TEATRO

TEATRO

sənət portalı

post-title

Fikrət Sultanov - Milli teatr təhsilimiz: dünən və bu gün

Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri adlar, mükafatlar verildi... Amma demək lazımdır ki, əslində bu yubiley universitetin deyil, Azəbaycanda teatr təhsilinin yubileyidir.

1923-cü ildə müsəlman Şərqində ilk teatr təhsil ocağı – Dövlət Teatr məktəbi /texnikumu/ açılmışdır və bu məktəbin əsasında 1945-ci ildə ali teatr təhsil ocağı – Dövlət Teatr institutu yaradılmışdır. 1960-cı illərdən başlayaraq burada teatr sənəti ilə yanaşı musiqi, rəssamlıq, mədəni-maarif, kino, televiziya ixtisasları üzrə mütəxəssislər yetişdirilməsinə başlanmışdır, Teatr institutu əvvəlcə İncəsənət institutu,  sonra isə Dövlət Mədəniyyət və İncəsənət Universiteti adlandırılmışdır. Bugün bu ali məktəbdə 5 fakültə fəaliyyət göstərir, onlardan biri Teatr sənətidir.

Azərbaycanin teatr təhsil ocağı – həm orta, həm ali – respublikanın teatrları, kinosu, radio, televiziyası, mədəniyyət ocaqları üçün yaradıcı, peşəkar kadrlar hazırlamış, onların çoxlarının iştirakı ilə respublikada, habelə onun hüdudlarından kənarda xalqın mədəni həyatında, estetik tərbiyəsində inqilabi rol oynamışdır. Bu təhsil ocağının ayrı-ayrı butaxılış kursları əsasında Ağdamda, Şəkidə, Qubada, Şuşada, Füzulidə, Lənkəranda, İrəvanda, Qusarda peşəkar dövlət teatrları yaradılmışdır. Peşəkar səhnə ocaqlarından başqa onun məzunlarının bilavasitə iştiraki ilə Azərbaycanda özfəaliyyət teatr yaradıcılığı geniş vüsət tapmış, ölkənin bütün guşələrində öz ətrafında geniş xalq kütlələrini toplamışdır.

Milli teatr məktəbimiz qardaş respublikalar – Özbəkistanın, Türkmənistanın, Tacikistanın, Dağıstanın, eləcə də Krımın səhnə müəssisələri üçün kadr hazırlığında cox böyük rol oynamışdır. Onun məzunları içərisində müxtəlif millətlərin – azərbaycanlılar, ruslar, özbəklər, türkmənlər, tatarlar, ləzgilər, tatlar, yəhudilər və başqa millətlərin nümayəndələri vardır. Onlar Daşkənd, Tbilisi, İrəvan, Səmərqənd, Aşqabad, Mahaçqala, Dərbənd, habelə Moskva, Lvov və başqa bir çox şəhərlərdəki teatrlarda uğurlu fəaliyyət göstərmişlər. Teatr təhsil ocağının yetirmələri arasında böyük şöhrət qazanmış və ümumxalq məhəbbətilə sevilən tanınmış sənətkarlar az deyildir. Onlardan Fatma Qədri, Rza Əfqanlı, Məmmədəli Vəlixanlı, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Rəmziyyə Veysəlova, İbrahim Həmzəyev, Həsənağa Salayev, Yusif Vəliyev, Nəsibə Zeynalova, Sofiya Bəsirzadə, Süleyman Tağızadə, Həsənağa Turabov, Şəfiqə Məmmədova, Safura İbrahimova, Amaliya Pənahova, Fuad Poladov, Yaşar Nuriyev, rus teatrında fəaliyyət göstərən K.Myakişev, B.Çinkin, V.Şirye, R.Qinzburq, Q.Koltunova, A.Falkoviç, L.Varşavski, T.Razumovskaya, habelə SSRİ xalq artistləri Ələsgər Ələkbərov, İsmayıl Dağıstanlı, Həlimə Nəsirova /Özbəkistan/, Altı Karlıyev /Türkmənistan/ və bir çox başqa aktyor və rejissorlarin adını çəkmək olar.

Bu təhsil ocağında güclü pedaqoji heyət çalışırdı. Onların arasında Teatr məktəbinin ilk direktoru Şövkət Məmmədova, dramaturqlar Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı, görkəmli aktyor və rejissorlar A.Tuqanov, A.Mudrov, V.Sladkopevtsev, H.Abbasov, A.M.Şərifzadə, R.Darablı, M.Kirmanşahlı, K.Ziya, R.Təhmasib, A.İskəndərov, M.Məmmədov, T.Kazımov, M.Haşımov, görkəmli alimlər C.Cəfərov, Ə.Sultanlı, M.Rəfili, F.Qasımzadə, P.Fridolin və başqaları vardır.

