TEATRO

TEATRO

sənət portalı

post-title

İsrafil İsrafilov - Müəmma

Bir müdrik insanın sözlərinə görə, dünya müəmmalarla doludur. Əslinə qalsa, o, bu sözləri deməsəydi belə, bu dünyada yaşadıqca hər kəs öz həyat təcrübəsində həmin həqiqətin şahidi olur. Mənim kimi, sənin kimi, hamımız kimi...

Müəmma dediyimiz nədir görəsən?! Qəribə olan, heyrətamiz olan, yoxsa adamın dərk edə bilmədiyi, min bir sual doğuran mətləblərdir müəmma? Anlaşılan budur ki, o sadə izaha sığmayan, nə isə qeyri-adi təbiət hadisəsi qədər sirlidir.

Bu halda müəmma dediyimizi nəyəsə bənzətmək, stereotip düşüncə qəlibində görmək cəhdlərimiz mənasızdır. Çünki o, Nəsiminin təbirincə desək, "bəyana sığmayan" gerçəkliyin təzahürüdür. Bu baxımdan Nizami də müəmmadır, Mövlanə Rumi də, Füzuli də, Şekspir də, Nostradamus da, Leonardo da Vinçi də, Mosart da, və bu sayaq qüdrətdən pay almış insanların hər biri müəmmadır. Və həmin müəmmalar hər əsrdə təzahür edir. Allahın yaratdıqlarına öz qüdrətindən əta etdiyi ilahi nemətdir həmin müəmmanın mahiyyəti... Bizə yaxın tarixləri, həmin dövrdə yaşayanları və baş verənləri düşündükcə, insanı qəribə duyğular bürüyür. Bu zaman nəyin necə baş verdiyi ilə bərabər kimin nə etdiyi barədə cavabsız suallar insanı əməlli-başlı çaşdırır. Məgər qəribə deyilmi ki, təhkimçi kəndli oğlu qısa zaman içərisində heyrətamiz istedadla yaratdığı əsərləri ilə qraf L.Tolstoy kimi tündməcaz bir sənətkarda özünə qarşı yüksək rəğbət oyadır, dünya şöhrəti qazanır. Zaman keçdikcə, yəni əsrdən-əsrə keçdikcə daha çox sevilir və dəyərləndirilir. Etiraf edim ki, mən yuxarıdakı fikir gəzişmələrində Anton Pavloviç Çexovu nəzərdə tuturdum. O Çexovu ki, haqqında L.Tolstoy təkcə yazmağın yox, danışmağın belə xoş olduğunu söyləyirdi. O özü isə "hərdənbir həqiqəti demək lazımdır" fikrilə məni bu məqaləni yazmağa sövq etdi. Sanki onun özü mənə elə "hərdənbir" söylənəcək həqiqət məqamıdır, dedi. Mən isə bu gün həqiqəti yox, sərfəli olanı söyləmək zamanıdır, deyəcəkdim ona, amma bacarmadım. Yəqin ona görə ki, öz vücudundan köləliyi damla-damla sıxıb çıxaran bu adamın qarşısında qorxunun köləyə çevirdiyi biri kimi görünmək istəmədim. Heç vaxt da istəməmişəm.

Gənclik maksimalizmindən qaynaqlanan həqiqətpərəstliyimə görə, ya nədənsə bir dəfə böyük qardaşım mənə dedi ki, həqiqətdə maraqlı bir şey yoxdur. O, Mark Tveni oxumamışdı, bəs onda Mark Tvenin "uydurma həqiqətdən maraqlı olur" fikrinə həmrəyliyi görəsən haradan idi? Mən o vaxt bunu bilmədim. Heç indi də bilmirəm. Axı uydurma həqiqətdən necə maraqlı ola bilər? Bəlkə ona görədir ki, həqiqətdə konflikt yoxdur, amma uydurmada var. Həmin konflikt insanın marağını alovlandırır.  Bəlkə H.Heyneni "dünyada həqiqətəbənzərlik həmişə həqiqətdən daha vacibdir" fikrinə gətirən səbəb budur. Bəlkə K.S.Stanislavskinin A.S.Puşkinin "ehtirasların doğruluğu, hissiyyatın həqiqətəbənzərliyi" hikmətinin təsirilə təklif edilmiş şəraitdə aktyorları yaşantılara cəlb etməsinin də sirri bundadır?!

