TEATRO

TEATRO

sənət portalı

post-title

İzamə Babayeva - Azərbaycanda milli opera sənəti nümunələrinin  səhnə təcəssümü ənənələri 

Musiqi sənətinin yaranması və inkişaf tarixi hələ bizim eramızdan əvvəllərə gedib çıxır. Mahmud Allahverdiyev, İlham Rəhimli və başqa teatrşünaslar öz araşdırmalarında xalq oyun-meydan tamaşalarını geniş şəkildə təhlil etmiş, musiqinin qədimliyinə dair müxtəlif faktlar irəli sürmüşlər. 

Xalq oyun-tamaşaları, əsasən, açıq havada, el-oba məskunlaşan mərkəzlərdə, şəhər və meydançalarda, bazar və dükanların qarşısında təşkil edilirdi. Bu tamaşaların hər birində mütləq şəkildə müəyyən zümzümələrdən, musiqili alətlərini xatırladan vasitələrdən istifadə edilərək, insanları şənləndirirdilər. Təşkil edilən hər bir tamaşada mütləq şəkildə aktyor oyunu və musiqi paralel şəkildə özünü göstərirdi ki, bu da opera və operetta sənətinin yaranması üçün zəmin hazırlayırdı. 

XX əsrdə Azərbaycan operasına zəmin hazırlayan Avropa və rus mədəniyyətində operanın inkişafına xüsusi önəm verilirdi. Rus mədəniyyətşünasları musiqi, dialoq və rəqsin birgəliyini hələ qədim zamanlardan mövcud olan skomoroxlarla əlaqələndirir, bu sahəyə xüsusi diqqət göstərirdilər. XVII əsrin sonu XVIII əsr arasında Rusiyada artıq opera janrına hazırlıq mərhələsi başlamışdı. O dövrlərdə İtaliya və Fransaya səyahətə çıxan rus səyyahları oradakı opera sənəti ilə tanış olduqdan sonra öz heyranlıqlarını gizlətmədən bu janra olan vurğunluqları haqqında yazırlar. Hələ 1731-ci ildə Anna İoannovanın dəvəti ilə italyan opera truppası gələrək sakson sarayında tamaşa oynayırlar. Bundan sonra onlar daima Rusiyaya səfər etməyə başlayırlar.  

1835-ci ildə Aleksey Verstovskinin yazdığı “Askoldov qəbiristanlığı” adlı opera öz xoru, musiqisi və digər cəhətləri ilə ondan əvvəl yazılmış əsərlərdən daha samballı hesab edilirdi. Ondan bir il sonra M.İ.Qlinkanın yazdığı “Çar üçün fəda etmə” əsəri özündən əvvəlki bütün operalardan daha samballı və janrın tələblərinə uyğun idi. Məhz buna görə M.İ.Qlinkanı rus operasının atası hesab edirlər. M.İ.Qlinka daha sonra A.S.Puşkinin “Ruslan və Lüdmila” əsəri əsasında eyniadlı operasını yazır və beləliklə, rus opera sənəti dirçəlmə və inkişaf mərhələsinə qədəm qoyur.  

XX əsrdə Rusiya opera sənətində bəstəkarlar bir-birilərinin ardınca sanballı əsərlər yazmağa başlayırlar. Bu dövrdə Sergey Raxmaninovun “Françesko da Rimini”, İqor Stravinskinin “Mavr”, Sergey Prokofyevin “Üç portağala məhəbbət”, “Yanan mələk”, “Kilsədə evlənmə”, “Müharibə və sülh”, Dmitriy Şostakoviçin “Burun”, “Ledi Maqbetin Mçenskidən gedişi” kimi əsərləri öz yenilikçi xarakteri ilə seçilir. 

