Deyir “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”. Hə vallah, kimdir e kiminsə dərdindən hali olub, nə hiss etdiyini, düşündüyünü, yaşadığını vecinə alan. Əslində, kimisə qınamaq da olmur. Əlahəzrət koronavirus, idbar pandemiya həyatımızı işğal edəndən iki qütbə bölünmüşük. Ya oturub-durub giley-güzar edirik, ya da inzivaya çəkilib nəticəni gözləyirik. Hə, bax, o hay-küyü boş qazan taqqıltısı kimi baş yoranlar teatr sahəsinə də “kurs” olurlar. Yekə-yekə “pandemiya göstərdi ki, teatr heç kimə lazım deyil”, “teatr ölüb”, “teatr cəmiyyətdən ayrı düşüb”, “bizə teatr heç vaxt lazım olmayıb” kimi cəfəng və boş fikirlər istehsal edib, sosial şəbəkələrdə özləri kimi bədgümanlardan layk-mayk umurlar. Bununla özlərini cəmiyyətə cəsarətli, uzaqgörən, bir az da irəli getsək, əlaqəli qurumlara meydan oxuyan Don Kixot kimi sırıyırlar.
Bəxtəvər başınıza, nə var e sizin kimi isti-sərin (fəslə görə dəyişir) otaqlardakı diyircəkli oturacaqlarda oturub rəy yazmağa, status paylaşmağa. Əsas əziyyəti, həsrəti, bir az da dramatikləşdirsəm, məşəqqəti teatr çəkir. Bir də onu sevən, hələ də məbəd olduğuna inanan tamaşaçı. Əslində, bu söhbət-münasibətin özündə də təzad var və üzərində istənilən qədər var-gəl eləmək olar. Di gəl, söhbətimizin əsas məğzi bu deyil və biz, daha çox teatr yaşasın deyənlər – yəni işıq gələn tərəfə gedənlərdənik.
Ərz edim ki, əksər dünya və bütün Azərbaycan teatrları qeyri-ənənəvi, qeyri-adi - pandemiyalı ikinci mövsümünü də belə yola saldı. Adəti üzrə, iyulun 15-də səsli-küylü bağlanış mərasim və tamaşaları göstərən, mükafatlandırmalar edən teatrlarımız istirahətə yeni mövsümdən yeni və çox adi – pandemiyasız iş umacağı ilə yollandılar.
Elə bu ərəfələrdə cənub mirvarisi Lənkərandan teatr sorağı gəldi. Oğul istəyirəm təklifə yox deyə. Zarafat deyil, qocaman sənət ocağı – 130 yaşlı Lənkəran Dövlət Dram Teatrı mövsümünü canlı tamaşa ilə, açıq havada nümayişlə başa vuracaqdı. Hə, əvvəldə dediyim Füzuli ilə dağ məsələsi burada öz yerinə düşdü. Teatr da, tamaşaçı da ünsiyyət, görüş üçün bağlı qapılar arxasından, sözün həqiqi mənasında, baş götürüb dağa çıxdılar... Səfalı Astaranın dağlar qoynunda yerləşən Burzubənd kəndinə.
Teatrların ənənəvi bağlanış günü olan iyulun 15-də Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə yekun vurdu. Bu dəfə yubiley ili və pandemiya ilə əlaqədar olaraq bağlanış mərasimi teatrda deyil, ən mükəmməl dekorun da aciz qaldığı təbiət qoynunda keçirildi.
Qonaqpərvər lənkəranlıların, Lənkəran teatrının rəhbərlik və əməkdaşlarının müşayiətində hadisə yerinə xeyli öncə çatdıq. Göz önündəki mənzərəni mən təsvir edim, siz də təsəvvür; hər yanı çay, dağ və meşə ilə əhatə olunmuş kəndin ən hündür yerində yüksək səviyyədə tikilmiş məktəb binasının iri giriş pilləkənləri önündə qurulan səhnə və ona heyranlıqla baxan hər yaşda tamaşaçı. Adam elə məst olur ki, az qalır teatra ölüb deyən, əslində isə, min ilin ölüsü kimi unudulmuş adamları da yığıb töksün bu dağlar qoynuna. Amma tamaşaçıların sıxlığı və məsum həyəcanı adamı mütləq başqa ab-havaya kökləyir...
