TEATRO

TEATRO

sənət portalı

post-title

Günel Balayeva - Gəzən Ölülər

Onlar dünyamıza daxil olandan təbiətdə sağ qalmaq üçün mümkün olan hər şeyi edirlər – nəfəs alır, qidalanır, təbii instinktlərdən yararlanırlar... Bəzən qəzəbli, bəzən hiyləgər davranırlar. Bəzən külək kimi ətrafı əsib-sovurur, bəzən də Günəş kimi səxavətli olurlar. Hər şeyə sahibdirlər, təbiətin bütün canlılara bəxş etdiyi müqəddəs hədiyyə xaricində - yaşamaq! Onlar unudublar, ya da bu hədiyyədən xəbərsizdirlər…

Hadisələr Hacı Həsənin evində müəllimin onun oğlu Cəlala dərs öyrətməsi ilə başlayır. Cəlal dərsini yaxşı hazırlamayıb və müəllim onu böyük qardaşı İsgəndərə şikayət edib, Cəlala dərs öyrənməyi nəsihət etməsini istəyir. Bu səhnədə qarşımıza axına qarışıb gedə bilməyən, cəmiyyətin düşdüyü vəziyyəti  anlayan və onun yolunda şam işığı belə ola bilməyəcəyini dərindən duyan Kefli İsgəndər çıxır… Müəllimin xahişinə cavab olaraq, İsgəndər “Məgər Cəlal görmür ki elmli insan bir qəpiyə dəyməz? Hər kəsin ki, elmi var, onun hörməti yoxdur. Hər kəsin ki hörməti var, onun elmi yoxdur” deyərək cəmiyyətə deyilmiş ən ağır sözləri kefli gülüşləri ilə ört-basdır edir. İsgəndər insana təkcə elmli, bilikli olmaq bəs etmədiyini düşünür, adam olmağın – yəni, cəmiyyətdə düşünən baş olmağın əhəmiyyətini dərk edir. Cəmiyyətə “Elm nə deməkdir?” sualını ünvanlayır, elmin insana mənsəb sahibi olmaq, hansısa idarədə mirzə və ya dövlət məmuru olub yaxşı maddi gəlir etmək üçün nəzərdə tutulmadığını avam cəmiyyətə çatdırmaq istəyir. Necə ki, kənddə dırnaqarası savad sahibi olan başqa iki nəfər dayaz da vardı… Bu əsərdəki İsgəndər M.F.Axundovun Fransaya göndərə bilmədiyi Şahbazın böyük arzularını yaşayıb, dünyaya açılıb və fransız dili öyrənməklə yanaşı, Şərqdən, hər mənada, fərqli olan və qəlibləri söküb atmış Avropanın kültürünü, mədəniyyətini, tərbiyəsini görüb. Avropanın azad təfəkkürü ilə tanış olub. Professorların ona öyrətdiyi dünya ilə tanışdır. Dünyanın durmadan necə inkişaf etməsi, elm sahəsinin günü-gündən tərəqqi tapıb, insan həyatını necə rahatlaşdırmağa xidmət etməsindən xəbərdardır. Elmin gerçək faydasını bilir. Dünyada islamdan başqa dinlərin, “Quran”dan başqa dini kitabların, inancların, məsciddən başqa dini abidələrin, adət-ənənələrin olduğunu da bilir. Qərbdə olan azad təfəkkürlü, tolerant cəmiyyətdən də xəbərdardır. Özü də bu təfəkkürdə yetişib və dünyaya açılmaqla dünyagörüşünü inkişaf etdirib. Sonra da sivilizasiyadan kənarda qalmış və köhnəliyin buxovları içində boğulan Şərqə qayıdır… Bu, Cəlil Məmmədquluzadənin humanist İsgəndəri üçün dəhşətli olacaqdı və o gördüyü ayıq başlı, şərabı haram sayan “sərxoşlara” qarşı yalnız şərab kimi ağrıkəsici ilə dözə bilər… İsgəndərin Şərqdə yerləşən vətəni xəstələnib. Öz-özünü içində bəslədiyi parazitlə  məhv etməkdədir. Ən dəhşətlisi isə ruhu xəstələnmişlər nə xəstələndiyini bilmir, nə də onları bürüyüb məhv edən parazitdən xəbardardırlar… İsgəndərə gülüb “əyyaş” deyən cəmiyyət bircə dəfə onun sərxoş nitqini ciddiyə alsaydı, bəlkə də, nələrsə dəyişə bilərdi…

