II "4.4" Qısa Tamaşalar Festivalı
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə də etmək olar”.
A.N.Ostrovski.
II "4.4" Qısa Tamaşalar Festivalının tamaşaları haqqında bəhs etməyə keçməzdən əvvəl qeyd edim ki, I festivalda münsiflər heyətinin tənqidi qeydlər söylədiyi iştirakçılar teatr və müəllif olaraq bu ilki festivala nəinki təkrar qatıldılar, həm də qaliblər sırasında özlərini təsdiq etdilər. Bu, əlbəttə, sevindiricidir.
“Teatro.az” sənət portalı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa İli”nə həsr edilmiş II “4.4” Qısa Tamaşalar Festivalının (25-30 noyabr 2022-ci il) açılış günündən əvvəl, noyabrın 24-ü Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Konservatoriyasının professoru Cahangir Novruzovun “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda treninqi, festivalın açılış günündə isə Dövlət Akademik Milli Dram Teatrında sənətsevərlər və teatr ictimaiyyəti ilə görüşü keçirildi.
Festival günlərində həmçinin öncəki gün ərzində nümayişlənən tamaşaların müzakirəsindən sonra (sədr teatrşünas İsrafil İsrafilov olmaqla münsiflər heyəti teatrşünas Aydın Talıbzadə, rejissor Mehriban Ələkbərzadə, aktyor və rejissor Cahangir Novruzov, dramaturq Əli Əmirlidən ibarət idi) Gürcüstanın Movement teatrının rejissoru İoseb Bakuradzenin “İmprovizə”, “Teatr dünyası – dünya teatrı müasir dövrün qlobal problemləri kontekstində” mövzusunda panel müzakirə, Tbilisi Beynəlxalq Teatr Festivalının art-direktoru Yekaterina Mazmişvili və Tbilisi Beynəlxalq Teatr Festivalının beynəlxalq proqram üzrə prodüseri Nutsa Burjanadzenin “Festivalın strukturu: çağırışlar, vəzifələr və perspektivlər”, K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin “Qafqaz təbaşir dairəsi” mövzusunda ustad dərsləri oldu.
İnama güvənmək
Festivala start verən tamaşalardan biri və 2-ci yerə layiq görülən “İnanıram” tamaşasının həm bədii materialının (müəllif Ülviyyə Heydərova), həm rejissor işinin (quruluşçu rejissor və səhnə tərtibatçısı Elşad Rəhimzadə) və ən əsası aktyor ifasının səmimiliyini qeyd etməmək mümkün deyil. Tamaşa boyunca aktrisa Zemfira Əbdülsəmədova (bu roluna görə aktrisa həm də "ən yaxşı aktrisa" nominasiyasının qalibi oldu) səhnədə tək olsa da, ifasının inandırıcılığı sayəsində tamaşaçı onun oğlunun varlığını aşkar hiss edir – gələcək əsgərin, Vətən müdafiəçisinin, şəhidin həm uşaq çağları, həm yeniyetməliyi, həm də gəncliyi görünməz, amma duyulan bütün zəruri detallarla "canlanır". Yeganə olaraq, Ana obrazının gəncliyindən bəri mehrini saldığı ağacla bağlı aydın bir xətt yoxdur süjetdə - o, bu ağaca niyə belə bağlanıb, bu bağlılığın hər hansı preambulası yoxdurmu, ola bilməz ki, burda ilkin bir əhvalat, və ya ən azı anım, təəssürat tarixçəsi olmasın... Bir də qəribə təsir bağışlayan daha bir məqam səhnə tərtibatı ilə bağlıdır – təbii ağacı çox rahat andıran butafor ağac zərif, yarımşəffaf, dümağ parçanın ortasına pərçim edilib və bu parçanın üzərinə tökülən yarpaqlar nədənsə parlaq qızılı rəngdədir, xəzəl yarpaqları rəngində-çalarında deyil, məhz parlaq, hər hansı şənlik dekoru kimi istifadə oluna biləcək yarpaqlardır, sanki zərif ağ parçanın üzərinə səpələnənlər. Və ağacla, süjetlə tam uyğunsuzluq təşkil edir bu yarpaqlar, tamaşaçıda yanlış gözlənti yaradır - bu zərif dümağ parça və bu parlaq qızılı yarpaqlar tamaşanın qəhrəmanlarının hansısa lirik-romantik, xoşbəxt anımının bəlirtisidirmi, yoxsa kiminsə xəyalından xəbər verən belə bir ovqat növbəti səhnədəmi canlanacaq? Lakin bunların heç birinin əsər-əlaməti yoxdursa, belə bir dekorasiyaya da yer qalmamalı idi...
