TEATRO

TEATRO

sənət portalı

post-title

İradə Gözəlova: “Teatrda gizlənə bilməzsən, hər şey göz qabağındadır”

Uğurları ilə dünyanı gəzən rejissor 

Sankt-Peterburq şəhərində keçirilən “Məktəb. Studiya. Emalatxana”  festivalı çərçivəsində Azərbaycanlı dramaturq İsmayıl İmanın yazdığı “Astara bağları” pyesi əsasında Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın hazırladığı “Astara bağları və ya sitrus terroru” tamaşası nümayiş olundu Dekabrın 15-də Sankt-Peterburqun “Masterskaya” teatrının kiçik səhnəsində göstərilən tamaşa eyni vaxtda internet üzərindən festivalın səhifəsində canlı yayımlandı. 

Tamaşanın rejissoru İradə Gözəlova səfərlə bağlı təəssüratlarını bizimlə bölüşdü. 

 

- İradə xanım, istərdik bu layihənin ərsəyə gəlməsindən danışasınız.  

- Gürcüstanlı dostum, Gürcüstanın Axmeteli Dövlət Dram Teatrının bədii rəhbəri İrakli Gogia mənə Peterburq Teatrında bir tamaşa hazırlamağı təklif etdi. Təşkilatçılar mənimlə əlaqə qurub haqqımda məlumat istədilər. Sonra isə Peterburq festivalının direktoru, teatrşünas Olqa Nikiforova məni festivala dəvət etdi. Orada rejissor laboratoriyasında biz fikir mübadilələri apardıq. Sonda isə mən bir pyes seçməli idim. Düşündüm və İsmayıl İmanın “Astara bağları” pyesinin üzərində dayandım. Pyesin müəllifi ilə əlaqə saxladım və onun razılığını aldıqdan sonra pyesi Olqaya təqdim etdim. Nəticədə pyes qəbul olundu və dekabrın 10-da mən Peterburqa gəldim. 

Təəssüratlarım çox gözəldir. Əslində, belə laboratoriyalarda, ustad dərslərində çox iştirak etmişəm və bu da mənim  yaradıcılığıma öz təsirini göstərib. 

- Festivalın məqsədi nədən ibarət idi?

- Festival “Məktəb. Studiya. Emalatxana” adlanır. Bu beynəlxalq festival artıq üç ildir ki, keçirilir. Peterburqda “Masterskaya” adlı maraqlı bir teatr var və bu teatrın bədii rəhbəri Rusiyanın əməkdar incəsənət xadimi Q.M.Kozlovdur. Teatr maraqlı olduğu qədər də müasirdir. Sözügedən festival da məhz burada keçirildi. 

- Festivalın beynəlxalq arenada nüfuzu nə qədərdir? 

- Bu, çoxşaxəli festivaldır. Festivalda dünyaca məşhur sənətkarlar ustad dərsləri keçirlər. Onlardan teatrşünas, “Qızıl Maska” festivalının eksperti Alena Karas, Rusiyanın məşhur teatrşünası Aleksandr Bartoşeviç, dramaturq Mixayıl Durnenkov, litva rejissoru Oskaras Korsunovas, litva dramaturqu Marius İvaskeviçusu misal göstərə bilərəm. Festivalda müxtəlif ölkələrdən tamaşalar nümayiş olunurdu. Burada dostluq əlaqələri qurulurdu, fərqli ölkələrdən gələn rejissorlarla tanış olmaq imkanı, iştirak edən ölkələrin tamaşalarını izləmə şansımız yaranırdı.  

 - Niyə məhz "Astara bağları" əsərini seçdiniz? 