Belə zəngin tarixi olan teatr təhsilimizin bugünkü vəziyyəti bəs necədir, o günün artmış tələblərinə cavab verirmi? Təəssüf ki, bu suala müsbət cavab vermək çətindir. Bəs onda səbəb nədədir?

Bir qrup insanlar, gənclər aktyorluq sənətinə böyük məhəbbət bəslədiyindən dram dərnəklərinə üz tuturlar və burada 4 il müddətində hazırlanan tamaşalarda müxtəlif rollarda həvəslə, coşqunluqla uğurlu çıxışlar edirlər, tamaşaçıların rəğbətini, alqışlarını qazanırlar, ən əsası qəlblərinin sevincini yaşamış olurlar, arzularının həyata keçməsindən xoşbaxt olurlar... Amma bütün bu uğurlar, qələbələrdən sonra onlar professional aktyor olmurlar, əvvəldən olduğu kimi yenə həvəskar aktyor qalmış olurlar. Çünki heç bir professonal təlim görməyən, təkcə həvəslə çalışan insan nəticədə yalnız həvəskar aktyor olur.

Başqa bir qrup insanlar, gənclər qeyri adi oyun üslubları, ilk baxışdan orijinal görünən və bununla da tamaşaçıları heyrətləndirməyi bacaran, dəbdə olan teatrların fanatları olurlar, özlərini onların oyun tərzlərinə oxşatmağa çalışırlar. Bu teatrda canlı insan xarakterləri əvəzinə ön plana hər cür səhnə effektləri, qeyri-adiliklər, özününümayiş çıxır, insanlar, xüsusən gənclər də buna tez aldanırlar. Necə ki, hər bir dinin – islam, xristian, buddizm – içində öz qeyri-adiliyini nümayiş etdirən cərəyanlar mövcuddur, bunun adı sektadır, təriqətdir, sektantlıqdır. İncəsənətdə də hər vəchlə özününümayişlə məşqul olanlar həmin sektantçılardır.

Üçüncü qrup gənclər teatr sənəti sahəsində professional təhsil almaq üçün ali teatr məktəbinə üz tuturlar və burada 4 il müddətində seçdiyi ixtisasın – aktyor, rejissor, teatrşünas ixtisaslarının professional əsaslarını həm nəzəri, həm praktiki cəhətdən mənimsəyirlər və sonda ali təhsilli mütəxəssis diplomu qazanırlar.

Heç şübhəsiz ki, hər üç istiqamət üzrə sənətlə məşqul olanların arasında əsaslı fərqlər vardır və bu fərq özünü yaradıcılıq prosesində qabarıq şəkildə göstərir. Ali teatr məktəbi bu fərqi aydın görməlidir və bütün fəaliyyətini məhz professional təlimin və təhsilin reallaşmasına yönəltməlidir. Bunun üçün məktəb təhsilin ən vacib iki sənədini dəqiq tərtib etməlidir və onların bütün dolğunluğu ilə həyata keçməsinə nail olmalıdır, bilməlidir ki, professionallıq məvhumu özündə hansı keyfiyyətləri və bacarıqları ehtiva edir. Bu iki sənədlərdən biri Tədris planı, ikincisi isə Tədris proqramıdır və burada hər tədris ilinin, hər semestrin tələbləri, meyarları dəqiq göstərilməlidir, tədris prosesi də bunun əsasında aparılmalıdır, çünki o, yolgöstəricidir, kompasdır. Bunlarsız səyahətə çıxan insan kimi yolda azmaq olar və istədiyin məkana çatmaq mümkün deyil. Bu sənədlərin dolğun icrasının məsuliyyəti fakultə dekanlığı və buraxılış, ixtisas kafedralarının üzərinə düşür.

Bəs bu məsələnin praktiki həlli nə vəziyyətdədir? Milli teatr məktəbimizin bugünkü fəaliyyətində, çox təəssüf ki, yuxarıda qeyd etdiyimiz üç müxtəlif, hətta biri-birinə zidd istiqamətlər – diletantlıq, sektaçılıq və professionallıq meyarları fəal şəkildə özünü təzahür edir, və bu iş 4 il davam edir və yekunda bütün məzunlara eyni ali təhsil diplomları verilir.

