- Mədinə Qiyasbəyli (Hüsniyyə Əhmədova), 30610-Mələk Qədirli (Xəyalə Qasımova), 1746-Alyona Şaxova (Zümrüd Quliyeva), 29988-Nəimə Məmmədova (Aybəniz Heydərova), 30073-Anastasiya Qasımova (İlahə Əmirxanova), 30527-Fəridə Salamzadə (Nuranə Hüseynova), 10222-Səfurə Səlimova (Venera Abbasova) və bir neçə kişi-Qəzənfər Musabəyov (Kərəm Hadızadə), Həmid Sultanov (Araz Pirimov), Qoca qazax (Vahid Əliyev), Məmməd (Hilal Dəmirov), Orxan (Bəhram Əliheydər), Şaban (Anar Səfiyev), Əziz (Nurlan Süleymanlı).

“Kod adı: VXA”-da həyati modelin obraz gerçəkliyi özünün parlaq siması ilə səhnə təcəssümündə intişar tapır.
Rejissor təcəssümü və ya unudulmuş  zamanın ağrısı

Səhnə - məkandır, amma zaman içində mövcuddur. Baş verənlərin  təcəssüm olunan obraz zamanı ilə tamaşaçı zamanı uyğunlaşdırılmış zamandır. Zamanlar anlayışını Mehriban Ələkbərzadə böyük ustalıqla uyğunlaşdırıb: biz tariximizə sanki indi baş verirmiş kimi baxır, sarsılır, emosional duyğularımız bütün daxilimizi silkələyir. Zaman və məkan həqiqətinin əsasında, həm də “Sabah” adlanan zamana da bir mesaj ötürülür.

Detonasiyanı qəti sevmir. Empirik vasitələrin imkanlarından yararlansa da, ona Mehriban Ələkbərzadəyə məxsus ruhi diqtələr əlavə edir. Nəticədə, “Kod adı: VXA” ilə ürək göynətsə də, düşünürük ki, baş verən faciəni bir anlıq unutsaq, o zaman gözlərimizdə ciddi təcəssüm estetikası canlanar. Quruluşçu rejissor fiziki fəaliyyət üçün dairəvi, kəsişən,  çarpaz, qala, üçbucaq, paralel, “pərakəndə”, “anarxist” (bu fikir bizə aiddir – R.R.) mizanların hər birindən ustalıqla istifadə edib. Çünki quruluşçu rejissor hər bir obraz üzərində incə detallarla işləyib, məşq prosesində də biz bunun şahidi olurduq. Mizanların özəyindən doğan fiziki elementlərin alt qatında sətraltı məna yatır. Bu ağır prosesin quruluşçu rejissor tərəfindən məntiqi çalarlarla şərhi aktyorlara imkan verir ki, onlar yükünü daşıdıqları personajların mahiyyət və mənasınıı açıqlayıb obraza çevirsinlər. 

Rejissor göstərişləri dramaturqun göstəriciləri ilə dirçəlir: dramaturji materialla səhnə təcəssümü, müəllif ideyası ilə tamaşa ideyası, nəticədə, hər iki hal ali teatr ideyasına xidmət edir. İstedad və ağlın qovuşuğundan yaranan belə bir təcəssüm Mehriban Ələkbərzadə və onun komandasının hər kəsə nəsib olmayan potensial imkanlarından törəyir.

Məsələ Mehriban Ələkbərzadənin səhnəyə gətirdiyi “37”lərin statik ölçüsündə deyil, gördüyü işlərin miqyasında da deyil, məsələ yaratdığı obrazların və onların cəmləşdirildiyi dramaturji materialın dəyərindədir. Repressiyaya uğramış bütün Azərbaycan elitasının xanımlarının obrazını səhnəyə gətirən dramaturq onların intellektual səviyyəsini qorumağa çalışmışdır, çünki həmin qadınların hər biri özlərinin mühitə uyğun intellektual səviyyəsini qorumaq istəyində olub.