- Ən birinci səbəb Rusiyada nümayiş olunacaq tamaşanın məzmununun Azərbaycana aid olması idi. Bu tamaşada eyni zamanda Azərbaycan musiqiləri də səslənir. Bundan başqa Astara şəhərinin təqdimatını etmiş oldum. Rejissor laboratoriyasına daxil olduqda biz əsərləri müzakirə etdik. Orada 5 gün ərzində “Masterskaya” teatrının aktyorları ilə İsmayıl İmanın "Astara bağları" pyesini qurdum. Təbii ki, dramaturqun icazəsi ilə tamaşanın adını biraz dəyişib “Astara bağları və ya sitrus terroru” qoydum. Tamaşada Rəsul obrazını Anton Momot, Anarı Aleksey Vinnikov, Zeynəbi Yuliya Vibe ifa etdi. Əsərin mövzusu maraqlıdır. Terror aktı zamanı öldüyü güman edilən Rəsul Yaqubov 15 il sonra evinə dönür. Bu illər ərzində Astarada kiçik bir kənddə yaşadığını ailəsinə bildirən Rəsul gözlədiyi reaksiyanı almır. Uzun müddətdir ki, ailədə hər şey dəyişib və onun bu sürprizi heç də xoş qarşılanmır.  “Astara bağları və ya sitrus terroru” həyatdan müvəqqəti olaraq qopma, gündəlik rutindən, ailə, iş məsuliyyətindən qaçma istəyimizdən və inert varlığımızdan bəhs edən hekayədir. 

- Fərqli teatrın aktyorları ilə işləmək bir rejissor üçün nə deməkdir?

- Orada peşəkar aktyorlar çoxdur, xüsusən də gənclər dinamikdirlər. Onlarla işləmək mənə böyük zövq verirdi. Həm də burada teatr sanki bir ailə kimi idi və hamı bir-birinə kömək edirdi. Yəni yaranan atmosfer tamamilə fərqli idi. Mən onlarla işləməkdən məmnun qaldım. Festivalda hər gün 1 rejissor öz əsərini təqdim edirdi. 15 dekabr mənim növbəm idi və biz hazırladığımız əsəri oynadıq.

- Sizin hazırladığınız tamaşa izləyicilər tərəfindən necə qəbul olundu?

- Tamaşamız nümayiş olunan zaman tamaşaçı zalında məşhur teatrşünaslar, tənqidçilər, rejissorlar, eyni zamanda müxtəlif ölkələrdən gəlmiş ekspertlər, sənət adamları əyləşmişdi.  Nümayişdən sonra geniş müzakirələr aparıldı. Müzakirə zamanı tamaşa haqqında müsbət fikirlər səsləndirildi və pyesi, tamaşanın quruluşunu və aktyor oyununu çox bəyəndiklərini söylədilər. Təbii ki, bu da məni məmnun etdi. 

- Bəzən qonşu ölkələrdə, xüsusən də Rusiyanın özündə kənardan gələn  rejissorlara bir az yuxarıdan aşağı baxırlar. Siz xarici festivallarda belə münasibət hiss edirsinizmi?

- Teatr canlı sənət növüdür. Burada gizlənə bilməzsən, hər şey göz qabağındadır. Açığı, mən özümə qarşı elə bir münasibət hiss etməmişəm. Əksinə, hər zaman isti və doğma münasibət görmüşəm. Orada köhnə dostlarımla görüşdüm. Bilirsiniz ki, mən Moskvada təhsil almışam, V.V.Fokinin tələbəsi olmuşam. İştirak etdiyim sonuncu festivalda da tanıdığım sənətkarlar kifayət qədər idi. Belə sənətkarların arasında mən Azərbaycanı təmsil edirdim və üzərimə düşən məsuliyyəti hiss edirdim. 

- Baş rejissoru olduğunuz Gəncə Dövlət Dram Teatrında hazırda vəziyyət necədir? 

