TEATRO

TEATRO

sənət portalı

post-title

Fikrət Sultanov - Ustadım haqqında xatirələrim...

2023-cü ilin yanvarın 14-də milli teatrımızın görkəmli rejissoru və pedaqoqu Tofiq Kazımovun anadan olmasının 100 ili tamam oldu.

Azərbaycan teatrının ən istedadlı və yenilikçi rejissorlarından olan Tofiq Kazımov 1942-ci ildə Teatr texnikumunu (Aleksandr Tuqanovun sinfi üzrə) bitirmiş, sonra cəbhəyə getmiş, II Dünya müharibəsinin iştirakçısı olmuşdur. 1945-1950-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq kursunda A.D.Popov və M.O.Knebeldən bu sənətin sirrlərini öyrənmişdir.

Tofiq Kazımov bütün yaradıcılıq həyatını respublikanın ali teatr məktəbində pedaqoji iş ilə fəal şəkildə əlaqələndirirdi. Onun rejissorluq yaradıcılığı müasirlik duyğusu, aydın obrazlı düşüncə tərzi, tükənməz yumoru ilə seçilirdi. O, eksperimenti təbiətən sevirdi, həll olunmamış problemlərə daha çox meyl edirdi. T.Kazımovun incə zövqü, zəngin fantaziyası, əsərin gözlənilməz, orijinal, həm də məntiqi cəhətdən inandırıcı səhnə həllini tapmaq istedadı onu başqa rejissorlardan fərqləndirirdi. O, həyatda da, yaradıcılıqda da bayağılığın, şablonçuluğun, solğunluğun, simasızlığın düşməni idi. T.Kazımov tamaşalarda orijinal və qeyri-standart parlaq obrazlı forma tapmağı sevir və çox vaxt buna nail olurdu. Onun bu keyfiyyətləri hələ tələbəlik illərindən özünü göstərmişdir. Professor M.Knebel özünün "Pedaqoqikanın poeziyası" adlı cox qiymətli kitabında bu barədə yazır: "Mənim həyat təcrübəmdə tələbələrimin şeirlə gözəl improvizasiya etməsi, şairin diktə etdiyi ümumi ritmi tutması halları da olub. Bu faktdır və mən bunu özümdən uydurmuram. Tofiq Kazımov V.Şekspirin "Vindzorun nadinc qızları" əsərindəki komik, qısqanc Ford obrazını məşq edirdi. Etüddə o qəflətən, hamını heyrətləndirərək şeirlə danışmağa başladı. Onun improvizasiya-monoloqları bədahətən axırdı. Bu monoloqlarda yaranan obrazlar, fəlsəfi müqayisələr və ümumiləşdirmələr Şekspirin Ford rolunun mahiyyətinə o qədər yaxın idi ki, kursun uşaqları, sözün həqiqi mənasında, ağızlarını açaraq onu dinləyirdilər. Görünür onda Şekspirin şeiriyyətini qavrayaraq öz ahəngində səsləndirmək bacarığı vardı. Bundan başqa o, öz qəhramanının düşüncələrinin mahiyyətinə dərindən varmışdı. O, başa düşürdü ki, Ford məcazlarla danışır. Buna görə də, şəxsi təcrübəsindən çıxış edib pyesdəki məcazlara müvafiq öz məcazlarını yaradırdı. Bunlar canlı şəraitə dərhal qiymət verməkdən yaranırdı".

