TEATRO

TEATRO

sənət portalı

post-title

Həmidə Nizamiqızı - Meyar kimi...

Bu günlərdə başa çatan I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm türkdilli ölkələrin müasir teatr prosesini və ona inteqrasiyasını müəyyənləşdirmək, həm də  beynəlxalq  teatr ictimaiyyətində əməkdaşlıq üçün yeni meyarları müəyyən etmək baxımından əhəmiyyətli idi.

Heç kimə sirr deyil ki, hər bir festival öz arealında tənzimləyici funksiya yerinə yetirməklə yanaşı, həm də mübadilə funksiyasına malikdir.

Bu gün dünya siyasi cəbhəsində, diplomatiya meydanında türkçülük, türk birliyi özünün yeni forma və üsullarını təqdim etdikcə sözsüz ki, ən universal təqdimat forması olan mədəniyyət – teatr, kino, musiqi bu missiyanın səhnədə davamçısı, belə demək mümkünsə, danışan dili, əsas təsir mexanizmi olmalıdır.

Bu festival lokal tamaşaçı auditoriyası üçün də son dərəcə önəmli idi. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Bu prinsiplə festival proqramına daxil olan bütün tamaşaları izlədim və münsiflərdən fərqli olaraq öz №1-mi də müəyyən etdim. Sözsüz ki, tamaşaçı prizmasından. Festival boyu diqqətimi bir məqam xüsusilə çəkdi. Son 30 ildə, yəni müstəqillik əldə etdikdən sonra özünün milli xüsusiyyətləri ilə ayrıca bir teatr estetikası, cərəyanı, teatr məktəbi formalaşdıran və bunu çox asanlıqla beynəlxalq teatr dilinə inteqrasiya etdirə bilən ölkələr var. Bu mənada Qazaxıstan və Özbəkistan sözsüz ki, ilk sıralardadır. Hər iki ölkə istər maddi-texniki resurslar, istərsə də yaradıcılıq meylləri baxımından bizim teatr bazamızla müqayisədə elə də fərqli olmayan (bəzi məqamlarda daha aşağı) imkanları ilə sözün həqiqi mənasında heyrətamiz işlərə imza ata biliblər.

İndi də festival günlərinin sıralamasına görə təqdim olunan nümunələrə qısa nəzər salaq.

Türk dünyasının teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə əsasən, “Ən yaxşı musiqi tərtibatına görə” seçilən tamaşa İstanbul Dövlət Teatrının “Bir nəfəs Dədə Qorqud” tamaşası oldu.

“Kitabi Dədə Qorqud” dastanı boyları əsasında ərsəyə gələn epik janrlı tamaşanın quruluşçu rejissoru Gökçe Kurt Elitez, dekor və kostyum üzrə rəssamı Dilək Kaplan, musiqi tərtibatçısı Fuad Yıldız və Bəhri Çakır, xoreoqrafı Aplaslan Karaduman idi.

İki saata yaxın davam edən tamaşa boyu biz minimalist tərtibat, mükəmməl qurulmuş işıq həlli və sözsüz ki, qədim ozan alətləri ilə canlı ifadan sözün tam mənasında sənət ləzzəti aldıq. Bəzi məqamlarda özümüzü dərviş məclisində, arabir hansısa sazəndənin dastan gecəsində hiss etdik. Tamaşaçı ilə kəsintisiz rabitədə olan ifaçılar səhnə ilə salon arasında unikal bir təmas yaratmışdılar. Özü də çox sadə detal ilə: bir yumaq qırmızı sap, bir ovuc buğda və bir parça çörək ilə. Beləcə yaranışdan ölümə, ulu türkün Tenqrisindən Oğuz ərənlərinin əbədiyaşarlıq arzularına, qısacası, yaranışdan ölümə hər cür söz-əməl bir dairədə öz inikasını tapdı.