Sürgündə qadınları qamış istehsalında çalışdırırlar. Mehriban Ələkbərzadə orijinal bir vasitə ilə tamaşanın təcəssümünü daha da dərinləşdirir və rəmzləşdirir: ifaçılar bir-birinə tikilmiş qamışları qaldırırlar. Əvvəlcə üç yarımdairə şəklinə salıb özlərini onun içində saxlayırlar. Bu dörd divar – həbsxana həyatına rəmzdir. Aktyorlar daimi hərəkətdə ikən üç dairəni birləşdirib nəhəng bir dairə yaradırlar. Bu, daimi hərəkətdə olan yer kürəsi və üstündə çıxılmaz labirintə düşmüş qadınlara bir rəmzdir. Üçüncü  fiqur isə ifaçıların daimi hərəkətindən yaranmış dairənin bir anda nəhəng hasara çevrilməsidir. Bu, keçilməz səddir. Bu səddi “37”-ləri törədən yaradıblar... Həsir hasarın o tayından köməksiz qadınlar həbsxanadan azad olmuş qadınlara əl edirlər. Onların hasar qamışlarının arasından çıxan əlləri görünür... Maraqlı quruluş, maraqlı tapıntıdır! Mehriban Ələkbərzadə sanki bir kino kadrı yaradır. İşıq üzrə rəssam Vadim Kuskovun köməkçi vasitə kimi istifadə etdiyi işıq effektlərinin sayəsində səhnə kadrı təsvir kadrına çevrilir.

Repressiyaya uğramış qadınları Akmola gətirirlər. Bu sonuncu stansiyada çölün düzünə  atılan nazik paltarda, uzun müddət ac, susuz saxlanılmış qadınların qarın altında yeganə sığınacaq yerləri taqətdən düşmüş bədənləridir. Onlar yazıqcasına, sonsuz bir qorxu içində, başlarına qar döyə-döyə bir-birinə sığınırlar. Dramaturq-rejissor zamanın sərt üzünü, tərs üzünü göstərir: radiodan SSRİ-ni mədh edən bir mahnı səslənir:

-Şiroko, strana moya rodnaya,
Mnoqo v ney lesov, poley, rek.
Ya takoy druqoy stranı ne znayu
Qde tak volna dışet çelovek...

Konvoylar sürgün olunmuş qadınları yerlərində addımlayaraq bu mahnını oxumağa məcbur edirlər. Həmin anda qadınların əllərində köhnə dəmirdən yemək qabı var. Bu müdhiş epizod dramaturq ağlından sıçrayan və onu səhnədə canlandıran aktyorların (əslində sovet dövlətinin təbliğ etdiyi humanist qanunların müqabilində heç bir günahı olmayan məhz sovet vətəndaşlarına yaşatdırdıqlarına görə) o dövlətin özünə, onun qanun keşikçiləri üzərində görünməmiş bir istehzasıdır; insanlara bir udum havanı belə haram edən, yalançı kommunizm ideologiyası ilə bütün sovet vətəndaşlarını əsir vəziyyətində yaşamağa məcbur edən bir dövlətin özünün özü üzərində  dərin istehzasıdır! Bütün bu orijinal tapıntıların içində qadın ağrları var. Və mənim kişi qəlbim qadınların bu ağrılarına  tab gətirməyib kövrəldi, gözlərimə nəm çilədi... “Halal olsun!”-dedim yaradanlara!

