TEATRO

TEATRO

sənət portalı

post-title

Jan Lui Barro - “Teatr haqqında düşüncələr”

Teatro. Az Samirə Behbudqızının rus dilindən tərcüməsində görkəmli fransız aktyor və rejissoru Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” əsərini dərc etməyə başlayır. 

Özünü Antonen Artonun şagirdi sayan və “total teatr”ın tərəfdarı olan, zəngin aktyorluq və rejissorluq təcrübəsinə malik Barronun (1910-1994) teatr, bu sənətin təbiəti, funksiyası, aktyorluq sənəti və s. haqqında müşahidə və mülahizələrindən ibarət kitabının anlatdığı mətləbləri ana dilimizdə əxz etmək imkanı qarşınızdadır.    

I. Bizim daxilimizdə teatr necə yaranır 
Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas olan cəhətdir. İnsan odu kəşf etdi, Dionis və Apollonun adı ilə bağlı olan zərif sənətləri yaratdı və bu onu qeyri canlılardan fərqləndirir. Lakin bir cahə var ki, onlar arasındakı sərhədi itirir -  bu, oyundur. Heyvanlar da, dostları insanlar kimi oynamağı bacarırlar. Və o anda ki, fauna aləminin nümayəndəsi oyun çıxarmağa başlayır, onun təxəyyülü işə düşür, halbuki bu vaxta qədər onun belə bir qabiliyyətə malik olduğunu adətən ehtimal etmirik. Köpək şəkil çəkməyi, at heykəl yapmağı bacarmır, pişik isə radiodan Baxın simfoniyaları eşidiləndə ehtizaza gəlmir, qunduz isə öz yuvasını lazımsız əşyalarla bəzəməyi heç ağlına da gətirmir. Amma hisslərini ifadə etməkdən ötrü, ya da özlərini ürkək göstərmək üçün bu canlılar min cür oyun çıxaranda əsl artistə çevrilirlər. Quşları da bu sıraya aid etmək olar. 

Köpəyin topla, pişiyin ipə bağlanmış kağız parçası ilə oynamasını müşahidə edin. O, əyləncə predmetinin ətrafında necə şövqlə qaçır: onun davranışında hiyləgərliyin mövcud situasiyaya aid bütün çalarları var. Və birdən o dayanır. Budur, təsəvvür edilən düşmən sanki artıq göz önündədir. Dramatik an, “razvyazka”ya lap az qalıb, meydana olum və ya ölüm məsələsi qoyulub: ya o, ya mən. Diqqət! Düşmən əlçatan məsafədədir. Bir, iki, üç... Budur o! Və köpək günahsız topun üstünə atılır, təxəyyülündə onu düşmən kimi canlandıraraq bayaqdan oynadığı əyləncə vasitəsini amansızlıqla didişdirməyə başlayır, amma onu “öldürmək” fikrindən uzaqdır. Tam bir ruh yüksəkliyində o, topu yuxarı atıb döyüş nidası ilə səslənir və qələbənin dadını çıxararaq topun ətrafında az qala çapır, hərəkətləri ilə hansısa vəhşi qəbilənin qalib döyüşçülərini xatırladır. Beş dəqiqə sonra həmin bu köpək pəncəsini tilişkəyə məruz qoyaraq sizin qarşınızda iztirab hisslərini canlandıracaq. Əlinizdə çamadan gördükdə isə biganəlik nümayiş etdirəcək. Axı əyləncə xatirinə saxtakarlıq etmək və ya əsl reallığı təsəvvür edilən reallıq oyununa çevirmək hər bir canlıya xas cəhətdir, istər insan olsun, istərsə də fauna aləminin nümayəndəsi. Bu təzahürü doğuran nədir?. Ola bilər ki, fərz edilən şəraitlərdə özünü qalib hiss etmək əhvalı. Əslində isə fərz edilən şərait gerçəkdə baş versə, qorunmaq, xilas olmaq instinkti üstün gələr. Həmin situasiya gerçəklikdən uzaq vəziyyət kimi təzahür etsə, cəsarətsizlik əhvalı sezilməz – qorxunu yaradan səbəblər mövcudiyyətdən kənar hallarında necə də cəlbedicidir, biz bu halların hökmü altına necə də məmnuniyyətlə düşürük. Həqiqi qorxu halından həzz almaq necə, mümkündürmü? Əsla yox! Siz gerçək təhlükə ilə üz-üzə qalanda belə bir xassəli həzzin hayında ola bilməyiniz ağlasığmazdır. 

