TEATRO

TEATRO

sənət portalı

post-title

“Kaspi”nin 8 yaşlı “Teatr əlavəsi”

Nə, az, nə çox. Düz, 8 yaş... Mayın 11-də “Kaspi” qəzetinin “Teatr” əlavəsinin 8 yaşı tamam olur. Bu gün 8 il əvvələ boylananda bu əlavəmizin teatr tarixində bir iz qoyduğunun şahidi oluruq. İllər əvvəl özlərini realizə etmək üçün gənc teatrşünaslarımıza tribuna verildi. Bəlkə də, bu tribuna bizim son şansımız idi. 8 il bundan öncə bir yola çıxdıq. Bir neçə gənc teatrşünasla qollarımızı çırmalayıb “Artıq vaxtdır, başlayaq” - dedik.  

Teatrsevərlərin, qəlbi teatrla döyünənlərin bir ünvanını yaratmağa çalışdıq. Yazaraq böyüdük. Bizi teatrdan yazdığımız yazılar böyütdü. Qələmimiz itiləşdi, yazılarımız püxtələşdi. Bu gün komandamız daha böyükdür. İldən-ilə yeni gənclər bizə qoşulur, eyni amal uğrunda bizimlə birlikdə yola çıxırlar. Onlar öz üzərlərində məsuliyyətlə işləyirlər. Çağdaş teatr mənzərəsini ifadə etmək, əlbəttə, çox çətin və eyni zamanda, çox məsuliyyətli olsa da, komandamız 8 ildir, bu işin öhdəsindən yorulmadan, usanmadan, sevərək gəlir. 

Elə proseslər var ki, onlara qiymət vermək bir qədər çətindir. Belə ki, teatrdan yazmaq üçün onu sevmək, yaxud bilmək kifayət etmir. Çünki bu gün teatrdan yazılan yazıların əksəriyyəti şou xarakteri daşıyır. Bir də şoulaşan teatra kənardan baxan teatrı bilən və sevən teatrşünas yanaşması var... 

8 il sizə asan görünməsin. Bu 8 ildə 80 ilə sığacaq maraqlı günlər, macəralar, xatirələr yaşadıq. Bu komanda ilə, ən əsası, birlikdə işləməyi, ailə olmağı, müəllim-tələbə münasibətlərini, hörməti qoruyub saxlamağı, sadiq dostluğun nə demək olduğunu öyrəndik. Burada qazandığım dostluqlar mənim üçün çox dəyərlidir. Əlavəmizin bizə verdiyi ən böyük töhfə dostluqlarımızın yaranması və möhkəm tellərlə bir-birimizə bağlanmağımızdır. 

Bir körpə təsəvvür edin, doğulur, iməkləyir, addım atır və sən bütün bu proseslərdə onun yanında olur, addım atmasına vəsilə olursan. Ona sevməyin, yaşamağın nə olduğunu öyrədirsən.  Əvvəlcə bağçaya, sonra məktəbə yola salırsan. “Amandır, pis uşaqlara qoşular” deyib ona həyan olursan. O övlad sizə necə doğmadırsa, “Teatr” əlavəmiz də bizə eyni cür doğmadır. 

Bu 8 il ərzində teatr cameəsinə güzgü olmağa çalışdıq. Kiçik komandamızla çox şeyə nail olduq. İlk növbədə, teatr oxucuları üçün sabit bir məkan yaratdıq. Artıq teatr sevdalıları xəbərləri şou saytlarından yox, teatrşünasların bir araya gəlib, bu sahədə həftə ərzində yaşanan prosesləri qələmə aldıqları “Kaspi” qəzetinin “Teatr” əlavəsindən oxumağa başladılar. 