Onlar hələ dekorasiya qurulmağa başlayandan “Kəndə teatr çıxardanlar gəlib” deyib axışıblar məktəbin qarşısına. Sıra ilə düzülmüş oturacaqları çoxdan dolduran tamaşaçıların qalanları da səhnənin həndəvərində bənd olmuşdular.
Dekorasiyalara, səhnə geyimli aktyorlara, səhnə qarşısında son göstərişlərini verən həyəcanlı və nisbətən narahat direktora (Tofiq Heydərov), ara-sıra səhnə arxasına səslənən, texniki heyətə pıçıldayan rejissora (Xalq artisti Firudin Məhərrəmov) maraqla baxırdılar.
Tamaşa öncəsi səhnənin solundakı iri afişa yanında, səhnənin qarşısında fotolar çəkdirir, anı əbədiləşdirmək istəyirdilər. Arabir öz aralarında xısın-xısın danışır, teatr, səhnə, aktyor haqqında yüngülvari analizlər edirdilər. Köhnə-yeni məşhur aktyorları xatırlayır, nə qədər teatral olduqlarını sübut eləməyə çalışırdılar. Ən çox da özlərinə.
İstər səhnədə, istər səhnə arxasında, istərsə də önündə şirin, kövrək bir həyəcan vardı. Dəqiqələr keçdi və səhnədən ətrafa səs yayıldı.
Tamaşadan öncə teatrın direktoru, Astara rayon icra hakimiyyətinin nümayəndələri çıxışlar etdilər, teatr, səhnə üçün çox darıxdıqlarını, astaralıların, ümumən cənub bölgəsi insanının teatra, səhnəyə maraqlı olduqlarını dedilər. Lənkəran teatrının bölgənin mədəni həyatındakı əvəzsiz yerindən danışdılar. Sonra yubiley və mövsümün yekunu ilə bağlı sənət ocağının bir neçə əməkdaşına icra orqanının fəxri fərmanları təqdim olundu.
Hər çıxışı alqışlarla müşayiət edib, bu rəsmiyyətin bitməsini intizarla gözləyən tamaşaçılar da, onlardan daha həyəcanlı olan aktyorlar da vüsala yetdilər. Tamaşa başladı.
Görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş teatr həftəsi çərçivəsində iki il öncə Bakıda izlədiyim “Vəfalı Səriyyə” bu dəfə başqa bir ovqat və ruhda idi. Sanki tamaşaçıların teatra, teatrın da tamaşaçıya vəfa borcu, həsrət nəğməsi idi. Açıq hava şəraitinə uyğun formada, müəyyən ixtisarlarla həllini tapan budəfəki nümayişi öncəkindən fərqləndirən başqa bir incə nüans da var idi: sanki aktyorlar səhnədə şüuraltı bir replikanı dönə-dönə təkrarlayırdılar – “elə bilirdim bir də səhnəyə çıxmayacam”. Qocamanından gəncinə, peşəkarından həvəskarına hamısının gözündən məhz bu oxunurdu. Bir də “teatr hamıya lazımdır və biz bunu sübut edəcəyik” əminliyi. Məhz tamaşalarını, irili-xırdalı rollarını da bu ovqata, bu lada kökləmişdilər.
Ədibin 1915-ci ildə qələmə aldığı “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” əsəri əsasında hazırlanan “Vəfalı Səriyyə” uzun fasilədən sonra, həm də açıq havada oynanmasına rəğmən özünün dramaturji materialı və quruluş həllindən irəli gələn təsir gücünü ilk mizanlardan asanlıqla göstərə bildi. Günəşin al şəfəqləri altında ağır, qalın səhnə geyimlərində və qrimində cövlan edən aktyorlar tamaşaçı ilə tez və kəsintisiz rabitəni asanlıqla qura bildilər.
Ümumən, bu tamaşa məişət mövzusunda real təsvir bolluğuna və sürətli keçidlərinə görə istənilən tamaşaçı üçün anlaşılan və baxımlı hesab oluna bilər. Çünki istər mövzu və müasirlik baxımından, istərsə də tragikomik elementlərinin faciəyə yüngül, rahat inteqrasiyasına görə rejissor aktyor və tamaşaçı üçün rəvan rabitə yaratmışdı. Tamaşaçı mətn sıxlığından, faciənin ağır yükündən nisbətən azad edilmişdi. Komik və daim çağdaş elementlər tamaşanın təsir gücünü asan və tez bir zamanda artıra bildi. Təbii ki, bu da yaradıcı heyətin klassik dramaturji materiala peşəkar yanaşmasının nəticəsi hesab olunmalıdır.
