TEATRO

TEATRO

sənət portalı

post-title

İsrafil İsrafilov - M.Ə.Rəsulzadənin teatr baxışları haqqında

         Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.

Həyatının ayrı-ayrı illərində, o, iki pyes, onlarla şeir yazmış, istər Azərbaycanda, istərsə də xaricdə müxtəlif mətbuat orqanlarında çalışmış,  M.Qorkinin məşhur “Ana” romanından, eləcə də Nizaminin “Sultan Səncər və qarı”, F.Dostoyevskinin “Qartal” hekayəsindən, Şeyx Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi” və s. əsərlərdən tərcümələr etmişdir. Onun “Çağdaş Azərbaycan tarixi”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Əsrimizin Siyavuşu” həmçinin “Böyük Azərbaycan şairi Nizami” kimi tədqiqat əsərləri milli ədəbiyyatşünaslıq elmimizin elmi-nəzəri bazasını zənginləşdirən fəaliyyət məhsuludur.

Universal təfəkkür, çoxcəhətli istedad sahibi olan M.Ə.Rəsulzadə  N.Nərimanov, M.Əzizbəyov, D.Bünyadzadə, A.Hacinski və b. kimi birbaşa teatr sənəti sahəsi ilə məşğul olmasa da, milli səhnə sənətimizin yaradıcılıq həyatına laqeyd olmamış, gərgin siyasi, ictimai fəaliyyətinə baxmayaraq, teatr sənətinə də yeri gəldikcə xüsusi diqqət ayırmışdır.

Belə ki, M.Ə.Rəsulzadənin milli mədəniyyətimiz, ədəbiyyatmız, tariximizlə bağlı ayrı-ayrı tədqiqatlarında, məqalələrində dövrün özü və sonrkı illər üçün faydalı olacaq dəyərli mülahizələr, elmi-nəzəri qənaətlər çoxdur. Onun bilavasitə həmin dövrdə teatr sənətinin yaradıcılıq prosesi, müxtəlif sənətçilərin səhnə fəaliyyəti ilə bağlı yazıları onların müəllifinin sərrast fikirləri, obyektiv və səriştəli mövqeyi teatr tənqidçiləri üçün olduqca əhəmiyyətli faktlarla zəngindir.

Əsas etibarı ilə resenziya kimi dərc edilən həmin tənqidi yazıların tarixi görkəmli jurnalist və yorulmaz teatr tədqiqatçısı Qulam Məmmədlinin “Azərbaycan teatr salnaməsi” kitabında yığcam  şəklində verilsə də, orada müəllifin niyyətinə uyğun olaraq yalnız tarixi rəqəmlər və “xəsis” qeydlər verilmişdir. Daha çox o dövrün “İqbal” qəzetində dərc edilən resenziyyalarda isə M.Ə.Rəsulzadə geniş təhlilə yer verməsə də, bütövlükdə tarixin ölməz teatr sənətinin mənzərəsinin aydın və xarakterik cizgiləri işarələnir.

Məsələn, “İqbal” qəzetinin 23 dekabr 1913-cü ildə ki № 536-cı nömrəsində dərc edilən “Yezid ibn Müaviyə tamaşası” adlı resenziyasında M.Ə.Rəsulzadə yazır ki: “Keçən cümə gecəsi teatr maraqlıları bir çox goftu-gulara səbəb olan “Yezid ibn Müaviyə” tamaşası pyesini səhneyi-tamaşada seyr etdilər. Bəli, “Yezid ibn Müaviyə” tamaşa edildi. Onu əvvəlcə olaraq senzor etməyənlər də şayiata (şaiələrə baxmayaraq) rəğmən onda heç bir müqəddəsatə toxunan bir şey olmadığını gördülər. Bəlkə biləks, hər kəsin qəlbində cayi-lənət (lənət yeri) və nifrət ittixas edən yezidin necə bir pəlit (murdar) olduğunu rəyüleyn (öz gözü ilə görmə) seyr etməklə şadkam dəxi oldular ki, bunun mükafatını da Yezidi zəhərləyən Səlma rolunu ifa edən Olyenskaya xanıma bəxş edərək onu alqışladıqca alqışladıar.

