TEATRO

TEATRO

sənət portalı

post-title

“Hər yerdə teatrın mahiyyəti eynidir - insanın ruhuna toxunmaq”

“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakçılardan aldığımız müsahibəni sizə təqdim edirik.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdur. İlk sualı rejissora ünvanlayırıq:

Siz yaradıcılığınızda daha əvvəllər də “Dədə Qorqud” dastanına müraciət etmisiniz. 10 il sonra yenidən bu eposa müraciətinizi necə açıqlaya bilərsiniz?

Mikayıl Mikayılov: Bəli, mən 10 il bundan əvvəl “Dədə Qorqud” eposuna müraciət etmişəm. O zamanlar da belə bir arzum və ideyam varıydı ki, bir layihə kimi bu eposdakı bütün boylar səhnələşdirilsin. Bu yaxınlarda YUĞ Teatrında məhz bu layihəni gerçəkləşdirmək üçün belə bir imkan yarandı. Yeri gəlmişkən, bu layihə Vaqif İbrahimoğlunun adına həsr olunur və onun “Mən-Dədə Qorqud” işindən bu layihədə yetəri qədər faydalandıq. Qeyd etdiyim layihə çərçivəsində V.İbrahimoğlunun rejissor tələbələrinin hər biri “Dədə Qorqud” eposunun bir boyuna quruluş verəcək. Nəzərdə tutduğumuz layihədə epizod kimi ustadın da “Oğul” tamaşası “Mən - Dədə Qorqud: Epizod 3. Oğul” adı ilə layihədə yer alacaq. Bununla birgə layihədə göstərilən tamaşalar sonda birləşərək böyük bir tamaşa kimi təqdim ediləcək. Məhz qeyd etdiyim fikirlər nəticəsində “Dədə Qorqud” dastanına 10 il sonra yenidən müraciət gündəmə gəldi.

Meksikadan sözügedən festivalla bağlı dəvət gəldikdə “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etməyi özünüz istədiniz?

M.Mikayılov: Meksikadan məhz Azərbaycan mədəniyyəti ilə bağlı tamaşa dəvəti gəldikdə Mədəniyyət Nazirliyi YUĞ Teatrına müraciət etdi və “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının orada nümayiş edilməsi qərarlaşdırıldı. Bizim mədəniyyətimizdə önəmli yeri olan “Dədə Qorqud” eposu əsasında hazırlanmış bu tamaşada milli mədəniyyətimizi təbliğ etmək üçün bütün imkanlar mövcud idi. Tamaşa Nazirlik tərəfindən təsdiq edildikdən sonra orada iştirak üçün seçildi.

İlk dəfə Meksikada Azərbaycanı YUĞ Teatrı təmsil etdi. Kimera İncəsənət və Mədəniyyət Festivalının seyrçiləri qarşısında çıxış etmək necə hiss idi və seyrçilər bu səhnə əsərini necə qarşıladılar?

M.Mikayılov: Sözsüz ki, bizim oradakı çıxışımız həm YUĞ Teatrının, həm də bütövlükdə Azərbaycan teatrının tarixi üçün əlamətdar hadisə idi. İlk dəfə bir Azərbaycan teatrı Meksikada təmsil olunurdu. Ümumiyyətlə, Meksikadakı seyrçilər qarşısında çıxış etmək müəyyən bir həyəcan doğururdu. Amma proses davam etdikcə, tamaşa oynanıldıqca seyrçilər də o atmosferə düşüb çox maraqla tamaşanı izləyirdilər. Hətta onların ruhuna yaxın şaman ritmləri, plastikası və ritualları bizim tamaşada da elementlər kimi varıydı. Bunları nəzərə alaraq deyə bilərəm ki, bizim mədəniyyətimizlə Meksika mədəniyyəti arasında bir körpü yarandı.

Meksikadakı teatr mühiti ilə buradakı teatr atmosferi arasındakı fərqlər və oxşarlıqlar nədən ibarət idi?

M.Mikayılov: Biz Meksikada əfsuslar olsun ki, 3 gün qala bildik. Daha çox vaxtımız olsaydı Meksikanın teatr mədəniyyəti ilə daha yaxından tanış olmaq istəyərdik. Buna görə oranın teatr adamları ilə çox ünsiyyətdə ola bilmədik. Amma inanırıq ki, gələcəkdə yeni ideyalar, layihələr gözlənilir. Ümid edirik, o vaxt imkan yaranacaq ki, Meksika teatr mühiti ilə daha yaxşı tanış olaq.