“Komediya çıxarmaq” həvəsi çox güman ki, həyatı və onun qarşımızda qoyduğu vəzifələri daha dolğun anlamaq tələbatından doğur. Məhz buna görə həyatın süni şəklini canlandırırıq. Və bu canlandırdırılmış, lakin “təmizlənməyə”, “filtrasiyaya” məruz qalmış gerçəkliyə baş vuraraq hər bir nəsnə barəsində daha sayıqlıqla mühakimə yürütməyə, bu və ya digər şəraitdə atılmalı olan ən doğru addımı daha tez seçirsən; ani reaksiyanın zəruriliyi sənin gözlərini qamaşdırmır; sən heç bir səhvə yol vermədən həyat elmində məşğələlər keçə bilərsən. Bu, insan həqiqi mənada köməksiz olduğu məqamlarda insana xidmət etməli olan potensial güc məktəbidir. Bu, “enerji” məktəbidir, bir növ, yenidən yüklənmə mənbəyi qismində. Təbiətimiz etibarilə biz hamımız ikili təbiətə malikik – bu qəbul edilmiş həqiqətdir – lakin günlərin bir günü bizim çoxsaylı olmağımız aşkarlansa təəccüblənmək lazım deyil. “İnsanda o qədər insan yaşayır ki!”. Lakin hətta əgər biz müxtəlif çoxsaylı insanların məskəni, məkanı kimi xidmət ediriksə belə, daimi olaraq iki əsas sima özünü büruzə verir; buna görə biz özünüzü ikili şəxsiyyətli, ikili təbiətli adlandırırıq.  

Bizim ikinci “mən”imizin özünün ayrıca həyatı var. Yuxularımızda yaşayan məhz odur, bəli. Teatrlaşdırılmış, oyaqkən görülən yuxudur. Son illər teatrın yalanları, uydurmaları haqqında çox danışılıb. Aktyor da özü üçün  illüziyalar yaradır və buna görə də onun oyunu aldanışdan başqa bir şey deyil. Tamaşaçı da özünün təxəyyülünün ixtiyarına buraxılır və hətta gördüyünə inanır, yalan onu da hakimiyyəti altına alır. Söhbətin aktyordan və ya tamaşaçıdan getməsinin fərqi yoxdur; hər iki halda bədnam təzad iki yalançının əlbirliyinin nəticəsi olaraq meydana çıxır. Tutaq ki, bu belədir. Deyirlər axı yuxuların gerçəkliyə heç bir aidiyyatı yoxdur. Tutaq ki, bu belədir. Əbəs yerə demirlər ki, yuxuların aldadıcılıq xüsusiyyəti var. Bununla belə, bizim bu haqda məlumatımız demək olar ki, yoxdur. 

Yaxşısı budur, deyək ki, teatr həyat kimi bir yuxudur və biz daha yalan barəsində bəhs etməyək. 

Teatrın bütün tarixi bizə deyir ki, bu incəsənət növü yamsılama bacarığından doğub. Və ya daha dəqiq desək, incəsənət – gerçəkliyin solğun əksi yox, həyatın sənət vasitələri ilə canlanıdırılmasıdır. Sənətkar sənət sehrinin gücü ilə öz əsərinə ruh verir və buna görə də bu əsərlərdə həyat nişanəsi daha çoxdur, nəinki adi əşyalarda; ədalət naminə rəsm əsərini, heykəltəraşlıq nümunəsini və ya simfoniyanı aləmə aid etmək doğru olardı. Yaradıcılıq prosesində sənətkar sanki yeni nəslin təməlini qoyur və nəticədə dünyaya onun övladı gəlir. Bir  halda ki həyat rənglər simfoniyasıdır, rəssamın, başqa sözlə, bu simfoniyanın yaradıcısının bəlli olması təbiidir. Əgər yaşam, rüzgar, həyat formalar toplusudursa, onda deməli bu toplunu yapan da olmalıdır. Yaxud həyat səslər, sədalar çələngidirsə, insan istedadının və bacarığının təzahürlərindən biri olan musiqi üzə çıxır. 

