TEATRO

TEATRO

sənət portalı

post-title

Gülnar Nağdıyeva - Qəddar dövrün qəddarlıq teatrı    

XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr,  ziddiyyətlərin  dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar,  siyasi-bədii avandqardın həyatdan uzaqlaşan sənəti ələ alması, mətndən qopmaq istəyi, “burada və indi” səhnəyə vurğu,  təkcə zehni ilə deyil, eyni zamanda da fiziki olaraq ələ alınan insan gündəmə gəlməyə başlamışdı. Sənaye inqilabı ilə birlikdə inkişaf edən texnologiya, sürət, istehsal və mexanikləşdirmə, Sovetlər ilə birlikdə ortaya çıxan yeni bir ölkə qurmaq idealı, I Dünya Müharibəsindən sonra yaşanan ümidsizlik bu dövrün tarixi əsasını təşkil etmişdir. Futuristlər texnoloji inkişafı qəbul edərkən, bir çox avanqard nəzəriyyəçi və rəssamlar sadəliyi və ilkin olana qayıdışı müdafiə edirdilər.

Beləliklə, mütərəqqi və rasionallığa əsaslanan dünya qavrayışı, fərqliliklərin olduğu kimi qəbul edilmədiyi, dəyişikliyin tərəqqi və ya reqressiya kimi təsnif edildiyi, dünyəviləşmə ideyası ilə insanların təbiətlə yaşamaq əvəzinə ona hakim olmağa başladığı, həyatın səbəb-nəticə əlaqələri üzərində qurulduğu yeni bir dünya ideyası yarandı.

 Arto yazırdı ki: "Biz qarışıqlıq əsrində yaşayırıq... hər hansı hisslərin dəyərsizləşdiyi dövrdə... Hər şey bizdə gülüş oyadır: məhəbbət də, sui-qəsd də...”.

İntelektual düşüncə, bədii qavrayış, fəlsəfi rakurs, müxtəlif elitaları öz ətrafına ylğmaq imkanı və nəhayət, canlı və aktual sənət olaraq teatrın baş verən dəyişikliklərdə özünü necə aparacağı, dövrlə, zamanla, tamaşaçı ilə münasibətlərini necə quracağı, hansı dildə və nə  danışacağı önəmli idi.

Avanqard rejissorlar öz yanaşmalarını teatrın primitiv ritual funksiyası kimi qələmə verdiyi bir zamanda səhnəyə yeni nəfəs gətirən Arto səhnə və tamaşaçı stereotiplərini qırıb, həm tamaşaçının yerini, həm də səhnəni ortadan qaldırmışdı. O, dövrünün teatr salonlarından imtina edərək, kilsələrdə, məbədlərdə, anbarlarda və bu kimi yerlərdə də tamaşalar göstərməyə hazır idi. Tamaşaçıları tamaşaya cəlb etməyə çalışan Artonun  bütün bu səyləri həm tamaşaçı, həm də aktyor üçün o zaman əsl təcrübə idi.

1931-ci ildə o, Parisdə keçirilən beynəlxalq sərgidə ənənəvi Bali rəqs teatrına baxmışdı və tətbiq edilən jest dilindən təsirlənmişdi. Ənənəvi burjua teatrını  rədd edən Arto, onun yerinə sehrli və metafizik teatrı tövsiyə edirdi. Sözlərlə deyil, sözün sehrindən də daha böyük bir şey.  O, teatrvari rituallara diqqət yetirərək, söz əvəzinə Bali teatrının hərəkət kodlarından və işarələrdən ibarət yeni bədən dilini təklif edir və Bali teatrının ritual təbiətindən təsirlənirdi.

Artonun Qəddarlıq teatrında zorakılıq anlayışı böyük azadlıq anlayışıdır.  Özündən yola çıxaraq varlığın əzəli həqiqətlərini açmaq niyyətində olan Arto, bunun həllini teatrla cəmiyyətin qarşılıqlı bağında görürdü. İçindəki boşluğu, şüuraltında basdırdığı duyğuları, acı reallığı o, teatra daşıyıb orda üzə çıxarırdı, teatr vasitəsilə cəmiyyətə tanıtmaq istəyirdi. Zira, yaşanan fiziki ağrı deyil, ruhun həqiqi özünü axtarmaq əzabıdır. Şüuraltında yatan, ya da basdırılmış reallıqdır.

Arto düşünürdü ki, Teatr belə axtarışlara doğru irəliləsə, insan cəmiyyəti vəhşilikdən qurtula bilər. Sosial qaydalar insanları sıxışdırır. Teatrın cəmiyyəti yaxşılaşdırmaq gücünə malik olduğuna inanan Arto, yeni dil anlayışı üzərində işləyir. O, ənənəvi dili məhv etmək istəyir. Bu teatr dili yuxu ilə reallıq arasında gedib-gələn bir dil olacaq. Dilin fərqli istifadəsindən tutmuş vizual elementlərin və səslərin istifadəsinə, qaydaların pozulmasına, şüuraltına enilməsinə, ruhun özü ilə qarşıdurmasına, ağrı-acı yaşamasına və bütün sərhədlərdən kənarda var olmaq cəhdinə qədər Artonun axtarışı və özünü sorğulaması əks olunur.