Müəllif fikrini dərindən duyub inkişaf etdirən improvizator-sənətkar keyfiyyətini T.Kazımov institutda öz tələbələrinə də əxs etdirməyə çalışırdı. O, sonralar bu xüsusiyyətə yaradıcılıq cəsarəti, orijinalliq, öz fikrini, iddiasını açıq və inamla demək bacarığı da əlavə etdi. Hətta bəzən bu üsul hamı tərəfindən qəbul olunmasa da T.Kazımov tələbələrə qəyyumçuluq etməyi xoşlamır və buna yol da vermirdi. Tədrisin ilk günündən onlarda müstəqillik, məsuliyyət hissləri oyatmağa çalışır, mürəkkəb yaradıcılıq vəzifələrini həll etməyə istiqamətləndirirdi. O, gənc aktyora inanır, tələbələrə məsuliyyətli rollar tapşırır, onları teatra cəlb edirdi. Akademik Dram teatrının səhnəsində ilk dəfə məhz Tofiq müəllimin zəmanəti ilə çıxış edən Şəfiqə Məmmədova ("Hamlet"də Gertruda), Amaliya Pənahova ("Sən həmişə mənimləsən" - Nərmin), Səfurə İbrahimova, Səməndər Rzayev, Hamlet Qurbanov, Şahmar Ələkbərov, Hamlet Xanızadə, Əlabbas Qədirov, Vəfa Fətullayeva, Fuad Poladov, İlham Əhmədov, Ramiz Məlikov, Yaşar Nuriyev və başqaları sonralar bu kollektivin qabaqcıl aktyorlarına çevrildilər.

T.Kazımovun rəhbərlik etdiyi kursların (xüsusilə rejissorluq kursunun) tədris repertuarı həmişə yeniliyi, orijinallığı, klassikaya müraciətin cəsarətliliyi ilə fərqlənirdi. Bu repertuarı Sofoklun, U.Şekspirin, A.Tolstoyun, H.Cavidin faciələri, Molyerin, Holdoninin, Şeridanın, Qoqolun, M.F.Axundovun komediyaları, Çexovun, Skribin, Ə.Haqverdiyevin vodevilləri, müasir sovet və xarici dramaturqların pyesləri bəzəyirdi.

Burada mən öz ustadımla şəxsi yaradıcılıq və insani münasibətlərimdən danışmaya bilmərəm. Hələ yeniyetmə vaxtlarımda Azdramanın səhnəsində onun quruluşunda "Seviliya ulduzu" (Lope de Veqa), "Atayevlər ailəsi" (İlyas Əfəndiyev) kimi parlaq tamaşaları maraqla izləmişəm. Sonra 1959-1960-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işlədiyim zaman "Səhər" filminin çəkilişlərində onun ikinci rejissor kimi (quruluşçu rejissor Ağarza Quliyev idi) çox aktiv şəkildə aktyorlarla işləməsini izləyə bildim.

Nəhayət 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunda uzun illər fasilədən sonra Dram rejissoru ixtisasına qəbul keçirildi və mən oraya qəbul olundum. Kursun rəhbəri Tofiq Kazımov oldu və mənim həyatımda yeni dövr başladı. İlk növbədə mən onun insani və yaradıcılıq orijinallığına məftun olmuşdum, çünki o, həyata öz gözləri və qəlbilə baxa bilirdi, daşqa insanları görməyi və eşitməyi bacarırdı, heç vaxt riyakarlıq etmirdi. O, mənim üçün tam inandığım müdrik insan və sirdaş oldu. Ona görə də mən oxuduğum bədii ədəbiyyat, teatr və kino sənətinə aid nəzəri yazılar, maraqla izlədiyim dünya kino sənətinin parlaq nümunələri, ilk növbədə İtaliya, Fransa, İngiltərə, Qərbi Almaniya filmləri haqda təəssuratlarımı, fikirlərimi onunla bölüşürdüm, o da məni hər zaman maraqla dinləyir və öz münasibətini bildirirdi. Bizim tez-tez baş tutan ikilikdə geniş söhbətlərimiz əsasən axşamlar teatrda, səhnənin lap yanında yerləşən onun kabinetində, səhnədə bu zaman oynanılan tamaşalarin fonunda, paralel şəkildə olurdu.

T.Kazımov öz yetirməsi olan gənc rejissora – mənə rəhbərlik etdiyi Azdramada tamaşalar hazırlamaq imkanı yaratdı və mən bu teatrda "Falçı" (S.Kostov), "Xoşbəxtlər" (Sabit Rəhman), "Qısqanc ürəklər" (R.Stoyanov), "Vəkil neyləsin" (Ramiz Fətəliyev) tamaşalarına quruluş verdim. "Falçı" tamaşasındakı rejissor işim Bolqar dramaturgiyasının Ümumittifaq teatr festifalında SSRİ Mədəniyyət nazirliyi və Teatr xadimləri ittifaqının Fəxri Diplomu ilə təltif edildi.

