“Şərqin Molyeri” adlandırılan Mirzə Fətəli Axundzadə yaradıcılığı ilə müasir Azərbaycan teatrının təməlini qoymuşdur. O, öz əsərlərində dövrün problemlərini, sosial-ictimai vəziyyəti əks etdirməyə çalışmışdır. Onun yazdığı “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi xəsis”, “Hekayəti-Müsyö Jordan həkimi nəbatət və dərviş Məstəlişah caduküni-məşhur” və digər pyesləri Azərbaycan dramatirgiyasının ilk nümunələridir. Mirzə Fətəli Axundzadənin Molyerlə müqayisə olunması təsadüfi deyil. Onun yaradıcılığında Molyeri xatırladan, ondan təsirləndiyini əks etdirən bir çox faktlar mövcuddur.
Azərbaycan teatrında Molyerə XX əsrin əvvələrindən müraciət edilməyə başlanmışdır. Ə.Haqverdiyev, N.Vəzirov və b. dramaturqlarımız Molyerdən bəhrələnərək, onun əsərləri əsasında təbdillər işləmiş və Azərbaycan tamaşaçısına təqdim etmişlər.
Molyer və Axundzadə arasında müqayisə aparmalı olsaq, onların əsərlərindən başqa, yaşadıqları mühit arasında da oxşarlıqlar görə bilərik. Fərqli coğrafiyada, fərqli sistemdə və fərqli dövrlərdə yaşasalar da, hər ikisi bürokratiyanın, dini basqının əhatəsində idi. Bu da onların işlədiyi mövzulara birbaşa təsir edirdi. Molyer də Axundzadə kimi cəmiyyət tərəfindən zamanla təzyiqlərə məruz qalmışdır. Belə bir fakt var ki, Molyerin “Tartüf” əsəri 5 il kilsə tərəfindən qadağan olunmuşdur. Onu hətta şeytan əməllərinin ifadəçisi kimi tonqalda yandırmağı tələb edirdilər. Bu azmış kimi, Molyer vəfat etdikdən sonra kilsə onun dini qayda ilə torpağa tapşırılmasına icazə verməmiş və dahi komedioqraf qəbiristanlıqda yox, hasarının arxasında gizli şəkildə dəfn edilmişdir.
Mirzə Fətəli Axundzadə də dövrünün ən sərt tənqidçilərindən sayılırdı. Onun xüsusilə dini xurafata, cəmiyyətdəki geri düşüncəliliyə, zülmə, əsarətə qarşı qoyduğu mövqe həmişə xoş qəbul edilməyib. Bu səbəbdən onun yazdığı “Kəmalüddövlə məktubları” sağlığında çap olunmayıb. Kitab yalnız müəllifin ölümündən sonra - 1924-cü ildə Bakıda “Yeni Əlifba Komiteti” tərəfindən dərc edilib. Axundzadənin “...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi-mütləq olsun” fikirləri də onun yaradıcılığının düşüncələri ilə necə üst-üstə düşdüyünü göstərir.
Mirzə Fətəli Axundzadə özü 1871-ci ildə “Mirzə Ağanın pyesləri haqqında kritika”sında Təbrizli müəllifə yazırdı: “Avropada bu fənnin (dramaturgiyanın) yazıçılarından hər biri öz istedadına görə ali rütbələrə çatmış, yüksək ad, fövqəladə şöhrət qazanmış və padşah saraylarına yaxın adamlar olmuşdur; millətin o dərəcədə təzim və təqdirini qazanmışlar ki, öldükdən sonra millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində uca imarətlər, yəni abidələr tikmişlər. Molyer və Şekspir bu kimi təzimə layiq şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur”.
Molyer və Axundzadə arasında ən yaxın bənzərlik onların yazdığı pyeslərin obrazları arasındadır. Belə ki, Jan Batist Molyerin “Xəsis” pyesinin qəhrəmanı Qarpaqon ilə, Mirzə Fətəlinin “Sərgüzəşti-mərdi xəsis” pyesinin qəhrəmanı Hacı Qara arasında tənqidçilər və araşdırmaçılar paralellər aparmışdır.
Qarpaqon xəsis bir adamdır, pyes tamamilə bu obrazın üzərində qurulmuşdur. O, ailəsinə qarşı xəsislik edir, onlardan mücrünü gizlədir və bunun qarşılığında övladları ilə münasibətləri yolunda getmir. Bu xəsislik Qarpaqonu əxlaqdan məhrum edir. O, hər kəsdən şübhələnir, heç kimə inanmır, pul hərisidir və pulu hər şeydən üstün tutur. Molyer bu obraz ilə xəsisliyi mənfi bir hal kimi oxuculara çatdırır, lakin əsər müsbət sonluqla bitir.