Yaradıcı heyət demişkən, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.
Bu maraqlı və nakam məhəbbət dramında rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlar Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər.
Rejissorun dramaturji materialdan irəli gələn tələbləri əsas götürərək tamaşaya klassik üslubda həll verməsi və onu əhatə etdiyi mövzunu şaxələndirməklə təqdimatı “Vəfalı Səriyyə”ni hərəkətli etmişdi.
Aktyorlar səhnə obrazlarını çox rəvan, sadə və təbii oynadıqlarından tamaşaçıların ara-sıra emosional reaksiyaları ilə də rastlaşırdılar. Və hiss olunurdu ki, ən çox məhz bu məqamdan məmnun qalırdılar. Səhnədə baş verən proseslərə – xüsusən finala yanğı və ağrı ilə münasibət bildirən, hadisələri qabaqlayaraq bir-birinə pıçıltı ilə “şərh” verən tamaşaçıların şirin ləhcədə söylədikləri “Vıy, Allah verə öldürməyə”, “Vay canın yansın, necə qızı öldürdüye”, “Qoşulub qaçarduz də”, “Oğlana bax e, qızın axırına çıxdı” nidaları qulağıma qədər gəlib çatırdı. Deməli, rejissor da, aktyorlar da istəklərinə çatmış, tamaşaçını səhnənin sehrinə salıb, baş verənlərə inandıra bilmişdilər. Yəni tamaşa alınmışdı. Bunu ən çox da onlar – səhnə arxasında bir-birini qucaqlayıb təbrik edən aktyorlar anlamışdı. İnsafən, rollarının haqqını da yaxşı vermişdilər. Heç bir ayrı-seçkilik etmədən (təbii ki, tamaşaçı kimi seçdiyim aktyorum var) deməliyəm ki, uzun fasilədən sonra, həm də cəmi 3-4 məşqə səhnəyə çıxmaq və belə bir ağır mövzuda tamaşanı ustalıqla ifa etmək ən xoş sözlərə layiqdir.
Onu da deyim ki, mənim üçün əsas tamaşa səhnə arxasında baş verənlər idi. Məsələn, azı, 5 dəqiqə hıçqıra-hıçqıra “Elə bildim bir də səhnəyə çıxa bilməyəcəm” deyən Səriyyəni (Aynur Əhmədova) ovutmaq, “Birdən yaxşı danışmaram, həyəcandan əlim-ayağım əsir” deyən Rüstəmi (Səyad Əliyev) motivasiya eləmək bir başqa zövq idi.
Elə götürək tamaşanın sevimli Səfərini, Əməkdar artist Sucəddin Mirzəyevi. Deyir tamaşaçını bilmirəm, mən səhnəsiz lap dəli olaram: “Çoxdan darıxırdım, həm də lap çox. Dəxli yoxdur, qoy mən oynamayım, amma teatr işləsin, səhnə yeni tamaşalarla, zal tamaşaçılarla qaynasın. Yaradıcı insan, aktyor oynamırsa, teatra həsrət qalırsa, o, bir növ sınır, yaralanır, məhv olur. Biz də, tamaşaçılar da həsrətdəydik. İnanıram ki, yeni mövsümdə bizim də sınağımız bitəcək, yenidən teatrımıza, doğma səhnəmizə qayıdacağıq”.
Göz yaşlarını silə-silə səhnəyə boylanan Aynur Əhmədova (Səriyyə) karantinin ilk günlərində düşdüyü boşluğu yadına salır: “Çox çətin və ağır idi. Bəzi məqamlarda səhnədə Səriyyə kimi yox, Aynur kimi ağladım. Tamaşaçı bunu hiss etməsə də, mən həm üzülür, həm də sevinirdim. Elə bilirdim bir də o alqışları, tamaşaçı sevgisini eşidib, hiss etməyəcəm. Bizim bütün ağrılarımızı, səhnə arxasındakı yükümüzü, qayğımızı məhz o 2-3 dəqiqəlik alqışlar unutdurur. Rəbbim bunu bizə çox görməsin”.