Əslində bu qadınlar tale baxımından bir-birindən fərqlənmirlər. Mehriban Ələkbərzadə işgəncələrə məruz qalan qadınların çığırtılarını meditasiya ilə əvəz edib. Bu, ağlın və məntiqin bağışladığı fəndgirlikdir. Bir tərəfdən tamaşaçını bezdirməmək üçün səssiz və sözsüz ağrılardan istifadə edirsə, digər tərəfdən belə ağrıların tamaşaçı qəlbinə təsir edəcəyinə inanıb. Biz bu ağrıları daxilimizdə hiss etdik. Çünki istedadlı rejissor mizan-fiziki fəaliyyət növünü elə tətbiq edir ki, ifaçılar sokral vəziyyətə düşürlər. Əminik ki, Mehriban Ələkbərzadə arxivlərdə  bu sənədlər üzərində işləyərkən, əvvəlcə povesti, sonra pyesi yazarkən, hazırda onun səhnə təcəssümünü verərkən özü sokral vəziyyətdə olub və olmaqda davam edir... Sadəcə, Mehriban xanım hisslərini büruzə verməmək üçün daxilində boğmağı bacarır. (Fürsət var ikən, arxiv sənədlərini etibar etdiklərinə görə həmin mötəbər təşkilata, bir vətəndaş kimi,  təşəkkürümüzü bildiririk!)

Nəhəng kütlə ilə işləmək, hər birini aydın görüb və tamaşaçıya göstərmək qeyri-adi daxili göz və duyum tələb edir. Hörmətli rejissorumuz tamaşanı elə şəkildə nizamlayıb, həm də mizanlayıb ki, kölgədə qalan heç bir obraz yoxdur:  nəhəng kütlə aydın görüntülənməklə yanaşı,  səhnəni təkcə fiziki bədənlə doldurmağa çalışmayıb, həm də onun motivə uyğun proporsional paylanmasına nail olub. Bu,  quruluşçu rejissorun özün üçün oyunqurma metodunun üstündən xətt çəkərək, mizanlara pauzalardan qapıaçma ustalığından irəli gəlir. 

Mizanların variasiyası bu tamaşanın ağısıdır. Bu variasiya zamanın həqiqətinə bağlı qapını açır, gah nalə, gah da bayquş ulaması  təəssüratı verir, gah həzin musiqiyə çevrilir, gah da qadın naləsi kimi zala səpələnir. Mehriban xanım hər yaradıcı insanın bacarmadığı ZAMAN AĞRISIndan danışır.

Səhnənin obyekti canlı insan, onun həyatı, cəmiyyətdə tutduğu mövqeyi, pis, yaxşı tərəfləridir. “37”-lərin taleyini əks etdirən “Kod adı: VXA” faciə təcəssümü daha çətin, daha ağırdır. Bəlkə də buna görədir ki, hörmətli rejissorumuz teatrın ilkin yaradıcı prosesində olduğu kimi, normadan artıq məşq keçir. Və bütün heyət bu məşq prosesində bir əsgər kimi intizamla cərgələnir.

Rejissor göstərişləri dramaturqun göstəricilərini  dirçəldir, yəni dramatirji material səhnə təcəssümü ilə tamaşa ideyasına xidmət edir. İstedad və ağlın qovuşuğundan yaranan belə bir təcəssüm nadir təcəssümdür!

Ədəbi materialın səhnəyə köçürülmə priyomunda düşünmək lazımdır ki, həyati model təkcə müasir tamaşaçı auditoriyasına hesablanmamışdır. Məqsəddə nəsillərə ötürüm, tarix içində yeni tarix yaratmaq istəyi də var. 

Mehriban Ələkbərzadə təəccübləndirməyi sevir: dramaturji materialların fərqli təcəssümü, 32 ildən çox yaradıcılığında müşahidə etdiyimiz fərqli fitri ötürümlərlə, bədii-publisistikada, eyni zamanda, bədii yaradıcılıqda fərqli sərlövhələrlə, həm də fərqli ifadə formaları ilə diqqəti cəlb edir! O – BİZİMDİR-Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının!!! 

