TEATRO

TEATRO

sənət portalı

post-title

Fidan Axundova - Ruhun hikmətinə aparan teatr poetikası – “Psixosof”

XX əsrin siyasi, iqtisadi, ictimai-mədəni hadisələrlə zəngin tarixi mənzərəsi fonunda elmin, ədəbiyyatın, incəsənətin və təbii olaraq teatr sənətinin inkişafı labüd idi. Yeni teatr formalarının meydana çıxması yenilənməli olan bədii ifadə vasitələrinə tələbatı doğurmaqla yanaşı, söz və səhnə əməli üçün təyin olunmuş baxış istiqamətini də dəyişdirdi. XX əsrin əvvəllərindən başlayaraq teatr sənətinin "yenilik qavrayışı" axtarışlarında sənət imkanlarının sərhədlərini genişləndirən və müəyyənləşdirən konstruktiv meyllər, müxtəlif "izm"lərin bir-birini əvəzləməsi teatrın mütəhərrikliyinə və inkişafına təkan verdi. 

Bu inkişaf yolunda aparılan axtarışlar Azərbaycan teatr məkanında da öz əks-sədasını tapdı. Yenilik sorağında olanlar sırasında "Yuğ" teatrının yaradıcısı, "Psixosof" teatr poetikasının əsasını qoyan rejissor Vaqif İbrahimoğlunun xüsusi yeri var. Onun uzun illər nəzəri və tətbiqi sənət axtarışları zəminində formalaşmış teatr baxışları, iş metodikası Azərbaycan teatrına bənzərsiz aktyorlar və rejissorlar bəxş etmişdir. Sözsüz ki, Vaqif İbrahimoğlunun teatr baxışlarının formalaşmasına təsir edən rejissorlar və teatr nəzəriyyəçiləri olmuşdur. Belə ki, yaradıcılığının ilk illərində K.S.Stanislavskinin "Sistem"indən bəhrələnib, o kitabın bir səhifəsini yazmağa cəhd edənlər sırasında Azərbaycan teatr məkanında "Psixosof" (psixe-ruh, sofiya-hikmət) konseptual teatr poetikasına əsaslanan "Yuğ" teatrının yaradıcısı Vaqif İbrahimoğlunun teatr baxışları bu mənada diqqətə layiqdir. Azərbaycan teatr sənətində V.İbrahimoğlunun adı "Psixosof" teatr poetikasının, bədii-estetik prinsipləri ilə ənənəvi teatr sənəti düşüncəsinə alternativ mövqedə dayanan "Yuğ" teatrının yaranması və fəaliyyəti ilə bağlıdır. Milli teatrda konseptual rejissuranı yeni mərhələyə çıxaran V.İbrahimoğlu "ruhun hikməti" ilə bağlı olan öz sistemini qurmuş və quruluş verdiyi tamaşalarda bu sistemi tətbiq etmişdir. 

Uzun illərin gərgin çalışmaları nəticəsində təməlini qoyduğu "Yuğ" teatrının adı da əski türkdilli xalqların milli adət, ənənələrindən qaynaqlanırdı. Belə ki, yuğlama mərasimi əski türkdilli xalqlarda ölən qəhrəmanın həyatından əlamətdar hadisələrin teatral elementlər ilə canlandırılması idi. "Yuğ" sözünün mənası qədim türklərin xalq qəhrəmanları üçün yas mərasimi qurması, məzarlıqda baş verən bu olayın bayram və orgiyalarla bitməsidir. 

Güman edilir ki, qədim Azərbaycanda, islamdan əvvəl bir qəhrəmanın dəfn olunmasını xüsusi bir mərasimə - Yuğlamaya çevirmək ənənəsinin 3000 ildən çox yaşı var. Kökü şaman ayinlərinə dayanan bu ritualı yerinə yetirmək üçün qəhrəmanın məzarı ətrafında bir qrup insan - rəqqasələr, müğənnilər, musiqiçilər, atlılar, pəhləvanlar və s. - toplaşardılar. Bərkdən nağara çalar, müxtəlif musiqilər səsləndirər, rəqs edər, at çapıb, qılınc oynadar, eyni anda vahid bir ritm yaradardılar. Müğənnilər ifa etdiyi mahnılarda mərhumun həyatı haqqında oxuyar, onun qəhrəmanlıqlarını vəsf edərdilər. Sonra iki qrup - kişilər və qadınlardan ibarət olan iki dəstə meydana çıxıb qəhrəmanın həyatından dramatik hadisələri canlandırardı. Bu ritualın kökündə duran "həyatın ölüm üzərində qələbəsi" inancı,  bir ömrün bitməsi ilə eyni anda yeni həyatın başlanmasına qarışan sevinclə müşayət olunurdu. Burada teatrallıq dərəcəsi qəhrəmanın, bugünkü dillə desək, cəmiyyətdə "status"undan asılı idi. 