“Yezid ibn Müaviyə” pyesi müərrixi-şəhr Misirli Cürci Zeydanın “Ğadətü-Kərbəla” romanının tərcüməsi olan “Kərbəla yanğısı”ndan iqtibas edilib. Romanın ərəbcədən tərcüməsi Bakı qazisi Hacı Mirməhəmmədkərim Ağaya məxsusdur”.[1]

Hörmətli jurnalist Qulam Məmmədlinin tədqiqatlarında yer alan tarixi faktlar içərisində “Əhdə vəfa” və bir neçə il ərzində tamaşaya qoyulan başqa əsərlərlə bağlı müxtəsər məlumatlar da var. Bu, həm dramatik əsərlərin, həm də musiqili əsərlərin ayrı-ayrı tamaşalarını əks etdirir. Maraqlıdır ki, həmin tamaşalar haqqında M.Ə.Rəsulzadənin də diqqətçəkən mülahizələri dövrün teatr həyatı ilə bağlı müəyyən təsəvvür yaratmağa imkan verir. Məsələn, M.Ə.Rəsulzadə “Əhdə vəfa” tamaşası ilə bağlı yazır ki,“ Bu, Qafqasiya türk səhnəsində böyük bir rəğbət görmüş olan “Kavaye-ahəngdar” faciəsi müqtədir mühərritin digər bir dəyərli əsəridir. Səməd Mənsur cənabları səhnəmizi böylə bir qiyməydar əsərə sahib olmağa vasitə olduğu üçün şayani-təbrikdir. Dramanın bəzi kvartetmalend opera və opermetika dedikləri əsərlərə məğıub kimi görünən böylə bir zamanında “Əhdə vəfa” kimi əsərlərin oynanılması təkrar dramanı diriltməyə bir vəsilə olar ümidindəyəm”.[2]

Maraqlıdır ki, dövrün incəsənət həyatının başqa səhnəsinin, yəni musiqili teatrın opera və operetta sənətlərinin bir neçə tamaşalarına da xüsusi diqqət yetirən M.Ə.Rəsulzadə həmin sənətlərin yaradıcılıq xüsusiyyətləri ilə bağlı “İqbal” qəzetinin 3 fevral 1914-cü il № 568-ci “Əsli və Kərəm operası” yazısındakı təəssüratlarını oxucularla bölüşür.

“Milli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri “Əsli və Kərəm” hekayəsindən iqtibas olunan “Əsli və Kərəm” operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdakı birinci əsəri və gərək islam və gərək türk aləmində birinci olan “Leyli və Məcnun” operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. “Leyli və Məcnun”dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə “Fərhad və Şirin”i görmüş, beş ildəki tədənüyyə (geriləmək) ürəyim ağrımışdı. Fəqət “Əsli və Kərəm” operasının tamaşası bu ağrını sağaltdı.

...Müsəlman operasının aktyorları həqiqətən gözəl oynayırlar və kim nə deyirsə desin, Üzeyir bəy Hacıbəyovun təlif etdiyi əsərdə bir zövqi-ədəbi və musiqi vardır. Xıncaxınc dolmuş olan teatrda oyunun və musiqinin məharəti ilə ifası nəticəsi olaraq müsəlman tamaşaçılarına xas olan bir səs və bir səda da yox idi. Hər kəs valeh olmuş, hər kəs Kərəmin o lahuti eşqinə mütənasib ahəni nəqəmatə canidildən bənd olmuşdur”.[3]

M.Ə.Rəsulzadənin “Siyavuş” faciəsi haqqındakı “İqbal” qəzetinin 25 aprel 1914-cü ildə dərc edilmiş yazısında tamaşanın oynanıldığı məkan göstərilməklə bərabər maraqlı məsələlərə toxunulur. Burada yazılır ki: “Səşənbə gecəsi “İttihad” mədrəsəsi müəllimlərindən mütəşəkkil teatro dəstəsi tərəfindən Hacı Zeynalabdin Tağıyevin teatrosunda müəllifi elanlarda və proqramlarda göstərilməyən tarixi “Siyavuş” faciəsi mövqeyi-tamaşaya qoyuldu.