Səhnə əsərində Dədə Qorqud rolunu Əməkdar artist Qasım Nağı ifa edir.

Meksikada keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etmək sizin üçün nə ifadə edir?

Qasım Nağı: Meksikada keçirilən Kimera İncəsənət və Mədəniyyət Festivalında “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etmək mənim üçün çox qürurverici bir hadisə idi və bu hadisənin bir parçası olmaq mənə xoşbəxt anlar yaşatdı. Bu, məmləkətimiz, dövlətimiz, mədəniyyətimiz, teatrımız adına böyük bir hadisəydi və düşünürəm ki, biz YUĞ Teatrı olaraq bunun haqqını verə bildik. Gözəl səfər baş tutdu və hər anı böyük sınaqlarla, imtahanlarla dolu olan bu səfərin haqqını verə bildiyimiz üçün şadam. Allah bütün işlərimizi uğurla, müvəffəqiyyətlə yerinə yetirməyi nəsib etsin.

Festivaldakı xarici seyrçilər səhnə əsərini necə qarşıladılar?

Q.Nağı: Tamaşamızı izləməyə ailə üzvləri, övladları ilə birgə gələn həm Azərbaycan səfirliyinin nümayəndələri həm də tamaşaçıların böyük bir qismini təşkil edən xarici izləyicilər çox diqqətlə, heyrətlə səhnə əsərini seyr edirdilər. Xüsusilə də xarici seyrçilər tamaşanı çox maraqla qarşılayırdılar və videolar çəkirdilər. Bilinirdi ki, təqdim etdiyimiz tamaşa onlar üçün fərqli bir baxım bucağından çox ekzotik, qeyri-adi görünür. Biz onlara o qədər də tanış olmayan, onlar üçün tamamilə fərqli səhnə əsəri izlədiklərini duyduq. Tamaşamızı maraqla seyr edən izləyicilər sonda böyük alqışlarla bizi məmnun etdilər.

Müasir dövrdə bu cür arxaik mətnlərlə işləməyin hansı çətinlikləri mövcuddur?

Q.Nağı: Məhz bu əsəri “Dədə Qorqud” eposunun orijinal dilində işləmək mənim üçün həm məsuliyyət demək idi, həm də qürurvericiydi, bunlarla birgə bu prosesin iştirakçısı olmaq mənə zövq verirdi. Belə qeyd edə bilərəm ki, təcrübə, peşəkarlıq artdıqca sənətçinin görəcəyi işlər də vacibdir ki, bir az mürəkkəbləşsin. Bu mürəkkəbliyin, çətinliyin öhdəsindən gəlmək də əlbəttə ki, yaradıcı insana ruh verir. Tam əminliklə söyləyə bilərəm ki, Mikayıl Mikayılovun səhnə əsərində iştirak etmək və bu işin öhdəsindən layiqincə gəlmək mənim üçün yaradıcılıq yolumda çox əhəmiyyətli hadisədir.

Səhnə əsərində Ozan - Ana rolunu Mətanət Abbas ifa edir.

Meksikada keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etmək sizin üçün nə ifadə edir?

Mətanət Abbas: Bu tamaşa ilə çıxış etmək mənim üçün nəinki Meksikada keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında həm də öz ölkəmdə yalnız bir mənanı ifadə edir - bizim kimliyimizi. Mən kiməm, haradan gəlmişəm və nə üçün buradayım suallarıma cavabımı ifadə edir. Bu eyni zamanda yaddaşımızın dərinliklərində kimliyimizlə bağlı gizlənib qalmış bəzi məsələlərin üzə çıxarılması, bərpası və bunlarla birgə keçmişimizi, indimizi və gələcəyimizi bir araya gətirmək deməkdir.

Festivaldakı xarici seyrçilər səhnə əsərini necə qarşıladılar?

