TEATRO

TEATRO

sənət portalı

post-title

İzamə Babayeva - Azərbaycanda musiqili teatrın tarixindən

Sözün, musiqinin, səhnə hərəkətlərinin,  vokal və instrumental ifaçılığın vəhdətindən əməli gəlmiş opera sənəti XVI əsrin sonunda İtaliyada meydana gəlmişdir. Opera sözünün mənası italyan dilində - iş, əmək, məşğuliyyət; latın dilində - əmək, əl işi, əsər deməkdir. 

Arif Hüseynov operanın xarakteristikasından bəhs edərkən yazır: “Opera kollektivlərinin tərkibi solistlərdən, xordan, orkestrdən ibarət olur. Bəzi Avropa opera teatrlarında orkestrə orqan da daxil edilir (1 s. 5). 

Opera janrında oxuyacaq qadın müğənnilər soprano (lirik soprano, lirik-dramatik soprano, metso-soprano, dramatik soprano, koloratur soprano, dramatik koloratur soprano, kontralto) (1 s. 5) səslərinə, kişilər  isə tenor – lirik tenor, lirik-dramatik tenor, dramatik tenor, bariton-bas bariton səslərinə malik olmalıdırlar.

Bəzi mənbələr ilk opera əsəri kimi Cakopa Perinin 1597-ci ildə yazdığı “Dafiniya” əsərinin adını çəksələr də, başqa bir qismi Klaudio Covanni Monteverinin 1606-cı ildə qələmə aldığı “Orfey”i yeni bədii formanın ilk nümunəsi hesab edirlər. “Dafiniya”nın dövrümüzə parçalar şəklində çatması onu ilk opera əsəri kimi təqdim etməyə imkan vermir. Bundan lap əvvəllər, 1480-cı ildə Beverininin “Müqəddəs Pavelin dönməsi” ruhani tamaşasında səslənən musiqi də operanın yaranmasına zəmin hazırlayan ciddi əsərlərdən biridir. 

Barokko dövründə əsası qoyulmuş opera janrı əsrin ortalarında daha çox madriqal (ana dilində yazılmış kiçik həcmli əsər) səciyyəsində xor ilə məhdudlaşan “çoban oyunları” – yəni pastorollar kimi geniş inkişaf edir. Buna misal kimi Orasio Vekkinin “Amfiparnasso” madriqal komediyasını nümunə göstərmək olar ki, tamaşa zamanı pərdə arxasından xorun səsi eşidilirdi.

XVI əsrin sonlarına doğru musiqili madriqal tamaşalara monodiya-təksəsli ifa formasında yazılmış partiyalar əlavə edilir. Bu kimi amillərin baş verməsi opera sənətinin sürətli şəkildə inkişafına səbəb olur və XVII əsrin birinci yarısından başlayaraq musiqili əsərlərə “Opera” adı verilməyə başlanılır. XIX əsrdə opera bəstəkarlarından Rixar və başqaları yenidən onun adını “musiqili-dram” adlandırır.

Opera janrı tarix boyu müxtəlif şəkillərdə formalaşaraq dramaturgiyanın bəzi qanunlarıyla uyuşsa da, əsas komponentləri operanın növündən asılı olaraq inkişaf etmişdir. Operanın: böyük opera (opera seria), yarıkomik (semiseria), komik opera (opera-buffa), romantik opera kimi növlərinə rast gəlinir.

Əsası İtaliyada qoyulmuş operanın komik növünə daha çox Almaniya və Fransada rast gəlmək olar. Alman və fransız operalarında musiqi nömrələri arasında dialoqa yer verilməsi normal qəbul edilirdi. Komik opera XIX əsrin ikinci yarısından yaranmış operettanın təməlini qoyur. 

Opera janrında yazmağa üstünlük verən bəstəkarlar təkcə böyüklər üçün ciddi və komik əsər yazmaqla kifayətlənmir, uşaqlar üçün də “Balaca bacatəmizləyən”, “Nuhun gəmisi” (Bencamin Britten), “Kral Birinci Matiuş”, “Asqard”, “İyrənc ördək balası” (Lev Konov) kimi maraqlı musiqili tamaşaları ərsəyə gətirirlər.