Biri qadın ifaçı olmaqla cəmi dörd nəfərdən ibarət ansambl sıfır səhnə tərtibatı ilə böyük bir dastanın mahiyyətini təyin və təfsir etdi. Açmasını da təxmini belə şərh etdilər: Dədə Qorqud bir çox qədim dastanların qaynağı, uzaq keçmişdən indiki dövrmüzə qədər olan həyat müdrikliyini özündə ehtiva edən mükəmməl kitabdır. Kitabın səhifələrində keçmiş, indiki və gələcək zaman bir davamlılıqda birləşir və insanlıq bu möhtəşəm rəsmdə tamamlayıcı rol oynayır. Dədə Qorqudun nəfəsi ilə keçmişdən indiyə kimi olan yaşanmış hadisələrə şahid oluruq və qədim müdrikliyin canlılığını hələ də sürdürdüyünə və bugünkü dünyamızla səsləşdiyinə əmin oluruq. Bu mənada özləri ilə birgə bizi də Qorqud dədəmizin fərqli bir gerçəyinə asanlıqla şahid etdilər.

Mənə görə festivalın ən yaxşı tamaşası sözsüz ki, Səmərqənd Musiqili Dram Teatrının Əlişir Nəvainin  “Leyli və Məcnun” əsəri əsasında hazırladıqları eyniadlı tamaşa idi.

Elə festivalın da “Ən yaxşı tamaşa”  nominasiyasında qalib olan unikal məhəbbət dastanını usta səhnə versiyasının quruluşçu rejissoru Əsgər Xolmuminov, quruluşçu rəssamı Mirjalak Xolikov, bəstəkarı Yapbergen Notegenov, rejissoru Şuxrat Sanaqulov, geyim üzrə rəssamı Maxliyö Xolikova, baletmeysteri Madina Xanerqaşeva idi.

Bildiyimiz kimi, VII əsrin sonlarında ərəb tayfaları arasında alovlu sevgi haqqında şeirlər yayılmağa başladı. Bu şeirlərdə bir gəncin qovuşa bilmədiyi səmimi sevgisindən, onun xəyallarından bəhs olunurdu. Tədricən bu şeirlər elə məşhurlaşdı ki, onlar toplandı və kitab halına gətirildi. Leyli və Məcnun haqqında olan əfsanələr zaman keçdikcə daha da yayılmağa və inkişaf etməyə başladı. Faciəli eşq nəğməsi olan bu əsər Ərəbistandan sonra, başqa ölkələrdə, İran və Turan xalqları arasında məşhurlaşaraq, bu ölkələrin diqqətini çəkməyə başladı. Dahi  Azərbaycan şairi Nizami Gəncəvi “Xəmsə”də "Leyli və Məcnun" epik poemasını qələmə aldı və beləliklə əsər bütün dünyaya yayıldı. Ulu Məhəmməd Füzuli ona başqa bir eşq ilə yanaşıb, ilahi bir şeir dilində yanaşdı. Nəticədə Azərbaycan musiqisindən dərin iz ilə keçən əsər illərdir sevə-sevə tamaşa etdiyimiz “Leyli və Məcnun”  operası ilə özünün sənət zirvəsini yaşadı.

XV əsrin sonlarında şair-mütəfəkkir Əlişir Nəvai isə “Leyli və Məcnun” əsərini türk xalqlarına öz dillərində təqdim etdi. Elə özbək teatr təmsilçilərinin bizə ərməğan etdikləri eyniadlı tamaşa da həmin əsər əsasında ərsəyə gəlmişdi.

Azərbaycan Akademik Musiqili Teatrının bizim gördüyümüz və görmədiyimiz bütün səhnə imkanlarını, texniki və mexaniki vəsaitlərini bir tamaşada bu qədər mükəmməl ifa edə bilən özbək teatrı təmsilçilərinə sadəcə minnətdaram.

Adi “zadnik” dediyimiz parça, qalaktika, göy cisimlərinin təsvir olunduğu arxa fon işıq effektləri sayəsində elə bir əsrarəngiz bərq vururdu ki, tamaşaçı da eşq göylərində pərvaz edən aşiqlərlə birlikdə səmada “cövlan” edirdi.

“Ştanket” sayını itirdim, inanın. Məncə, 50-ni keçən saya bir də bütün funksional, lokal və dəyişkən işıqları əlavə edin və təsəvvür gücünüzü işə salın. Buna bir də səhnədə yalnız sağ və sol ciblərə yaxın əyləşən iki ifaçını, onların qaval və sitarda (özbək sazı) bir orkestri əvəz edəcək ecazkar ifa və səsləndirmələrini əlavə edin, üstəlik eyni anda danışan və plastilin kimi fiqurdan fiqura düşən aktyorları – indi bildiniz, tamaşa nə nəhənglikdə idi?

