TEATRO

TEATRO

sənət portalı

post-title

 Günel Balayeva - Teatr - azadlığın təntənəsi...

Teatr bəşəriyyətin ən humanist kəşfidir. Tarixi çox qədimdir: nə az, nə çox, düz iyirmi beş əsr yaşı var. Fəlsəfənin qədim beşiyi hesab olunan Yunanıstanda yaranıb. Teatrın yaradılma səbəbi nədir, bilmirəm. Məni daha çox onu təkamülə uğradan və əsrləri qucaqlayaraq bu günümüzə gətirən mənəvi səbəbi maraqlandırır. Teatrda nə yoxdur ki?! Sevginin hər cür ifadəsi, nifrətin, göz yaşının milyondan çox səbəbi, yalanın, riyakarlığın ən həssas ifadəsi, insan hisslərinin gerçək təcəssümü …

Zaman keçdikcə teatra münasibətdə cəmiyyət iki qrupa bölündü: bir tərəfdə teatra əmək verən, onu hər şəkildə ayaqda saxlamağa çalışan teatr sevdalıları, digər tərəfdə ona ehtiyacı olmağına baxmayaraq, teatra dəyər verməyə tənbəllik edən cəmiyyət… 

Göründüyü kimi, bir sıra incəsənət nümayəndələri bütün gücü ilə teatrın inkişafına çalışır. Amma bu yolun məşəqqətli olması bir yana, cəmiyyətə teatrı düzgün təqdim etmək və onda buna maraq oyatmaq alayı dərd olub… Məlumdur ki, teatr insanı insana insan vasitəsilə izah etmək sənətidir. Cəmiyyəti özünü dinləməyə səsləyən teatr topluma nəyi demək istəyir? Özündə böyük fəlsəfi anlam daşıyan teatrı niyə bu gün cəmiyyət, az qala, unutmaq üzrədir? Bəlkə hər zaman şüurlarda özünə yer etmək üçün gecikdiyinə görə? 

Teatrın eradan əvvəl yunan xalqı tərəfindən yaradılması dünya üzrə qəbul edilmiş məlum aksioma olsa da, şəxsən məndən ötrü bu məlumat nisbi xarakter daşıyır. Əslində, dünyada insan təfəkkürü var olandan bəri teatr da mövcud olmuşdur. İnsan dünya ilə müxtəlif yollarla ünsiyyət qurmağa, onu anlamağa, ona təşəkkür etməyə, itəaət göstərməyə çalışır və bunun üçün müxtəlif rituallar həyata keçirir. Həmin rituallar zamanla teatrallaşır və tamaşa biçiminə düşür. Bu zaman tamaşada baş rolda insan idi, tamaşaçı isə təbiətin özü olurdu. Bu qayda hələ də dəyişməz olaraq qalır. Yenə də insan hansı rolu ifa etməsindən asılı olmayaraq, həyatda baş roldadır və yenə də təbiətlə - təbiətin bir parçası olan insanla ünsiyyət qurmağa çalışır, bu dəfə də tamaşaçı təbiətin özüdür. Yəni məkanından, zamanından və mövzusundan asılı olmayaraq, hər yer teatr, hər həyat hekayəsi bir tamaşadır…

Teatr pərdələrin çəkilməsi ilə yeni ideyanın, yepyeni hisslərin, təzə sözün və fərqli təfəkkürün ortaya çıxdığı ən azad məkandır. Teatr səhnədə dayanıb istənilən ideya ilə cəmiyyətə səslənmək və onlara yaxşı mənada təsir etmək gücünə sahibdir. 

Teatr həyatın illüziyadan başqa heç bir şey olmadığını yer üzünün sakinlərinə anlatmağa çalışır. 