Çar hakimiyyətinin idarəçiliyi ilə fəaliyyət göstərən Azərbaycan yazıçı, şair və bəstəkarları milli teatrın yaranması istiqamətində mühüm addımlar atmaqda idilər. Bu istiqamətdə artıq XIX əsrin 70-ci illərində mühüm addımlar atılmış, milli peşəkar teatrın əsası teatrsevər həvəskarlar tərəfindən qoyulmuşdu. Ancaq həvəskar truppaları dram tamaşaları ilə kifayətlənmirlər və axtarışlarını davam etdirirlər. Bu dövrlərdə geniş ictimai fəaliyyəti ilə seçilən, Azərbaycan mədəniyyətinin inkişafı naminə fədakarlıq etməkdən çəkinməyən, gələcəyin dahi bəstəkarı olacaq Üzeyir Hacıbəyov hər kəsdən əvvəl hərəkətə keçir. Müxtəlif adlarla qəzet və jurnallarda məqalələri dərc edilən Ü.Hacıbəyov öz yaradıcılığının əhatəsini daha da genişləndirərək, Azərbaycan musiqinin həvəskarlıqdan professionallıq mərhələsinə qədim qoymasına zəmin hazırlayır. Ü.Hacıbəyovun əslən Şuşadan olması, uşaqlığının geniş xalq musiqiləri əhatəsində keçməsi onun musiqi sənətinə marağını təmin edən ilkin faktorlardandır. O, hələ özünə qədər ölkədə inkişaf etmiş məişət tamaşaları, mərasim oyunları, məhəbbət dastanları, aşıq havaları ilə yaxından tanış idi. Mərasim və meydan tamaşalarının milli operamızın əsasının qoyulmasında mühüm rol oynadığını qeyd edən teatrşünas İlham Rəhimli də bu barədə yazır: “Azərbaycanın müxtəlif xalq oyun-tamaşalarında musiqidən geniş istifadə edilib. Bu musiqilər öz xarakterlərinə görə bugünkü opera və musiqili komediya tamaşalarının müəyyən səciyyələrini daşıyıb. Məişət tamaşarında, ya mərasim oyunlarında, məhəbbət dastanlarının söylənilməsində tək ifalar (ariyalar), deyişmələr (duetlər), söyləmə-oxumalar (ariozalar), məzhəkəli mahnılar (kupletlər), məsxərəli höcətləşmələr olub. Estetik tutum baxımından həmin vasitələr əslində Azərbaycan, geniş mənada isə Şərq opera və operetta janrının genetik köklərini təşkil edir” (Rəhimli İ. Azərbaycan teatr tarixi, Çaşıoğlu, Bakı: 2005). 

Ü.Hacıbəyovun millətinə, vətəninə olan sevgisi və istedadı onu tez bir zamanda Şərqin dahi bəstəkarlarından birinə çevirir. O, 1907-ci ildə Şərqin ilk opera əsəri sayılan “Leyli və Məcnun”u yazır. Üzeyir Hacıbəyov əsərin librettosunu Şərqin dahi şəxsiyyətlərindən biri olan Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazır, ancaq həmin illərdə bəstəkar not bilmədiyinə görə opera direksion üsulu ilə yazılır. Onun bu əsərə olan marağı hələ 1897-ci ildə “Məcnun Leylinin qəbri başında” adlı səhnədə xor dəstəsində çıxış etməsilə ilə başlamışdı.

 Üzeyir Hacıbəyovun yazdığı ilk milli operanı həvəskarlardan ibarət dəstə 1908-ci il yanvar ayının 12-də H.Z.Tağıyevin tikdirdiyi teatr binasında oynayırlar. Hələ 1897-ci ildə “Məcnun Leylinin qəbri başında” səhnəsində Əbdürrəhim bəy Haqverdiyevlə birgə çalışan Ü.Hacıbəyov, operanın ilk səhnələşdirildiyi gündə yenə ədiblə birlikdə çalışır. Bu tamaşada dramaturq, ədib Ə.Haqverdiyev dirijor vəzifəsini icra edir. 