"Psixosof" teatr poetikası ənənəvi məntiqə alternativ olaraq qeyri-şüuri məntiqin zühura çıxardığı yaradıcı enerjinin tədqiqi yollarını axtarır. Əgər K.S.Stanislavskinin aktyoru özündən çıxış edərək səhnə obrazı yaradırdısa, "Psixosof" teatr poetikası aktyora bu və başqa obrazla bir araya gəlməyən fərdi motivlər kombinasiyası təklif edir. Bu poetikanın əsas məqsədi insan ruhunun yaradıcı, psixoloji və teosofik tədqiqatına ünvanlanmışdır. “Psixosof” teatrının aktyoru obraza qarışıb "ərimir", o, yaratdığı obraza hakim kəsilməklə, psixikasını idarə etməklə öz alqoritmini özü müəyyənləşdirir.

"Psixosof" teatr poetikasında bizim üçün ənənəvi olan kateqoriyalar önəmli deyil. Süjet, konflikt, ənənəvi dramaturgiyanın qəbul etdiyi mənada hadisəlilik burada heç bir rol oynamır. "Psixosof" teatr poetikası yeni dramaturgiya tələb edir, elə bir dramaturgiya ki, burada ədəbi material ümumi yaddaşda, vahid semantik sahədə mövcud olan bilgiləri, hissləri oyatmağa, analiz etməyə imkan versin. Aydın məsələdir ki, ənənəvi teatra alternativ poetika keçmiş təcrübəni istisna etmir. Çünki dəyərlərin ilkin mənbəyi məhz uzun illərin təcrübəsindən şaxələnib, inkişaf edərək sistemləşib.

Vaqif İbrahimoğlu yeni teatr poetikasının axtarışı yolunda ədəbi əsas kimi müxtəlif mətnlərə müraciət edir, adətən üzərində dayandığı ədəbi mətnlərin səhnə variantını özü işləyib hazırlayır. İstənilən klassik və yaxud müasir pyesə, şeirə, poemaya müraciət edərkən rejissorun özünəməxsus metodu var. Rejissor bu metodu tətbiq etməklə tamaşanın tam hüquqlu müəllifinə çevrilir, nəzərdə tutduğu ideyanı istənilən mətn daxilində görükdürə bilir. Bədii mətn sözlər, cümlələr, elə işarələr ardıcıllığıdır ki, oxucuya, dinləyiciyə, resipientə hər hansı bir informasiyanı ötürməklə yanaşı, onunla rabitə, təmas yaradır və eyni zamanda, resipienti də həmmüəllifliyə dəvət edir. Çünki, yozumların istənilən sayda ola bilmə ehtimalı yeni mənalar törədir, bu zaman bədii tekstin yeni mənalarının növbəti müəllifi resipient özü olur. Amma bu heç də o demək deyil ki, bədii mətn hər hansı bir konkret mənaya gəlib çıxanda yozum tükənir. Bədii tekstin çoxlaylı, çoxqatlı olması onun özündə sonsuz sayda təfsir imkanlarının olmasını ehtiva edir. 

Sintetik sənət növü kimi təyin etdiyimiz teatr sənəti çoxkomponentli və müxtəliftərkiblidir. Eyni zamanda bu da danılmaz faktdır ki, bütün qədim sənətlər arasında teatr zaman və məkan içərisində eyni anda mövcud olan yeğanə sənət növüdür. Bütün ifadə vasitələrinin ahəngdar qarışımından - söz, səs, musiqi, təsviri sənət, jest, işarə, simvol və s. - ibarət olan bu sənətin mərkəzi fiquru aktyordur. Məlum məsələdir ki, teatr əsrlərdir insanlar arasında mürəkkəb və zidddiyətli münasibətləri təqlid edir. 