İnsan daim mübarizə tərəfdarıdır. Mübarizə isə tək insanla başlayıb insanda bitəcək qədər sadə yox, kainatı özündə birləşdirəcək qədər mürəkkəb anlayışdır. Mübarizə gücdən doğulur, enerji ilə sıfırlanır. Deməli, mübarizə və güc birlikdə həm hər şeydir, həm də heç nə. Dünyanı cəhənnəmə döndərən insan oğlunun eqoistliyi get-gedə artıb, təhlükəli virusa çevrilib. Müharibələr, çəkişmələr, insanların gərəksiz dırnaqarası “həyat fəlsəfəsi”, kütləvi şüursuzluq, cinayətlərin artması, intiharların baş alıb getməsi… Həyəcan təbili çala biləcək, bütün olanlara qarşı “dur!” deyə biləcək bir gücə ehtiyac var. Bunu bacaracaq əsas qüvvələrdən biri teatrdır. Buna görə də teatrı insan həyatının ayrılmaz hissəsinə çevirmək - insanı teatrla vaxtında tanış etmək lazımdır. Dahi Atatürk “Kəndli millətin əfəndisidir!” deyərdi, deməli, cəmiyyəti dəyişmək üçün əfəndilərdən – kəndlərdən, bölgələrdən və qəsəbələrdən başlamaq lazımdır. Hətta baxçalarda olan tədris proqramına teatrla bağlı fənn əlavə olunmalıdır. Baxçalarda intensiv şəkildə uşaq və kukla tamaşaları nümayiş edilməli, aktyorlarsa cəmiyyətin kiçik üzvləri olmalıdır. Uşaqlıq və yeniyetməlik, teatrı – düşünməyi, sorğulamağı, analiz etməyi məişət dilində anlamalıdır, ürəyi humanist ideyalar üçün çırpınmalıdır. Orta məktəblərin tədris proqramında “Teatr tənqidi” kimi təfəkkürlə bağlı bir fənn düz 11 il tədris olunmalıdır, təbii ki, teatrşünas müəllimlərin rəhbərliyi ilə. Şagirdlərdən ibarət özfəaliyyət aktyor truppası yaş dövrünə uyğun müəyyən əsərlər səhnələşdirməlidir. Bu vəziyyətdə humanist ideyalar təbliğ edən əsərlərlə şagirdlər həm vaxtında tanış olacaq, həm obrazları canlandıracaq, həm də əsas hədəfimiz gerçəkləşəcək - təfəkkürləri inkişaf edəcək, şüurları sərhədsiz olacaq. Düşünməyi bacarmağın özü də ayrıca bir sənətdir. Bu sənəti də yalnız uşaqlıq illərində öyrənmək olar. Tədris olunmalı olan fənn birbaşa bu sənətə xidmət edəcək. Ağ vərəq olan uşaq şüuru böyüklərin “skeptik” qavrayışından fərqli olaraq, gördüyü hər şeyi həyat həqiqətləri kimi qanun olaraq qəbul edir. Böyüklər isə bir-biriləri ilə manipulyasiya edərək, qurduqları “qanun” siyasətinə inandırmağa çalışır. Böyüklər “ağsaqqal və ağbirçək” əcdadlarının onlara miras qoyub getdiyi düşüncə ilə yaşamağa məhkumdurlar. Həyatı sorğulamaq, axtarmaq heç ağıllarına da gəlmir. Sorğulamaq, əsasən, uşaqlara xas xüsusiyyətdir. Buna görə də dünyanı gözəlləşdirmək üçün uşaqlardan başlamaq lazımdır…

Cəmiyyətin teatra olan marağını artırmaq isə teatrı birbaşa tamaşaçıların ixtiyarına verməklə mümkündür. Yəni interaktiv teatr formalarının yayılmasına şərait yaratmaqla teatr sənəti haqqında insanların düşüncəsində yer alan “darıxdırıcı” obrazını dağıtmaq, geniş tamaşaçı kütləsini teatra cəlb etmək mümkündür. Çünki bu yolla müxtəlif ideyaları tamaşaçının şüuruna hopdurmaq daha rahat olur. Cəfər Cabbarlının sayəsində “Aydın”lanmağa gələn tamaşaçı rolun daxilinə girərək “dünya birləşməlidir!” şüarı ilə hayqıracaq, C.Məmmədquluzadənin sayəsində “Ölülər”i diriltməyə çalışacaq, H.Cavidin sayəsində “İblis”in iç üzünü açıb bizə göstərəcək. Bunun yaradıcılıq potensialının aşkarlanması baxımından da müsbət nəticəsi olacaq. Bu yolla cəmiyyətin içindən möhtəşəm istedadları tapmaq mümkündür.  Diplomsuz və diplomunda “aktyor” yazılmayan istedadları tapıb səhnəmizi və ekranımızı bəzəməliyik…  