Axundzadənin Hacı Qara obrazı da həmçinin, eyni xüsusiyyətlərə malikdir. O, parça alveri ilə məşğul olan tacirdir, həyatda yalnız pul qazanmaq barədə düşünür. Qarpaqon və Hacı Qara hər ikisi mənfi obrazdır, hər ikisi şübhəçidir, hər ikisi qorxu içindədir. Molyer Fransanın bürokrat sinifinin, Axundzadə Azərbaycandakı tacir-alverçilərin xarakterik xüsusiyyətlərini bir obrazda birləşdirməyi bacarıb. Lakin, Hacı Qara obrazı ilə Qarpaqon arasında fərqlər də mövcuddur. Qarpaqonun başına gələn hadisələr yalnız sarayda baş verir, onun konflikti yalnız ailəsi ilə bağlı olur. Hacı Qara isə cilddən-cildə girir, qaçaqmalçılarla konflikt yaşayır.
Digər bir müqayisəni “Hekayəti-Molla İbrahim Xəlil kimyagər” pyesi ilə “Mizantrop” pyesi arasında apara bilərik. Belə ki, düşüncələrinə görə Axundzadənin eyniadlı pyesinin Hacı Nuru obrazı ilə Molyerin “Mizantrop” pyesindəki Alsest obrazını müqayisə etmək mümkündür. Sevdiyi qadının fikirlərinə qarşı çıxan Alsest cəmiyyətlə üzbəüz durur, tənqidi cəbhəyə keçir. Hacı Nuru da cəmiyyətdə baş verən hadisələrə qarşı çıxır. Yaşadıqları cəmiyyətə, topluma qarşı durmaq hər iki obrazın xarakterik xüsusiyyəti olub, onları bir nöqtədə birləşdirir.
Axundzadə “Müsyo Jordan və dərviş Məstəli şah” komediyasında XIX əsrin ortalarının feodal münasibətlərini göstərmiş, xalqımızın yaşayışını və dünya görüşünü digər millətlərin yaşam tərzi və baxışları ilə müqayisədə verməyə çalışmışdır.
Nəticədə, Molyer və Axundzadə qələmə aldıqları obrazlar vasitəsi ilə dövrün hadisələrinə ümumi nəzər yetirmiş, yaşadıqları zamanın bədii mənzərəsini yaratmışlar.
Gülər Ədilzadə
ADMİU-nun magistrı
Oxşar yazılar
Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr tarixində saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq. İki personajın rol aldığı səhnə əsəri gənc reji...
Azərbaycan Dövlət “YUĞ” Teatrı 18 və 20 iyun tarixlərində saat 19.00-da sosial şəbəkə hesabları və yutub kanalı vasitəsi ilə “Lənət” tamaşasını nümayiş edəcək. Dahi ingilis dramaturqu V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında Mədəniyy...
14 ildir ki, Akademik Musiqili Teatrda rejissor assistenti vəzifəsində çalışır. Həmin teatrda böyüyüb, boya-başa çatıb. Bu teatr onu, bir rejissor və aktyor kimi yetişdirib. Yeri gələndə uşaq tamaşalarında aktyor ki...
Salam, ey Milli teatro! Salam, ey əhli teatro! Gəlibən növbəti bayram, qutlayaq həpmizi burdan! Narahat olmayın heç siz, yaşayırsız yeni dövran, bu da bir tazə epoxa, bənzəyər fələki-çarxa, adına deyib korona, hər şeyi qoyub v...
Teatr sənəti incəsənətin digər növləri ilə müqayisədə həmişə dövrə, sosial-iqtisadi, siyasi-ictimai proseslərə daha həssas olur. Dövr dəyişdikcə teatr sənətinin formaları, məzmunu, onun üzərinə düşən funksiya və tələblər...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında daha bir Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblə...
Dünyanın məşhur teatr xadimlərindən biri, Bertolt Brextdən (Bertolt Brecht) sonra siyasi teatrın ən tanınmış nümayəndəsi, teatr sahəsində islahatlar etmiş şəxsdən – Auqusto Boaldan (Augusto Boal) yazacağam. Düşüncələri d&uum...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşası hazırlanır. Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi...
Uzun müddət idi ki, teatrlarımızda yeni avadanlıqlar, işıq effektləri və tamaşaların olmamasından şikayət edirdik. Bu günün uşaqları ağır səhnə dekorlarına, bər-bəzəkli geyimlərlə hazırlanan o allı-güllü tamaşalara aldanmır. ...