- Gəncə Dövlət Dram Teatrında yaradıcı proses gedir. 2019-cu il bizim üçün çox uğurlu oldu. Bu ili həm Gəncə teatrı, həm də bir rejissor olaraq yaradıcılığım üçün düşərli və uğurlarla dolu bir il hesab edirəm. Gəncə teatrında bir çox tamaşalar səhnələşdirdik. Nodar Dumbadzenin “Hellados” əsəri mənə uğur gətirdi. Bu tamaşanı 3 ölkədə nümayiş etdirdik. Belə ki, əsərə Gürcüstanda Axmeteli Dövlət Dram Teatrında quruluş verdim. Beləcə, teatrlarımızın arasında qarşılıqlı sənət mübadiləsi yarandı. Nodar Dumbadzenin “Hellados” pyesi Gəncə Dövlət Dram Teatrının 124-cü mövsümünün açılışında teatrsevərlərə təqdim olundu. Teatrın yaradıcı kollektivi elə bu səhnə əsəri ilə Özurgeti Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdi və mükafatlara layiq görüldü. Gürcüstanda çalışan teatrşünaslar və sənət adamları Gəncə Dövlət Dram Teatrının bu quruluşuna çox yüksək qiymət verərək dövri mətbuatda tamaşa haqqında geniş resenziya və məqalələrlə çıxış etdilər. Biz Adanada, Konyaya festivala getdik. Burda çox yaxşı qarşılandıq. Ukraynanın Kamensk və Herson şəhərində “Hellados” tamaşasını oynadıq. Tamaşa çox böyük maraqla qarşılandı. Bir şəhərdə “Ən yaxşı aktyor dueti”, digərində isə “Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafata layiq görüldük. Ukraynanın  Herson şəhərində keçirilən festivalda tamaşamız “ən yaxşı rejissor işi”nə görə diploma layiq görüldü.  Mən həmin əsəri Tiflisdə də tamaşaya qoydum. Bu günə qədər bu tamaşa həmin teatrın repertuarında var. Tamaşa sevilir, izlənilir, biletlər satılır. Bundan başqa, “Hamlet” əsərini hazırladım. Tamaşanın premyerası olub. Bu tamaşanı Bakıda nümayiş etdirmək istəyirik. 

- Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı teatrda hansı tamaşa hazırlandı?  

- XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə bağlı ölkədə, eləcə də teatrlarımızda tədbirlər keçirilir. Bu layihə çərçivəsində  bölgə və şəhər teatrları da Cəfər Cabbarlınının əsərlərinə müraciət etməli və həmin tamaşaları Bakıda nümayiş etdirməli idi. Biz də C.Cabbarlının “Dönüş” əsərini səhnələşdirdik və bu tamaşanı paytaxtda nümayiş etdirdik. Tamaşa uğurlu oldu və onun haqqında maraqlı materiallar hazırlandı. Paytaxt tamaşaçıları tərəfində kifayət qədər sevildi. 

- İradə xanım, Türkiyənin tanınmış dramaturqu olan Tuncer Cücənoğlunun da son arzusunu reallaşdırdığınızı eşitdik.

- Bəli, türk dünyasında tanınan dramaturq, mərhum Tuncer Cücənoğlu dünyasını dəyişməmişdən əvvəl öz sosial şəbəkədəki hesabında mənimlə bağlı paylaşım etmişdi. Türk dünyası teatrlarında səhnələşdirilən və məşhur əsərlərindən olan “Uçqun” əsərinə quruluş verəcəyimi yazmışdı. Açığı biz onunla bu barədə danışmışdıq, ancaq tam razılığa gəlməmişdik. Onun  son istəyi bu tamaşanı səhnələşdirməyim idi. O bu şərhi yazdığı günün səhəri dünyasını dəyişdi. Tuncer bəyin qızı atasının ölümündən bir həftə sonra mənimlə əlaqə saxlayıb, atasının son arzusunun mənimlə bağlı olduğunu dedi. O məndən bu əsəri səhnələşdirməyimi xahiş etdi. Mən də bunu dostum İrakli Goqiyaya bildirdim və o bu layihəni öz üzərinə götürdü. Gürcüstanın Axmeteli Dövlət Dram Teatrında tamaşanı qurdum və orada təntənəli şəkildə təqdimat keçirildi.  Təqdimata qızı Qəmzə Cücənoğlu da gəlmişdi. Qəmzə xanım çox şad idi ki, bu layihə alındı. Bundan sonra bizi Trabzon teatrına dəvət etdilər. Hazırda bu layihənin üzərində çalışırıq. 

 

 Xəyalə Rəis

Load Time (S) : 0.006042