Arto, qəddarlığı, narahatlığı, basdırılmış istəkləri, ehtirasları və həyəcanları üzə çıxaracaq və insanları əsl sağlamlıqlarına qaytaracaq bir teatr xəyal edir. İnsan bədəninin sirli ifadələri, varlığın kosmik qanunları, ritualların möhtəşəmliyi, kabuslar, hallüsinasiyalar, vəhşilik, səhnənin fiziki dili olaraq adlandırdığı bir çərçivədə dizayn edir. Jest, qışqırıq, nəfəs, işıq və səs kimi elementlər bu dili səhnənin boşluğunda maddiləşdirir. Yaşadığımız dünyada belə bir dil işlədilmir. Ancaq, bu insanları ovsunlamaq gücünə malik olan valehedici bir dildir.

Artonun yaşadığı dövrə nəzər saldıqda, onun primitivliyə qayıdış, anti-sivilizasiya və antirasionalizm kimi fikirlərin hakim olduğu bir dövr olduğunu söyləyə bilərik. Arto qeyd edir ki, bu dövrdə qərb insan şüuru anlayışları, əşyaları və simvolları çoxaltmaq səyində idi və bu səylə sürətlə dəyişən hər şey öz mənasını itirməyə başlamışdı. Bu məna itkisini Jan Bodriyar Artoya istinad edərək. belə ifadə etmişdi: “Qəddarlıq teatrı” heç olmasa həyata dramatik forma verməyə çalışmışdı, o, “bir damla qan tökmədən bütün vacib düşüncələrin məhv olmasını təmin edən bir sistemdə insanları sürükləyəcək ideal bir şiddətə, həyat tərzinə və bədənə sahib olmaq cəhdi idi."

“Qəddarlıq teatrı” adından göründüyü kimi, sırf dəhşətdən və qan tökülməsindən söhbət getmir. O, hər şeydən əvvəl qəddarlıq sözünü “fəalliyət göstərən hər şey” kimi təyin edir və qəddarlıq anlayışını canlı, aktiv bir anlayış olduğu üçün seçdiyini deyir. “Buna həyat da deyə bilərdim” deyərək, həyat və qəddarlıq arasında harmoniya yaradır. Anlayışın əsasında insanı bütün çılpaqlığı, çirkinliyi, doyumsuz istəkləri ilə şəffaf şəkildə ortaya qoyan bir teatrdan danışır. Tamaşaçının passiv qaldığı bir teatrdan çox, o, seyr edərkən axının içində olmağı və özü ilə ağrılı, ruhu qanadan daxili hesablaşmaya aparmağı hədəfləyir. Əsl mənliklə üz-üzə gəlmək, şüuraltında təxirə salınmış ibtidai düşüncələri ortaya çıxarmaq və bu mənada insanı bir az da azad etmək fikri var ki, bu da müalicə kimi görünür.

Antonen Artonun əsərləri eksiztensializm baxımından, psixoanaliz baxımından, fərqli oxunuşlara açıq, qarışıq mətnlərdir. Sərhəd tanımayan azadlıq... Yalnız özünü və cəmiyyəti deyil, bütün təbiəti dəyişdirəcək güçdə, fövqəlbəşəri insan... Bunlar Artonun qarşımıza qoyduğu hədəfləridi. 

Qərb teatrının sözlərlə məhdudlaşdığını, psixologiyaya kökləndiyini, hadisələrin yalnız personajlar ətrafında istehsal olunduğunu bildirən Arto, bu vəziyyətdə teatrın itiriləcəyini və bu vəziyyətdən Şekspirin məsuliyyət daşıdığını bildirir. O, mətn mərkəzli teatrda “Sözlər düşüncəni tək bir mənaya endirir” və “Şərq xalqı kimi, qərblilər də teatrı linqvistik deyil, fiziki baxışla düşünməlidirlər” deyə iddia edir.

Arto teatrda səhnəni aradan qaldırır, boş yerlərdən və anqarlardan istifadə edir. O, tamaşaçıları tamaşaya qatmaq, tamaşaçı ilə aktyor arasında əlaqə yaratmaq istəyir. Tamaşaçılar tamaşanı istənilən yerdən, divarlarla əhatə olunmuş ərazidə, zalın ortasında izləyə biləcəklər. Beləliklə, o, oyunla məşğul olacaq. Ortada kuklalar, nəhəng maskalar, qeyri-adi ölçülü obyektlər və dinamik şəkillər yer alacaq və hər bir təsvirin, hər bir ifadənin konkret tərəfini vurğulayacaq.