Əlavəmizin yaradıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov bizə bu yolda həyan oldu, yoldaş oldu, dost oldu, ancaq heç zaman müəllim olduğunu xatırlatmadı. Bu 8 ildə bir dəfə belə olsa, qəlbimizi qırmadı. Tənbeh edəndə də elə sözlər seçib deyirdi ki, könlümüz ondan incik düşmürdü.  Hər şeyin sevgidən, inamdan başladığını deyirdi. “Əgər sən gücünə bələdsənsə, içində istək varsa, əlbət ki, bacaracaqsan” deyib bizim stimul qaynağımız oldu. Bizi inandırdı ki, sevgi və inam olanda bütün istəklər həyata keçir. Komandamızın başında dayanan Vidadi Qafarov bizləri ətrafına cəm etdi, etimad göstərdi. Bu gün o etimadı doğrulda bilmişiksə, nə xoş bizə. O, böyük qayğı və sevgi ilə bizi birlikdə saxlamağı bacardı, yaşda nə qədər kiçik olsaq da, kaprizlərimiz, iddialarımız o qədər böyük oldu... Bəzən bunlara dözən, bəzən inciyən Vidadi müəllim yazılarımızı redaktə eləyə-eləyə bir də gördük ki, yazmağı öyrənmişik. Biz də belə başladıq. İlkin mərhələlərdə teatrşünasların laboratoriyasını yaratmaq və teatr əlavəsi dərc etmək bir qədər mümkünsüz görünürdü. Hətta döyüşmək kimi anlaşılırdı. Azərbaycanda sırf teatr sənəti ilə bağlı heç bir dövri mətbuat orqanının - qəzetin, jurnalın, saytın olmadığı vaxtda bu, doğrudan da, əsl döyüş kimi bir şey idi. Lakin biz bu döyüşdən usanmadıq, sonuna qədər mübarizə apardıq. Zaman keçdikcə “Kaspi” qəzetində “Teatr” əlavəsi böyüməyə başladı. Nəticədə indi hər həftə qəzetin dörd səhifəsi “Teatr” əlavəsinə həsr olunur. Bu dörd səhifədə həm peşəkar teatrşünasların, təcrübəli mütəxəssislərin, həm də tələbələrin obyektiv, qərəzsiz yazıları dərc olunur. Bu gün teatr ictimaiyyətinin böyük hissəsi “Kaspi”nin “Teatr” əlavəsini səbirsizliklə gözləyir, alır və oxuyur. Bunun özü belə bir zamanlar mətbuatda yazıları dərc olunmasını arzulayan gənc teatrşünaslar üçün böyük uğurdur. 

Ötən illər ərzində bir çox layihələr həyata keçirdik. “Unudulanlar” rubrikası ilə yaddan çıxmış sənətkarlarımızı yenidən xatırlatdıq,  “Debüt” rubrikası ilə teatra yeni gələn gənc aktyorlara stimul vermək kimi missiyanı həyata keçirdik. “Teatrda bir gün” layihəsi ilə teatrda gün ərzində baş verən prosesləri qələmə aldıq. Qonşu ölkələrin teatrlarında gedən yaradıcı prosesləri izlədik. Bəzən müşahidəçi olduq, bəzən də prosesin tam mərkəzində dayanıb, yaşanan hadisələri qələmə aldıq.  Beynəlxalq teatr festivallarında iştirak edib, səfər təəssüratlarımızı qeyd etdik. Teatrlarımızın direktorlarından tutmuş, bu sənətə yeni gələn ən gənc aktrisalara qədər müsahibələr aldıq, araşdırmalar etdik, portretlər, tərcümələr, resenziyalar, esselər yazdıq.

Bu gün geriyə baxanda teatrşünas olaraq tutduğumuz yoldan məmnunluq hissi duyuruq. Çünki dar çərçivə daxilində, məhdud imkanlarla teatr üçün edə biləcəyimiz hər nə vardısa, etməyə çalışdıq. Kimsə bizə “afərin” demədi. Açığı, heç bunu gözləmirdik də. Yola çıxanda bilirdik ki, ciddi teatral yazılar böyük səs-səda doğurmayacaq, şöhrət gətirməyəcək və bu gün Xalq artistlərinin baldırlarına zillənən gözlərə baxan şou saytları ilə müqayisədə “Teatr” əlavəmizi oxutmaq bizə o qədər də asan olmayacaq. 