Dünyada ən maraqlı dramaturgiya insan həyatıdır və danılmazdır ki, teatrda "insan faktoru" daha parlaq və daha gözəçarpandır. Səhnədə hər şey təqlid olunur: insanlar da, əşyalar da, hisslər də, münasibətlər də. Bütün bunları təqlid edən insandır, yəni aktyordur. Vaqif İbrahimoğlu tamaşalarında aktyoru tamaşaçı ilə maksimum yaxınlaşdırırdı. Səhnə məkanını daraldaraq sanki, aktyorları tamaşaçı ilə göz-gözə qoyurdu. Burada hər hərəkət, hər əməl, hər baxış kino ekranında olduğu kimi böyük planda icra olunurdu. Tamaşaçı ilə bu qədər yaxın məsafədə olan aktyor üçün "saxtakarlıq" etmək çətindir. 

Vaqif İbrahimoğlu rejissurasında seyirçi amilinə olan münasibət heç də sadə deyil. Rejissor quruluş verdiyi tamaşalarda milli oyun, meydan tamaşalarının estetikasından bəhrələnməklə yanaşı, tamaşaçı qavrayışını "gözlənilməz çaşqınlığa uğradan" simvolikadan da istifadə edir. Onun tamaşalarında ritual, dua, həyat, ölüm, müqəddəslik, profanlıq, saz, qəbir, klounada, karnaval, bayram, matəm kimi fərqli hisslər doğuran varolma elementləri bir-biri ilə sərhəddədir. "Həyat - ölüm" arasındakı sərhəddin şəffaflığı kimi bu sərhəd də şəffafdır. Təzahür və keçidlər plastik həlldə, səsin əməl-hərəkətə keçid plastikasında, üçölçülü məkanın vizual olaraq sıxlaşdırılmasında və yaxınlaşdırılmasında, ritualda olduğu kimi monoton təkrarlarda, tamaşaçının gözləri önündə "burada" və "indi" baş verir.

Vaqif İbrahimoğlunun "Psixosof" teatr poetikasının elmi-nəzəri bazası dünya mədəniyyətinin humanist dəyərləri, qədim türk mədəniyyətinin və islamın əxlaqi dəyərləri ilə yanaşı, psixiatriyanın elmi əsaslarına, Ziqmund Freydin və Karl Qustav Yunqun metodikasına istinad edir. Bu metodologiyanın ən vacib və ilkin mərhələsi qnoseoloji hazırlıq mərhələsidir. Bunun üçün xüsusi hazırlıq, hərtərəfli məlumatlılıq və ədəbi materialı çox dərin "hiss etmək" tələb olunur ki, məhz bu idraki nüfuzetmənin sayəsində materialın arxetipi müəyyən edilir. Bütün poetikanın strukturlaşması da məhz bu arxetip üzərində baş tutur. 

Ruhun hikməti ilə bağlı olan poetikanın formalaşmasında arxetip anlamının izahına nəzər salaq. Arxetiplər varolmanın ilkin başlanğıcından götürülmüş nəsnələrdir. Bu, müəllifin qeyri-şüuri olaraq (çox nadir hallarda şüurlu şəkildə) öz əsərində reallaşdırdığı orijinal konsepsiyasıdır. Məsələn, ibtidai insan onu əhatə edən aləmi öyrənirdi, özünəməxsus şəkildə tədqiq və təhlil edirdi, təbiətdə gördüklərinə yeni mənalar yükləyir və adlar verirdi. Müəllif (sənətkar) isə bu arxetipləri, ilkin anlayışları emal etməklə məşğul olur. Bütün arxetiplər ambivalentdir - eynilə təbiət kimi. Misal üçün, doğuluş həm həyatdır, həm də özündə ölümü ehtiva edir, və ya əksinə. Torpaq həm məzardır, həm də özündə həyatı ehtiva edən toxumun həyat mənbəyi.    

Vaqif İbrahimoğlunun əsasını qoyduğu "Psixosof" teatr poetikası sadəcə teatr nəzəriyyəsi deyil, bu poetikanın ideyası və bu ideyanın formalaşması uzun illər "Yuğ" teatrında təcrübi və tətbiqi proseslərin nəticəsi olaraq meydana gəlmişdir. Burada fərqli meyarların hökm sürdüyü bir sistem var. Belə ki, kauzal konflikt əvəzinə ekzistensional konfliktin əsas götürüldüyü bu sistemə görə seçilən bədii materialın əsası ruhi prosesin təcəssümü və ötürülməsinə yönəlib. Seçilən əsər, əsərin müəllifinin şəxsiyyəti və ideologiyası "Psixosof" teatr poetikasının metodioloji konstruksiyasında əhəmiyyətli rol oynayır. 

Fidan Axundova
ADMİU-nun magistrı
 

Load Time (S) : 0.006333