Festivalın 2-ci günü səhnəyə çıxan Qusar Dövlət Ləzgi Dram Teatrının “Poni” tamaşasının yaradıcı heyətini sərrast mövzu seçimi və etnik ləzgi mənşəli aktyorluq təhsili olmayan truppa üzvlərinin Azərbaycan dilində rol ifa etmələri ilə təbrik etmək olar. Təəssüf ki, sadəcə və yalnız bu. Halbuki vaxtilə Azərbaycan Dövlət Gənclər Teatrının səhnəsində S.Bekketin "Qodo həsrətində" əsərini özünəxas müstəsna ustalıqla qoyub ən teatral ölkələrdən olan Rusiyada da əks-səda qazanan Əliyar Əliyev (o vaxt Əliyar Alişanoğlu kimi tanınırdı) kimi bacarıqlı və istedadlı rejissor müvafiq yaradıcı mühit olduğu təqdirdə teatrsevərlərə daha bir əsl teatr bayramı bəxş etmək iqtidarındadır. Teatr sənətinin absurd cərəyanının azsaylı bilicilərindən olan Əliyar Əliyevə festival çərçivəsində teatrın bu növü üzrə ustad dərsi həvalə edilsəydi daha məqsədəuyğun olardı.
Qayıdaq proqramda absurd-dram janrında qoyulduğu qeyd edilən "Poni" tamaşasına. Qazax dramaturgiyasının yeni nəslinə mənsub olan Murad Kolqanatın “Poni” ibrətamiz əsəri sosial yükü etibarilə son dərəcə dəqiq hədəflərə malik yaradıcı məhsuldur. Və qaldırdığı problemin aktuallığı zaman məhdudluğundan sığortalıdır, desək, yanılmarıq. Çünki sıx məskunlaşmış şəhərlər, bu şəhərlərdə özünü, müstəqim və məcazi anlamda, öz yerini tapmağa çalışan insanlar cəmiyyətin durumuna biganə qalmayan ziyalıları hər zaman düşündürürlər. Tamaşada iştirak edən aktyorların əksəriyyətinin obrazlarını dəqiq duyub tamaşaçıya çatdırmaqda çətinlik çəkdikləri hiss olunmaqda idi. Müəyyən nisbətlə yeganə xanım iştirakçı olan Kəmalə Səfərova bütün tamaşa boyu üzvi, inandırıcı olmağın öhdəsindən gəldi, müəllifə və rejissora süjetin qayəsini çatdırmaq işində ən yaxşı yardımçı kimi yadda qaldı. Diqqətçəkən daha bir aktyor Namiq Mustafayev yalnız monoloq səhnəsində fərqlənməyi bacardı.
Həmin gün nümayişlənən "Yuğ" Dövlət Teatrının "Kloun bizzz" səhnə əsəri (müəllif Matey Vişnek, quruluşçu rejissor Mikayıl Mikayılov) ilk növbədə rejissorun növbəti benefisi kimi yadda qalır. Kifayət qədər satirik əsərin "Yuğ"çuların təqdimatındakı yozumu duyğusallıqdan da xali deyil. Şübhəsiz ki, üç kloun obrazının üçünün də ifaçısının xanım oyunçu (Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva) olması bu səciyyəni yaradır. Tamaşa quruluşçu rejissorun ustalığının (yeganə tənqidi qeyd: əsərin mətninin müəyyən hissəsi element, detal, hərəkət, mimika vasitəsilə verilsəydi sözlərin ağırlığı hiss olunmazdı) daha bir təzahürü olmaqla yanaşı "Yuğ" teatrının müxtəlif yaş nəslinə mənsub aktrisaların fərdi bacarıqlarının, özünəməxsus istedadlarının yeni ifadə lövhəsi, rejissor-aktyor səsləşməsinin yaddaqalan detalları ilə zəngindir. Haşiyəyə çıxıb deyim ki, Zümrüd Qasımovanın bu personajı belə bir qənaətimi bir daha möhkəmləndirdi ki, aktrisa hər bir rolunda ən yaxşı və ən müvafiq mənada tamamilə müstəqildir və müəlliflər, rejissorlar bu nadir keyfiyyətdən daha geniş istifadə etməlidirlər.
“Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” (F.M.Dostoyevski)
Festivalın 3-cü günü teatrallara və münsiflər heyətinə təqdim edilən tamaşalardan biri Dövlət Pantomim Teatrının “Şinel” tamaşası oldu. Bu tamaşanın ictimai baxışında iştirak edəndən sonra (tamaşanın festival nümayişinə Lara Fabianın ifasında “Je taime” mahnısı əlavə edilmişdi) pantomimçilərin yeni bir teatr hadisəsi yaratdıqları, həmçinin “Şinel” tamaşasının adını II “4.4” festivalının proqramında görənlərə məhz bu tamaşanın favorit olacağı ehtimalı da böyük yəqinliklə aydın olmuşdu. Və bu ehtimallar doğruldu – II “4.4” festivalının qalibi adını məhz Azərbaycan Dövlət Pantomim Teatrının “Şinel” tamaşası qazandı. Tamaşa həm də “Gənc ekspertlərin mükafatı”na layiq görüldü.
Əslində bu uğursuz həyat yolu onun dünyaya gəldiyi gün başlamışdı - uşaq anadan olub, ona qoymağa uyarlı bir ad tapmaq isə müşkülə dönüb. Sonunda anası naəlac qalıb övladının adını atasının adı ilə eyniləşdirərək Akaki qoyur. Beləliklə, Akaki Akakieviç Başmaçkin adlı vətəndaş meydana gəlir. Amma vətən də, cəmiyyət də bu vətəndaşına sahiblik etmək qabiliyyətindən çox uzaqdır. Akaki Akakieviç Başmaçkin peşəsini sevən, məsuliyyətli, vicdanlı, mərifətli birisidir. Lakin o peşəsini sevdiyi, məktubların üzünü köçürmək işinə hörmət etdiyi qədər öz "eqo"sunun da fərqinə varıb, onu sevib, "mən"liyinə hörmət etsəydi, vətən və cəmiyyət ona qarşı bu qədər amansız olmazdı. Realist qroteskin dahi ədiblərindən biri Nikolay Vasilyeviç Qoqol bu əhvalatı çalışdığı idarələrin birində eşidibmiş; lətifə kimi danışılan bu hadisə onun kefini qətiyyən durultmayıb, əksinə, düşüncələrə qərq edib, əhvalat qəhrəmanının halına acıyıb.
Bir etiraf edəcəyəm: Qoqolun pantomim teatrına gəlişini çoxdan gözləyirdim və təsəvvür edirdim. Çünki Qoqol qədər xəfiflikdə, eyhamlı sətiraltı mənalarla yazmaqda, Belinskinin son dərəcə dəqiq qeyd etdiyi kimi, yüksək materiyaların və komikliyin sintezinin, nikbin pafosun və həyatın (konkret halda rus həyatı nəzərdə tutulsa da, bu mətləblərin aidlik arealında hər bir xalq özünə xas olan bir çox məqamları görə bilər) demək olar ki, bütün variantlarında məzəliliyi canlandırmaqda usta olan bu ədibi məhz sözsüz dilləndirmək onun təkrarsız təhkiyəsini daha eşidimli, daha duyumlu etməyə bərabərdir. Və Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı Bəxtiyar Xanızadənin yetirmələrindən biri Ceyhun Dadaşov milli teatr tariximizdə ilk dəfə olaraq Qoqolun "Şinel"ini səhnəyə gətirdi. Cəsarətli olduğu qədər uğurlu bir səhnə əsərinə imza atdı. Həm də sırf pantomim janrının komedi del-arte üslubunda. Gözləntim və təsəvvürüm tamamilə özünü doğrultdu. Quruluşçu rejissor Ceyhun Dadaşovun tamaşanın ictimai baxışından sonra “Mədəniyyət/Culture” jurnalının əməkdaşı ilə söhbətində bildirdiyi kimi, başqa bir teatrın səhnəsində qoyulub oynanılması mümkünsüz olan hər hansı bu və ya digər dərəcədə sözlü, musiqili, rəqsli tamaşa pantomim tamaşasıdır, sadəcə “Şinel”də yeni başlayan aktyorlar sözün arxasında gizlənməməyi öyrəndilər. Səkkiz nəfər iştirakçıdan yalnız Elnur İsmayılov və Əli Əlizadə