TEATRO

TEATRO

sənət portalı

post-title

İstafil İsrafilov: “İnsanlar arasında ülfətin itməsi cəmiyyətin harmoniyasına işarədir”

Aprel ayında Türkiyənin paytaxtı Ankara şəhərində “Kiçik xanımlar, kiçik bəylər” adlı  18-ci Beynəlxalq Teatr Festivalı keçirilib. Türkiyə, Almaniya, İtaliya, Polşa, Finlandiya, İspaniya və digər ölkələrdən dəvət olunmuş teatrların qatıldığı festivalda Azərbaycanlı teatrşünas, Türkdilli Xalqların Teatr Direktorları Şurasının sədri,Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov münsif kimi iştirak edib. Professorfestivalda fəal iştirakına görə Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin mükafatına layiq görülüb.

Bu münasibətlə, İsrafil müəllimlə görüşüb, ondan festivalla bağlı təəssüratlarını bölüşməyi xahiş etdik:
 

Vüsalə İbrahimli:  İsrafil müəllim, Ankarada keçirilən festivalda Türkiyə Dövlət Teatrları  Baş Müdirliyinin mükafatına layiq görülmüsünüz. Əvvəlcə fürsətdən istifadə edib Sizi bu münasibətlə təbrik edirəm.
 

İsrafil İsrafilov: Təşəkkür edirəm!
 

V.İ.: Türkiyə səfərinizlə bağlı fikirlərinizi öyrənmək istərdim. Festival sizdə hansı təəssüratı yaratdı?
 

İ.İ.: Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Kiçik xanımlar, kiçik bəylər” festivalı beynəlxalq festivaldır və ənənəvi olaraq hər il keçirilir. Bu dəfəki festival say hesabı ilə 18-ci idi.

Həmin  festival ilk dəfə Türkiyənin birinci Prezidenti Mustafa Kamal Atatürkün tövsiyəsi, himayəsi ilə keçirilib. Türkiyənin mədəni həyatında,  uşaq siyasətində, uşaqların mədəni-estetik tərbiyəsində həmin festivalın önəmi çox böyükdür. Mən bunu konkret orada olduğum müddətdə müşahidə etdim. Təxminən bir gündə üç salonda tamaşa nümayiş olunur və uşaqlar tərəfindən çox böyük alqışla qarşılanırdı. Tamaşa zalında yer yox idi. Hətta mənə və digər qonaqlara ayrıca stul qoyurdular. Maraqlısı burasındadır  ki, həmin tamaşalara həm bilet satılır, həm də sanki məktəblilər arasında “tamaşaya baxmaq” yarışması keçirilir ki, hansı məktəb daha çox səhnə əsərinin tamaşaçısı olmağa haqq qazanır. Bütövlükdə isə 25-30 aprelin aralığında keçirilən bu festivalda çox maraqlı silsilə tədbirlər təşkil olunurdu. Orada uşaqlar bilavasitə teatr tamaşasının hazırlanma prosesi ilə tanış olurdular, onlara ayrı-ayrı sexlərdə qrim, parik, dekorasiyaların hazırlanması, işıq sisteminin qurulması göstərilirdi. Bütövlükdə tamaşaçının, bir qayda olaraq, görmədiyi səhnə arxasını və orada görülən işləri uşaqlara nümayiş etdirirdilər.  Onlar mütəxəsislərlə, həmin sahədə çalışan ayrı-ayrı adamlarla görüşür və onlara çox sayda müxtəlif suallar ünvanlayırdılar. Mənə xoş gələn o oldu ki, həmin mütəxəssislər sullardan bezmirdilər və çox məmnuniyyətlə cavab verirdilər. Ümumiyyətlə, sizə deyim ki, uşaqlarla nəzakətlə rəftar edirdilər. Mən orada olduğum müddətdə xeyli sayda tamaşalara baxdım, uşaq tamaşaçıları gördüm və onların bir-birinə qarşı səs tonunun qaldırılmasını, hər hansı sərt rəftara rast gəlmədim. Bu isə artıq tamaşaçı formalaşdırma siyasətində çox önəmli məsələlərdəndir. Tamaşaçını bezdirmək, onunla kobud rəftar etmək, ümumiyyətlə, onların baxışlarında, anlayışlarında yoxdur.

