TEATRO

TEATRO

sənət portalı

post-title

Fikrət Sultanov - YETKİNLƏŞMƏNİN GÖSTƏRİCİSİ...

 

          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə teatrlara tamaşaçı gəlişinin sayı göstərilmişdir. Bizim üçün həyacan yaradan fakt o oldu ki, tamaşaçı marağının sayına görə Azərbaycan bu siyahıda axırıncı yerdə dayanmışdır. Dərc edilmiş siyahıya nəzər salaq: Azərbaycan – 29 teatr, 400 min tamaşaçı, Belarusiya – 28 teatr, 1,8 million t-çı, Ermənistan – 25 teatr, 600 min t-çı, Qazaxıstan – 74 teatr, 3,1 million t-çı, Russiya – 76 teatr, 40 million t-çı, Özbəkistan – 48 teatr, 3,7 million t-çı. Bu siyahıda qonşu Gürcüstan yoxdur, amma hamı yaxşı bilir ki, qonşu respublikada teatrın səviyyəsi və tamaşaçı marağı çox yüksək dərəcədədir...

      Sual doğur: zəngin tarixi yol keçmiş, vaxtilə insanların ürəkdən sevdikləri və məbəd kimi qəbul etdikləri, bir çox qonşu xalqlar üçün örnək olan, onlar üçün teatr kadrları yetişdirən milli teatrımıza tamaşaçı marağı nəyə görə belə zəifləmişdir? Bunun səbəbi nədədir? Bu sualın cavabını teatr xadimlərimiz, ilk növbədə teatrşünaslarımız tapmalı, milli teatrımızın müasir vəziyyətini araşdırmalı, düzgün diaqnoz qoymalı, çıxış yollarını göstərməlidirlər.

     İnsanın həyatda ən vacib tələbatından  biri onun başqa insanlarla canlı ünsiyyət qurmaq istəyidir, ehtiyacıdır, incəsənət növləri arasında yalnız teatr sənətində bu istəyi həyata keçirmək mümkündür. Çünki teatr sənəti iki tərəfin – tamaşanı təqdim edənlərin və tamaşaçıların canlı ünsiyyəti üzərində qurulur. Bir tərəf, yəni teatr həyat və insan haqqında öz fikirlərini, duyğularını bildirir, o biri tərəf isə, yəni tamaşaçı, bunlara öz münasibətini, reaksiyalarını bildirir – alqışlarla, gülüşlə, dərin, gərgin sükutla, sarsıntı ilə yaxud da əksinə - laqeydliklə, saymazlıqla, etirazla və s. Ən əsası odur ki, tamaşaçı bu görüşdən hansı hisslər və fikirlərlə ayrılır, həmsöhbəti haqda onda hansı təəssurat yaranmış olur – o ağıllıdır, yaxud axmaqdır, həssas qəlblidir, yoxsa kobuddur, onda yumor hissi, müşahidə qabiliyyəti varmı və s. ən əsası isə o, insanı sevirmi, ürəyi insan üçün yanırmı, yaxud o hər şeyə laqeyddir, yalnız özünü sevəndir, ona görə də tamaşa boyu yalnız özününümayişlə məşqul idi. Sənətkarın şəxsiyyəti, insanı məzmunu – budur əsas meyar. Bütün bu xüsusiyyətlərin əsasında teatr haqqında tamaşaçının münasibəti formalaşır və o, bu həmsöhbətlə yenidən görüşüb-görüşməyəcəyi haqda öz qərarını verir. Sənətkar üçün ən vacib və qiymətli nailiyyət insanlarln qəlbində və şüurunda yer tuta bilmək bacarığıdır və bunu heç bir fəxri adlar, yüksək titullar əvəz edə bilməz.

     Teatr tamaşaçı üçün maraqlı olmalıdır. Deyilən fikrə görə tamaşaçı teatra əylənmək üçün gəlir, lakin oradan düşüncə ilə getməlidir. O, burada qəlbində gəzdirdiyi, heç kimlə bölüşmədiyi məxfi suallara, düşüncələrə cavab axtatır, həyat, insan haqqında yeni fikirlər, baxışlar əldə edə bilir. 

     Bu müqəddəs missiyanı yerinə yetirmək üçün teatrlar yüksək professionallığa, müstəqil düşüncəyə, öz yaradıcılıq axtarışlarını həyata keçirmək imkanlarına malik olmalıdırlar. Yalnız belə olduqda teatr həyatında canlanma və tamaşaçı marağı yarana bilər. Belə canlanmanın bariz nümunəsini biz keçən əsrimizin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Bakıda görə bildik. Bu illərdə şəhərimizdə teatr sahəsində güclü axın yaşandı, biri-birindən fərqli, öz simaları olan yeni teatrlar yarandı. Bunların sırasında Kamera, Yuğ, Gənclər, Bələdiyyə, Pantomima, Miniatur, İbrus, Marionet, İlham, habelə “Parni iz Baku” və “Bu şəhərdə”  estrada teatrlarının adlarını çəkmək olar. Bu teatrların özünəməxsus simaları, oyun üslubları və onların fəaliyyətlərini maraqla izləyən tamaşaçıları var idi. Yaranmış özəl teatrların uğuru ilk növbədə onunla bağlı idi ki, onların başında istedadlı və orijinal düşüncəli liderləri var idi. Bu liderlər öz ətrafına istedadlı həmfikirlərini toplayaraq çoxsaylı təşkilati, maddi çətinliklərə sinə gələrək maraqlı tamaşalar yarada bildilər, öz gənc teatrlarını yaşatmağa nail oldular. Və beləliklə, Bakl kimi böyük şəhərdə teatr sahəsində güclü canlanma yaşanmağa başlandı.