Pantomim Teatrının təcrübəli və bacarıqlı aktyorlarıdır. Digər iştirakçılar Aydan Həsənova və Oqtay Kazımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Nəzrin Zeynalova və Zəhra Hüseynova məzunlarıdırlar. Nurlan Süleymanlı və Hilal Dəmirov dörd ildi MİU-nu bitiriblər, Gənc Tamaşaçılar Teatrının aktyor heyətində çalışırlar. Teatrın yaradıcısı və baş rejissoru Bəxtiyar Xanızadənin xeyir-duası ilə quruluşçu rejissor tərəfindən toplanan bu heyət altı ay ərzində pantomim dilini əxz etməyin öhdəsindən gəlib. Həm də tədris, təlim, məşq prosesi paralel aparılıb. Üstəgəl gənclərin inadcıllığı. Və bu inadcıllığın nəticəsi göz qabağındadır. Ceyhun Dadaşov: "Bəlkə də başqa bir teatrda hər hansı əsəri tamaşaya qoyanda aktyorlara personajların sözlərini səhnədən söyləmək kifayət edər ki, rejissor zəif olsa belə, müəllifin ideyası tamaşaçıya gedib-çatsın. Pantomim teatrında təbii ki, bu proses bir az başqa cür baş verir. Burda rejissor müəllifin ideyasını dəqiq tapmalıdır ki, yozum da dəqiq olsun. Çünki söz yoxdursa, fikir hərəkətin, kompozisiyanın hesabına ərsəyə gəlir. Ona görə pantomim tamaşası quran əvvəl anlamalıdır ki, nə göstərmək istəyir, yaxud müəllifin əsas ismarışı nədir. O baxımdan şinel elementi bizimçün sadəcə şinel olaraq qalmadı. Akaki Akakieviç uzun zaman özünün görünməz olduğunu, nəzərə çarpmadığını zənn edirdi. Və birdən-birə o, yeni şinel tikdirmək qərarına gəldi, təbii ki, bunun nəticəsinin nə olacağını təsəvvür belə etmirdi. Uzun zaman özünə qadağalar, məhrumiyyətlər, məhdudiyyətlər qoydu və nəhayət bu şineli əldə etdi. Və bundan sonra özünə verilən dəyəri gördü. Bu gün də belədir - biz bəzən özümüzə verilən dəyəri bahalı maşın, bahalı telefon, tutduğumuz yüksək rütbə və s. ilə əldə etməyə çalışırıq. Biz düşünürük ki, bunlar hər şeydir, dəyərimizn yeganə meyarlarıdır. Başmaçkin də bunu gördü – təzə şineli şərəfinə onun adına qonaqlıq verildi. Şinel yox olanda Akaki Akakieviç məhv oldu, çünki onun varlığı o şinelə çevrilmişdi. Bu gün də şinel bizim üçün rəmzi məna kəsb edir. Yəni şinel dedikdə bayaq sadaladığım maddi yüksəliş göstəriciləri nəzərdə tutulur, təbii ki… Mənəviyyatımızı, mənəvi dəyərləri unutduğumuza görə bunlardan hər hansı biri əlimizdən çıxanda özümüzü itiririk və bir daha tapa bilmirik. Cəmiyyətin diktə etdiyi meyarlara kökləndiyimiz, məhz həmin meyarları vacib saydığımız üçün varlığımızın həmin maddi üstünlüklərdən ibarət olduğunu düşünürük. Qoqolun “Şinel”ində də ideya ondan ibarətdir ki, insan öz dəyərini bilməyəndə, hansısa maddiyata nail olub onu özünün gerçək dəyəri sayanda təbii ki, bu maddiyat əlindən çıxanda acınacaqlı vəziyyətə düşməsi labüddür. Bəla ondadır ki, belə insanlar tək-tük deyil, kifayət qədərdirlər, təəssüf ki… Bütün sahələrdə belələrinə rast gəlmək mümkündür”.
Qoqol yaradıcılığının Peterburq silsiləsinin bütün diqqətəlayiq cəhətləri "Şinel" povestində cəmlənib. Və Pantomim teatrının səhnə əsərində bu cəhətlərin hamısını görmək mümkündür. Tamaşa, əsl sənət şüarçılığı və donuq illüstrativliyi sevmədiyinə görə xəfif, pıçıltılı olduğu qədər aydın şəkildə və səlis dildə qurulub.