Onlarla  söhbətdə deyirdim ki, siz gələcək, potensial tamaşaçınızı formalaşdırırsız və bu yanaşma çox perspektivlidir. Başqa ölkələrdə, hətta türkdilli dövlətlərin ayrı-ayrı festivallarında, konfranslarında iştrak etmişəm, amma bu festivalda olan münasibəti heç yerdə görməmişəm. Heç uzağa getməyək, Azərbaycanda uşaq tamaşaçısına olan münasibət çox təəssüf doğurur. Bu festivalın ən böyük önəmi, ən böyük dəyəri və faydası ondadır ki, teatrlar özlərinin gələcək auditoriyasını yetişdirir, onların tamaşaya baxmaq mədəniyyətini tərbiyə edir, aktyora dəyər verməyi onlara öyrədir. Məsələn, bütün tamaşalarda səhnəyə 2 nəfər çıxır, onlar Mustafa Kamal Atatürkün uşaqlar haqqında dediyi sözləri səsləndirirlər  və bütün zal alqışla qarşılıq verir. Bu hərarətdən, çoşqudan sonra tamaşa başlayırdı. Sizə deyim ki, Avropada, Amerikada, Yaponiyada, Çində, Skandinaviya, yaxud Potsovet ölkələrində bu festivalın analoqu yoxdur. Mənim düşüncəmə görə bu bir nömrəli və yeganə festivaldır. O dövrdən Türkiyədə 23 aprel uşaq günü elan olunub və hər il bu festival keçirilir. Yəni örnək olası bir işdir. Biz də öz uşaq auditoriyamız üçün belə nümunələrdən istifadə edib festivallar təşkil etsək, elə hesab edirəm ki, bu işin xeyrinə olar.
 

İ.V: Ümumiyyətlə, mən də sizin dediklərinizə qatılaraq belə düşünürəm ki, tək festivalda yox onların hər birinin ailədə də, cəmiyyətdə də uşaqlara rəftarı fərqlənir və nümunəvidir.
 

İ.İ.: Biz, adətən, estetik ifadə, estetik özünəməxsusluq, estetik dünyagörüşün formalaşması kimi gözəl ifadələr işlədirik. Amma bunlar hamısı deklorativdir, məsələn, hardasa “uşaqlar bizim gələcəyimizdir” şüarı yazılır. Bəs uşaqlarımızın bizim gələcəyimiz olması üçün hansı işləri görürük?!  Uşaqların parlaq, xoşbəxt gələcəyindən danışırıqsa, biz bunun üçün müəyyən işlər də görməliyik. Uşaq baxçalarına, orta məktəblərə, uşaq evlərinə, cəmiyyətdə uşaqla rəftara nəzər yetirəndə görürük ki, deyilənlə müşahidə etdiyimiz uyğun gəlmir. Orada isə uyğun gəlir, hətta bu mənə bir qədər qəribə gəlirdi. Baxırdım ki, bunlar uşaqlarına irad  tutmurlar, onları dəyişməyə çalışmırlar. Qınamırlar onları. Əslində, bu çox xoşuma gəlmir, çünki mən bu məsələyə biraz konservativ yanaşıram. Onlar uşaqlarla dialoqa girdikdə cümlələrinin əvvəli də, sonu da “lütfən”dir. Biz belə etmirik. Amma mən teatrdan danışdığım üçün, əlbəttə ki, teatrda onlara münasibət, onların teatr sənətinə münasibətinin formalaşması üçün görülən işləri vurğulayıram ki, bu çox önəmlidir. Biz böyüklər tamaşaya baxmağa gələndə 15 dəqiqə keçən kimi başlayırıq mobil telefonları yandırmağa. Uşaqların bəzilərində mobil telefon olsa da  heç biri tamaşa müddətində ondan istifadə  etmirdi. Bizdə isə bəzən görürsən ki, böyük adam tamaşa zamanı ucadan telefonla danışır, halbuki həmin an aktyor səhnədə böyük hikmətləri sadalayır (gülür). Əlbəttə, festivalın məqsədi tək bu deyil, daha miqyaslı anlayışları, böyük məqsədləri əhatə edir. Uşaqların cəmiyyətə inteqirasiya olunmasını əsas götürür. İzlədiyim tamaşalardan birində baş rolu daun sindromlu qız canladırırdı. O qız elə məharətlə oynayırdı ki... Onu truppaya daxil etmək, baş rolu vermək, cəmmiyyətə çıxarmaq özü-özlüyündə humanizm deyilən bir anlayışın hətta ən zirvəsidir, deyərdim.

