TEATRO

TEATRO

sənət portalı

post-title

İsrafil İsrafilov - Türk dünyasının mədəniyyət paytaxtında

Beynəlxalq Türk mədəniyyəti Təşkilatı “Türksoy”un türk dünyasının mədəniyyət paytaxtı elan etdiyi Qırğıstanın Oş şəhərində keçirilən teatr festivalı əsl sənət bayramı kimi illər boyu yaddaşlarda qalmağa layiqdir. Ən azı, ona görə ki, qırğız səhnə sənətinin parlaq siması olan Jamal Seyidaxmatovanın şərəfinə təşkil edilməklə bir sıra türkdilli xalqların teatr sənətinin ən görkəmli nümayəndələri böyük olmayan, amma özünəməxsus mehribanlıq dolu auraya sahib olan bu şəhərə ilk dəfə toplaşmışdılar. Hər kəsə bəlli olanı təkrar etmək bir qədər sadə görünsə də, həqiqət bundan ibarətdir ki, istənilən festival görülən işlərin, əldə edilən yaradıcılıq nəticələrinin həmkarlarla bölüşmək, görmək və göstərmək təşəbbüslərinin təqdimatı üçün əlverişli imkan məqamıdır. Burada tarixindən və təcrübəsindən, şöhrətindən, yaxud səhnədə ilk addımlarını atmasından asılı olmayaraq, hər bir yaradıcı kollektiv iştirak etmək fürsəti qazanır. Bu zaman sənət axtarışları, estetik meyarlar, bədii oriyentirlər, mövqelər bəlli bir şəkildə özünü büruzə verir. Yeni olanı öyrənmək, müqayisələrlə yanlış baxışları müəyyən etmək, görüb-götürmək, yaradıcılıq “mən”ini ortaya qoyub təsdiqləmək, ayrı-ayrı ölkələrdə yaşayan, hələm-hələm görə bilmədiyin həmkarlarınla təmas qurmaq, fikir mübadiləsi etmək, perspektivli əməkdaşlıq layihələrini nəzərdən keçirmək  kimi imkanlar hər bir teatr üçün məhz festival şəraitində mümkün olur. 

Odur ki, Oş şəhərində keçirilən festivalda müxtəlif ölkələrin, müxtəlif teatrların, biri digərindən fərqlənən üslubların, ifa tərzlərinin bir araya gəlməsi hər birinin özünəməxsus perfomans səyləri bəzi problemlərə diqqət çəkdi. Bu baxımdan festivalın proqramına daxil edilmiş tamaşaların adlarının özü diqqət çəkirdi. Məsələn, Qırğıstan teatrlarını təmsil edən “Xanuma”, “Kral Lir”, “Daşqın” tamaşaları festivalda elə ilk gündəcə ciddi marağa səbəb oldu. Sonrakı günlərdə tamaşaçılara təqdim edilən “Zəriflik”, “Cəmilə”, “Dəniz sahilində qaçan it”, “Əsrə bərabər gün” tamaşaları da diqqətdən kənarda qalmadı, geniş müzakirə obyektinə çevrildi. Bu məqamda bir məsələni qeyd etmək yerinə düşər ki, festivalın təşkilati işində yol verilən tələskənlik, təqdim edilən səhnə işləri ilə bağlı səriştəsiz seçim işi onun ümumi mənzərəsinə xələl gətirirdi. Belə ki, Türkiyənin, Qazaxıstanın, Azərbaycanın, Özbəkistanın və Tacikistanın da teatr kollektivlərinin iştirak etdiyi festivala təqdim edilən tamaşaların böyük qisminin (7 tamaşa) qırğız teatrına mənsub olması və həmin kollektivlərin yaradıcılıq və ifa səviyyələrinin birinin digərindən açıq-aşkar fərqlənməsi, bütövlükdə festivalın bədii-meyar şərtlərinə öz təsirini göstərirdi. 