Xilafi-mötad olaraq (qatdata əks olaraq) əsərin sahibi nə üçün göstərilməmişdir? - deyə bittəb xatirə bir sual gəlir. Mən bu sualı “İttihad” mədrəsəsinə yaxın olanlardan birisinə verdim. Cavab olaraq, mənə bunu izah etdilər ki, əllərində mövcud olan nüsxeyi-əsliyyənin üst yaprağı məfqud (itirilmiş) olduğundan əsərin hansı mühərrirə məxsus olduğunu bilməmişlərdir. Fəqət mənə öylə gəliyor ki, bu tarixi əsər osmanlı mühərrilərindən mərhum Əhməd Midhət əfəndinindir. İstanbulda ikən bunu bir kitabçada görmüş, nüsxəsinin kəmyab olaraq tükəndiyini də öyrənmişdim.

“Siyavuş” hekayəsi tarixin əsatir ilə məxlut (qarışıq) olan bir dövri-məchulinə aiddir”. [4]

Bundan sonrakı,  yəni “İqbal” qəzetində 19 oktyabr, 2 noyabr tarixlərindəki yazılarında M.Ə.Rəsulzadə “Qaçaq Kərəm”, “Rüstəm və Zöhrab” pyeslərinin dramaturji özəllikləri ilə bərabər həmçinin səhnə təcəssümünü də nəzərdən keçirir. Məsələn, “Qaçaq Kərəm” ilə bağlı yazı müəllifi qeyd edir ki, “Hüseyn Ərəblinski cənablarını Bakı səhnəsi çoxdan bəri təxminən iki ilə yaxın olar ki, görməmişdi. Bu sətirləri qaralayan mühərrir dəxi aktyoru indi yeddi il olar ki, zəmanənin təsadüflərindən dolayı səhnədə görməkdən və məzkurun zikr olunan (adı çəkilən) öz sənətinə qarşı bəslədiyi məhəbbət və məcburiyyətlərdən bir bəzzi-ruhasni duymaqdan məhrum idi.

...Pyesin yazılışı bəd deyil. Lövhələri olduqca qəşəng və zəngindir. Bəzi xırda-para nöqsanları olmaqla bərabər milli bir həyatı təsvir edən bu əsər əhəmiyyətsiz deyildir. Xüsusilə, Qaçaq Kərəmi ifa edən Ərəblinski bu əsərdə nə qədər gözəl təsvir olunmuşdur”.[5]

“Rüstəm və Zöhrab” pyesi ilə bağlı müxtəsər fikir söyləyən yazı müəllifi yazır ki, “Cümə axşamı Tağıyev teatrında Hüseyn Ərblinskinin iştirakı ilə müvəffəqiyyətlə artistlik edənlərdən Qəmərlinskinin (Əhməd bəy Məlikov) əsəri olan “Rüstəm və Zöhrab” pyesi oynanıldı.

Şahnameyi Firdovsinin ən faciəli bir təsvirini təşkil edən “Rüstəm və Zöhrab” əsatiri hekayəsi axira türkcəyə mənzum olaraq tərcümə edilmişdir.  

Onun başqa bir opera “Şah Abbas və Xurşudbanu”nun tamaşası haqqında yenə “İqbal qəzetinin 3 mart 1914-cü il tarixində dərc edilən məqaləsi də maraqlı mülahizələrlə zəngindir.

“Keçən cümə gecəsi Üzeyir Hacıbəyov cənablarının mühim əsərlərindən “Şah Abbas və Xurşudbanu” operası tamaşa olundu ...