Səyad Əliyev (Rüstəm) nə obrazının, nə də tamaşaçılarının təsirindən çıxa bilmədiyini dili topuq vura-vura deyir: “Elə bil, ilk dəfədir səhnəyə çıxıram. Hiss elətdirməsəm də, dəhşətli bir həyəcan keçirdim. Gözlərimə inanmırdım, biz səhnədəyik, tərəf-müqabillərimlə tamaşaçılar qarşısındayıq. Bir zamanlar adi, gündəlik proseslər görün bizə nə qədər əlçatmaz görünür?!”
Sonuncu dəfə səhnəyə çıxdığı günü yadına salan tamaşanın Axundu Əbülfəz Axundova gəlincə, o, sadəcə, teatrsız yaşamağın mümkün olmadığını elə inandırıcı, elə səmimi deyir ki, dinləməyə bilmirsən: “Buna da şükr edirəm. Baxmayaraq ki, 25 ildir, peşəkar teatrda işləyirəm, bu gecə həyəcan və narahatlıqdan yatmamışam. Anı təsəvvür etmişəm. Tamaşadan sonra da yəqin uzun müddət özümə gələ bilmərəm. Qorxurdum, təsəvvür edirsiz, səhnəyə çıxmaqdan qorxurdum. Səhnə vərdişlərini, səsi, danışığı, hərəkəti dönə-dönə təkrar etsəm də, yenə də özümə tənqidi yanaşırdım”.
Ömrünün 20 ildən çoxunu səhnədə keçirən Emin Fərzullayev isə (Qurban) hər kəsi teatrı sevməyə səslədi: “Teatr yaradıcı insanların, ümumən insanlığın ruhən rahatlığa qovuşduğu, azad olduğu sehrli bir məkandır. Onu qorumaq, yaşatmaq, sevmək ən böyük vəzifədir. Pandemiya, davam edən karantin, müəyyən məhdudiyyətlərə rəğmən tamaşaçının, aktyorun teatr sevgisi və tələbatı adamın yaşamaq eşqini artırır. Başa düşürsən ki, teatr təkcə aktyorun yox, tamaşaçının da doğma evi, ocağıdır”.
Təbiət möcüzəsi Astaradan, əsrarəngiz Lənkərandan ayrılarkən bir şeyə əmin oldum: teatr müəyyən qütb tamaşaçı üçündür deyənlərin ya teatrdan, ya da kütləvi tamaşaçıdan xəbəri yoxdur. Zira olsaydı, teatrın təbliğata, sevgiyə, acı-şirin, fərq etməz, söz-sova ehtiyacı olduğu anda qələmini (papağını) qarşısına qoyub düşünər, tədbir tökərdilər.
Deməli bu gün teatr “Babam mənə kor dedi, gəlib-gedəni vur dedi” eyforiyasında olanlardan, onun hesabına ad-san, para-pul qazananlardan çox onun kulisindən, münaqişələrindən, nəhayətsiz çəkişmələrindən bixəbər tamaşaçıya lazımdır.
Bunu da deyim, gedim məzuniyyətə: Əfəndilər, teatr hələ də ruhən azad olan, “sonunu düşünən qəhrəman olmaz” şüarını bayraq edən, bütün mübarizələrdən qalib çıxan sizin kütlə, bizim xalq dediyimiz böyük bir qüvvənin silahıdır. İstəsəniz də, onu yıxa bilməyəcəksiniz...
Müəllifin digər yazıları
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...
2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü...
REJİSSOR, PROFESSOR FİKRƏT SULTANOVUN AD GÜNÜNƏ GECİKMİŞ TƏBRİK
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müə...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Folklor ...
Salam, İsrafil müəllim!
Əvvəlcə bu məktubu yazma səbəbimin tarixçəsindən başlayım. Ötən ilin dekabrında bir əlyazmanızı kompüterdə yığmaq üçün mənə verdiniz. Məktub idi. Müəlliminizə - Tofiq Kazımova yaz...
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikanın Əməkdar artisti Zemfira Nəcəfova avqustun 1-də 74 yaşında vəfat edib.
Zemfira Musabala qızı Nəcəfova 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 17...
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi Kür çayının hekayəsini Virtual Reallıq Eynəklərində izləmək üçün sərgiyə dəvət edir.
Bu sərgi “Kür çayı xronikaları” adlı layihə çərç...
Avrasiya teatrlar birliyinin, Portuqaliya Mədəniyyət nazirliyinin, CTB- Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirdiyi "MİT III" Beynəlxalq Teatr Festivalı başa çatıb. 19-27 iyul 2024-cü il tar...