Cəmiyyətin teatra münasibətini öyrənmək üçün facebook sosial şəbəkəsində “Kitab həyatdır” adlı qrupda kiçik bir sosioloji sorğu keçirdim. Respondentlərə belə bir sual ünvanladım: Teatrda çıxış etmək fürsətiniz olsaydı, hansı rolu canlandırardınız? 
Cavablar belə oldu:
• Hüseyn Cavidin “İblis” əsərində İblisi;
• “Noterdam qozbeli” – Kvazimodanı;
• Kleopatranı; 
• Oskard Uayld “Dorian Qreyin portreti”ndə Lord Henrini;
• Müsbət obrazları. 1. Peyğəmbər; 2. Bütün mənəvi rəhbərlər; 3. Ədalət uğrunda vuruşanlar. Ad mühüm deyil, bu kateqoriyada olan hər kəs; 
• Dezdemona, Anna Karenina, Şerlok Holmsu;
• Maraqlı psixoloji sualdır əslində, əksəriyyət, özünü baş rollarda görür;
• “Cəmilə” əsərində Cəmiləni. Bacarardım mən; 
• “Təhminə və Zaur”da Zauru;
• Əgər bacara bilsəydim, Məcnun obrazını yaratmağa çalışardım;
• “Telefonçu qız”da Mehribanı; 
• Novruzəlini oynayardım… Həqiqətən, istədiyim obraz Xurşidbanu Natəvandır;
• Deputatlardan birinin rolunu; 
• “Qaynana”da Afəti; 
• Leylini canlandırardım; 
• Anarın “Ötən ilin son gecəsi”ndə Həmidə xanımı; 
• H. Cavidin “İblis”ində İblisi canlandırardım. Hamı içindəki İblisi söküb atsın deyə; 
• “Dəli Kür” tamaşaya qoyulsaydı, Cahandar ağanı;
• Cəfər Cabbarlının bütün qadın obrazlarını;
• H.Cavidin “Ana” dramında Səlma ananı canlandırmaq gözəl olardı; 
• Qacar, İblis, Oqtay və harda mənfi obraz varsa, onu;
• Esmeraldanı. Bir də H.Cavidin “Ana” dramında İsmət rolunu;
• C.Cabbarlının “Aydın” faciəsində Gültəkin obrazını;
• C.Məmmədquluzadənin “Anamın kitabı” dramında Gülbaharı; 
•  Şeyx Sənan olmaq istərdim. “Dərviş məstəli şah”da Dərvişin köməkçisi, ya da Hətəmxan ağanın nökəri rolunu oynamaq istərdim;
• Cavanşir xanın qızı – xeyriyyəçi, kübar, xoşməramlı xanım Həmidə Kəhrizli Məmmədquluzadənin obrazını canlandırardım;
• V.Hüqonun “Büq Jarqal” əsərində Jarqalı, U.Şekspirin “Kral Lir” faciəsində Liri, C.Məmmədquluzadənin “Poçt qutusu” əsərində Novruzəlini; 
• Mənsə rəssam və pilot olan Ekzüperini düşündüm, o həm də yazıçı idi. Elə fövqəladə bir insanın həyatını canlandıran bir əsər olsaydı, o rolu oynamaq istərdim! 

Bütün rəyləri qeyd etmək imkanım olmasa da, bu kiçik sorğunun nəticələri bir sıra önəmli qənaətlərə gəlməyə imkan verir. Məncə, dünyaca məşhur, sanballı nəsr əsərlərinin (əsasən, roman və povestlərin) səhnələşdirilməsi daha intensiv xarakter almalıdır. Bu, cəmiyyətimiz üçün də, teatr sənəti üçün də çox faydalı olardı. Misal üçün, İsmayıl Şıxlının “Dəli Kür” romanının səhnələşdirilməsi çox gözəl olardı. Teatr səhnələrinə yeni əsərlərin və həvəskar aktyorların gətirilməsi, fikrimcə, gənc nəslin teatra olan marağını da artırar. Teatra vaxtını gözəl keçirmək üçün gələn tamaşaçı həm əylənər, həm də öz rolunu - əsərin ideyasını öyrənmiş olar. 

Teatr cəmiyyətə özünü tanımaq üçün böyük fürsət verir. İnsana düşünməyi, analiz etməyi öyrədir. Bizi daxilimizdə qopan “mən”in fəryadına diqqət kəsilməyə vadar edir... 

Teatr barədə çox danışılıb, çox yazılıb. Müxtəlif zamanlarda fərqli coğrafiyalarda yaşayan adamlar bu sənətə özünəməxsus təriflər veriblər. Hərə öz gördüyünü, duyduğunu, ya da eşitdiyini söyləyir.... Mənim isə “Teatr nədir?” sualına bugünkü cavabım belə olardı: - Teatr Azadlığın təntənəsidir... Mənəvi azadlığın təntənəsi...

 Günel Balayeva - tələbə-teatrşünas

Load Time (S) : 0.005492