“Şah Abbas və Xurşidbanu” operasının məzmunu hər böyük və iqtidarlı hökmdar kimi mütəşəkkir millətin təsnif etdiyi bir çox hekayə və mənqəbələr halədar olan Şah Abbasın qəraib halından iqtibas olunmuşdur. Bu opera bir neçə dəfə oynanıldığı üçün məzmunu xəlqimizə bəllidir, binaən əleyh təfsilinə lüzum görmüyoruz. Hekayə səhnə nöqteyi-nəzərindən mükəmməldir. Pərdələr calibi-nəzər bir halda tərtib olunmuşdur. Operalara xas lövhələrdən də ari deyildir.

Musiqisi “Leyli və Məcnun“ ilə “Əsli və Kərəm”dəki qədər milli deyil, bir çox parçalar Avropa muğamatından iqtibas olunmuşdur. Maloroslardan alınmış bəzi parçalar çox da gözəl iqtibas olunmuşdur.

Yalnız Üzeyir bəyin nəsrləri qafiyəsiz və vəznsiz misraları tar və saz gücilə şeir yapmaq “məharəti” burada artıq sonu dərəcəsinə çıxmışdır”.[6]

Ötən əsrin əvvəllərində oynanılan o zaman yeni janr sayılan operettalar haqqında yazdığı məqalələrində M.Ə.Rəsulzadə müxtəsər şəkildə səhnə sənətimizin musiqili teatr növünün addımlarını dəyərləndirməklə ictimai rəyin diqqətini onlara yönəldir.

“Evliykən subay” haqqındakı yazısında o bildirir ki, “Keçən çaharşənbə gecəsi Zülfüqar bəy Hacıbəyov cənablarının Hacı Zeynalabdin Tağıyevin teatrosunda oynanılan “Evliykən subay” operettası olduqca gülünc çıxdı. Tamaşaçılar gülməkdən şuluq salmağa belə fürsət tapıyorlardı.

“Evliykən subay” həqiqətən də gülünc bir mövzudan bəhs ediyor. Müəllif bu əsəri ilə istəmiş ki, çoxarvadlılığın nə qədər rüsvay bir şey olduğunu həcv etsin. Onun nə qədər gülünc olduğunu tamaşaçılara göstərsin”.[7]

M.Ə.Rəsulzadə o illərdə yeni səhnə həyatını yaşamağa başlayan “Arşın mal alan” operettası ilə bağlı mülahizələrini bölüşərək yazır ki, “Cümə gecəsi Üzeyir Hacıbəyovun “Arşın mal alan”ına baxdıq. Bu da olduqca gülməli idi. “Arşın mal alan”ın mövzusu arvad məsələsinin bizdəki şəkli-hazirinə bağlı “görmədən evlənməyi” istehza üçün intixab olunmuşdur. Cavan bir tacir evlənmək istəyir. Yoldaşı Süleyman bəyin məsləhəti üzərinə özünə qız bəyənmək üçün qoltuğuna arşın mal alıb qapı-qapı gəziyor. Nəhayət Sultan bəyin qızını görüyor, bəyənir. Sonra operettalara məxsus bir taqım (qisim) sərgüzəştlər keçirdikdən sonra qızı alıyor.

Bizcə mövzu olduqca ciddidir”.[8]

M.Ə.Rəsulzadə, bəlli olduğu kimi, “İqbal” qəzeti ilə bərabər digər dövrü mətbu orqanları ilə də sıx əməkadşlıq etmiş və müxtəif mövzulu yazılarındakı fikirlərini oxucularına ünvanlamışdır. Belə mətbu orqanlarından biri kimi “Açıq söz” qəzetini göstərmək olar. Bu qəzetin 2 fevral 1916-cı il № 101 nömrəsindəki “Ənuşirəvani-adil” pyesi ilə əlaqədar yazdığı məqalədə M.Ə.Rəsulzadə cəmiyyət həyatının diqqət çəkən qəribə ovqata istehzalı münasibətini gizlətmədən yazır kı: “Ənuşirəvani-adil” pyesini (buna pyes demək caiz isə) səhneyi-tamaşaya qoymaq üçün intixab edən “Nicat” maarif-cəmiyyəti teatro heyəti əzasından birisi bu xüsusda tarixi bir məlumat ala bilmək üçün evlərində telefonları olan axundlarımızdan bir neçəsinə müraciət etdimsə də, kafi məlumat ala bilmədim, dərdini anlatıyordu.