Belə ki, burada iştirak edən kollektivlərin bir qisminin yaradıcılıq işlərinin səviyyəsi onların barəsində ciddi fikir söyləməyə, analitik mövqe bildirməyə imkan vermirdi, çünki bəzi hallarda dövlət teatrları olmalarına baxmayaraq, təqdim edilən tamaşaların, dramaturji material və ifa tərzi hər hansı fikri, sözü söylənməz hala gətirirdi. Bəzən isə zəngin ədəbi materialın sadəlövh səhnə təqdimatı, peşəkarlıqdan uzaq tərtibat və oyun tərzi təəccüb doğururdu. Məsələn, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” əsəri əsasında X.Bukeyeva adına Qərbi Qazaxıstan Vilayət Dram Teatrının hazırladığı tamaşa bu baxımdan misal ola bilər. Belə ki, ədəbi əsərin səhnə materialına çevrilməsində buraxılan nöqsanlar, fraqmentarlıq, heç bir səhnə arqumentasiyası olmayan oyun şərtləri tamaşanın bədii bütöv olmasını mümkünsüz etmişdi. Quruluşçu rejissor yaxşı bələd olduğu bu ədəbi əsəri səhnə dilində səsləndirməyi bacarmamışdı. Nəticədə bədii rejissor təxəyyülündən məhrum olan bir tamaşa aktyorların kifayət qədər emosional oyunu ilə belə yalnız təəssüf hissi doğururdu. 

Eyni sözləri Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrının  “Əmir Teymur” tamaşası haqqında da söyləmək olar. Kifayət qədər təmtəraqlı bədii tərtibatı, ağır dekorasiyası, musiqisi, obrazlı səhnə elementləri ilə yüklənmiş tamaşada aktyor oyunu ötən əsrin ifaçılıq üslubu təsiri bağışlayırdı. Müəllifin, yaxud rejissorun xətasıdırsa, Əmir Teymurun əzəməti yalnız zər-zibalı geyimi və dopdolu sözləri ilə məhdudlaşırdı. Tamaşanın janrı, konflikti, ali məqsədi bəlli olmadığı üçün quruluşçu rejissorun ideya-bədii niyyəti anlaşılmırdı. Onun dili danışmırdı, çünki müntəxabat həqiqətinə görə, səhnə mizanı rejissorun dilidirsə, bu tamaşada aktyorlar səhnədə, sadəcə, fiziki yerdəyişmə işini görürdülər. Yeri gəlmişkən, tərtibat həllində bir detal diqqət çəkirdi. Pərdə açılan kimi müxtəlif dekor elementləri ilə bərabər Azərbaycan Akademik Milli Dram Teatrının eyniadlı tamaşasında gördüyümüz səhnənin önündəki sol tərəfdə qoyulmuş şahmat taxtası və fiqurların kombinasiyasının yer alması bizə qəribə göründü. 

Özbək teatrının sözügedən tamaşasının təmtəraqlı tərtibat həllindən fərqli olaraq, Tacikistan paytaxtının Lahuti adına Akademik Dövlət Dram Teatrının “Firdovsi” tamaşası funksional tərtibat həlli ilə seçilirdi. Doğrudur, bu tamaşada da dramaturji mətn oyun dinamikasını üstələyirdi, amma hadisələrin mərkəzində məhz mütəfəkkir şairin həyat tarixçəsi qərar tutduğu üçün burada sözün hakimliyi müəyyən qədər məntiqli görünürdü. Söz yox ki, bu, şərti olaraq qəbul edilə bilər, çünki dramatik sənətin estetikasında zəncirvari hadisələr və əməl xətti başlıca teatral səhnə prinsipi kimi götürüldüyü üçün sözün dominantlığı baş verənlərin dinamikasına, aktyor oyununun temporitminə yalnız mane ola bilər. Və “Firdovsi” tamaşası məhz bu səbəbdən ətalətli, bəzən darıxdırıcı təsir bağışlayırdı. 

Özünün bir sıra uğurlu tamaşaları ilə tanınan rejissor Sultan Usmanov nədənsə bu işində məlumat xarakterli qısa səhnələrə daha çox yer verir, onların arasındakı əlaqəni, məntiqi bədii körpüləri yaratmağı lazım bilmir, sadəcə, işıqları qapatmaqla tamaşaçını səhnədən səhnəyə baxmağa yönəldir. Başqa sözlə desək, “sənətkar-zaman-hakimiyyət” üçbucağındakı təzadların dramatizmini çatdırmağa səy göstərən, bunu sadə və obrazlı, həm də aktyor oyunu üçün əlverişli tərtibat elementləri ilə zənginləşdirməyi bacaran rejissor tamaşanın ideya-estetik ahəngdarlığına nail  ola bilməmişdi. 