Opera janrı Azərbaycanda

Opera janrının təşəkkülü Avropa ilə yanaşı, Şərq ölkələrindən də yan keçmir. Artıq XIX sonu, XX əsrin əvvəllərindən etibarən azərbaycanlı bəstəkar və dramaturqlar opera janrına böyük maraq göstərir, bu janrda əsərlər yazmağa çalışırlar. Avropada opera janrı təməlini musiqili tamaşalardan götürdüyü halda, Azərbaycanda yaranmış operanın kökünü muğam və xalq meydan tamaşaları təşkil edirdi. Qədimdə insanlar toy-bayramlarda, igidlərin dəfnində, yağışın yağması, əkin-biçinin bərəkətli olması üçün qurduqları səhnəciklərdə bayatılardan, şeirlərdən və xalq mahnılarından istifadə edirdilər. 

Zaman dəyişdikcə xalq meydan tamaşalarının forması da dəyişərək, yenilənir, daha ciddi şəkildə inkişaf edir. Milli musiqimizin vətəni sayılan Qarabağda, eləcə də Göyçə və Şirvan bölgəsində, muğam ifaçılarının, aşıqların fəaliyyəti intişar tapır. Onlar el şənliklərində, toylarda “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm”, “Şahzadə Əbülfəz” (2 s. 365) kimi məhəbbət, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarını söyləyərək, insanları musiqinin və məlahətli səsin ətrafında toplayıb, bir araya gətirirdilər.
 
XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanda Əbdülbağı Zülalov, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, İsmayıl, Qaraçı Əsəd, Məcid Behbudov, Malıbəyli Həmid kimi məşhur xanəndələr öz ecazkar səsləri ilə tez-tez musiqili məclislər qurur, toy və şənliklərdə insanları əyləndirirdilər. Sənətkarların musiqiyə, əyləncəli tamaşalara olan marağı dövrün ədiblərini, dramaturq və jurnalistlərini həvəskarlardan ibarət tamaşalar hazırlamağa həvəsləndirir. 

O vaxt Sankt-Peterburqda təhsil alaraq geri qayıdan Əbdürrəhim bəy Haqverdiyev qarabağlı həvəskarlarla birgə “Məcnun Leynin qəbri başında” adlı musiqili səhnəciyi hazırlayır. Həmin səhnəciyin xorunda gələcək bəstəkar Üzeyir bəy Hacıbəyli (12 yaşında ikən) də oxuyub. Bu tamaşanın onun gələcək həyatında mühüm rol oynadığını o, öz xatirələrində də qeyd edib. 

Qori müəllimlər seminariyasını bitirən gələcək bəstəkar 1907-ci ildə süjet xəttini Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından götürərək eyniadlı ilk operasını yazır. 

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası müsəlman Şərqində ilk opera əsəridir. O, bu əsərini “direksion üslubda” (4 s. 513) yazıb. Öz xatirələrində bəstəkar etiraf edir ki, “mən ilk milli operamızı işləyəndə ancaq solfedjionun əsaslarını bilirdim” (2 s. 367). Əsər “Nicat” cəmiyyətinin aktyorları tərəfindən Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulub. 12 yanvar 1908-ci tarixində oynanılan “İlk tamaşanın dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub” (3 s. 399). Üzeyir Hacıbəyli Məcnun rolunu oynamağı Hüseynqulu Sarabskiyə həvalə edir. Bəstəkar hələ bundan öncə “Əl Mənsur” tamaşasında Hüseynqulu Sarabskini izləmiş və onun gözəl avazlı səsinə heyran olmuşdur. Demək olar ki, 1919-cu ilə kimi bu rolda Hüseynqulu Sarabski səhnəyə çıxmış, Məcnun rolunu onun kimi oynayan ikinci aktyor olmamışdır.

Dahi bəstəkar “Leyli və Məcnun” operasının süjet xəttinə və konfliktin mahiyyətinə uyğun olaraq əsərdə “Mahur Hindi”, “Şur”, “Segah”, “Qacar Bayatısı” (“Bayatı Qacar”) kimi muğamlardan və “Kabili”, “Müxalif” kimi muğam şöbələrindən yararlanıb. 