Bu suallara veriləcək mütləq cavab, insanı tərəddüdlərdən və gümanlardan xilas edəcək hər hansı vasitə ağla gəlmir. Amma A.P.Çexovun qəhrəmanları məhz qütblər arasında, cəhətlərin mühasirəsində vurnuxur, yorulmuş bədəndən qurtulmağa cəhd edən ruh kimi azadlığa qovuşmağa tələsir. Bu da var ki, onun qəhrəmanları sadəcə ağdan qaraya, istidən soyuğa, şənlikdən kədərə üz tutacaq, xoşbəxtliklə bədbəxtliyi tərəzi gözündə dəyərləndirəcək qədər birqatlı deyil. Onun "qəribədir ki, insanlar azadlıqdan qorxurlar" fikri dolayısı ilə həmin qəhrəmanların mənəvi və düşüncə aləminin qıfılına düşən ən etibarlı açardır. Başqa sözlə desək, məsələn, "Üç bacı" pyesində "Moskvaya! Moskvaya!" deyənlər buradan baş götürüb arxaya baxmadan getmək, mövcud həyat çətinliklərindən birdəfəlik qurtulmağa can atanlar ilk baxışda təzadlı səslənsə də, azadlıq haqqında xiffətlə danışsalar da, əslində ondan qorxurlar. Bu kübar ədalı, zərif hisslər və həssas düşüncə sahibləri özlərini həqiqətəbənzərlik mühitində daha rahat hiss edir, həqiqət və uydurma, gerçəklik və illüziya qütblərində mənalı hesab etdikləri ömür sürürlər. Onları düşündükcə insanın xəyalına A.P.Çexovun təbəssümlə işıqlanmış sifəti, eynəyinin altından sulanmış gözlərlə sənə zillənmiş qüssəli baxışları gəlir.
Onun teatr müəmmasına gəlincə...

İxtisası etibarilə həkim olan, amma Rusiya cəmiyyətində daha çox nasir kimi tanınan, Stanislavskinin və Nemiroviç-Dançenkonun "Slavyan bazarı"ndakı görüşlərinin nəticəsi olaraq yaranan teatra cəlb edilən A.Çexov bu yeni teatra yeni mövzu, yeni surətlərlə bərabər tamam fərqli dünyagörüş, aktyor ifaçılığı üçün ustalıq zirvələri müəyyən edən dramaturji səviyyə bəxş etdi. Halbuki Stanislavski üçün bir vaxtlar anlaşıqlı deyildi. Nemiroviç-Dançenkonun xatırladığına görə diqqətlə oxuduğuna baxmayaraq, "Qağayı" Stanislavskidə heç bir təəssürat oyatmamış və o, bu pyesdə təcəssüm üçün hər hansı ipucu tapa bilməmişdi. Odur ki, Stanislavski "Qağayı"nı ədəbi işlənmə baxımından yarımçıq, buradakı ehtirasları sönük, sözləri olduqca sadə, obrazları isə aktyor oyunu üçün bədii ifadə materialı kimi naqis hesab etmişdi.

Stanislavskidən fərqli olaraq o zaman Rusiyanın ədəbiyyat aləminə daha yaxın olan Nemiroviç-Dançenko A.Çexovla dostluq münasibətləri sayəsində onun nəinki əsərlərinə, hətta özünün təbiətinə yaxşı bələd idi. Görünür, A.Çexovun ilk baxışda sadə həyat tərzi yaşayan qəhrəmanlarının düşüncələri və hissləri, pıçıltılı nidaları Moskva Bədayə Teatrının o zamankı repertuarında yer alan V.Şekspirin, A.Tolstoyun, G.Hauptmanın qəhrəmanlarının zaman və məkan daxilindəki bədii-estetik yaşam ahənginin çevrəsindən uzaq idi. Bəlkə elə bu səbəbdən A.Çexovun teatrla əməkdaşlığı gözlənilən qədər hamar olmadı. Burada bəzən mübahisələr, incikliklər də baş verdi. Və müəyyən mənada bunu təbii qəbul etmək olar, çünki istər A.Çexovun, istərsə də Stanislavskinin, yaxud Nemiroviç-Dançenkonun teatr görüşlərində, səhnə sənətinin cəmiyyət həyatında yeri məsələlərində, aktyor ifaçılığının təməl prinsipləri ilə bağlı mövqeləri fərqli idi. Odur ki, yeri gəldikcə, həmin fərqli mövqelər ortaya çıxır, tərəflər mübahisə etməli olur və bu zaman kübarlıq, bir-birinin fikirlərinə hörmət nümayişi məsələnin həllində mühüm amilə çevrilirdi.