Qaval ilə nalə edən qadın vokalçı, sitar ilə aşiqləri İlahiyə yetirən təmsilçi kişi muğam (məqam) ifaçısı tamaşanın bütün taleyini həll etdilər. Az qala gözəgörünməz olan bu qəhrəmanlar daim dairəvi səhnədə fırfıra kimi  hərlənən aktyorların həndəvərində melodik bir nizam yaratdılar.

Səhnədəkilər – Leylisindən Məcnununa, Nofəlindən İbn Salamına,  valideynlərindən sərkərdə və süvarilərinə qədər, səhnədəki bu sıxlıq  elə bir şuxluq, elə bir temp yaratdı ki, biz nisgilli məhəbbət dastanının məlum finalından tam başqa bir emosiya ilə ayrıldıq.

Aktyorlar gah akrobat, gah kəndirbaz, gah dərviş, gah mürid, gah da caniyə dönüb bir anda bir neçə hissin mimika və jest diktəsi ilə mükəmməl ifadəsinə nail oldular.

“Ən yaxşı tamaşa” kimi təyin olunan ikinci nümunə Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə toxunan uşaq” idi.

Sultan Raevin müəllifi olduğu eyniadlı povest əsasında hazırlanan tamaşa bütün zamanlar və cəmiyyətlər üçün müasir olan problemlərin cəsarətli səhnə ifadəsi hesab oluna bilər. Sadəcə bir neçə məqamdakı quruluş pintiliyi və rejissorun aktyorlar ilə işdə qeyri-estetik həll yollarını çıxmaq şərti ilə.

Tamaşanın quruluşçu rejissoru Ulanmırza Karıpbaev, quruluşçu rəssamı Sadır Niyazakunov, musiqi tərtibatçısı Ulanmırza Karıpbaev idi.

Səhnə işində “Nümunəvi kənd”in sosial həyatı əks etdirilir. Tamaşa boyu yeni doğulmuş körpəsini ayaqyoluna atan ananı, əyyaşları, sərxoşları, zorlanıb öldürülmüş cavan qızı, öz günahlarını ört-basdır etmək üçün kimsəsiz uşağı qurbanlıq seçən insanları görürük. Briqadir Mital insanların həyatını heçə sayaraq şəxsi mənfəəti üçün dələduzluqla məşğul olur. O, bir zamanlar əcdadlarının yaşadığı kəndin yerində su anbarının tikilməsi təklifini irəli sürür. Bu əsər vasitəsilə günümüzün acı həqiqəti olan mənəviyyatsızlıq üzə çıxır. Habelə əsər vasitəsilə cəmiyyət mənəvi paklığa, ölüm qarşısında dürüstlüyə, insan övladına layiq şəkildə yaşamağa dəvət olunur.

Tamaşadakı bütün proseslər bir səhnədə baş verir və hər şey çox çılpaqlığı ilə göstərilir. Sözsüz ki, bu da Rusiyada rejissorluq təhsili alan gənc quruluşçunun yaradıcı azadlığı və cəsarətinin göstəricisi olmaqla yanaşı, həm də qırğız cəmiyyətində də lənətlə anılan sosializm ideologiyasına hayqırışın səhnə ifadəsi sayıla bilər.

Qazaxıstanın Türküstan Musiqili Dram Teatrının “Qorqud əfsanəsi” özlüyündə bir balet əfsanəsi iddiası ilə gəldi, göstərdi və getdi.

Ermek Amanşayevin müəllifi olduğu “Qorqud əfasanəsi”nin rejissoru və baletmeysteri Konstantin Semenov, bəstəkarı Xamit Şanqəliyev, quruluşçu rəssamı Tatyana Vyuşinskayadır.

Sağ olsunlar, Akademik Milli Dram Teatrının işıq imkanlarını, daha doğrusu, Azərbaycan dövlətinin teatr-konsert müəssisələrini əsaslı təmir-bərpadan sonra təchiz etdikləri ən son Avropa standartlarına uyğun texniki vəsaitlərini – işıq və səs avadanlıqlarını, qrafik və dizayn imkanlarını ustad-dərsi keçirmiş kimi göstərdilər və nə yalan deyim, illərdir teatr mütəxəssislərini narahat edən “Azərbaycan teatrının ən böyük problemi işıq və səs üzrə mütəxəssislərdir” məsələsini yenidən gün üzünə çıxardılar.