OBRAZ GERÇƏKLİYİ

Personaj əməldə açılır. Əməl yoxdursa, personaj da qapalı qalır. Onun mahiyyət və keyfiyyəti açılırsa, obraz gerçəkliyi yaranır. Mehriban Ələkbərzadənin orijinal tapıntıları olsa da, bütün konseptual və praktik çözümlərdə buyurulan qanun çərçivəsindən kənara çıxmayıb. Və tamaşanın bütün obrazlarını və onun ifaçılarını kənardan parlaq görünən bir qəlibə salıb.
Əslində bu tamaşanın iştirakçıları arasında heç bir fərq qoymaq istəməzdik, çünki hamı 30-cu illər repressiyasının ağır yükünü daşıyır, obrazların taleyini yaşayır, onların qeyri-adi sarsıntıları ilə sarsılırlar. Sadəcə, bəzi məqamlara dair fikirlərimizi izlədiyimiz məşq prosesləri əsasında bölüşəcəyik.

Məşqin bütün kreativ göstəricilərə cavab verməsi – quruluş, ifa elə yüksək səviyyədə idi ki, sanki tamaşaya baxırdıq. Səhnə təcəssümünə çevrilən dramaturji material bizi özümüzdən alıb mühitə salmışdı. Çünki Mehriban Ələkbərzadə, bir xanım kimi, qadın ağrılarını o qədər həssaslıqla duyub ötürməyi bacarır ki, ona emosional çılğınlıqla baxmamaq qeyri-mümkündür.
Psixofizioloji proses gerçəkliyini xarakterizə edən üç əsas şərt-ifaçı tərəfindən fikrin qəbulu, dördüncü divardan o tərəfə ötürülməsi  və fizioloji cəhətdən reallaşdırılmasıdır ki, istedadlı aktyorların nüanslarla deyil, dramatik inkişaf xətti üzrə reallaşan obrazlarının canına-qanına hopmasıdır. Onlar obraz gerçəkliyini səhnə gerçəkliyinə çevirə bilirlər. Quruluşçu rejissor hər sözün mətnaltı məna yükünün mizana çevrilməsinə çalışır. Bunun üçün təkcə elmi göstəricilərdən deyil, həm də aktyorların fiziki imkanlarından bir boya əlavə edir. Emosional münasibətin yaranması üçün bir sıra vacib şərtlər vardır ki, Mehriban Ələkbərzadə bir tamaşanın içində iştirakçıların simasında hamısını göstərməyə çalışmışdır. 

Bu aktyorlar obrazın təcəssümündə dörd-beş psixoloji yükün altına girirlər:

-həyati modelin  səhnə təcəssümünün saf yaranışı, obraz daşıyıcısı funksiyasında o yükü qaldırma imkanları, digər modellərlə daxili və zahiri təması, obrazın əxlaqi-mənəvi durumu - ifaçının öz əxlaqi keyfiyyətlərindən asılı olmayaraq, ona haqqazandırma yolu ilə təvsiretmə bacarığı, obrazın fəlsəfi-psixoloji yükünü açıqlama imkanları, tamaşaçı ilə daxili təmas yaratmaq bacarığı və s.

Əslində aktyor “beş-altı” ifadəsinin göstəricisindən qat-qat artıq yük daşıyır, çünki Mehriban Ələkbərzadənin obrazlarının yükü çox ağırdır, faciədir, onu daşımaq çox çətindir. Lakin bizim gözəl rejissorumuz  bununla belə faktın və hadisənin mahiyyətdaşıyıcısını aktyor ifasında önə keçirməyi bacarmışdır.

Çox ağır epizodlardan birində əsgərlərə hədiyyə edilmiş, günlərlə ac qalan qadınlara yemək verilir. Lakin namusu zor gücünə kirlənmiş qadınlar acından öldükləri halda, həmin yeməyi yeyə bilmirlər. Bununla Mehriban Ələkbərzadə zamanımızın sabahına Azərbaycan qadınının namus bütövlüyündən fikir ötürməyə çalışır.