İştə, görmüyorsunuz ki, cümə gecəsi Tağıyevin teatrosunda gördüyünüz mənzərələr və duydyğunuz hisslərlə Ənuşirəvan və onun dövrü arasında təbiri-görülürsə, Mirzə Rəsul ilə bu Zərricümhur (zərrə ilə çoxluq arasında) qədər fərq vardır.

Heyrət olunur “müəlliflər”imizin cəsarətinə! Təəssüf olunur cəmiyyətlərimizin cəhalətinə!”[9]

Bəhs etdiyimiz məqalədə müəllifin ictimai-mədəni mühitdə müşahidə etdiyi vəziyyətə təəssüf dolu münasibəti yer alırdısa, həmin qəzetin 1 may 1916-cı ilin №173 tarixində dərc etdirdiyi “Ölülər” pyesi ilə bağlı yazısında əvvəlkilərlə açıq-aşkar fərqlərini bu sayaq bildirir.

“Teatro və ədəbiyyatımızda şayani-təqdir bir əsər vücuda gəldi. Tarixi-ədəbiyyatımızda bir vəqə hadis oldu.

Keçən axşam Tağıyev teatrosunda Mirzə Cəlil cənablarının incə qələmindən çıxan gözəl bir əsəri, “Ölülər” oynandı.

“Ölülər” “Molla Nəsrəddin” məcmuəsinin bir nüsxeyi-digəridir.

“Ölülər” qaranlıq həyatda cəhalətlə çürüyən mühitdə bitab düşən xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş ediyor...”[10]  

Onsuz da bu hekayəni bilməyən çox az tapılar”.[11]

Həmin illərin teatr həyatında səhnəyə gətirilən tamaşalar haqqında müxtəlif səviyyəli yazıların mətbuatda yer alması ictimai rəyin teatr sənətinə marağının böyük olduğunu sübut edir. Burada maraqlı olan budur ki, milli teatr sənətimizin böyük fədaisi olan Hüseyn Ərəblinskinin əfsanələşmiş aktyor ifaçılığı bu dövrün mətbu yazılarında ciddi tənqid edilirdi.

Belə tənqidlərdə tamaşaçının qarşısına canlı səhnə obrazları əvəzinə yalnız zahiri görünüşü, qrimi və geyimi ilə fərqlənən soyuq fiqurların çıxdığı bildirilirdi. Məsələn, “1812-ci il” tamaşasındakı Napaleon rolunun ifaçısı H.Ərəblinski “Kaspi” qəzetinin yazdığına görə, “zahiri və xarakterik cəhətlərinə görə”[12] həmin tarixi şəxsə, yəni boyu hündür, arıqbədənli H.Ərəblinski balacaboylu, kök Napaleona heç cür bənzəmirdi. Və bu rol onun uğursuz oyunu kimi dəyərləndirilirdi.

Maraqlıdır ki, tamaşa və konkret olaraq Napaleon obrazı üzərində əziyyətli çalışmaların aparıldığına, rolların istedadlı aktyorlar Q.Şərifov (Kutuzov), A.M.Şərifzadə (Barklay de Tolli), Səməd Mənsur (Baqration) tərəfindən uğurla ifa edilməsinə baxmayaraq, əsas qəhrəman Napaleon bəsit alındığı üçün tamaşa ictimai rəy tərəfindən qəbul edilmədi.