M.Abbas: Xarici seyrçilər tamaşamızı çox yaxşı qarşıladılar. Öz gördüklərimdən çıxış edib deyə bilərəm ki, onlar fərqli yanaşırlar teatr tamaşalarına və adətən bu cür tamaşalara uşaq kimi maraqla baxırlar. Mən bir neçə dəfə olub ki, Gürcüstanda, Norveçdə və indi də Meksikada bunun şahidi oldum. Ümumi onu qeyd edə bilərəm ki, onlar canlı ünsiyyəti daha çox sevirlər.  Tamaşa zamanı aktyorların onlarla danışması, ünsiyyətdə olması xoşlarına gəlir və bunları xarici seyrçilər səmimiyyət kimi qəbul edirlər. Tamaşamızda da belə məqamlar olduğuna görə bu onlarda bizə qarşı daha çox rəğbət hissi yaratdı. Ortada dil problemi olmasına baxmayaraq onlar tamaşamızı maraqla izləyirdilər. Müşahidə etdiyim qədərilə orta, gənc nəsil hətta kiçik uşaqlar da diqqətlə səhnədə baş verənlərə nəzər yetirirdilər.

Müasir dövrdə bu cür arxaik mətnlərlə işləməyin hansı çətinlikləri mövcuddur?

M.Abbas: Müasir dövrdə bu tip arxaik mətnlərlə işləməyin çətinliyi kimi ilk növbədə tələffüz çətinliyini, intonasiya çətinliyini qeyd edə bilərəm. Bunlarla da birgə bu mətnləri səmimi, canlı şəkildə tamaşaçılara çatdırmaq çətinliyi də mövcud idi. Amma biz heyət olaraq əlimizdən gələni etdik ki, bu çətinliklər aradan qalxsın. Təbii ki, əldə etdiyimiz peşəkar vasitələrlə və metodikamızla, poetikamızla bağlı məsələlərlə bu çətinlikləri aradan götürməyi məncə bacardıq. Arxaik mətnlərdə, xüsusilə də “Dədə Qorqud” dastanında bizim özünəməxsus daxili musiqimiz (melosumuz) var və onun üzərində də müəyyən ritmlər mövcuddur. Mətni bir neçə dəfə oxuduqda bu ritmləri hiss edirsən və onu duyursan. Bunun fərqinə vardığımızda əsərdəki o canlılıq öz-özünə yaranır.

Meksikada müşahidə etdiklərinizlə buradakı teatr mühiti arasında hansı fərqləri və ya oxşarlıqları qeyd edə bilərsiniz?

M.Abbas: Doğrusu festivalda olduğum müddətdə zaman məhdudiyyəti ilə bağlı oradakı teatr mühiti ilə yaxından tanış ola bilmədim. Amma bir gerçək var ki, teatrın özünəməxsus bir dili və təsir gücü var. Bu yalnız bizə və yaxud hər hansısa xalqa aid deyil. Biz musiqi ilə, plastik dil ilə bir-birimizi baş düşürük. Qeyd etdiyim elementlərdən tamaşamızda da geniş istifadə olunub. Sadəcə onu deyə bilərəm ki, bizim teatrımızla digər xarici teatrlar arasında elə də ciddi fərq görmürəm. Bir fərq ondan ibarət ola bilər ki, bizim teatrlar texniki cəhətdən - dekorasiya baxımından, rekvizit baxımından digər teatrlardan zəif ola bilər. Onlar bu baxımdan daha səfərbər, çevik davranırlar. Bunu mən izlədiyim xarici teatrların tamaşalarında müşahidə etmişəm. Amma aktyor oyunu, rejissor işi baxımından bizim teatrımız onlardan heç də geri qalmır.

Tamaşada Ozan-Ata rolunu Vüqar Hacıyev ifa edir.

Meksikada keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etmək sizin üçün nə demək edir?

Vüqar Hacıyev: Mənim üçün Meksikada festivalda “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etmək ilk növbədə qürurdur. Çünki ilk dəfə bir Azərbaycan teatrı, YUĞ Teatrı olaraq Meksikada Azərbaycan mədəniyyətini sərgilədik. Xüsusilə də biz bunu mifik, rituallarla zəngin, epos əsasında hazırlanmış tamaşa ilə təqdim edə bildik. Qeyd edə bilərəm ki, 4 aktyorun ifasında mədəniyyətimizin keçmişini, zənginliyini festivalda nümayiş etdirə bildiyimiz üçün çox məmnunam. Mən çox böyük qürur hissi yaşadım ki, nə yaxşı bu tarixi biz, YUĞ Teatrı yazdı və nə yaxşı ki, biz orada olduq.

Festivaldakı xarici seyrçilər səhnə əsərini necə qarşıladılar?