   İsgəndər nəinki geridə qalmış cəmiyyətlə, heç ailəsi ilə də bacara bilmir. Atası Hacı Həsən doqquz yaşlı qızı Nazlını ondan qat-qat böyük olan Mir Bağır ağaya nişanlayıb. Hansı ki, Mir Bağır ağa onun mərhum böyük qızı Sara ilə də evlənmişdi. Saranın ölümündən sonra kiçik bacısı ilə evlənəcək qədər şərəfdən yoxsul adamı cəmiyyət böyük soyuqqanlılıqla qəbul edir, sonra isə bu müsibəti ayıq başla izləmədiyinə görə İsgəndəri tənqid edir.  İsgəndər böyük rişxəndlə Mir Bağır ağaya onun etdiyi hərəkətin ən çirkin tərəfini açıq-aşkar danışıb “Mən ölüm, əl ver, lotusan!” deyərək gülür. Öz həyasızlıqlarından utanmaq əvəzinə, onu “həyalı” olmağa dəvət edirlər… İsgəndərin kiçik bacısı Nazlıya və onun kimi gün işığından məhrum edilmiş qızlara yazığı gəlir. Nazlıya “mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən düyada nə var, nə yox. Bax, həyətdə gün çıxıb, sən ki o günü görməyəcəksən nəyə lazımdır onun işığı?” deyərək qızları əl-ayağı bağlanmış və evdən kənara çıxması qadağan edilmiş cəmiyyətin yazılmamış qanunlarına qarşı zarafat qarışıq etiraz edir. “Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? Bəsdir bu dayanmaq!” deyərək geridəqalmışlığa qarşı etiraz səsini ucaldır. Tək əldən isə səs çıxmaz…

 Hələ bunlar sonra olacaq hadisələrin yanında heç bir şeydir… Günün-günorta vaxtı kəndə xəbər yayılır ki, Hacı Həsənin qardaşı oğlu Kərbəlayi Fətulullah Xorasanda dirilib. Hamı təşviş və dəhşət içində o tərəf - bu tərəfə qaçır. Hətta Kərbəlayi Fətulullah diriləndən sonra öz əli ilə Xorasandan kəndə müqəddəs yerləri  ziyarət edəndən sonra evə qayıdacağını, hələlik isə onu dirildən Şeyx Nəsrullahın kəndlərinə təşrif buyuracağını bildirib, layiqincə qarşılamalarını tapşırır. Dünyanın yarısını görmüş 45-50 yaşlı adamlar böyük təəccüb və qorxu içindədirlər... Nə baş verir? Yəni, doğrudan çürümüş və artıq sümüklərdən ibarət olan insan dirilib məktub yaza bilərmi? Heç bir şübhə ola bilməz! Müqəddəs  kitabda deyildiyi kimi: Vay o şəxslərin halına, min lənət olsun o kəslərə ki, xudavəndi-aləmin hikmətinə şəkk gətirə!!!

  İnsanlar “Görəsən, mənim filankəsimi də dirildər?”, “Görəsən, birinci kasıbları dirildəcək, ya varlıları?” kimi suallarına cavab tapmaq üçün işləməyən məntiqlərinə əziyyət verərkən Şeyx Nəsrullah kəndlərinə çoxdan təşrif buyurur. Onu böyük hörmətlə qarşılayıb, şəxsiyyətinə bir tanrı kimi sitayiş edirlər. Gətirib Hacı Həsənin evinin yuxarı başında oturdurlar. Şeyx Nəsrullahın nitqinə heyran olur, onun sözlərini Allah vergisi adlandırırlar. Çünki Şeyx Nəsrullah ərəbcə danışır… “Ali təhsilli adam” dedikləri Heydər ağa belə “Maşallah, cənab elm dəryasıdır, mən belə alim görməmişəm” sözləri ilə Şeyx Nəsrullahın ərəbcə moizəsinə heyran olduğunu dilə gətirir. Şeyx Nəsrullah qarşısında təhsil almış dayaz Heydər ağanı görüb, hər ehtimala qarşı, samanlıqda iynə olacağı ehtimalından qorxub “Sizdən savayı da əcnəbi dərsini oxuyan var, yainki siz iki nəfərsiniz?” deyə soruşur. Onlar isə cəmiyyətin dərdindən hər gün içib “kefli”adını qazanmış İsgəndəri nişan verirlər. İsgəndər Şeyx Nəsrullahın hüzuruna gətirilir, lakin o özünü elmsiz, heç bir mənsəb sahibi olmayan insan kimi təqdim edib “Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm. Bəli, bəli, bunlar elm dəryasıdır. İndi də, inşaallah siz cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar!” deyir. Onlar cənab Şeyxin narahatlığına görə İsgəndəri söyüb qovurlar. Bu yerdə İsgəndərin müdafiəçisi Cəlil Məmmədquluzadə dayana bilməyib Şeyx Nəsrullahın replikasında özünü ifşa edir. O tək qalanda “bambılı” adlandırdığı şagirdi Şeyx Əhmədə tapşırır ki, ona yemək, istirahət üçün otaq və siğə etmək üçün körpə qız verilməsini tapşırsın. Həmən bu tapşırıqlar, həmçinin, müqəddəs kitaba əsasən, körpə qızla siğə məsələsi də “Allahın əmri” əsasında həyata keçirilir. Müqəddəs buyruqların və kütlənin şüursuzluğu sayəsində Şeyx Nəsrullah hər gecə bir körpə qıza siğə cari edib qızları o dünyadakı naməlum cəhənnəmlə qorxudaraq bədbəxt edir, özünə “dinin icazə verdiyi kimi” sorğusuz-sualsız, qınaqsız hərəmxana qurur. Şeyx Nəsrullah bunları kənardan dəhşət içində izləyən Kefli İsgəndəri strateji təhlükə hesab edəndə Şeyx Əhməd “Şeyxanə, heç narahat olma, onu buralarda heç adam yerinə qoyan yoxdur. Sən damağını pozma, işində ol” deyərək onu xatircəm edir…

