TEATRO

TEATRO

sənət portalı

post-title

Görmədiyi gələcəyin xəbərçisi: Harold Pinter

1989-cu ildə Harold Pinterin “Dağ dili” və “Ad günü”  pyesləri Nyu-Yorkda ilk dəfə səhnəyə qoyulur. Tənqidçi Frank Riç Nyu-York Times qəzetində pyeslərin hər ikisinin eyni “qrotesk final”la bitdiyini və bu finalda müdafiəsiz insanın “naməlum bir qruma xidmət edən səliqəli geyinmiş quldurlar tərəfindən uçurum itələndiyini” yazmışdı. 

Frank Riç belə davam edirdi: “Cənab Pinter də, yaşadığı dünya da son 30 ildə elə də dəyişməyib. Hələ də yad adamın qapını döyməsinin dəhşətə çevrildiyi əsrdə yaşayırıq. Səssizliyin bizi təqib etməsi, ümidsiz qorxunun sonsuz susqunluğu – bunlar Pinter pauzasıdır”.

Frank Riçin sözlərindən 30, Pinterin ölümündənsə 10 il keçdikdən sonra bu cümlələr hələ də həqiqət payını saxlayır. Yaşadığı müəmmalı dövrün hadisələrini qeyd edən və görə bilmədiyi gələcəyin xəbərçisi olan Pinter, sözün əsl mənasında, aktualdır. Nə vaxt yazılmasına baxmayaraq, pyeslərinin hələ də yeni olmağının səbəbi Pinterin ətrafımızda gizlənmiş təhlükələrə dair uzaqgörən fikirləridir.

Jamie Lloyd qrupunun Harold Pinter teatrında sərgilənəcək Pinter pyeslərindən ibarət yeni mövsümü, dramaturqun birpərdəli pyeslərinin hamısına baxmaq şansını yaradır. 6 sentyabrda açılan mövsüm Pinter pyeslərinin nə qədər canlı olduğunu yoxlamaq və dəyərini ölçmək üçün bir fürsət yaradır. Bu mövsüm yazıçının, əsasən, son illərində qələmə aldığı  siyasi pyeslərini əhatə edəcək.

Pinterin yazdıqları o qədər də tez qəbul olunmadı. “Ad günü” böyük fiasko idi, 8 tamaşadan sonra repertuardan çıxdı. “Dağ dili”, “Bir dəfə də”, “Yeni dünya quruluşu” və “Küllər küllərə” 1988-ci ildə National Theatre-də (Milli Teatr) ilk dəfə oynanıldığı vaxt şərhlər onu göstərirdi ki, tamaşalar o qədər də bəyənilməyib. Əslində, Michael Bilingtonun Pinter bioqrafiyasında yazdığı kimi “səmimi heyranlıqdan, kinli istehzaya qədər” hər cür şərh mövcud idi.

Pinterin Türkiyə səfəri və kürd dili ilə bağlı təcrübələrindən ilhamlanaraq yazdığı 20 dəqiqəlik pyesdə ən çox etiraz doğuran məqam yazıçının Britaniya ilə Türkiyə arasında qurduğu oxşarlıq idi. Pinter, tənqidçi Mel Qussova “Mənə görə bu pyes dilin təzyiq altında qalması və ifadə azadlığının itirilməsi haqqındadır. Məncə, bu vəziyyət Türkiyəni maraqlandırdığı qədər, İngiltərəni də maraqlandırır” demişdi. 

Pyesin 2001-ci ildə səhnəyə qoyulan bir versiyasından yazan Teleqraf qəzetinin yazarı Çarl Spenser isə əsəbini gizləyə bilməmişdi. “Pinter başqa insanların tiranlıqlarda yaşadığı ağrılarından istifadə edərək, ona fantaziyalarını yazması üçün azadlıq verən bir ölkəni – Britaniyanı günahlandırır. Bu vəziyyət məni təəccübləndirir”.