İlk baxışda kütlə oyunu təəssüratı yaradan tamaşa, sadəcə, insan toplusundan ibarət deyil. Onu kütləyə çevirən bu tarixi yaşayan insanlardır, yəni hər bir obrazın prototipi var! Onsuz da hər bir obrazına məsuliyyətini əlavə edən aktyorlarımız səhnə təcəssümünə uğratdıqları obrazların tale yükünü məhəbbətlə daşıyırlar. Başqa yolları da yoxdur. Tarix qarşısında, həm də Mehriban Ələkbərzadəyə imtahan vermək bir elə də asan məsələ deyil. Tanıyanlar yaxşı bilirlər ki, Mehriban Ələkbərzadə üçün dost, “mən ölüm” söhbəti yoxdur. Nə yaxşı ki, yoxdur! Tarixi  əks etdirən ciddi yaradıcılıq işləri məhz belə məsuliyyətin təsiri altında yaranır. 

Bütün obrazların taleyi ağırdır. Bütün obrazlar insan talelərini əks etdirir və hər bir obraz sənədli faktın özəyindən qidalanır. Respublika radiosunda çalışdığımız zaman (90-cı illərin əvvəllərində) Dilbər Axundzadə ilə şəxsən görüşdüyümüz, onun həsrət gözlərindən süzülən yaşı gördüyümüz üçündür, bilmirik, Mikayıl Müşfiqin sevimli xanımı Dilbərlə bağlı epizod bizi sarsıtdı. Obraz tamaşaçısını sokral vəziyyətə salır. Bu ruhiqovuşma bir daha sübut edir ki, dramaturji material, təcəssüm və ifa bütün kreativ göstəricilərə tam uyğundur. Obrazları ayrı-ayrılıqda təhlil etmək imkanımız yoxdur, lakin onu deyə bilərik ki, Dilbər xanımın obrazı haqqında dediyimiz fikirlərin hamısını tamaşanın bütün digər obrazlarının ifaçılarına şamil edirik.
Nəhəng kütlənin dinamikası, temporitmin ahəngdar idarə edilməsi, sözsüz ki, aktyor ifasından və dramaturgiyanın özünün aşıladığı fiziki təsirdən doğsa da, daxili ritmi gözləmək ikinci plan oyununu tələb edir. Deyək ki, hadisələrin ağır hiss aşılayıcıları olan aktyorlarımız ciddi intizamla, hədsiz həssas, həm də böyük istedad sahibi olan Mehriban Ələkbərzadənin rejissor duyumu, təcrübəsindən bəhrələnirlər, əlbəttə, obrazlarına istedadlarını qataraq!

Köməksiz, kiməssiz, gücsüz, heç yerə əli yetməyən qadınlar namuslarını ağlagəlməz vasitələrlə qorumağa çalışırlar. Onların arasında Əhməd Cavadın xanımı Şükriyyə özünü məftillə tikir. Bu, onun bədənini zəhərləyir, amma o, müalicədən imtina edir ki, yad, namussuz kişilərin əlləri ona toxunmasın.

Belə bir məqamda konseptual şərhə ehtiyac yoxdur. Axı, namusunu qorumaq üçün bədənini tikən bir qadın – obrazın elmi-nəzəri şərhə nə ehtiyacı? Müəllif və rejissor epizodlardan törəyən səhnələri elə şəkildə qurub ki, tamaşaçı hadisəyə aludə olur, daxili sarsıtıları hətta dünyanı belə ona unutdurur. 