Biz deyirik, teatr cəmiyyətin barometridir, o cəmiyyətin sosial-mədəni ovqatını özündə əks etdirir. Əgər teatr bunu özünün məqsədinə çevirib, buna xidmət edirsə, o zaman elə uşaqlardan başlamaq, onları yetişdirmək lazımdır. İstər, böyük tarixi təcrübəsi olan, istər yeni fəliyyətə başlamış teatrların hər biri öz auditoriyasını yetişdirməli, qayğısına qalmalıdır. Çünki hər bir teatrın gələcək  auditoriyası isə bax həmin o uşaqlardır ki, illər keçincə onlar yeniyetmə olacaq, teatrın potensial tamaşaçısına çevriləcək.

Bu baxımdan, mən festivalın əhəmiyyətini yüksək qiymətləndirirəm. O ki qaldı festivalın keçirilməsi və  iştrakçıların sayına, orada dünyanın bir çox ölkələrinin:  İspaniya, Almaniya, Finlandiya, İtaliya, Hollandiya kimi ölkələrin teatr truppaları var idi. Təəssüf ki, festivalda  Azərbaycan təmsil olunmurdu. Orada dövlət teatrları ilə yanaşı, özəl teatrların da bir qismi çıxış edirdi. Adını çəkdiyim ölkələrin teatr rəhbərləri ilə, truppası ilə görüşüb, söhbətlər apardım. Onlara Azərbaycan teatrı haqqında, onun keçdiyi tarixi yol, ayrı-ayrı mərhələlər, görkəmli dramaturqlarımız, dramaturgiyamızın nə vaxt yaranması, hansı janrda yaranması, görkəmli sənətçilərimiz haqqında, müstəqillik dövrünə qədər keçdiyi mərhələlər haqqında məlumat verdim. Müstəqillik dövrümüzün ötən 30 ili ərzində görülən işlərdən, eyni zamanda uğurlardan və problemlərdən danışdım. Fikrimcə apardığım fikir mübadiləsi uğurlu oldu. Bəzi teatrlarla təxminən eyni “dərd”də idik. Həmdərd adamlar bir-birini daha yaxşı başa düşür (gülümsəyir).

İspan teatrı çox maraqlı tamaşa göstərdi. Dramaturji cəhətdən ilk baxışda süjeti sadə idi. Eləsi var idi, səhnə ssenarisini, eləsi də var idi, tutaq ki, Andersenin nağılını  səhnələşdirmişdi. Tamaşaların 90 faizində demək olar ki, sözdən istifadə olunmurdu. Hıçqırıqlar, adları çağırmaq, bizim dillə desək “bəli”, “xeyr” sözləri var idi və daha çox pedoqoji dildə desəm, etüd şəklində olan oyunlar idi. Çox minimal tərtibat elementlərindən istifadə etmişdilər, amma ifaçılıq baxımdan fərqli oyun üslubu böyük maraq doğururdu. Məsələn, Finlandiyanın tamaşasında süjet belə idi ki, bir nəfər özünü nağıllar dünyasında hiss edir. Gah yerin alt qatına gedir, gah kosmosa çıxır, gah da nağıl qəhrəmanları ilə üzləşir, və bunların hamısını bir aktrisa yerinə yetirir. Sonra söhbət əsnasında bir maraqlı məsələni də aydınlaşdırmaq üçün onlardan soruşdum ki, “sizin teatr təhsiliniz var, ya yox?” Qəribə səslənə bilər, amma bir qisim, xüsusilə özəl teatrlardan bəzilərinin aktyor sənəti ilə bağlı ali təhsilləri yox idi. Biri pisxoloq , biri fizik, bir başqası mühəndis idilər. Amma oyunlarında uyğunsuzluq görünmürdü. Finlandiyanın tamaşasında çıxış edən aktrisanın rejissorluq ixtisası üzrə ali təhsili var idi. İtaliyanları isə mən artıq festivalda  ikinci dəfə idi ki, görürdüm. Onlar da həmçinin, fantastik səhnə oyunu qurmuşdular. Səhnədə həm akrobatik hərərkətlər, həm sadəlövh, komik vəziyyətləri oynayırdılar, həm də fəlsəfi ümumiləşdirmələr edə bilirdilər. Sadəcə, səhnədə tənha dayanıb uzaqlara baxmaq, bir üz cigisi ilə, jestlə fikri ifadə etməyi ustalıqla bacarırdılar. Kipr teatrının da buna bənzər bir oyunu var idi. Rolları iki gənc aktrisa canlandırdı. Qəribə iddialı bir tamaşa idi. Burada iki dost bir evdə qalırlar, amma heç zaman bir-birini görmürlər. Biri gecə işləyir, digəri gündüz. Yəni insanlar arasında rabitənin, ülfətin itməsi əslində bütövlükdə cəmiyyətin harmoniyasına işarədir. Elə ailələr var ki,  aralarında dialoq yoxdur, amma tanımadıqları adamlarla virtual ünsiyyət qurmaq istəyirlər. Çünki bunların pisxoloji, mənəvi baxımdan ülfətə ehtiyacı var. Kipr tamaşasının təqdim etdiyi ali məqsəd bu idi. Hollandiya teatrının tamaşasında isə müəyyən alleqoriya, bədii işarələr, eyhamlar başlıca yer tuturdu . İki ölkə başçısının arasında soyuq müharibə var, biri digərinə qarşı təcavüzi hərəkətlər edir, sonda onlar bir-birini anlayır və barış əldə edirlər. Savaşda dağıntı və fəlakət, barışda həyat və səadət var. Yəni yaradıcı heyyət tamaşaçılara bu  fikirlər təlqin etməyə çalışırdı. Bu şəkildə edilən təlqin prinsipi uşaq tamaşaçıları üçün də maraqlı idi.