Bu baxımdan, yəni səhnə işinin bədii bütöv kimi təqdimatı olan “Zəriflik” tamaşası ayrıca qeyd edilə bilər. Qırğıstanın Ç.Aytmatov adına Dövlət Rus Dram Teatrının bu tamaşası bir sıra xüsusiyyətləri ilə maraq doğurur. Rejissor N.Abdulqədirovun quruluşu və yozumu birmənalı deyil. O, bir məkanda, qatarda baş verən hadisələri, insan xislətinin müxtəlif vəziyyətlərdəki təzahür cəhətlərini teatral vasitələrlə ifadə etməklə ifaçı aktyorları sanki təxribata çəkir. Sevgi, nəvaziş, zəriflik həsrətli Nataşa rejissorun yozum səyləri ilə arzu, cəhd və illüziyaların dağılması ovqatını səhnədən səhnəyə əvəzləməklə gerçəkliyin acı həqiqətlərini yaşamalı olur. Hadisələrin gedişində çılpaqlığı ilə üzə çıxan teatral eybəcərliyə rejissorun ironiyası ağrılı təəssürat oyadır. Tamaşanın istər eklektik janr təqdimatında, istər aktyor oyununda bəzən ölçü hissinin itirilməsi, istərsə də ayrı-ayrı bədii səhnə parçalarının rejissor həllində müəyyən pintilik diqqət çəksə də, bir küll halında “Zəriflik” tamaşası uğurlu səhnə işi sayıla bilər. 

Türkiyənin İstanbul Dövlət Teatrının “Bir nəfəs” tamaşası da uğurlu təqdimatlar sırasında yer alır. Bu başdan onu qeyd etmək vacibdir ki, ümumtürk ədəbi abidəsi olan “Kitabi Dədəm Qorqud” eposuna maraq Azərbaycanda onun 1300 illiyi qeyd ediləndən sonra vüsət almağa başlamışdır. Yəni bu tarixdən başlayaraq eposla bağlı onlarla tədqiqat əsəri yazılmış, elmi-kütləvi, həmçinin bədii filmlər çəkilmiş, təsviri və musiqi əsərləri ərsəyə gəlmiş, onun ayrı-ayrı boyları əsasında orijinal pyeslər səhnə təcəssümü tapmışdır. Bundan başqa 2013-cü ildə “Türksoy” Beynəlxalq Mədəniyyət Təşkilatının layihəsinin tətbiqi ilə “Kitabi Dədəm Qorqud”un on iki boyu əsasında türkdilli dövlətlərin teatrlarında  müxtəlif tamaşalar hazırlanmışdır və həmin işlərin bu günümüzdə də uğurla davam etdirilməsi İstanbul teatrının tamaşası ilə bir daha öz təsdiqini tapır. 

Maraqlıdır ki, İstanbul teatrının “Kitabi Dədəm Qorqud” dastanının üç boyunu bir süjet daxilində birləşdirərək hazırlanan “Bir nəfəs” tamaşasının quruluşçu rejissoru özü də bilmədən intuitiv olaraq öz estetik axtarışları ilə Azərbaycandakı “Yuğ” teatrının estetikası ilə üst-üstə düşən bir işi ərsəyə gətirmişdir. Tamaşada xanlar xanı xan Bayandırın Oğuz bəylərini bir araya toplaması ilə başlayan oyunun bədii konflikti sonrakı hadisələr boyunca mürəkkəb səhnə vəziyyətlərinin yaranmasını labüdləşdirir. 

Sadə səhnə tərtibatı və əlbisələrlə süslənmiş səhnədə gördüyümüz dörd iştirakçının ifası ilə dastanın epik məzmununun teatral-oyun ekvivalentinin axtarılması səyləri bütövlükdə uğurla nəticələnmişdir. Burada müxtəlif hadisələr daxilində fərqli obrazların səhnə həyatının ifasını yerinə yetirən aktyorların plastik-xoreoqrafik oyunu ilə bərabər, eyni zamanda yeri gəldikcə, ayrı-ayrı musiqi alətlərində müşayiətçi musiqi ifa etmələri də yerində və uyarlı idi. Bu tamaşada kölgə oyunu prinsipindən tutmuş arxetipik obrazlar sisteminin öyrənilməsi və tətbiqi rejissorun, eləcə də aktyor heyətinin görüləcək işə məsuliyyətlə yanaşmasını təsdiq etməklə bərabər, nəticə etibarilə uğurun təmin edilməsini, ən əsası seyrçi auditoriyası tərəfindən rəğbətlə qarşılanmasını şərtləndirir.