İlk uğurlu işindən sonra Ü.Hacıbəyli “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Koroğlu” (1937-ci ildə yazılmış opera onun şah əsəri hesab edilir) kimi operalar yazır.  Operalarının uğurlu səhnə yozumundan sonra Ü.Hacıbəyov daha əyləncəli, komik janrlı operettalar yazmağa başlayaraq 1910-cu ildə özünün “Ər və arvad” operettasını bəsətləyir. Bəstəkarın ilk operettasına da quruluşu Hüseyn Ərəblinski verir. Üzeyir Hacıbəyli operada olduğu kimi operettada da baş rolu Hüseynqulu Sarabskiyə həvalə edir. 

1911-ci ildə bəstəkarın “O olmasın, bu olsun” və ya “Məşədi İbad” operettasını “Nicat” cəmiyyətinin teatr dəstəsi oynayır. 1913-cü ildə isə bəstəkarın növbəti unikal operettası “Arşın mal alan” böyük uğurla səhnələşdirilir. 

Opera və operettanın təşəkkül tapması bəstəkarlarda bu növlərə böyük maraq oyadır. Üzeyir Hacıbəylinin ardınca Mirzə Cəlal “Fərhad və Şirin” (1911), Rza Zaki Lətifbəyov “Nigar və Neman”, Əbdülqədir İsmayılzadə “Seyfəlmülk”, Hacıbaba Şərifov “Mehr və Mah” (1916), Zülfüqar Hacıbəyli “Aşıq Qərib” (1916), Müslüm Maqomayev “Şah İsmayıl”, “Nərgiz” kimi operalarını yazırlar. Daha sonra görkəmli bəstəkərlarımız Q.Qarayev, F.Əmirov, A.Məlikov, C.Cahangirov, S.Hacıbəyov, R.Hacıyev, Niyazi, C.Hacıyev, Ş.Axundova, R.Mustafayev, Ə. Abbasov, V.Adıgözəlov, F.Əlizadə və başqaları da Azərbaycanda opera və operetta sənətinə öz töhfələrini verirlər.  

Azərbaycanda opera solistləri

Azərbaycan opera səhnəsi həmişə güslü səsə malik görkəmli vokal ifaçıları ilə zəngin olmuşdur. Qadın müğənnilərdən Şövkət Məmmədova, Həqiqət Rzayeva, Firəngiz Əhmədova, Fatma Muxtarova, Zəhra Rəhimova, Gülxar Həsənova və b. kimi gözəl səsə malik qadın müğənnilər parlaq obrazlar yaradıblar. Bu gün də səhnəmidə Fidan və Xuraman Qasımova bacıları, Qərinə Kərimova, Fidan Hacıyeva, Dinarə Əliyeva, İlahə Əfəndiyeva və b. yüksək istedadlı ifaçılar fəaliyyət göstərir.

Kişi müğənnilərdən Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov, Hüseynağa Hacıbababəyov, Rauf Atakişiyev və başqaları opera teatrında çalışmış və yaratdıqları obrazlarla Azərbaycan vokal ifaçılıq sənətini inkişaf etdirmişlər. Bu gün həmin korifey sənətkarların yaradıcılıq ənənələrini Azər Zeynalov, Şahlar Quliyev, İlham Nəzərov, Samir Cəfərov, Cahangir Qurbanov, Ramil Qasımov və başqa müğənnilər davam etdirirlər.


İstifadə edilmiş ədəbiyyat siyahısı:
1.    Hüseynov Arif. Opera nədir? Azərbaycan, 2009, 18 oktyabr. S.5.
2.    Rəhimli İ. Azərbaycan teatr tarixi. I cild, Şərq-Qərb, Bakı: 2017
3.    Rəhimli İ. Azərbaycan teatr antologiyası. I cild, EL, Bakı: 2013.
4.    Rəhimli İ. Azərbaycan teatr tarixi. Bakı: 2004.


Babayeva İzamə 
ADMİU-nin “Teatr sənəti ” fakültəsinin  magistrantı

Load Time (S) : 0.000128