İstər dram, istərsə də musiqili milli əsərlərin səhnələşdirilməsində 1870-1920-ci illərdə, demək olar ki, eyni kollektiv gecə-gündüz demədən çalışıb, hər cür zəhmətə qatlanırdılar. Buna səbəb nəydi? Hələ “Əkinçi” qəzetində, “Molla Nəsrəddin” və başqa jurnallarda müxtəlif adlarla məqalələrini dərc etdirən azərbaycanlı dramaturq, jurnalist və ədiblər bir amala xidmət edirdilər: insanları cahillikdən qurtarsınlar, qızlar təhsil alsınlar, cəmiyyəti dar çərçivədə deyil, daha geniş çərçivələrdə inkişaf etdirsinlər, öz daxili qabiliyyət və istedadlarını çəkinmədən, qorxmadan tamaşaçıların gözləri önündə ustalıqla sərgiləsinlər. Bunun üçün cəmiyyət onlara uzanan hər bir maarifpərvər, ziyalı əlindən yapışmağa hazır idi. Bundan düzgün şəkildə istifadə edən azərbaycanlı maarifçi, ziyalı və dramaturqlar tez bir zamanda ölkənin mədəni atmosferinin inkişafı naminə bir araya gələrək, ədəbiyyatın və mədəniyyətin imkan verdiyi bütün sahələrdə özlərini sınayırlar. Hələ XVI əsrdə əsası qoyulmuş opera janrı XX əsrin əvvəllərində dahi bəstəkar Üzeyir Hacıbəyovu məhz buna görə cəlb etmişdi. O, tamaşaçıların diqqətini tez bir zamanda M.F.Axundov, Ə.Haqverdiyev, N.Vəzirov, C.Məmmədquluzadə dramlarından ayıraraq, musiqinin və sözün vəhdətindən əmələ gələn opera və operettalara yönəldir. Qeyd etmək istərdik ki, onun bu dahiyanə düşüncə və addımı mədəniyyətin daha bir qolunun inkişafı üçün zəmin yaradır. Ü.Hacıbəyov ilk milli operası ilə təkcə azərbaycanlı tamaşaçıları deyil, eyni zamanda bütün Şərq tamaşaşaçılarının diqqətini cəlb etməyi bacarır. 
Üzeyir Hacıbəyovun uzaqgörənliyi və dahiliyi onda idi ki, o, mövzu seçimində də düzgün addım atır. Onun əsərlərində mövzu seçimini dəyərləndirən Mirzə İbrahimov bu barədə yazırdı: “Onun dramları janr xüsusiyyətləri cəhətdən iki ruhdadır: klassik və xalq ədəbiyyatının məhəbbət, ya qəhrəmanlıq motivləri əsasında yazılmış ciddi dramlar və süjeti xalqın müasir həyatından alınmış komik əsərlərdir” (Ü.Hacıbəyov Seçilmiş əsərləri, 1985, s.6). İlk operanın məhz klassik əsər əsasında hazırlanması onu daha da baxımlı və uzunömürlü etmişdi. Çünki Ü.Hacıbəyovun bəstələdiyi musiqili əsərlərin bir çoxu təkcə ölkəmizdə deyil, eyni zamanda xaricdə də dəfələrlə səhnələşdirilmiş, sovet dövründə çoxlu sayda mükafat və diplomlara layiq görülmüşdür. 

Bəstəkar ilk milli opera sayılan “Leyli və Məcnun”dan sonra 1909-cu ildə “Şeyx Sənan” operasını yazır. Tamaşa “Nicat” cəmiyyətinin teatr truppası tərəfindən Nikitin qardaşları sirkində səhnələşdirilir. “Leyli və Məcnun”da olduğu kimi, bu tamaşada da baş rolda Hüseynqulu Sarabski (Şeyx Sənan) səhnəyə çıxır. Burada qeyd etmək istərdik ki, Üzeyir Hacıbəyovla Hüseynqulu Sarabski dostluğu uzun illər davam edir. H.Sarabskinin səsi, aktyorluq məharəti, tembri onun operada oynamasına geniş şərait yaradırdı və buna görə də o, uzun illər opera teatrının unudulmaz simalarından birinə çevrilir. “Şeyx Sənan”da ikinci dəfə opera aktyoru kimi səhnəyə çıxan H.Sarabskinin həmkarları Mirzağa Əliyev (Giqo), Hənifə Terequlov (Xumarın atası) da rol alırlar. 