V.Hacıyev: Mən düşünürəm ki, Meksika zaman-zaman ritualları, şamanizm ideyaları ilə zəngin tarixə malik ölkə, məkandır. Müasir dövrdə də onların mədəniyyətində bu məqamları görmək olur. Bizim  tamaşada da məhz şamanizm prinsiplərindən, ritual elementlərindən  geniş istifadə edilib. Bu məqamlar oradakı seyrçilərə də yaxından tanış olduğu üçün bizim səhnə əsərini maraqla izləyirdilər. Xüsusilə də orta və yaşlı nəsil seyrçilər bizim çıxışımıza diqqətlə tamaşa edirdilər. Səhnə əsərinin sonunda onlar tərəfindən gözəl, xoş sözlərin söylənilməsi də onların bizim tamaşadan çox zövq aldığını göstərirdi. Bizlər bacardığımız qədər tapşırığımızı dürüst şəkildə yerinə yetirdik və yəqin ki, onlar da bu enerjini duyub bizə geri dönüş etdilər.

Müasir dövrdə bu cür arxaik mətnlərlə işləməyin hansı çətinlikləri var?

V.Hacıyev: Belə deyilir ki, keçmişini bilməyən, keşmişinə söykənməyən bir ölkə, mədəniyyət daim uçuruma yuvarlanmağa məhkumdur. Mən qürur duyuram ki, nə yaxşı bizim belə bir zəngin tariximiz var. Mənə görə bizim müasir, çağdaş ədəbiyyatımız da keçmişə arxalanaraq, keçmişə güvənərək qurulub. “Dədə Qorqud” kimi arxaik bir eposun üzərindən bu gün biz sanki dağın başından yeni qurduğumuz məkana tamaşa edirik. Bunun özü mənim üçün zirvədir, eniş deyil ki, yüksəlişdir və hər bir işin çətinliyi olduğu kimi çağdaş dünyada bizim eposumuzu, keçmişimizi öyrənəcək, biləcək insanlar, yeni nəsil olmalıdır ki, keçmişimiz unudulmasın. Keçmiş ədəbiyyatımızı, nağıllarımızı, hekayələrimizi bilmədən müasir dövrdə hazırlanan səhnə əsərlərində seyrçilər nə baş verdiyini anlamaya bilməz. Digər çətinliklər tamaşalarda texniki tərəfdən ola bilər ki, o problemləri də aradan qaldırmaq mümkündür. Mənim daha çox diqqəti çəkmək istədiyim tərəflər mənəvi, psixoloji, fəlsəfi məsələlərdir ki, burada insan keçmişi ilə bağlı olan məsələləri unutmayıb. Yeni əsrin pəncərəsindən ötən əsrə baxdıqda insan ancaq qürurlana bilər və geri döndükdə boş məkanı da laləzarlığa çevirmək mümkündür. Ümumi şəkildə qeyd etdiklərimi belə yekunlaşdırım ki, bu bizim hər birimizin bir azərbaycanlı olaraq vətəndaş borcudur və mən bunu belə qəbul edirəm.

Tamaşada Ozan-Oğul rolunu Amid Qasımov ifa edir.

Meksikada keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə çıxış etmək sizin üçün nə ifadə edir?

Amid Qasımov: Əlbəttə, bu səfərin mənim üçün xüsusi bir mənası varıydı. Çünki Azərbaycan tarixində ilk dəfə idi ki, YUĞ Dövlət Teatrı Meksikada festivalda çıxış etmək üçün dəvət almışdı. Bu, təkcə teatrımızın deyil, həm də ölkəmizin mədəniyyət tarixində yeni bir səhifə idi. Həmin heyətin bir parçası olmaq və o səhnədə Azərbaycanın adını təmsil edən aktyorlardan biri kimi orada olmaq mənə ayrıca bir fərəh, qürur hissi yaşatdı. Üstəlik, bu mənim üçün təkcə bir səfər və ya beynəlxalq təqdimat deyildi – bu, həm də mənəvi bir məsuliyyət idi. Çünki biz səhnəyə yalnız bir tamaşa çıxarmadıq, min illərin yaddaşını, Dədə Qorqudun səsini, milli kimliyimizin kökünü apardıq. Bu dünyanın o başında, başqa bir qitədə, fərqli dildə danışan insanların qarşısında öz sözümüzü, öz ruhumuzu duyurmaq fürsətiydi. Bir sənətçi üçün qeyd etdiklərim həm qürur, həm də böyük bir sınaq idi. Belə festivallar bir daha göstərir ki, sənətin dili sərhədsizdir. Mədəniyyətlər bir-birinə tamaşayla, sözlə, hisslə toxunur. Mənim üçün bu çıxış həm milli yaddaşımıza bir salam vermək, həm də dünya mədəniyyətinə atılmış bir addım idi.