Bundan sonra mən Moskvaya Dövlət Teatr Sənəti İnstitutunun assistenturasında oxumağa yollandım. Amma müəllimimlə əlaqələrimiz yenə davam edirdi, biz məktublaşırdıq – burada ustadımın mənə yazdığı məktubdan bar parça oxucuların diqqətinə çatdırıram.

1969-cu ildə SSRİ-nin ən nüfuzlu musiqili teatrlarından biri olan Moskva Operetta Teatrı görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Təbəssümünü gizlətmə" musiqili komediyasını hazırlamaq gərarını verdi. Əsərin müəllifi və o zaman Azərbaycanın Mədəniyyət naziri olan Rauf Hacıyev bu tamaşaya quruluş vermək üçün məni dəvət etdi. Bu son dərəcə məsuliyyətli iş idi, çünki ilk dəfə idi ki, azərbaycanlı rejissor Moskva kimi dünya səviyyəsində teatral şəhərdə tamaşa hazırlamalı idi. Mən öz həyacanımı ustadımla bölüşürdüm. Tamaşa üzərində iş çox maraqlı və uğurlu keçirdi, hər rolun 2-3 ifaçısı var idi. Tamaşanın yaradıcı kollektivi teatrın bədii rəhbəri Q.P.Ansimov bizim işimizi bənənirdilər. Lakin mənim öz müəllimim Tofiq Kazımova inamım son dərəcə yüksək olduğuna görə hər zaman düşünürdüm – görəsən ustadım mənim bu işimi, rejissor yanaşmamı, səhnə həllini bəyənərdimi?... Ona görə də mən Rauf Hacıyevə xahişlə müraciət etdim və ustadımın gördüyüm işə baxıb qiymətləndirməsini arzu etdiyimi bildirdim. Rauf Hacıyev mənim bu arzumu müsbət qarşıladı və iki gündən sonra Tofiq müəllim Moskvada və mənim məşqimdə idi. Proqon məşqə baxandan sonra müəllimim öz fikirlərini və qeydlərini mənə bildirdi, bu da məni tamaşanı tamamlamağa doğru daha inamlı addımlar atmağa sövq etdi... Onu da qeyd etmək lazımdır ki, bu tamaşa sonrakı illərdə teatrın repertuarında özünə möhkəm yer tutdu, təkcə birinci mövsümdə 100 dəfə göstərildi, 1975-ci ildə SSRİ Mərkəzi televiziyası tamaşanı bütün ölkəyə nümayiş etdirdi, tamaşa haqqında Ümumittifaq və Azərbaycan mətbuatında çoxlu yazılar və resenziyalar dərc olundu.

Mən tam əminliklə inanırdım ki, əldə etdiyim uğurların əsasında ustadımın sənət baxışlarına və şəxsiyyətinə məftumluğum, böyük inamım durur. Bu haqda olan fikirlərimi Moskvadan ona göndərdiyim məktubların birində çatdırmağa çalışırdım: – "Tofiq müəllim! Sizin "öz rejissor dəsti-xəttinizi tapmaq" haqqında həmişə etdiyiniz tövsiyyələrin əsl mahiyyətini indi dərk etməyə başlayıram... Mənim üçün öz orijinallığı, emosionallığı və təkrarolunmazlığına görə Sizin tamaşalarınızın həlli bir nümunədir... Sizin tamaşalarınızın rejissor həlli həqiqətən teatraldır, gözlənilməzdir və istedadlıdır. Məsafə, zaman və məkan Sizin tərəfinizdən elə sadə və teatr şərtiliyi ilə həll olunur ki, ona görə teatrın geniş imkanlarını sevməmək olmur..."

Həqiqətən, insanın həyatda bəxtinin gətirməsi üçün əsas amillərdən biri öz ustadını tapa bilməsidir... 

Fikrət Sultanov

Əməkdar incəsənət xadimi, professor

Load Time (S) : 0.000086