Üzeyir Hacıbəyov musiqi və mövzu baxımından daima axtarışda idi və olduqca uğurlu seçimləri ilə opera sənətimizi zəngin nümunələrlə yüksək zirvələrə ucaldırdı. Onun 1910-cu ildə Əbdülqasim Firdovsinin “Şahnamə” poeması əsasında yazdığı “Rüstəm və Söhrab” operası da uğurla səhnələşdirilir. Sonralar bəstəkar bu əsərin üzərində (1925) yenidən işləyərək nəşr elətdirir. Bu operada bəstəkar “Rast”, “Şur”, “Çahargah”, “Səmayi şəms”, “Rahab”, “Bayatı kürd”, “Qacar”, “Şüştər” kimi muğamlardan istifadə edir. Üzeyir Hacıbəyov psixoloji məqamları da diqqətdən qaçırmır və həmin anlarda “Mənsuriyyə”, “Əraq”, “Müxalif” kimi şöbələrə müraciət edir. 

İlk əsərin səhnələşdirilməsindən sonra Ü.Hacıbəyov professional musiqi təhsili almamasını (düzdür o, 1899-cu ildə Qori Müəllimlər Seminariyasında skripka çalmağı öyrənmişdi-İ.B) nəzərə alaraq 1911-ci ildən 1913-cü ilədək Moskvada ali musiqi təhsili alır. 1913-cü ildə isə o, Peterburq konservatoriyasında təhsilini davam etdirir. 

Üzeyir Hacıbəyov musiqi təhsili almaqla yanaşı, yaradıcılığını da dayanmadan inkişaf etdirməkdə idi. Təhsilini qürbətdə almasına baxmayaraq, Ü.Hacıbəyov bütün əsərlərində milli ruhu qoruyub saxlamış, məşhur muğam parçalarından ustalıqla bəhrələnmişdir. Rusiyada təhsil alarkən rus opera əsərlərindən təsirlənən və Şərqin ilk opera əsərini ərsəyə gətirən Ü.Hacıbəyov özü də sonralar əsərlərinin mövzusuna aydınlıq gətirərkən qeyd edir ki: “Rusların məşhur bəstəkarlarından Qlinka, Rimski-Korsakov və Çaykovskinin operaları hamısı el mahnıları üzərində yazılmışdır ki, bu da daim rus xalqının zövqünə qida verir” (Ü.Hacıbəyov, Seçilmiş əsərləri, 1985, s.11). Bəstəkarın bu qısa fikri onun Rus opera sənəti ilə yaxından tanış olduğunu sübut edir və eyni zamanda həmin əsərlərdən təsirləndiyinə işarə edirdi. Bununla yanaşı, əsərlərində millilik ruhunun, el-oba adət-ənənələrinin, məişət mərasimlərinin qorunub saxlanmasını müəyyən faktlarla əsaslandırırdı. 

İstifadə edilmiş ədəbiyyat siyahısı:
1.    Hacıbəyov Ü. Seçilmiş əsərləri. B., Yazıçı, 1985, 653 s.
2.    Hüseynov Arif. Opera nədir? Azərbaycan, 2009, 18 oktyabr. s.5.
3.    Rəhimli İ. Azərbaycan teatr tarixi. I cild, Şərq-Qərb, Bakı: 2017
4.    Rəhimli İ. Azərbaycan teatr antologiyası. I cild, EL, Bakı: 2013.
5.    Rəhimli İ. Azərbaycan teatr tarixi. Bakı: 2004.


 

Load Time (S) : 0.005132