Hamı şəhərin kənarında olan qəbirstanlığın ətrafına yığılır.  Nəsrullahın şagirdi Şeyx Əhmədin ona yavaşca dediyi  “ərəbcə de” məsləhətinə əsasən, söylədiyi ərəb dilində moizələrini ağzıaçıq dinləyirlər. Şeyx Nəsrullah ona qarşı çıxacaq şir ürəkli adam axtararaq, şəstlə “Kimdir bunu danan? Qoy, gəlsin bu kitabla onun cavabını verim” deyir. Lakin ona qarşı çıxmağa gərək yoxdur, Hacı Həsənin dediyi kimi: Allahın hökmünü danan kafirdir! Moizə səhnəsi bitdikdən sonra Şeyx Əhməd diriləcək ölülərin siyahısını yazmağa başlayır. Bu anda camaat arasında söz atışmaları, etirazlar yaranır. Məlum olur ki, qəlbləri Allah eşqi ilə çırpınan bu adamların, sən demə, qara keçmişi varmış, kimisi arvadını, qoca anasını döyərək öldürmüş, kimisi qardaşını öldürüb arvadını almış və onları diriltməyə razı deyil. Şeyx Nəsrullah bu möminlərə fikirləşmək (yəni aradan çıxmaq) üçün zaman verir. Cammat dağılışanda kənarda dayanıb olanlara ikrahla gülən İsgəndər Şeyx Nəsrullaha yaxınlaşıb, kinayəli qəhqəhələrlə “Cənab Şeyx, mən ölüm, əl ver! Lotusan, ayə əl ver!” deyərək planından xəbərdar olduğuna nişan verir. Əslində, antoqonist olmağına baxmayaraq, Şeyx Nəsrullah çox ağıllı və hiyləgər obraz idi. O, üzdə qeyrət, namus, şərəf, abır-həya mövzularından danışmaqdan doymayan, qəlbi Allah sevdası ilə çırpınan bu möminləri yaxşı tanıyırdı. Şeyx Nəsrullah yaxşı bilirdi ki, başdan-ayağa günah küpləri hətta illərlə oturub fikirləşsələr belə, “Bütün qəbirstanlığı dirilt!” kimi qərara gələcək hünər sahibi deyillər. Bu hünərə sahib isə onların rişxəndlə “əyyaş, piyan, kefli” adlandırdıqları İsgəndər idi. İsgəndərə tənqidi yanaşaraq “Bu nə obrazdır?” sualına İsgəndər özü belə cavab verir “Siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar, ağlım başımda olanda birdən gözümü açıb görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü dirildən və mömin hacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır Şeyx Nəsrullaha”. Bu qollarımda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə başıaşağı gəlib kal qarpız kimi paqq eləyib dağılaydınız” - deyir. İsgəndər bu yolda tamamən tək olduğunu duyur, bu vəziyyətdə isə, Fəxrəddinin öz müsibətinə yanaraq dediyi kimi: bir gül ilə bahar olmaz… Hər gün bir balaca qızı qurban verdikləri kimi, bu dəfə də növbə gəlib İsgəndərin balaca bacısı Nazlıya çatır. İsgəndərin əvvəllər Nazlıya dediyi kimi, zorla onu “cənnət” libasına bürünən cəhənnəmə getməyə razı salırlar. İsgəndərin isə ata-anasının şəxsiyyətinin bu qədər alçaq olduğunu görüb sadəcə “tfu” edib getməkdən başqa çarəsi qalmır. Şeyx Nəsrullah və Nazlıya toy etməyə hazırlaşmaqları bir yana qalsın, Şeyxin yanına siğə edib savab qazanmaq və cənnət arzusunda olan bir yığın çadralı kütlə sürüsü ayrı dərd olur. İsgəndər ayıq başla Nazlını qəzəblə özündən möhkəmcə itələyir, şərab içib sərxoş olandan sonra vəziyyətlə barışmaqdan başqa çarəsi olmadığını anlayır, oynamağa başlayır… Bu qədər hadisə yaşanır və Məşədi Oruc teleqrafdan aldığı məktubla gəlib “Kərbəlayi Fətulullah dirilməyib” deyir. Aləm qarışır, necə yalandır? Hamı buna inanıb, bu qədər adam dəlidir məgər? İsgəndər demiş: dünyada uzunqulaq məgər azdır? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma gör bircə Həmədanda nə qədər eşşək var!   