Festivalın 4-cü günü müsabiqədənkənar proqramda K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrı “Kreyser sonatası” və Dövlət Pantomim Teatrının “Manqurt” tamaşaları haqqında deyə bilərəm ki, gürcülərin “Kreyser sonatası” son dərəcə kəskin, həm səhnə effektləri, həm mizanlar, həm aktyor oyunu etibarilə sərt yozuma malik bir səhnə əsəridir, hətta deyərdim ki, tamaşanın rejissorları Levan Tsuladze və Temo Kurqava əsərin adından və deməli mahiyyətindən, məğzindən uzaqlaşaraq və ya bunlara yeni baxış bucağından baxaraq süjetə tamamilə sosial çalar veriblər.
2012-ci ildə pantomimçilərin "Manqurt"unun birinci versiyasının premyera tamaşasını izləmiş tamaşaçılardan biri kimi deyə bilərəm ki, hər iki quruluşun teatrın tarixində ayrıca önəmli yeri var, biri o birinə uduzmur. İki "Manqurt" iki ayrı-ayrı səhnə əsəridir. İdeya müəllifi Bəxtiyar Xanızadə, quruluşçu rejissoru Ceyhun Dadaşov (o, həm də juanjuanların ümumiləşmiş obrazında çıxış edirdi) olan "Manqurt" tamaşasında teatrın beş aktrisası və altı aktyoru iştirak edir. İlk dəqiqələrdən nəzərə çarpan ümdə cəhətlərdən biri kimi aktyorların hamısının ümumi, kollektiv işlə məşğul olduqlarını (həm də əsərin ideyası bunu şərtləndirir) unutmamaları, eyni hədəfə vurduqlarını qeyd etmək olar. Və bu yekdillik sona qədər davam etdi.
Festivalın 5-ci günü müsabiqə proqramına daxil edilən "Zəfər zəngi" tamaşası (müəllif Zahid Xəlil, quruluşçu rejissor Qurban Məsimov) ədəbi material və rejissor işi baxımından zəif təsir bağışladı. Zənnimcə, müəllif-rejissor səsləşməsi baş tutsaydı, mövzuya şüarçı və illüstrasiyaçı yanaşma olmasaydı, daha bitkin bir iş ərsəyə gələ bilərdi. Quruluşçu rejissorun son işlərindən biri olan “Düyməcik” səhnə əsərinin festivalın səciyyəsinə uyğun olmaması səbəbindən proqrama daxil edilmə ehtimalından məhrumluğuna təəssüf edərək məhz “Düyməcik” kimi nəfis kukla tamaşalarının çoxluğunu arzu edirik...
Müsabiqə proqramının digər iştirakçısı olan “Sülh naminə birləşin” tamaşası kifayət qədər istedadlı və bacarıqlı aktyorlar sarıdan bəxti gətirmiş truppanın dramaturji meyarlara cavab verən əsərlərə və müvafiq rejissor işinə ehtiyacı olduğu qənaətini yaratdı. Tamaşaçını uşaqlıq çağlarına aparıb müxtəlif mədəniyyət müəssisələrinin foyelərində keçirilən Yeni il şənliyindən sonra zalda göstərilən tamaşaları xatırlatması nostalji ovqat baxımından nə qədər gözəl olsa da...
“Şuşa İli”nə “Qurd əfsanəsi” ilə
Teatr yarışmasının 3-cü pilləsinə qalxan "Səhnə" teatrının "Qurd əfsanəsi" tamaşası aktyorluq fəaliyyətinə Pantomim Teatrında başlayan və parlaq təəssürat buraxan, öz təbirincə desək, "Vuvana" tamaşasında təbiətdən, təbiətdə olan enerjidən "qidalanan" bir ruhun daşıdığı bədəni ifa edərək ilk dəfə onda insanın öz daxili aləminin, sehrli olanının, gizlin olanının teatr səhnəsinə gəlməsini yaşayan, məhz o tamaşa ilə teatrı və teatr səhnəsindəki "mən"ini anlamağa başlayan" aktyor və rok ifaçısı Vüsal Rzasoyun mono ifasına və Boz Qurd kuklası ilə tandemdə kuklaçılıq bacarığına köklənmişdi. Tamaşanın yeganə dekorasiyası - üzərində qədim türk əlifbasında yazılar olan pannodur. Şaman–Boz Qurd Vüsal Rzasoy Türk-Oğuz əfsanələrinin motivlərindən qaynaqlanan əhvalatı, minilliklər əvvəl yaşamış əcdadlarımızın şər qüvvələrdən onları qoruya biləcək xilaskar, Tanrının göndərdiyi ilahi qüvvə kimi qəbul etdikləri totemin doğuluşunu nəql edə-edə pannonun arxasından növbəi şəkildə Boz Qurd kuklası və qədim türk, Turan bayrağı ilə çıxaraq rəvayət-xitabını söyləyir, “Türkə dost ol, Türklə düşmən olma!” ismarışını verib inandırıcı enerji və nida ilə Boz Qurd olaraq yolu sapmadan getməyin vacibliyinin üzüağ çıxdığımız imtahanlarından biri - Vətən müharibəsi ilə üzvi şəkildə əlaqələndirir.