Tam oxşarlığı görmək olmasa da, xüsusilə 30 il sonra Tramp, Brexit və Avropa populizmi dövründə Türkiyədəki vəziyyət arxa plana keçir və Pinterin düşüncələri, demokratiyanın yalnız səthi olduğuna, liderlərin avtoritarlıqlarına görə cəmiyyətin təhlükədə olduğu barəsində keçirdiyi narahatlıq hissi həmişəkindən daha önəmli görünür. Pinter təxminən eyni dönəmdə Billinqtona “Məncə öz ətrafımızda baş verənlərə və demokratiya anlayışına daha geniş çərçivədə bir daha nəzər yetirməliyik. Demokratiya sözü hər keçən gün daha saxta və yanlış şəkildə istifadə olunur və heç bir məna daşımır”.

Pinter, 2005-ci ildə Nobel mükafatı qazandığı zaman etdiyi video-çıxışda ABŞ və onun xarici siyasətinin qərarlarına etirazını bildirməzdən öncə, siyasi teatrla məşğul olmağın çətinliklərindən bəhs edərkən “Dağ dili” əsərini “zalım, qısa və çirkin” adlandırmışdı. Mark Raylans isə Pinter mövsümü çərçivəsində həmin çıxışı oxuyacaq. Baxmayaraq ki, Pinterin zəngin xitab üslubu yoxdur, amma bu çıxışın hələ də güclü təsiri var.

Çıxışın ilk cümləsi 1958-də yazdığı bir şeyi xatırladır. “Real olanla sürreal arasında və doğru olanla yanlış arasında qəti fərq yoxdur. Bir şey doğru və ya yanlış olmaq məcburiyyətində deyil, o həm doğru həm də yanlış ola bilər”.

Bu, bir dramaturq kimi Pinterin başlıca həyat prinsipidir. Həmçinin, Pinter insan davranışında instinkt və arzuların bir-birinə qarışdığı və nəticədə naməlum qalan tərəflə maraqlanır. Məhz bu səbəbdən bəzi məktəblərdə “Pinter dərsi” keçilməsi çox vaxt faydalı olmaya bilər. Pinterin obrazlarını və pyeslərini dərinliyinə qədər analiz etməklə, hər cümləni, hər kəlməni və əlbəttə, hər pauzanı araşdırmaqla bu keçmiş aktyorun səhnəyə qatdığı təbii dramı yox etmə riskini yaradırıq. “Alyaska diyarı” və “Ay işığı” kimi pyeslər heç bir şeyin qəti olmadığı, bir növ, yarımçıq ömür üstündə qurulmuşdur. Bu pyeslərin gücü anladığımız qədər deyilməmiş və açıqlanmamış düşüncələrin altında yatır. 

Daha sonra Pinter çıxışına vətəndaş olaraq nəyin doğru və nəyin yanlış olduğunu soruşmaq məcburiyyətində qaldığını deyərək davam edir. Əxlaqi ədalətə və doğruya qarşı həssaslığı onu siyasətçilərin intriqaları barədə düşünməyə vadar edir; zülmün, boyun əymənin və müharibə yaratmanın təhlükələrini ifşa etməyə istiqamətləndirir. Bu səbəbdən yazarın son illərdə yazdığı əsərlər açıq şəkildə siyasi idi. O haqsızlığa qarşı səssiz qala bilməmişdi.

Pinterin “qeyri-müəyyənlik axtarışları” ilə azad söz demə arzusu arasındakı gərginlik Lloyd mövsümü  boyunca səhnədə görünəcək. Mövsümdə Pinterin bir çox komediyasında, xüsusən “Kolleksiya”, “İncə sızma” və “Dilsiz uşaq” kimi əsərlərində güclü və gücsüz arasındakı qəribə əlaqələr və əbədi toqquşma barəsində axtarışlara yer verilib. “Qeyd etmə” və “Şənlik vaxtı” kimi son dövr pyesləri ultra varlılarla əlaqəli zarafatlardan ibarətdir, bu da müəllifin uzaqgörənliyini sübut edən başqa bir mövzu kimi qarşımıza çıxır. Bu pyeslərin hamısı aktyorlar üçün nemətdir, teatral və fövqəladə dramatikdir və Danny Dyer, Martin Freeman, Tamsin Greig, Jane Horrocks və Lee Evans kimi ulduz aktyorları səhnəyə yenidən çıxmağa vadar edəcək qədər təsirli olmasına təəccüblənmək lazım deyil.

 

Sarah Crompton

 

Tərcümə edən: Emin Əliyev 

Teatrşünas 

Load Time (S) : 0.000127