Qorqud ata əfsanəsini plastik tamaşa, təhkiyəçilik və qopuzun möhtəşəm ifası ilə elə incə və təbii işləmişdilər ki, biz hər hərəkətdə bir yığın sözün anlamını tapa bilirdik. Məncə bu tamaşa, qazaxların Türk dünyasının mənəvi atası sayılan Qorqud irsinə hörmətinin ən lakonik və təsirli nümayişidir. Müasir xoreoqrafik quruluşlu tamaşa Qorqudun dünyaya gəlişinin zülmət və vəhşi təbiətlə müşayiət olunan sirri və missiyası haqqındadır. Qorqud yuxuda insanların ona qəbir qazdıqlarını görür. Bu kabuslardan xilas olmaq üçün Zelmaya adlı dəvəsinə minərək dünyanın bir ucundan digər ucuna gedir. Lakin ölüm şəklinə girən Pəri Martunun kölgəsi dayanmadan onu izləyir. İnsanların xoşbəxt yaşadığı, vəd edilmiş torpaq kimi bilinən müqəddəs Zeruyik vadisinin axtarışına çıxan Qorqud, Sırdərya çayı sahilində yerləşən öz doğma torpağına qayıdır. Məşəqqətli səyahət boyunca o həyatın əbədiliyini və insan taleyinin müvəqqəti olduğunu dərk edir. O öz həyat vəzifəsini qopuz və “kuy”un füsunkar melodiyaları vasitəsilə insanlara xidmət etməkdə tapır.

Tamaşanın məğzi ruhumuzun qaynağının nə olduğunun, Tanrının varlıqlar üzərində rolu və müasir dünyada həqiqi incəsənət mövzularından ibarətdir. Məhz bu mövzular tamaşanın semantik nüvəsini təşkil etdiyindən biz həyat ilə ölüm, fanilik ilə əbədiyyət arasındakı şəffaf yoldan ruhumuz belə incimədən “keçdik”.

Onu da qeyd edim ki, “Qorqud əfsanəsi” münsiflər tərəfindən “Tamaşanın ən yaxşı plastik həllinə görə” seçilmişdi.

Maktumqulu adına Türkmənistan Musiqili Dram Teatrı isə “Sevgi və iztirab” tamaşası ilə festivalın “Ən yaxşı aktrisa” nominasiyasında seçilmişdi. Tamaşanın quruluşçu rejissoru Aynazar Batırov, quruluşçu rəssamı Batır Bekmıradov, musiqi tərtibatçısı Xocaparaxat Sapardurdıev, quruluşçu xoreoqrafları Sabur Aşirov, Olqa Vasileva, işıq tərtibatçısı Qayqısız Qurbanov idi.

Dramaturq Qovşutgəldi Danqatarovun “Sevgi və iztirab” adlı əsəri ərəb şairi Qeys ibn Mulavvanın şeirləri, həmçinin Leyli və Məcnun faciəvi eşq əfsanəsi əsasında yazılmışdır.  Adı çəkilən faciədə iki gəncin sadiq sevgisindən bəhs edilir. İki qəbilə arasındakı düşmənçilik mövqeyi bu müqəddəs məhəbbətə maneə yaradır. Məcnunun atası Bəni Əmir və Leylinin atası İbn Seyyidin şəxsi ədavəti zəminində qəbilələrarası münaqişələr və mənasız mübahisələr iki sevənin bir-birindən ayrılmasına gətirib çıxarır. Sevgilisindən ayrılmış Məcnun atasının qəbiləsini tərk edir. Leylinin ailəsi isə onu başqa biri ilə evləndirmək istəyir. Leyli Məcnunu baş verənlərdən dostu Zeyd vasitəsilə xəbərdar edir. Başqa bir qəbilənin başçısı Nofəl isə Məcnuna düşmənlərlə müharibə etməyi təklif edir. Məcnun müharibəyə qarşı olsa da, onun başqa çıxış yolu qalmır. Tamaşanın sonunda gənc Leyli və Məcnun ölümü ədalətsizliyə, qəddarlığa və kin-küdurətə qarşı üsyanın simvoluna çevrilir.

Türkmən teatr təmsilçiləri bildiyimiz eşq əfsanəsini soyuq, statik təsvirlər və oyun nümayişi ilə bitirdilər. Ümumi planda kompozisiya təsiri bağışlayan təsvirlə yekunlaşdılar.

 

Load Time (S) : 0.000122