Vüsal Rzasoy "Mədəniyyət/Culture" jurnalına açıqlamasında qeyd etdi ki, süjetə heç bir əlavəsi olmayıb, sadəcə obrazının öhdəsindən gəlmək üçün özündən heç nəyi əsirgəməyib. Süjet içərisində öz yerini tapıb. Mürəkkəb bir obrazı canlandırmaqda Xaqani Əliyevin qələmə aldığı süjetin axıcı və təbii olmasının, Namiq Ağayevlə şaman və mistik mövzularda bir-birlərini yaxşı anlamalarının, rejissorun ona inamının böyük rolu olub.
Münsiflər festivalın “ən yaxşı kişi rolu” nominasiyasının qalibi adına heç kimi layiq görmədilər. “Münsiflərin rəğbəti” mükafatının qalibi isə “Dərdlərimin çamadanı” tamaşasındakı ifasına görə Gəncə Dövlət Kukla Teatrının aktrisası Zülfiyyə Əliyeva oldu. Rejissor İradə Gözəlovanın Azərbaycan Dövlət Müsiqili Teatrında hazırladığı "Anamın kitabı" tamaşası Festivalın xarici qonaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Birliyi üzvlərinin müsabiqədənkənar proqram üçün təsis etdiyi Xüsusi Diploma layiq görüldü.
Samirə Behbudqızı
“Mədəniyyət/Culture”
Noyabr-dekabr (346) 2022
Müəllifin digər yazıları
Yeri gəlmişkən, vaxtilə Dövlət Pantomima Teatrının ilkin adı "Dəli yığıncağı" Pantomima teatr-studiyası idi. Beləliklə, pantomimmçilər 30-cu mövsümü yenilənmiş, bərpa edilmiş tamaşa ilə başa vurdular – 2011-...
Ədəbiyyat tarixində krallardan, şahlardan bəhs edən bir çoxəsərlər var, hakimi-mutləqlərin həyatı, taleyi, həyat fəlsəfəsiməhəbbət mövzusundan sonra ...
Gəlin, unutmayaq ki, Toyğun Orbayın əsas peşəsi və məşğuliyyəti beyin cərrahlığıdır. (“21:15 qatarı” pyesinin Birinci Kişi obrazı: “Azadlığımız ətrafımızdakı şəraitlə bağlı deyil, (əli ilə başını göstərib) bununla, daha doğrusu...
Tamaşa boyunca həm əsərin müəllifinin dəsti-xəttinin, təhkiyəsinin, həm quruluşçu rejissorun əsərə yanaşma üslubunun, həm də aktyor heyətinin personajlarını canlandırmaq bacarıqlarının aydın görünüb-duyuldugu bir tərz,...
Şəhər nəsri
Anar şəhər nəsrinin, konkret olaraq, Bakı və bakılılar, şəhərlilər, paytaxt sakinləri prozasının ən usta qələm sahiblərindən biridir. Bu nəsrdə Bakı və bakılıların, yaxud şəhərlilərin, paytaxt sakinlərinin vəsfi, tərənnümü, v...
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...
Bu və ya digər personajın mükəmməl şəkildə canlandırılması artistin öz sənətinə, əsərin müəllif(lər)inə ən böyük sevgi və ehtiramının ifadəsidir. Xüsusən əgər söhbət Məhmənəbanu kimi mürəkkəb xarakterə, təzadlı...
"В смутное сие время, по казацким дворам шатался неизвестный бродяга, нанимаясь то к одному, то к другому хозяину и принимаясь за всякое ремесло".
Из история пугачёвского бунта. 8 глав. Глава вторая.
"Сей исторический отрывок...
Людям, небезразличным к театральному искусству всегда интересно узнать, как протекает театральная жизнь в других странах. И особенно в такой театральной стране, как Россия. Недавно нашу столицу посетила российский театровед, доктор искусствоведения, ...