Bu yola başlayanda “oxunmayacaqsınız”, “teatr yazıları kimə maraqlıdır?”, “bu sizə nə qazandıracaq?” kimi sualları da az eşitmədik. Belə fikirlər bizləri ruhdan salmadı. Elə bilirsiniz, bir həftə oturub araşdırma yazı hazırlayıb sayta yerləşdirəndə onu 50 nəfərin, hansısa yerdən çıxma bir ifaçının sinəsini açma xəbərlərinin isə 5000 oxunduğunu görəndə biz həvəsdən düşdükmü? Teatra qalmaqal məkanı kimi baxan “yazarlar”la mübarizə aparmaq, teatr yazılarını yorulmadan, usanmadan hazırlamaq, oxuculara təqdim etmək heç də asan olmadı. Təbii ki, tutduğumuz yolda səhvlərimiz də oldu. O səhvlərdən dərs aldıq. Ancaq bu illər ərzində kiminsə bostanına daş atmadıq, kiminsə düşdüyü mühitin qəzəbindən, hirsindən yararlanıb onu dostuna-tanışına qarşı qoymadıq, rüsvay etmədik. Qələmimizi intriqalara bulaşdırmadıq.  Düzü düz, əyrini əyri göstərməyə çalışdıq. Yeri gələndə dostlarımızın hazırladığı tamaşaları tənqid etdik, buna görə onlarla münasibətlərimiz korlandı, məclislərdə üz-üzə gələndə üzümüzü yana çevirmədik. Yadımdadır, bir dəfə yazıçı, dramaturq Firuz Mustafa  ilə teatr əlavəmizdə yer alan yazıları müzakirə edərkən mütəmadi olaraq “Teatr” əlavəsində dərc olunan yazıları oxuduğunu və qəzetimizin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini demişdi. Dost olsaq da, yazılarımızın birində onu tənqid etdiyimizi unutmadığını vurğulamışdı: “İndiki dövrdə insanları daha çox tərifləyirlər. Heç kim tənqid yazmır. Ancaq “Teatr” əlavəsini oxuduqda özüm haqqında tənqidi məqaləyə rast gəldim”.

Nəticə olaraq, geriyə baxanda qazandıqlarımız itirdiklərimizdən çoxdur. Teatr əlavəmizin  yazarlarının imzası tanınır. Onların qələmindən çıxan yazılar böyük maraq doğurur. Məhz bu səbəbdəndir ki, paytaxt və bölgə teatrlarımızın arasında teatr əlavəmiz kifayət qədər populyardır. 

Əldə etdiklərimizlə kifayətlənmədik. Teatr oxucularının inamını, etimadını doğrultduq. Bu gün geriyə baxıram və bu 8 ildə heç də asan, rəvan, işıqlı yollarla gəlmədiyimizi görürəm. Bu gün teatr əlavəsi varsa,  bu əlavədə yazıları çıxan imzalara borcluyuq. Yaxşı ki varıq. Yaxşı ki, hər kəsin təpə-qapaz eləmək istədiyi teatrımızdan yazmağa başqalarına imkan vermədik. Yaxşı ki, bu qaranlıq yolda işıqlarımızı yandırdıq. Biz də varıq dedik. Biz teatrlarımızı yalnız aktyor işdən çıxarılanda, hansısa aktyor dünyasını dəyişəndə, kiminsə kiminləsə düşmənçiliyi olanda deyil, hər yeni hazırlanan tamaşalarda, illərini teatra həsr edən aktyorların yaradıcılıq yolunda əldə etdiyi uğurlarda yada saldıq. 

Məhz bu səbəbdəndir ki, “Teatr” əlavəsinin oxucu kütləsi ziyalılardan, teatrı bilənlərdən və sevənlərdən ibarətdir. Bu gün teatrlarımızda hər hansı yaradıcı proses gedəndə, beynəlxalq festivallardan uğurla qayıdanda yada, ilk növbədə, “Kaspi” qəzetinin “Teatr” əlavəsi gəlir. Bunun özü belə burada çalışan qələm dostlarımın qazandıqları etimad və uğurun göstəricisidir. 

“Teatr” əlavəsinin  Azərbaycan teatr prosesinə verdiyi töhfə isə əvəzolunmazdır. Bu 8 il ərzində ümidlərimizi və uğurlarımızı yanaşı qoyduq. Nəyə ümid edirdik və nəyə nail olduq? Bunları müqayisə edəndə ümidlər doğrulub, uğurlar isə böyükdür. 

Mənim 8 yaşlı “Teatr” əlavəm, üzün ağ  olsun. Çünki bu 8 ildə şərəflə, ləyaqətlə teatr cameəsi üçün çalışırsan. Yolun açıq olsun.

Load Time (S) : 0.005917