Xoşuma gələn məqamlardan biri də tamaşa bitdikdən sonra uşaqların yaxınlaşıb aktyorlara sullar ünvanlamasına şərait yaratmaqları idi. Mən streotipə sığınıb düşünürdüm ki, onlar sual verməzlər, tamaşa bitdikdən sonra çıxıb gedərlər, amma hamısı qalırdı. Və çox maraqlı sullar verirdilər. Tamaşa bitdikdən sonra digərinə çatmaq üçün getməliydim, amma  mənim üçün maraqlı idi, onlar hansı sualları verəcəklər. Yaşlarına baxmayaraq çox maraqlı sullar verirdilər. Hətta elə bir sual verdilər ki, mənim heç ağlıma gəlməmişdi (gülür). Uşaqlardan biri  Kipr teatrının aktrisalarına sual verdi ki, “siz bir-birinizi görmək üçün niyə cəhd göstərmirsiz?”.

Bütövlükdə tamaşaların əlbəttə ki, ifa baxımından qüsurları, bədii bütövlük baxımından irili-xırdalı nöqsanları var idi. Mən bu boşluqları rejissorlara, aktyorlara bildirirdim. Elə olurdu gecə saat 1-ə, 2-yə qədər müzakirələr aparırdıq.

Baxıb bəyənmək, qibtə etmək, həmçinin öyrənmək də olar və mən bu festivalda çox şey öyrəndim.
 

V.İ. Bəs, festival çərçivəsində izlədiyiniz tamaşalardan  sizin ən çox bəyəndiyiniz hansı oldu?
 

İ.İ.: Ankara Dövlət Teatrının tamaşasını daha çox bəyəndim. Türkiyədə “Şahməran” adlı məşhur bir əfsanə var. Şahməran ilandır və əfsanə onunla bağlıdır. Müxtəlif versiyaları mövcuddur. Birində belədir ki, bir nəfəri tilsimə salıb, onu ilana çevirirlər və o ilan xeyirxahlıq etməyə başlayır, nəcib işlər görməyə çalışır. Bax, həmin əfsanə əsasında qurulan  tamaşa çox maraqlı idi. Bu truppa teatr labaratoriyası şəklində bir oyun hazırlamışdı. Aktyorlar əllərində həmin əsərin mətnilə səhnədə əyləşirlər və ayrı-ayrı maskaları taxmaqla obrazları yerlərindən tərpənmədən oynayırdılar. Həmin tamaşada aktyorlar uşaqlarla açıq söhbət edirdilər. Bəlkə də nənələri, babaları bu əfsanəni onlara çox danışıblar. Amma indi onlar bunu əyani, maskalarla, aktyorların ifasında görürdülər və rəvayəti daha yaxşı anlayırdılar.

Mən təəssüf edirəm ki, Azərbaycanda belə festivallar keçirilmir. Qazaxıstanın bir şəhərində ildə doqquz festival təşkil olunur. Amma toplasan, Azərbaycanda bəlkə də heç on ildə doqquz festival keçirlimir. Odur ki, bu istiqamətdə görüləcək işlər çoxdur. Festivalların ictimai-mədəni baxımdan əhəmiyyətini düşünmək, mənasını nəzərə almaq lazımdır. Zaman gözləmir.

 

Müsahibəni götürdü:

Vüsalə İbrahimli, tələbə-teatrşünas







Finlandiya teatr truppası ilə danışıqlar zamanı çəkilib





Hollandiya teatr truppası ilə danışıqlar zamanı çəkilib



İtaliya teatr truppası ilə danışıqlar zamanı çəkilib


Polşa teatr truppası ilə danışıqlar zamanı çəkilib

Load Time (S) : 0.000313