Həmin mübahisələrin səbəbi çox zaman əsərin müəllif ideyasının səslənməsi, aktyorlar arasında rol bölgüsü, obrazların səhnə həyatının yozum məntiqi ilə bağlı olurdu. Və belə hallarda A.Çexov üçün güzəştə yer yox idi. Onun fikrincə, öz səhnə qəhrəmanlarının düşüncələrini və hisslərini, həmin həyat şəraitindəki fəaliyyətlərini nöqtə-vergülünə qədər, mənsub olduqları zümrənin ədalarını, hətta geyimlərini belə dəfələrlə götür-qoy edib yazmışdı. Odur ki, teatrın səhnə yozumu şərtlərində hər hansı yozum naminə təhriflərə yol verməsinə qarşı çıxırdı.

A.Çexov "Qağayı" pyesini A.Sumbatov-Yujinlə Nemiroviç-Dançenkonun təkidi ilə yazmışdı və o zamankı Peterburq cəmiyyətində sayılan şəxslərdən olan A.Sinorinin xahişi ilə İmperator teatrında tamaşaya qoyulmasına razılıq vermişdi.

Həmin tamaşanın aqibəti A.Çexovu əməlli-başlı sarsıtmışdı. Belə ki, tamaşanın istər quruluş xüsusiyyətləri, istər aktyorların oyun tərzi o qədər bəsit idi ki, "pyes olduqca yararsızdır", yaxud "bu qağayı deyil, ov quşudur" kimi kinayə dolu resenziya müəlliflərinə A.Çexovun deyəcək sözü qalmırdı. Əməlli-başlı sarsıntı keçirən A.Çexov həmin küləkli payız gecəsində Neva sahilini saatlarca tənha dolaşıb soyuqlamışdı. Baş verənlərlə bağlı o, özü ilə bərabər A.Sumbatovla Nemiroviç-Dançenkonu da təqsirli bilib onlara yazmışdı ki: "Peterburqda mənim "Qağayı"mın ilk tamaşası böyük uğursuzluğa düçar oldu. Teatr qəzəblə, hava nifrətlə dolmuşdu, mənə gəlincə, fizikanın qanununa əsasən Peterburqdan bomba kimi uçdum. Təqsir səndə və Sumbatovdadır, çünki məni bu pyesi yazmağa siz qızışdırdınız." Və sonradan əlavə etmişdi ki, indən belə əgər lap 700 il də yaşasam, nə pyes yazacağam, nə də onun quruluşuna yol verməyəcəyəm."

Kim bilir, bəlkə də o müdhiş uğursuzluğun acısını yaşadığı məqamlarda bir vaxtlar "Qağayı" ilə bağlı Moskvanın Malı teatrının, elə bütövlüklə Rusiya teatr aləminin ən parlaq simalarından olan A.Lenskinin ona yazdığı məktubundakı sözləri xatırlamışdı. Çünki öz sərtliyi ilə A.Lenskinin sözləri də resenzentlərinkindən seçilmirdi: "Mənim sizi necə sevdiyimi, istedadınızı necə yüksək qiymətləndirdiyimi bilirsiniz. Elə buna görə də sizinlə səmimi olmağı özümə borc bilirəm. Sizə dost kimi məsləhətim budur ki, teatr üçün əsər yazmayın. Bu iş sizlik deyil"

Bütün olanlardan, sonra "Qağayı"nın İmperator teatrının səhnəsindəki aqibətinin pərtliyini yaşayan A.Çexovu Moskva Bədayə Teatrında "Qağayı"nın tamaşaya qoyulmasına razı salmaq olduqca çətin məsələ idi. Amma onun dostu Nemiroviç-Dançenko əl çəkmirdi. Biri cəhd edir, o biri inadla razı olmurdu.

Amma çox keçmir ki, A.Çexov Moskva Bədaye Teatrına bağlanır və deyəsən, birdəfəlik məhz onun dramaturquna çevrilir. Bu necə olur? Nəyə görə, ilk vaxtlar teatrla dil tapa bilməyən A.Çexov birdən-birə bu qədər dəyişir. Deyəsən, bu məqamda fransızların "şer şe lya fam" məşhur məsəli əsl yerinə düşür. Məhz bu illərdə A.Çexovun şəxsi həyatında fövqəladə hadisə baş verir. O sevir və onun ilham pərisi fələyin əli ilə, yaxud taleyin hökmü ilə məhz Moskva Bədaye Teatrının aparıcı aktrisası O.Knipper (sonralar O.Knipper-Çexova — İ.İ. ) olur. Maraqlıdır ki, xüsusilə, aktrisaların oyun tərzini bəyənməyən, açıq-aşkar dözümsüzlük göstərən, M.Yermolovanı "taxta", M.Roksanovanı təmamilə "yararsız" sayan A.Çexovun diqqətini cəlb edib özünə bağlayan qadın həqiqətən qeyri-adi insan olmalı idi və "Qağayı"nın böyük istedad sahibi olan müəllifi öz qismətindən məmnun idi.