Diletantlıq və sektaçılıq prinsipləri əsasında işlərini quran müəllimlər tələbələrini dramaturji materialın məzmununu araşdırıb açmaq, obrazların daxili aləmini üzə çıxarmaq əvəzinə öz vəzifələrini və bütün səylərini ilk növbədə effektli görüntülər əsasında tamaşa qurmağa yönəldirlər. Onlar unudurlar ki, teatrda – istər peşəkar, istər həvəskar – tamaşa əsas Məqsəddir, tədris ocağında isə tamaşa professional aktyor yetişdirilməsində bir Vasitədir, çalışmalar, etüdlər, kompozisiyalar, pyeslərdən götürülmüş parçalar və başqa bu səpkili işlər kimi – Vasitədir. Hər vəchlə tamaşa hazırlayıb tamaşaçıları heyrətləndirmək, onların müsbət reaksiyalarını qazanmaq gəncləri diletantlığa aparır. Diletant yanaşmağın nə qədər zərərli olduğunu böyük səhnə reformatoru K.S.Stanislavski özünün məşhur Sisteminin əsasını təşkil edən  Aktyorun öz üzərində işi  əsərində göstərmişdir və əsərin ilk fəslini məhz  Diletantizm  adlandırmışdır.

İkinci istiqamət – sektaçılıq – üzrə işləyən müəllimlər özlərinin çalışdığı, yaxud pərəstiş etdiyi teatrın estetik prinsiplərini, oyun tərzlərini tələbələrinə aşılamağa çalışırlar, burada da aktyor oyununda canlı yaşantı əvəzinə insanın qəlbindən gəlməyən, mexaniki fiziki hərəkətlər, görüntülər ön plana çıxır. Belə üsulla işləyən müəllimlər özlərini yenilikçi, novator, amma dərin realizm, həyatilik prinsipləri ilə işləyənləri konservator, köhnəlmiş hesab edirlər, bununla da sənət dünyasına ilk addımlarını atan gənclərin baxışlarını, estetik zövqünü yanlış yola aparırlar.

Bəllidir ki, teatrlar müxtəlif estetik prinsiplər əsasında işləyə bilərlər, hətta işləməlidirlər, özlərinin fərdi simalarını, orijinallıqlığını tapmalı və tamaşaçı üçün maraqlı olmalıdırlar. Amma bu teatrların iş üslublarını, estetikasını tədris ocağına gətirmək olmaz. Burada psixoloji teatrın, yaşama sənətinin prinsipləri, səhnədə insan ruhunun həyatını yaratmaq tələbi əsas və mübahisəolunmaz qanundur. Bunun üçün teatr təhsil ocağında möhkəm bünövrə üzərində dayanmış akademik təhsil, Məktəb olmalıdır.

Teatr təhsilimizin bugün, yumşaq desək, lazımı səviyyədə olmamasını biz bu ilin yazında gördük. Gürcüstanın paytaxtı Tbilisidə bir neçə ölkə teatr məktəbləri tələbələrinin Aktyor etüdləri mövzusunda baxış-müsaqibə keçirilmişdi. Bizim ali məktəb də buraya dəvət almışdı. Bizdə yaradılmış seçim komissiyası müxtəlif kurs və qrup tələbələrinin 30-dan çox çıxış-etüdlərinə baxış keçirdi, amma belə məsuliyyətli tədbirə göndəriləcək tələbə işi görə bilmədi və axırda yalnız xarici görüntü, effektlər üzərində qurulmuş bir etüdu göndərməyi qərara aldı. Təbii ki. belə səpkili tələbə etüdu o müsabiqədə heç bir uğur qazana bilmədi, bu da bizim ali məktəb, bütövlükdə dövlətimiz üçün utandırıcı faktdır.

Göstərdiyimiz bu fakt, təəssüf ki, təkcə tələbə etüdlərində deyil, tədris işinin bütün mərhələlərində, kurs və diplom tamaşalarının səviyyəsində özünü qabarıq göstərir.

Respublikamızda musiqi, rəssamlıq, xoreoqrafiya, habelə idman üzrə ali tədris ocaqları Akademiya statusunda fəaliyyət göstərirlər. Nəyə görə bəs teatr sənəti üzrə Akademiya yoxdur, nəyə görə 100-illik zəngin tarixi olan teatr təhsilimiz yetim, kasıb qohum kimi yalnız fakultə simasında mövcuddur? Əlbəttə ki, söhbət təkcə adın dəyişdirilməsindən getmir, ən vacibi tədrisin məzmunun, keyfiyyətinin təkmilləşdirilməsindən gedir. Unutmayaq ki, teatrlarımız, kino, radio, televiziya, mədəniyyət ocaqlarımızın keyfiyyəti, professionallıq səviyyəsi biləvasitə tədris məktəbinin uğurlu, yaxud uğursuz fəaliyyətindən asılıdır.

 

Fikrət Sultanov
Əməkdar incəsənət xadimi, professor

    

 

 

Load Time (S) : 0.003838