Festivaldakı xarici seyrçilər səhnə əsərini necə qarşıladılar?

A.Qasımov: Onlar bizim tamaşamızı çox səmimi və maraqlı şəkildə qarşıladılar. Bizim üçün ən təsirli anlardan biri o idi ki, demək olar zaldakı hər kəs tamaşanı telefonla videoya çəkirdi. Onların baxışlarında həm təəccüb, həm də heyranlıq hiss olunurdu. Bu o demək idi ki, bizim səhnədə təqdim etdiyimiz hekayə o uzaq mədəniyyət üçün yad olsa da, duyğular tərəfdən onlara çox doğma gəlmişdi. Tamaşa bitdikdən sonra bizə yaxınlaşıb təşəkkür edən, “Dədə Qorqud kimdir?” sualını verən tamaşaçılar çox oldu. Bu da onu göstərdi ki, bizim səhnədə söylədiyimiz hekayə sadəcə tamaşa deyildi, bu, həm də iki mədəniyyət arasında körpü rolunu oynayırdı.

Müasir dövrdə bu cür arxaik mətnlərlə işləməyin hansı çətinlikləri mövcuddur?

A.Qasımov: Əslində, arxaik mətnlərlə işləmək keçmişə baxmaq kimi görünür, amma əslində bu, insanın öz dərin qatlarına baxmasıdır, ora enmək kimidir. Çətinlik ondan ibarətdir ki, qədim sözün ruhunu müasir insana çatdırmaq üçün sən o sözü yaşatmalısan, onu sadəcə oxumamalısan. “Dədə Qorqud” kimi mətnlərdə hər ifadənin arxasında bir tarix, bir həyat fəlsəfəsi dayanır. Onu səhnədə danışmaq yox, yenidən yaşatmaq lazımdır. Müasir tamaşaçı artıq fərqli ritmlə düşünür, texnologiya çağında yaşayır. Söylədiyim səbəbdən arxaik mətni səhnəyə gətirdikdə onun mənasını dəyişmədən nəfəsini yeniləmək lazımdır. Bu da aktyordan həm intellektual, həm də emosional hazırlıq tələb edir. Məncə, əsas çətinlik məhz bu keçidi - qədim olanı müasir duyğu ilə birləşdirməyi tapmaqdır. Hər dəfə belə bir mətnlə işləyəndə sən yalnız tamaşa oynamırsan, həm də öz kökünə, qədim mağarana qayıdırsan ki, bu da sənətçiyə böyük zövq verir. YUĞ Teatrının üslubu həm də bu missiyanı daşıyır: keçmişlə bu günü birləşdirib, tamaşaçını nəinki öz ruhunun, hətta sözün belə dərinliyinə aparmaq. Mənim üçün “Buğac”ı səhnədə oynamaq da elə həmin körpünü qurmaq - qədim bir oğulun taleyində müasir insanın özünü tapmaq idi.

Siz Meksikadakı teatr mühiti ilə buradakı teatr atmosferi arasındakı hansı fərqləri və ya oxşarlıqları müşahidə etdiniz?

A.Qasımov: Əslində, festival proqramı çox sıx idi və vaxt azlığından biz əsasən öz çıxışımıza fokuslanmışdıq. Ona görə də Meksikanın teatr mühitini tam şəkildə izləmək və yaxından tanımaq imkanı əldə etmədik. Amma gördüyümüz münasibət, təşkilati yanaşma və tamaşaçıların sənətə olan hörməti bizdə oradakı teatr düşüncəsi barədə müəyyən qədər təsəvvür yaratdı. Bizim üçün ən maraqlı məqam o idi ki, tamaşaçı səhnəyə çox hörmətlə yanaşırdı. Onlar teatrı sadəcə əyləncə kimi deyil, bir mədəni hadisə kimi qəbul edirdilər. Bu baxımdan düşünürəm ki, istər orada, istər burada, hər yerdə teatrın mahiyyəti eynidir - insanın ruhuna toxunmaq. Fərq yalnız dildə və ifadə tərzində ola bilər, amma teatrın enerjisi hər yerdə bənzərdir.

Müsahibəni götürdü: teatrşünas Suray Ömərova

Load Time (S) : 0.001121