"Qağayı"dan sonra bir vaxtlar lap 700 il də yaşasa pyes yazmayacağını deyən A.Çexov Moskva Bədaye Teatrına elə bağlanır ki, sanki bu dövrdə onu dramaturgiya nəsrdən artıq cəlb edirdi. Çünki "Albalı bağı" pyesini teatra təhvil verər-verməz "İvanov" (özünün dediyi kimi burada mətləbin bir qədər köhnəldiyinə baxmayaraq) pyesini yazır və artıq "Üç bacı" barədə düşünməyə başlayır. Bundan başqa, o, İ.Bunin, A.Kuprin, M.Qorki, S.Raxmaminov kimi sənət adamları ilə ünsiyyətlərində özünün teatr sevgilərindən böyük həvəslə söz salır, hətta yeri gəldikcə, başqa yazıçı və şairləri də Moskva Bədaye Teatrı üçün pyes yazmağa təşviq edir. Və həmin səylərin nəticəsi olaraq bir sıra ədiblər, o cümlədən M.Qorki dramaturji yaradıcılığa üz tutur, onun şəxsində Moskva Bədaye Teatrı fərqli üsluba və ideya məzmununa malik dramaturqla əməkdaşlığa başlayır.

Əslində, A.Çexovun "təşviqinin" əhəmiyyəti az olmasa da, burada başqa bir amil öz işini görməkdə idi. Yəni A.Çexov kimi M.Qorkinin də müəyyən "təzyiq" altında olması, onu dramaturgiyaya, konkret olaraq Moskva Bədaye Teatrı üçün pyes yazmağa sövq edən səbəb nədənsə tənqidin nəzərindən yayınır. Yəni biz M.Qorkini, o zaman Moskva Bədaye Teatrının aktrisası olan M.Andreyevanın öz ərini dram əsərləri yazmağa təhrik etməsi faktını mümkün və həlledici hesab edir, bütün hallarda o zamankı teatralların M.Qorkinin dramaturgiyaya gəlişinin mühüm mədəniyyət hadisəsi olması fikrinə şərik çıxırıq.

Maraqlıdır ki, M.Qorkinin teatra gəlişi, A.Çexovun pyes yazmaqdan sanki uzanması ilə eyni vaxta düşür. Bu dövrdə K.S.Stanislavski M.Qorkini doydum demədən öyrənir, onun dramaturgiyasını Moskva Bədaye Teatrına az qala "ikinci nəfəs" verilməsi kimi müstəsna hadisə hesab edir. O da maraqlıdır ki, A.Çexovdan əlini üzməsə də, K.S.Stanislavski onun teatra yeni pyes verəcəyi ehtimalına sanki şübhə edir. Görünən budur ki, A.Çexovu bir dramaturq olaraq itirəcəyinə inanmasa da, M.Qorkidən möhkəm yapışması öz-özlüyündə bəzi mətləblərdən xəbər verir. Bu, A.Çexovun həm get-gedə zəifləyən səhhəti ilə, həm də ovqatındakı çoxlarına anlaşılmaz qalan özünəməxsus qapalılıqla bağlı ola bilərdi. Əlbəttə, məsələnin əsli A.Çexovun bioqraflarına daha dürüst məlumdur.

K.Stanislavskinin fikrincə, Moskva Bədaye Teatrının yeni estetik düşüncə, oyun üslubu, yaradıcılıq tərzi əldə etməsində hər iki dramaturqun — A.Çexovun və M.Qorkinin müstəsna xidmətləri var. Kim bilir, sonralar, çox-çox sonralar, kimlərinsə ambisiyalarına görə, bəlkə də elə taleyin gərdişi ilə bir zamanlar əfsanə olaraq dilləri gəzən, sənət örnəyi göstərilən Moskva Bədaye Teatrı iki ayrı-ayrı truppalara bölünərək iki müstəqil teatr kimi fəaliyyət göstərəndə onlardan biri A.Çexovun, o biri isə M.Qorkinin adını daşımalı oldu. Bunun, K.Stanislavskinin uzaqgörən dühasının gerçəkləşməsi, yoxsa bu teatrın haqq etdiyi aqibət olduğunu bu gün söyləmək çox çətindir. Çünki həmin müəlliflərin öz aqibətləri də izah edilməyəcək müəmmalarla doludur. Lap Misir piramidalarının dolanbacları kimi...

M.Qorkinin ölümündə bir elə sirr olmasa da, A.Çexovun ölümü başdan-başa müəmmadır və sirlərlə doludur. Maraqlı olarsa, o sirlərin bəziləri (ehtimallar, şübhə və gümanlar) barədə söhbət açmaq olar. Amma maraqlıdırmı?

Load Time (S) : 0.006113