   Çox çək-çevir edilir, hamı Allah yerinə qoyduğu Şeyxdən hesab soruşmaqdan qorxur, bir nəfər cəsarətli və qəzəblidir - Mir Bağır ağa. Cəsarətinə səbəb isə Şeyx Nəsrullahın onun doqquz yaşlı “məhəbbəti” Nazlıya siğə etmək sevdasıdır. Az da olsa, olmayan şüurlarında şübhə toxumu yetişib və bu anı böyük fürsət bilən İsgəndər qapını təpiklə açır. Amma camaat saydığını saysın, gör İsfahan lotusu nə sayır: qaçıb aradan çıxıb. Cavabsız suallar və Şeyx Nəsrullahın talelərini məhv etdikləri körpə qızlardan ibarət hərəmxanası ilə baş-başa qalan camaat qarşısında İrəvan vilayətindən olan və Şeyx Nəsrullahı cəzalandırmaq üçün axtaran müsafirləri görürlər. Artıq çox gec olsa da, Nəsrullahı tapıb qisas almaq üçün Culfa yoluna qaçırlar.

   Meydan İsgəndərə qalır “Bunu bilirəm ki, mən heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu diri-diri kərpiclərin altında dəfn edərdim. O igid işidir, siztək camaatın da igidi məntək olar” deyir. Xalqa nə ad verəcəyini belə bilmir. Ayıq başlı sərxoşmu?  Xalis dəlimi?  Ya ayaq üstə gəzən ölümü?  

    Nə baş verəcək? Taleyi məhv olmuş körpə qızları hansı daha böyük bəla gözləyir? Kim cəzalandırılacaq? Şeyx Nəsrullah cəmiyyəti sadə sözlərlə, ya özündən uydurduğu qayda-qanunla aldatmamışdı. Körpə qızlarla siğə etmək, Allahın hər cür möcüzələr yaradacağı (məsələn, ölü diriltmək) və nə olursa olsun, Allaha şəkk gətirmək kafirlikdir - düşüncələrini Şeyx Nəsrullah özündən uydurmamışdı. Camaat da durduğu yerdə Şeyx Nəsrullahın yalanlarına aldanmamışdı və boş yerə özlərinə “ağlımızı itirməmişik ki” deyib haqq qazandırmırdılar. Onda günah kimdədir?  Şeyx Nəsrullah cəmiyyəti necə öz yalanlarına inandıra bildi? Necə onların Allahı ola bildi? Əzəldən formalaşmış o “müqəddəs” qayda-qanunlar və dünyanı dərk etməyə başlayan körpələrin şüuruna məcbur yeridilmiş inam olmasa idi, onlar “ölü dirildirəm” deyən Şeyx Nəsrullaha qəh-qəh çəkib gülər və onu dəli adlandırardılar. Hələ Şeyx Nəsrullah doqquz yaşlı qıza siğə etmək istədiyini desəydi… Görəsən, bu sözü deməyə cəsarət edə bilərdimi? Yox, deyilmi? Bəs, İsgəndərdən bu çarəsizliklə, parazitlə vəba ilə ya taunla döyüşməyi necə gözləyə bilərik?

Bəs, indi nə olacaq? Cəmiyyət bu gün bu virusdan xilas ola bilibmi? Cəmiyyətin Kefli İsgəndər dövrünü geridə buraxacaq mənəvi, elmi, təfəkkür baxımından gücü varmı?

Cəmiyyət üçün yeni bir dönəm başlayacaqmı?

 

Günel Balayeva

Tələbə-teatrşünas

Load Time (S) : 0.006013