TEATRO

TEATRO

sənət portalı

post-title

Gülər Ədilzadə - Azərbaycan dramaturgiyasında ilk əcnəbi obraz: “Müsyo Jordan” xarakteri

Əcnəbilərə qarşı münasibət bütün xalqların yaradıcılığında öz əksini tapır. Əcnəbi obrazlar dünyadakı ən məşhur ədəbi əsərlərdə xüsusi tiplə təsvir olunur, onların özünəməxsus xüsusiyyətləri olur. Azərbaycanda yaranmış ədəbi-bədii sənət nümunələrində də əcnəbi obrazı fərqli, bəzən daha çox ironik təsvirlərlə yadda qalıb. İlk nümunələrdə əcnəbilər daha çox düşmən kimi təsvir olunsalar da, son illərdə yaranmış əsərlərdə əcnəbi obrazların müxtəlif təfsirlərinə rast gəlirik. 

Əgər biz Azərbaycan qavrayışında əcnəbi obrazın tarixini ən qədim ədəbi nümunələrdən götürmüş olsaq, buna yəqin ki, “Dədə Qorqud dastanı”nı misal çəkmək olar. 1300 ildən artıq yaşı olan bu dastan azərbaycanlıların keçmişindən, oğuz türklərinin həyat tərzindən, tarixindən bəhs edir. Kitabda eyni zamanda oğuzların əzəli düşmənləri olan gürcülərə, ermənilərə və digərlərinə qarşı mübarizəsi də əks olunur. Onlar kitabda “qara donlu kafirlər” kimi təsvir olunurlar. Dastanda əcnəbi obraz kimi yaradılmış kafirlər tipajına nəzər yetirərkən görürük ki, bu obrazlar tarixən türkləri bir-biri ilə düşmən etmək istəyir, onları yenməyə can atırlar.

Dahi Azərbaycan şairi Nizaminin “İsgəndərnamə” poeması da bu xətti özündə ehtiva edən ilk əsərlərdən biridir. Poema 1200-1203-cü illər arasında qələmə alınıb və bu əsərdə də digərlərindəki kimi ictimai-siyasi problemlər mərkəzə gətirilib. Bu poemada Nizami məşhur sərkərdə Makedoniyalı İsgəndərin prototipini yaratmağa çalışmışdır. Lakin o İsgəndəri sərkərdədən daha çox dastan qəhrəmanı kimi yaratmışdır. 

1850-1855-ci illərdə yazdığı altı komediya ilə milli dramaturgiyanın əsasını qoymuş M.F.Axundovun əsərlərində də əcnəbi obrazlarına rast gəlinir. “Hekayəti – Müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur” (1850) əsəridir. Müəllif bu komediyada XIX əsrin ortalarının feodal münasibətlərini göstərmiş, xalqımızın yaşayışını və dünyagörüşünü digər millətlərin yaşam tərzi və baxışları ilə müqayisədə verməyə çalışmışdır.

Bu əsər Axundovun sayca ikinci pyesidir. Komediyada avamlıq, cadugərlik tənqid edilir və maarifçilik ideyaları təbliğ olunur.  Əsərin məzmunu belədir: Təklə-Muğanlı obasının mülkədarı Hatəmxan ağanın qardaşı oğlu Şahbaz bəy əmisi qızı Şərəfnisə xanımla nişanlıdır. Şahbaz bəy həkimi Müsyo Jordanla birgə Parisə gedib fransız dilini öyrənmək və Qərb adətləri ilə tanış olmaq istəyir. Bundan xəbər tutan bəyin nişanlısı və qaynanası Şahbaz bəyin Parisə getməsinə mane olmağa çalışırlar. Onlar bu işi həll etməsi üçün cadugər Dərviş Məstəli şaha müraciət edirlər. Məstəli şah söz verir ki, Parisi partladıb Şabaz bəyin ora getməsinin qarşısını alacaq. O, düzəltdiyi maketi dağıdaraq Parisi partlatdığını deyir. Elə bu vaxt Müsyo Jordan başılovlu gələrək, Parisdə inqilab baş verdiyini bildirir və Fransaya Şahbazsız geri dönməli olur. 

Hadisələrin mərkəzində Müsyo Jordan obrazı dayanır. Fransadan Azərbaycana gələn Müsyo Jordan Qarabağın florasını öyrənir. Müsyo Jordan Şahbaz bəyin bacarıqlı gənc olduğunu görüb onu özü ilə Fransaya aparmaq istəyir.

Cəfər Cəfərov “Axundov dramaturgiyası” kitabında Müsyo Jordan haqqında fikirlərini belə ifadə edir: ““Müsyo Jordan” komediyasına gəlincə, qeyd etmək lazımdır ki, əlbəttə, əsərin müəllifilə Müsyo Jordan arasında üzvi bir doğmalıq görmək olmaz. Çünki Axundov Müsyo Jordanı nəinki öz fikirlərinə tərcüman hesab etmir, ona hətta tənqidi münasibət bəsləyir, onu mütləqiyyət tərəfdarı, siyasi bir mühafizəkar kimi göstərir. Dramaturq öz qəhrəmanını qəsdən kinayəli boyalarla təsvir edir, Müsyo Jordan həqiqi alimdən çox elmlə ehtikar edən bir adama bənzəyir. Qarabağ florasında etdiyi kəşflər onu hər şeydən əvvəl başqa Avropa alimlərilə rəqabət vasitəsi kimi maraqlandırır.”  [2, s.38] 