Tamaşada bir neçə ittiham səhnəsi və sürgündə olan qadınlarla bağlı səhnələr var. Bu səhnələrdə biz humanist dövlət pərdəsi arxasında gizlənib əslində neofaşit üzünü göstərən, bəşər qanunlarına zidd davranışları ilə nəinki ikrah, həm də çox qəzəb doğuran “qanun keşikçiləri”ni görürük: komissarlar (Rəşad Səfərov, Ədalət Əbdülsəməd), müstəntiqlər (Şövqi Hüseynov, İlham Əsədov, Vüqar Məmmədəliyev, konvoy rəisi (Yasin Qarayev), stansiya rəisi Vahid Orucoğlu, Qriqoryan (Elnur Kərimov), konvoylar (Elşən Şıxəliyev, Elnur Bəhramxan, Tahir İsmayılov, Yusif Dadaşov), NKVD işçiləri (Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov), nəzarətçilər (Elşən Hacıbabayev, Anar Seyfullayev, Aydın Dəmirov, Musatov (Ramil Məmmədov), Bakuyev (Nofəl Vəliyev), təchizatçı (Elgün Yəhyayev), serjant (Müşfiq Əliyev)...

Tamaşaçıda obrazın psixofizioloji vəziyyətinə tamaşaçıda inam hissi oyatmaq, onun məhz  təqdim edilən tərzdə olduğunu sübuta yetirmək böyük ustalıqdır. Əgər bu gün bütün kollektiv bir ritm kimi kökləndiyi hadisələrin gərgin yükünü səhnə normativlərinə uyğun tərzdə yaşaya bilirsə, deməli, teatrın ali qanunları bizim üçün birinci ötüləsi mümkün olmayan bir  işdir!  Bu, teatr rəhbərliyinin prosesə ciddi nəzarəti, quruluşçu  rejissorun bütün ifaçıları mühitə salma bacarığından irəli gəlir, ona görə də hər bir  obrazın taleyi qəlblərə sıza bilir. Bu, böyük peşə ustalığıdır! Kollektivimizin bizdə oyada bildiyi bu həqiqət işığı üçün minnətdarıq!

Tamaşaçı bəzən kimə, bəzən də nəyə baxacağını düşünüb teatra gəlir. Teatrın isə belə bir seçim hüququ yoxdur. Onun bir saylı vəzifəsi peşəkar teatra yüksək dəyərləri əks etdirən, dövlətin siyasi kursuna dəstək verən, tamaşaçıda dövlətə sədaqət, vətənə məhəbbət hissləri aşılayan, insanpərvərlik və xeyirxahlıq duyğuları aşılayan tamaşalar hazırlamalıdır. Hazırlayırıq da!

                                Aktuallıq və təcəssüm əhəmiyyəti 

Mehriban Ələkbərzadə Təhlükəsizlik Nazirliyinin (belə bir tarixi əsərin yazılmasından ötrü vaxtı ilə gizli arxiv sandıqlarını açan bu mötəbər təşkilatın rəhbərliyinə və əmkdaşlarına minnətdarıq!) arxiv materiallarına sadəcə bir müəllif kimi yanaşmır, eyni zamanda, dövrün real mənzərəsini bir rəssam kimi aydın boyalarla çəkir, ən vacib faktları səhnə estetikasını gözləməklə təqdim edir.

Müəllifin  baş məqsədi tarixi faciəni gələcək nəsillərə ötürməkdirsə, ali məqsədi vətəndaşlıq, vicdani borcdur.

Biz Zaman və Məkan həqiqətini zaman və ondan dirçələn “gələcək” adlanan bir dövrə hədəfləmişik: tariximiz unudulmasın, nəsillərdən nəsillərə ötürülsün! Tamaşanın səhnə zamanı da uzundur, müddəti çoxdur. Lakin hadisədən hadisə doğduğu üçün biz öz baxış zamanımızı unuduruq. Bu cür unutqanlığa məcbur edən böyük yaradıcılıq işi, bununla yanaşı çox maraqlı köməkçi vasitələr də var: tarixi faciənin dramaturq-rejissor tərəfində çözümü,aktyorların və tamaşanın səhnə geyimi (rəssam Mustafa Mustafayev), leytmotiv (bəstəkar Azər Hacıəsgərli), işıq effektləri (işıq üzrə rəssam Vadim Kuskov), montaj-qrafika və verbatim (Benyamin Sayılov), tamaşanın plastik həlli (Ceyhun Dadaşov). Tamaşa prosesinin dəqiqliyi üçün çalışan rejissorlar Nihat Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri Günay Qasımova, Sevda Hacışəmiyeva. Quruluş hissə müdiri Zəminə Elbirin, səhnə quraşdırılması sexinin rəisi Zaur Abasovun da əməyini unutmaq olmaz.