Artonun cümlələrini oxuyarkən bizə sərt görünə bilər. O, hər cür nizam və qaydaları rədd edən, var olan və olmayan arasında mübarizə aparan və bunu heyrətamiz şəkildə ifadə edən biridir. Təhtəlşüurumuzdakı düşüncələrlə üzləşmək, onları qarşımıza qoya bilmək və  bunu özümüzə sübut etmək. Varlığın özü burada yatır.

Bu gün bir çox müasir teatr ideyalarına mənbə  olan Arto nəyinsə ideyasını deyil, özünü yaratmaq istəyirdi. Ona görə nəyinsə ideyasını təmsil edən klaasik baxışı qəbul etmirdi. "Əgər, biz teatr yaradırıqsa, bu o demək deyil ki, sadəcə pyeslər oynanılan teatr yaradırıq, əksinə, məqsədimiz insanın mənəvi dünyasında gizli qalan anlaşılmazlığı, qarışıq vəziyyətləri bu və ya digər şəkildə realda göstərməkdir”

«Hər əməldə həmişə qəddarlıq olur» deyən Arto, kütlənin hər şeyi ilk öncə hisslə qavradığını və adi psixoloji teatrın etdiyi kimi dərhal onun şüuruna müraciət etməyin mənasız olduğunu bildirirdi. Teatrda inana biləcəyimiz reallıq yaratmaq lazımdır, reallıq isə yuxulara təsir etdiyinə görə göstərilən tamaşalar xəstə təxəyyülün məhsulu kimi görünüb, Artonun  yuxugörmə teatrından bəhrələnirdi.

Tamaşaçı səhnədəki yuxugörməyə inanacaq, əgər onu  gerçəkliyin surəti kimi deyil, həqiqətən də yuxu kimi qəbul edərsə, əgər gördükləri ona sehrli yuxu azadlığını tapmağa kömək edərsə, ona inanacaq. Qəddarlığa və dəhşətə çağırış buradan qaynaqlanır, lakin bu qəddarlığı çox geniş mənada başa düşmək lazımdır, onun sərhədləri sanki öz həyati bütövlüyümüzün sərhədlərinə toxunur, bizi özümüzlə,  edə biləcəyimiz  hər cür şeylə üz-üzə qoyur.

 Arto çalışırdı ki, ədəbi pyesləri deyil, məlum süjetlərin, hadisələrin, əsərlərin özünü tamaşaya qoysun.

O, teatr vasitəsilə “sosial terapiya” sisteminin tərəfdarı idi. Bu, Qərb teatrının bütün modellərinə zidd idi. O, yeni mahiyyət və forma axtarırdı. Onun yaratmağa çalışdığı teatrın ən mühüm elementi tamaşaçılardır. Görünməzi görünən etmək, tamaşaçı və aktyorun ənənəvi mövqelərini inkar etmək, teatra ilkin ritual keyfiyyəti qaytarmaq, sosial qəbul ideyası və Qərb mədəniyyətində köklü dəyişiklik ideyası Artonun avanqard cərəyanlarla tarixi bağlılığını göstərir.

1930- cu illərdə Artonun Qəddarlıq Teatrı öz dövrü üçün böyük bir inkişaf olsa da, sonradan layiq olduğu dəyəri itirmiş, yerinə keçən başqa axınlar və ideyalarla kənara atılmışdı. Bir çox teatr ideyalarına ilham verən Qəddarlıq Teatrı, ilham verdiyi ideyaların kölgəsində qalmışdı. Kölgədə qalan bu teatr XXI  əsrin bədii qavrayış problemi üçün zəngin bir mənbə ola bildi.

Günümüzdə teatrda hazırlanan bir çox tamaşalar,  arınmadan ya da insandan çox uzaq, bir sirk şousu kimi bəlkə də həyəcanlı və maraqlıdır, amma insanları oyadan deyil. Günümüzün insanları dərin yuxudadır, virtual aləmdə qeyri-real həyat yaşayır, sevgi və nifrətlərini bu virtual dünyada hiss edirlər. XXI əsrin Qəddarlıq Teatrı onları oyadacaq və onlara əsl yuxularına, həyatlarına geri qaytaracaq. Teatr yenə də üzərinə düşən vəzifəni tam yerinə yetirəcək, insanlarda yatmış duyğuları oyadacaq.  Teatr yenidən teatr olacaq...


Жан Бодрийяр«Симулякры и симуляция» «Москва»2015, səh.60

 Антонен Арто. Театр и его двойник. / Пер. с фр., комм. С.А.Исаева. М.: Мартис, 1993
 

Məqalə ADMİU-nun Teatrşünaslıq kafedrasının keçirdiyi “Arto epoxasının teatrı” tələbə elmi konfransı çərçivəsində hazırlanıb.

Load Time (S) : 0.007613