Bəs həyat hansı görkəmdə canlanmalıdır ki, yamsılayanın varlığı özünü doğrultsun? Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, musiqi, poeziya özlərinin tarixi təsdiqlərinə varıblar, tarixin bəlli inkişaf pillələri olduqlarını sübut ediblər. Yamsılama sənəti də o pillələr sırasına layiqdirmi? Dostumuz Flüxerin Yelizaveta teatrına həsr olunmuş maraqlı oçerkində məni heyrətə gətirən iki ifadə ilə rastlaşdım: "Diqqət ayırdığımız məsələ sözlü teatrdır, başqa sözlə, ədəbiyyata aid olan teatr" və oçerkin başqa bir səhifəsində "teatr ilk növbədə dillə eksperiment sənət növüdür və onun əyləndirmək və öyrətmək vəzifəsi bu və ya digər dərəcədə uğurla yerinə yetirilməsi sözlə eksperimentlərin müvəffəqiyyət qazanmasından asılıdır. Bu eksperimentləri isə dramaturqlar bir qayda olaraq ifadə vasitəsi kimi istifadə etməlidirlər, yəni dillə, nitqlə daim eksperiment  aparmalıdırlar, aktyorlar isə bunu tamaşaçıların ixtiyarına verməlidirlər".  

Mən bir məsələni qeyd etmək istəyirəm:  

1. "Dillə, nitqlə eksperiment sənəti" olaraq nəzərdən keçirilən "danışıq" teatrı ədəbiyyat tarixinin bölməsi kimi öz tarixinə malikdir.  

2. Özünün əsas vəzifəsini, əyləndirməyi və öyrətməyi yerinə yetirərkən dramaturq həyatın canlı təsvirini yaradan ifadə vasitəsi kimi sözdən yararlanmalıdır, başqa sözlə, dillə dayanmadan eksperiment aparmalıdır. 

Lakin bu halda daha bir qənaət aşkara çıxır: teatrın tarixinə bu nöqteyi-nəzərdən baxsaq bu tarix heç də bəşər övladının yaranmasıyla eyni tarixə təsadüf etmir. Həyat uğrunda fasiləsiz mübarizə aparmalı olan insan rəqsləri, nidaları, nəğmələri, duaları və hərb vərdişlərini ona görə yamsılayırmış ki, əcdadlarının gücü və düşmənlərinin qüvvəsi onun bütün varlığına sirayət etsin. Bütün bunlar qeyri-adi, belə demək mümkünsə, sehrli davranışlar idi. O vaxt sözün həqiqi mənasında incəsənət hələ mövcud deyildi. Burda biz yalnız həyatla bağlı olan mübhəm, sirli metafizik və kabalist hərəkətlərlə rastlaşırıq. Sonralar mağaraların divarlarında rəsmlər çəkərkən insan bu yolla heyvanlara bələd olmağa, onlardan faydalanmağa; qida mənbəyi kimi istifadə etməyə və ya əhliləşdirməyə başladı. Və biz yenidən qeyri-adi, sehrli tərzlə qarşılaşırıq. Sonralar insan ilk maskanı hazırlayanda bu yapma sifətdə öz simasını, öz mahiyyətini deyil, qəbiləsinin səciyyəsini, onun daxili aləmini göstərməyə cəhd edirdi. 

Bütün bunlarda hələ heç bir incəsənət yoxdur; insan hələ hər şeydən yalnız xeyir, mənfəət götürmək mərhələsindədir. Əyləndirmək və ya öyrətmək yox, müdafiə olunmaq - ibtidai insanın hərəkətlərinin yeganə məqsədi budur. Burda bütün ustalıq sehrli hərəkətlərin texniki mükəmməıliyindən ibarətdir.  Burda sənət adlana biləcək yanaşma yalnız sehrbaz hərəkətlərin texniki mükəmməlliyində ifadə olunur (Haitidə "vodu" mərasimi zamanı boya ilə torpağa həkk edilən və  "vever" adlanan işarələr öz gözəlliyinə görə yox, əməli təsir qüvvəsinin tutumuna görə mükəmməlliyə yaxındır. Bu iki keyfiyyət möcüzəli şəkildə bir-birini tamamlayıb). 

Rus dilindən tərcümə edən: Samirə Behbudqızı 
 

Load Time (S) : 0.004828