     Bəs bu teatrların taleyi necə oldu? Təəssüflə deməliyik ki, sonrakı illərdə bunların bəziləri qapandı /Miniatur, İbrus/, bəziləri /Gənclər, Kamera/ Dövlət Cənc Tamaşaçılar Teatrına qatıldı və faktiki olaraq heç oldular, bəziləri də öz binalari olmadığından onun-bunun qoltuğunda günlərini keçirirlər. Nəticədə bütün teatrlar müstəqilliyini itirərək yalnız dövlət himayəsində, Mədəniyyət nazirliyinin ciddi nəzarəti altında fəaliyyət göstərməyə məcbur olmuşlar, ona görə də bu teatrlara tamaşaçı marağı cox aşağı dərəcəyə enmişdir. Ayrı-ayrı uğurlu işləri çıxmaq şərtilə tamaşaçı buralarda mənəvi qida ala bilmir. Bakı boyda iri şəhərdə 40-50 müxtəlif forma və üslubda, zirzəmi, çardağ kimi məkanlarda belə teatrlar özlərinin yaradicılıqlarını nümayiş etdirə bilərlər. Bunun üçün dünyanın çox yerində olduğu kimi istedadlı adamlara daha çox azadlıq verilməli, prodüsser sistemindən istifadə edilməli, özəl teatrların yaşaması üçün dövlətin və imkanlı adamların maddi və təşkilatı dəstəyi olmalıdır. Yeni teatrların yaranması və yaşaması, təbii ki, respublikanın bütün reqionlarını və şəhərlərini əhatə etməlidir.

     Bir müqayisə edək. Sovet dövründə bütün iqtisadiyyat, ticarət obyektləri dövlətin əlində idi. Buna görə də mağazalar bom-boş idi, bütün ərzaq və əmtəə malları güclü defisit şəraitində idi. Ərzaq qıtlığı hətta o dərəcəyə çatmış idi ki, dövlət əhalini az da olsa ən vacib qidalarla təmin etmək üşün kartoçka sisteminə keçməyə məcbur olmuşdu – bir aya adambaşı 1 kilo ət və yarım kilo yağ verilirdi. Defisit şəraitində yaşayan cəmiyyətdə isə ən hörmətli, nüfüzlu, varlı insanlar Zavmaqlar /mağaza müdiri/ idi. Sovet sistemi iflasa uğradıqdan sonra dövlət bazar iqtisadiyyatına keçdi və bu da insanların əl-qolunu açdı və nəticədə mağazalarda hər cür növ ərzaq və əmtəə bolluğu yarandı. Bax, belə bir  dönüş teatr sənətində də baş verməlidir ki, istedadlı insanlar öz bacariqlarını cəmiyyətə çatdıra bilsinlər.

     Bu problemlə bağlı bir mühüm məsələyə də toxunmaq lazımdır. Bu da yeni yaradıcı kadrların sənət ocaqlarına gəlişidir. Respublikamızda teatr kadrlarını yetişdirən yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hər il çox sayda teatr kadrları – aktyorlar, rejissorlar, teatrşünaslar yetişdirərək onları böyük ümidlə sənət aləminə buraxır. Lakin burada da təəssüflə qeyd etmək lazımdır ki, məzunların əksəriyyəti yiyələndiyi peşə üzrə özlərinə iş tapa bilmirlər, heç bir dövlət orqanı – nə Mədəniyyət nazirliyi, nə də teatrlar onlarla maraqlanmır. Halbuki məzunların arasında zəngin yaradıcılıq potensialına malik istedadlı gənclər az deyildir. Belə istedadlı gənclər də heç kəsə lazım olmadığını görüb başqa sahələrə və peşələrə üz tutmaq məcburiyyətində qalırlar. Nəticədə dövlətin gənc mütəxəssisin yetişdirilməsinə sərf etdiyi vəsait, ali məktəbin 4-illik zəhməti heç olur, istedadlı gənc özünə xəyanət edərək başqa işlə məşqul olmaq məcburiyyətində qalır, teatrlar və başqa yaradıcılıq təşkilatları isə yeni istedadlı nəfəs gətirə bilən gənc mütəxəssisdən məhrum olurlar. Halbuki, hər bir istedad xalqın və dövlətin sərvətidir, və bu sərvəti qorumaq hər bir cəmiyyətin borcudur.

     Teatr sənəti xalqımız üçün həmişə doğma olub və onu bugün yaşatmaq və inkişaf etdirmək son dərəcə vacib problemdir və cəmiyyətimizi narahat etməyə bilməz. Bunun həlli yolları tapılmalı və teatr  sənəti insanların qəlbində, mənəviyyatında öz layiqli yerini bərpa etməlidir.

     Sonda görkəmli dramaturq A.Ostrovskinin bir fikrinə nəzər yetirək. O, yazmışdır: - Milli teatr millətin yetkinləşməsinin göstəricisidir... Hər bir xalq öz milli teatrına malik olmaq və onunla fəxr etməyi arzu edir...

Fikrət Sultanov

Əməkdar incəsənət xadimi, professor

 

 

 

Load Time (S) : 0.000552