Festivalda Azərbaycan teatrını “Mən öləndə ağlama” tamaşası ilə Gənc Tamaşaçılar Teatrı təmsil edirdi. Tanınmış gənc yazıçı Pərvinin əsəri əsasında hazırlanan bu monotamaşanın əsas ideya-estetik ifa yükünü aktrisa öz üzərinə çəkirdi və bu başdan onu qeyd edək ki, bu işi xüsusi bacarıqla təqdim edə bilirdi. 

Səhnədə oyun üçün nəzərdə tutulan ən vacib tərtibat vasitələri qoyulmuş, beləliklə hər şey ifaçının oyunu üçün əlverişli olmağa uyğunlaşdırılmışdı. Belə ki, əslində, çarpayıdan başqa heç nəyə ehtiyac görməyən rejissor səhnə oyununu əsasən onun ətrafında qurmaqla sanki tamaşaçının diqqətini nəzarətdə saxlamağa çalışırdı. Bu zaman səhnədə obrazın ayrı-ayrı həyat epizodlarını xatırlayıb, onları təsvir etməyə cəhd edən aktrisa “təklif edilmiş şərait”ə uyğun oyun tərzi göstərirdi. Burada müəllifin və quruluşçu rejissorun ideya və təcəssüm şərtləri içərisində teatral imkanlardan, eləcə də ifaçılıq vasitələrindən istifadə səyləri, aktrisanın orqanik özünüifadə imkanlarının uğurlu nümayişi təqdir edilə bilər. Amma bu da var ki, bütövlükdə həmin monotamaşanın dinamikasındakı yerindəsaymanın, mizanlarda təkrarlığın, oyun şərtləri arasında rabitəsizliyin onun ahəngdarlığına  mane olduğunu bildirməyi və yaradıcı heyətin bu cəhətə diqqət yetirməsini vacib hesab edirik. 

Festivalda maraq doğuran səhnə işlərindən biri də, heç şübhəsiz, S.Muxanov adına Cənubi Qazaxıstan Vilayəti Musiqili Dram Teatrının “Qaragöz” tamaşası idi. Görkəmli qazax yazarı Muxtar Auezovun eyniadlı əsəri əsasında hazırlanan bu tamaşa sound drama janrında təqdim edilib, məhəbbət haqqında rəvayət şəklində yozulurdu. 

Tamaşanın quruluşçu rejissoru, hələ kifayət qədər tanınmayan Fərhad Moldaqalı boş səhnə məkanında, asketik forma elementlərilə, ifaçıların bədii səhnə varolmaları, onların plastik bədii ifadə tərzi sayəsində öz konsepsiyasını realizə edə bilmişdi. Rejissorun qrafik mizanlarla “söylədikləri” anlaşıqlı olmaqla bərabər yetərincə emosional təsirə malik idi. 

Demək lazımdır ki, M.Auezovun həmin əsərinin çoxsaylı səhnə təcəssümü olsa da, bu tamaşa özünün orijinal yozum və quruluş prinsipləri, ideya-estetik energetikası etibarilə fərqli, həm də yeni baxış nümunəsi sayıla bilər. Burada aktyor oyununun ansambl xarakteri, əsərdə olsa da, tamaşada baş və ikinci dərəcəli obrazlar bölgüsünün yoxluğu diqqət çəkir, ifaçıların səs, ritm, jest, mimika kimi özünüifadə elementlərindən yerində və ustalıqla istifadə etmək bacarığı, bədii səhnə obrazlarının qarşılıqlı münasibətlərində cilalanan səhnə konflikti rejissorun ustalığı ilə ali məqsədə yönəldilir və bu zaman eybəcərliklə gözəllik, rəzilliklə ləyaqət kimi estetik kateqoriyalar konseptual bədii təcəssüm şərtində təzahür tapırdı. 

Maraqlıdır ki, Qazaxıstanın Nur Sultan şəhərinin “Jastar” və Qırğızıstanın Bişkek şəhərindəki T.Abdumomunov adına Akademik Milli Dram Teatrları eyni ədəbi materialın  Ç.Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırlanan tamaşaları təqdim etdilər. 