Müsyo Jordanın real tarixi şəxsiyyət olması bir çox tədqiqatçıların yazılarında əks olunub. Aleksis Jordanın tanınmış fransız botaniki olması bizə biologiya tarixindən məlumdur. Bu əsərdə də Mirzə Fətəli Axundov Aleksis Jordanın nəbatat elmində fəaliyyətini dəqiqliklə yaratmışdır. Aleksis Jordan XIX əsrin ortasında Karl Linney,  Jozef  Pitton  de  Turnefor, Georq  Qlliford və digər məşhur alimlərlə birgə çalışmış, mübahisə etmiş və yeni nəzəriyyələr yaratmışdır. Jordanın yaratdığı nəzəriyyələr bütün dünyada yayılmağa başlamışdı. Sonralar materialist təbiətşünaslar tərəfindən “Jordanizm” adlandırılan bu nəzəriyyə  idealist bir baxış kimi ciddi tənqid olunurdu.

Pyesin ikinci məclisində müəllif bizə Hatəmxan ağanın dili ilə Müsyo Jordan haqqında məlumat verir. Onun yaşadığı ölkənin dini, dili, adət-ənənələrinin öz mədəniyyətlərindən fərqliliyini göstərir. Belə ki, əsərdəki bir hissədə Hatəmxan ağa Şahbaz bəyə “Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas” deyərək fərqli mədəniyyətlərə, adətlərə sahib olduqlarını göstərir. 
Biz Hatəmxan ağanın Müsyo Jordanla dialoqlarında azərbaycanlı kişisinin XIX əsrdə əcnəbiyə hansı münasibət göstərdiyini görə bilərik. Burada biz dini, coğrafi münasibətlər fonunda digər millətlərin nümayəndələri ilə yerli xalq arasında olan fərqləri, ənənə müxtəlifliklərini də sezirik.

Bundan başqa, Müsyo Jordanın Şərəfnisəyə Şahbaz bəy vasitəsilə çiçək göndərməsi onun necə kübar bir şəxs kimi təsvir olunduğunu və azərbaycanlıların təfəkküründə qərblilərin necə iz buraxdığını göstərir. Biz həmçinin burada dövrün azərbaycanlı ilə avropalı kişisi arasında qadına fərqli münasibət görürük.

Şərəfnisə anası Şəhrəbanunu ilə dialoqunda isə əcnəbi qonağın necə mədəni və diqqətcil olduğunu görə bilərik: 

“Can ana, elə demə, müsyö Jordan yazıqdır! Çox yaxşı adamdır. Bu yaylaq hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb Şahbaz bəylə mənə göndərdi ki, apar adaxlına ver, görsün neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü və mənə bir güzgü bağışlayıbdır ki, Parisin əcaibat bağında bitən Yengi Dünya güllərin surəti dalısında çəkilmiş. Məni öz qızı kimi istərdi. Mən özümü öldürrəm, qoymaram müsyö Jordanın boynu vurulsun! Paris dağılsın, bizə nə? Əgər orda qızlar, gəlinlər üzüaçıq gəzməsəydilər, Şahbaz heç vaxt ora getməzdi. Paris yıxılsın, qız-gəlini də qırılsın!” [1, s.60]

Pyesin finalında biz Müsyo Jordanın həm də vətənpərvər obraz olduğunu görürük. Pyesdə Dərviş Məstəli şahın Parisə cadu etməsilə Fransadakı inqilabın üst-üstə düşməsi təsvir olunur. Bu xəbəri eşidən Müsyo Jordanın halı dəyişir və o Fransaya geri dönməyə qərar verir. Axundov bu hadisə ilə obrazın vətəninə necə bağlı olduğunu göstərir. Belə bir fikir də mövcuddur ki, bu dövrlərdə Fransanın elm adamları coğrafi araşdırma üçün Azərbaycana gəlirdilər. Axundovun da həmin real şəxsləri bir obrazda birləşdirdiyini desək, yəqin ki, yanılmarıq. 

Müsyo Jordan dramaturgiyamızda ilk əcnəbi obrazdır. Uzun illər Azərbaycan teatrının repertuarında qalmış bu pyes tamaşaçılarımızın ən sevdiyi obrazlardan biri olmaqla yanaşı, teatr tariximizdə də özünəməxsus iz buraxmışdır. 

İncəsənət bir ölkənin milli şüurunun, psixologiyasının, arxetiplərinin əksidir. Azərbaycanlıların milli yaddaşında əcnəbi tipinin, obrazının da necə qaldığını bilmək üçün millətin yaratdığı bədii sənət nümunələrinə baxmaq kifayət edir. Bu bədii nümunələrdə yaradılan əcnəbi obrazları bəzən çox yüksək ideal kimi, bəzən zəif, cılız, bəzən də ironik təsvir olunub. Yaradıcı şəxslərin sənətə, dünyaya baxışları bu əsərlərdə həmin obrazların alın yazısını, taleyini cızıb. 
 
 
İstifadə edilmiş ədəbiyyat siyahısı
1.    Axundzadə M.F. Əsərləri III cilddə, I cild, Bakı: Şərq-Qərb, 2005
2.    Cəfərov C. “M.F.Axundovun dramaturgiyası” Bakı: Uşaqgəncnəşr, 1953.

Gülər Ədilzadə
ADMİU-nun magistrı

Load Time (S) : 0.006316