Professor M.Məmmədov həmin dövrün mətbuat səhifələrində H.Ərəblinskinin bəzi rollarının ifasındakı qüsurlarının qeyd edildiyi ilə bağlı yazır ki, “bir sıra tamaşalarda qışqırığı, çox iti danışığı, sözləri təkrar etməyi, bəzən sözü bilməməyi, nəhayət (səhnədə -İ.İ.) rol ifa edərkən arabir rejissor kimi başqalarına göz qoymağı ona irad tuturdular”.[13]

H.Ərəblinskinin “həqiqətən də artist, müqtədir” olduğunu böyük inamla qeyd edən M.Ə.Rəsulzadə də “İqbal” qəzetində dərc edilən məqalələrinin birində onun “Nadir şah” tamaşasındakı baş rolda çıxışını belə təhlil edir: “Hüseyn get-gedə məətəəssüf artmaqda olan bir xasiyyətlərindən naşi layiqli Nadir şah tipi verə bilmədi. Artistlərdə əsab (emosiya -İ.İ.) çox dəfə həssas olur. Fəqət Ərəblinski bir parça əsabdan ibarətdir. Başladımı, haman bir boyuna bağırıb-çığırıb gediyor. Bir “qrafomanizm” hasil ediyor. Ax, bu “qrafomanizm” olmasaydı da, Ərəblinski də bir az aram, bir az “intenasiyon səsini dəyişdirmək” olsaydı, o vaxt şəksiz ki, faciənin baş rolu olduqca mükəmməl çıxacaq və yanımızda oturan müəllif cənabları (N.Nərimanov nəzərdə tutulur - İ.İ.) bu dəfəki müşahidəsinin əksi olaraq yazarkən təsəvvür elədiyi Nadiri haman görə biləcəkdi”.[14]

Örnək göstərdiyimiz milli teatr tariximizdə yer alan bir neçə mədəni hadisə sayılacaq tamaşalarla bağlı mülahizələrində M.Ə.Rəsulzadənin milli təəssübkeşlikdən qaynaqlanan maarifpərvər mövqeyi olduqca dəyərlidir.

O da dəyərlidir ki, həmin mülahizələrin ifadə edildiyi yazılarda M.Ə.Rəsulzadə teatr tənqidçisi iddiası ilə deyil, ziyalı vətəndaş mövqeyi ilə dövrün səhnə sənəti həyatında müşahidə edilən gerçək məsələlərə münasibət bildirir. Onun bu yazımızda qeyd etdiyimiz fəaliyyətində əldə edilən qənaətlər olduqca maraqlı və gələcəkdə teatr tariximizin öyrənilməsi sahəsində aparılacaq elmi-nəzəri tədqiqatlar üçün faydalı olacağı şübhəsizdir.

 

İsrafil İsrafilov
         Sənətşünaslıq elmləri doktoru, professor

 

[1] “İqbal” qəzeti, 23 dekabr 1913-cü il №536

[2] “İqbal” qəzeti, 26 yanvar, 1914-cü il, №191

[3] “İqbal” qəzeti, 3 fevral 1914-cü il №568

[4] “İqbal” qəzeti, 25 aprel 1914-cü il, №636

[5] “İqbal” qəzeti, 25 aprel 1914-cü il, №767

[6] “İqbal” qəzeti, 3 mart, 1914-cü il, №

[7] “İqbal” qəzeti, 9 fevral  1914-cü il, №573

[8] Yenə orada

[9] “Açıq söz” qəzeti 2 fevral 1916-cı il, №101

[10] “Açıq söz” qəzeti, 1 may 1916-cı il, №173

[11] “İqbal” qəzeti, 2 fevral 1916-cı il, №101

[12] Газета «Каспий»№23, 1913, 27 января

[13] Məmmədov M. Teatr düşüncələri. Bakı, işıq, 1977, s.159

[14] Rəsulzadə M.Ə. “İqbal” qəzeti, №767, 1914, 19 oktyabr