Böyük yaradıcılıq ənənələrinə malik olan Bişkek (Qırğızıstan) teatrı “Əsrə bərabər gün” əsərinin ümumi ideyası və ədəbi-bədii ruhuna daha yaxın olan epik xüsusiyyətə riayətlə, müəyyən mənada, ənənəvi monumental tamaşa təqdim edib, dövrün bəlalarının dramatizminin miqyasını göstərməyə çalışmışdı. 

Quruluşçu rejissor Nazım Mendebayirov həmvətənləri Ç.Aytmatovun əsərindəki verdiyi ilk baxışda görünməyən eyhamlarının belə altını cızmağa, yaşanan mürəkkəb hadisələrin içində vurnuxan insanların taleyüklü məsələlərinin nümunəsində sadə bildiyimizin mürəkkəb qatlarını açıb göstərməyə cəhd etmişdi. Teatrın aparıcı aktyorlarının iştirak etdiyi bu tamaşa istər yığcam, istər kütləvi səhnələrin quruluş səpkisində özünün konkret estetik hədəfi, intellektual oriyentiri baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. 

Öz sənət tarixi etibarilə cavan teatr kollektivləri sırasında olan Nur Sultan şəhərinin “Jastar” (Qazaxıstan) teatrının “Əsrə bərabər...” adı ilə təqdim etdiyi tamaşa isə yuxarıda bəhs etdiyimiz tamaşadan bir sıra xüsusiyyətləri ilə fərqlənirdi. Belə ki, “Jastar” teatrının tamaşası kamera xarakterli olmaqla (burada əvvəlki tamaşadan fərqli olaraq kütləvi səhnələr yox idi) buradakı hadisələr və səhnə obrazları kinematoqrafsayağı iri planda verilir, ideya mətləbləri yozum şərtilə ümumiləşdirmələrə yönəldilirdi. Tamaşanın tərtibat həllindəki məkan genişliyi, bədii obrazlılıq, işıq-kölgə prinsipi aktyor ifasının məntiq çalarlarının, fikir sayrışmalarının lakonik cizgilərini aşkarlamağa imkan verir. Tamaşa boyu, müqəddəs sayılanın toxunulmazlığını qorumağın bəşəri missiya olduğu fikrinin altını cızan rejissorun müşahidə edilən irili-xırdalı bədii tapıntıları səhnə-səhnə təkmilləşərək ali məqsədə istiqamətlənir, seyrçi auditoriyasını öz təlqin cazibəsində saxlaya bilirdi. 

Oş festivalında iştirak edən başqa teatr kollektivlərinin səhnə işləri içərisində də maraq doğuranları var idi. Amma onların bir qisminin aşkar sənət böhranı yaşadıqları üçün açıq qapını döyəcləmək istəməyib, üstündən sükutla keçirik. Həmin tamaşaların müzakirəsi zamanı sırf peşəkarlıq problemləri olan kollektivlərə nöqsanlar və qüsurlar barədə festivalın münsiflər heyəti tərəfindən fikir bildirildi, konstruktiv tövsiyələr verildi. 

Qırğızıstanın Mədəniyyət Nazirliyinin və Beynəlxalq türk mədəniyyəti təşkilatı “Türksoy”un dəstəyilə keçirilən teatr festivalı səhnə sənətinin çağdaş dövrdəki yaradıcılıq mənzərəsinin nümayişi olmaqla bərabər eyni zamanda milli özünüdərkin estetik ifadəsi kimi böyük əhəmiyyət kəsb edən mədəniyyət hadisəsinə çevrildi.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, istənilən festivalın keçirilməsi həmkarların sənət uğurları, əldə etdikləri yaradıcılıq nəticələri ilə tanışlıq, qarşılıqlı bəhrələnmə, professional baxışların və mövqelərin mübadiləsi və s. kimi xeyirxah niyyətlərdən qaynaqlanır. Bu, bəhs etdiyimiz Oş festivalının da başlıca məramı idi. 

 

İsrafil İsrafilov

filologiya üzrə fəlsəfə doktoru, 

sənətşünaslıq üzrə elmlər doktoru, 

professor

Load Time (S) : 0.006153