                          ALQIŞ SƏDALARINI EŞİDİRİK!!!

Uzun müddət Mədəniyyət Nazirliyində teatr sektoruna rəhbərlik etmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə xanım İsmayılzadəni bütün teatr ictimaiyyəti yaxşı tanıyır və hamı da yaxşı bilir ki, teatr sənətinin bilicisi, bir teatrşünas kimi, hər bədii mateariala yüksək dəyər verməz. “Kod adı: VXA” tamaşasından bədii şuranın müzakirəsi zamanı Naidə xanım qeyd etdi ki, bizim Azərbaycan qadınları qarşısında çox böyük borcumuz var. Biz bu tamaşa ilə çalışdıq ki, borcun bir qismini ödəyək. Biz bundan sonra da Azərbaycan qadınlarının nüfuzunu qaldırmaq üçün incəsənət müəssisəsi olaraq iş aparacağıq.  Vətən Müharibəsi zamanı biz qəhrəman oğullarımızla yanaşı, mərd, cəsur qadınları da gördük.  Azərbaycan qadını əzilməyən, fikrindən, yolundan dönməyən, sədaqətli, cəsarətli şəxslərdir. XX əsrin 30-cu illərinin repressiya qurbanlarına həsr olunmuş belə bir tarixi faciəni hazırladığına görə Mehriban xanım Ələkbərzadəyə təşəkkür etdi. Biz də təşəkkür edirik! Niyə?

Birincisi, Azərbaycan tarixinin çox qanlı səhifələrindən olan 30-cu illər repressiyası zamanı üstünə böhtan atılıb, minbir işgəncəyə məruz qalan istedadlarımızla yanaşı, onların günahsız xanımları da müsibətlərə düçar olublar. Sənədli faktlara söykənən bu dram əsəri həmin Vətən “xainlərinin” xanımlarına ithaf olunub. Teatrımız tariximizin bir səhifəsəni vərəqləyir, nəsillərə ötürür, ünvanı yalnız arxivlərdə  olan, bu günə qədər isə pərdə arxasında qorunan sənədləri Mehriban Ələkbərzadə böyük cəsarətlə meydana çıxarıb üstünə zamanın işığını salır. Müəllif və rejissorun təbirincə desək, 85 ildir bu yaradan qan axır.  Ona mənəvi məlhəm qoymaq istəyən Azərbaycanın vətənpərvər qızı Mehriban Ələkbərzadə öz soydaşlarına repressiyaya məruz qalan vətən”daşlarına” VƏTƏNDAŞ borcunu ödəməklə yanaşı, tarixin içində yeni bir tarix yaratdı: keçmişimizdən bir lövhə, bu günümüzdən sabaha bir lövhə əmanət etdi. 

Mehriban Ələkbərzadəyə  imtahan vermək bir elə də asan məsələ deyil! Dünənin faciəsinə görə bu gün imtahan vermək də çox çətindir...  Çünki bu gün  səs, mimika, mizan gerçəkliyi sanki qızıl tərəzisində ölçülür. Bəzən 6, bəzən 8, bəzən 10 saatlıq məşq prosesindən sonra dərindən nəfəs alan aktyorlar xəyalən bu günün, bu zamanın tamaşaçılarının alqış sədalarını eşidirlər. Axı...

BU GÜN GƏNC TAMAŞAÇILAR TEATRINDA  PREMYERADIR!!!    

Rafiq Rəhimli
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri,
Əməkdar Mədəniyyət işçisi, “Qızıl Kitab” mükafatı laureatı

 

Load Time (S) : 0.006937