TEATRO

TEATRO

sənət portalı

post-title

Festivalın Proqram Direktoru Vidadi Qafarlı:“Azərbaycan teatrını test etdik”

Nə olsun ki, festival Bakıda keçirilirdi? Bayram sevincindən əyalətlərdəki teatrlara da pay düşdü.

İkinci dəfə təşkil edilən “4.4. Qısa Tamaşalar Festivalı” bütün sənət cameəsini bir araya gətirməyi bacardı. Beş gün ərzində paytaxtın müxtəlif teatrlarında anşlaqla keçən tamaşalar, nüfuzlu münsiflərin iştirakı ilə tamaşaların müzakirəsi, xarici ölkələrdən dəvət edilən tanınmış mütəxəssislərin treninq və ustad dərsləri, “Teatr dünyası-dünya teatrı müasir dövrün qlobal problemləri kontekstində” mövzusunda panel müzakirə və s. tədbirlər festivalın işgüzar, səmərəli keçdiyinin göstəricisidir. Bura müsabiqədənkənar tamaşaları, Tbilisi Dövlət Akademik Teatrının ifasındakı “Kreyser sonatası”nı da əlavə etmək olar. “4.4. Qısa Tamaşalar Festivalı”nın açılış və bağlanış mərasimləri isə hər bir tamaşaçıda əsl bayram ovqatı yarada bildi.

Artıq festivalın qalibləri haqq etdikləri mükafatlarına qovuşub, müxtəlif ölkələrdən dəvət edilən qonaqlar vətənlərinə qayıdıb, ona görə də tədbirin yekunları barədə danışmaq olar.

Bakıvaxtı.az-ın müsahibi “Şuşa İli”nə həsr edilən “4.4. İkinci Qısa Tamaşalar Festivalı”nın Proqram Direktoru, “Teatro.az” sənət portalının baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlıdır.

Niyə məhz 4.4?

- Bütün festivallar ideyadan doğulur. “4.4. Qısa Tamaşalar Festivalı” ideyası necə yarandı?

- Festivalın ideyası və adı “Teatro.az” sənət portalının redaktoru Emin Əliyevə məxsusdur. Adındakı rəqəmlərə gəlincə, bildiyiniz kimi, 2016-cı ilin aprelində Azərbaycan Ordusu 4 günlük uğurlu hərbi əməliyyat keçirdi və ilin dördüncü ayında baş verən bu əməliyyat tarixə “Aprel döyüşləri” kimi düşdü. İki il öncə isə ölkəmiz işğalçılara qarşı Vətən savaşı apardı və 44 gün ərzində torpaqlarını azad etməyi bacardı. Festivalın adındakı rəqəmlər həmin tarixi günləri özündə ehtiva edir, üstəlik festivalımızın şərtinə görə nümayiş etdiriləcək tamaşaların xronometrajı 44 dəqiqədən uzun ola bilməzdi. Emin bəyin bu ideyasını portalın şef-redaktoru Elçin Cəfərovla birgə müzakirə etdik, çox bəyəndik və layihə üzərində ciddi çalışmağa başladıq. Qısa müddət ərzində layihəmizi Mədəniyyət Nazirliyinə təqdim etdik. Sonra tale elə gətirdi ki, həmin ərəfədə Emin Əliyev Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin teatr sektorunda işə qəbul edildi.

- Belə görünür ki, qısa tamaşalar festivalı ilə bağlı layihəniz nazirlikdə bəyənildi...

- Mədəniyyət Nazirliyində layihəmizi təkcə bəyənmədilər, həm də hər cür dəstək göstərməyə hazır olduqlarını bildirdilər. Məhz rəhbərlik səviyyəsində göstərilən bu diqqət və qayğı sayəsində ötən il ilk festivalımızı keçirməyə nail olduq. Lakin həmin dövrdə ölkə ərazisində pandemiya ilə bağlı bəlli qadağaları nəzərə alaraq layihədə müəyyən korrektələr etməyə məcbur olduq və 22 tamaşanı video formatda qəbul edərək nümayiş etdirdik. Təqdim olunan tamaşalar Bakıda və paytaxtdan kənarda fəaliyyət göstərən dövlət və müstəqil teatrlarda hazırlanmışdı, yəni yeni yaranan özəl teatrlara da sənət yarışında iştirak üçün şərait yaradıldı. Yeri gəlmişkən, birinci “4.4. Qısa Tamaşalar Festivalı”nın ilk yerin qalibi də “ƏSA” özəl teatrının tamaşası oldu. Sonrakı iki yeri Dövlət Akademik Musiqili Teatrının və Lənkəran Dövlət Dram Teatrının tamaşaları tutdu.

- Səhv etmirəmsə, birinci “4.4. Qısa Tamaşalar Festivalı” pandemiya qadağalarından sonra ilk teatr festivalı idi...

- Bayaq qeyd etdiyim kimi, COVİD-19 pandemiyası üzündən bir müddət teatrlarımız müvəqqəti qapadılmışdı. Müəyyən qadağalar yumşalandan sonra bizim festival bütün ölkədə ilk belə tədbir, necə deyərlər, çığır açan oldu. Bizim festivaldan sonra Teatr Xadimləri İttifaqı da festival keçirdi. Biz istəyirdik ki, pandemiya üzündən ayrı düşən, bir-birindən ötrü darıxan teatr icmasını bir araya gətirək, ölkədə teatr prosesini canlandıraq. Düşünürəm ki, təşkilatçılar olaraq biz məqsədimizə çatdıq, teatr mühitini yaxşı mənada silkələyə bildik.

Vətən savaşında qazandığımız Zəfərin birinci ildönümünə həsr etdiyimiz qısa tamaşalar festivalının uğurundan sonra Mədəniyyət Nazirliyi festivalın davamlı keçirilməsini təklif etdi. Biz də nazirliyin bu maddi və mənəvi dəstəyindən ruhlanaraq İkinci “4.4. Qısa Tamaşalar Festivalı keçirdik və bu tədbiri ölkə başçısının sərəncamı ilə elan olunan “Şuşa İli”nə həsr etdik, üstəlik,  iştirakçılara heç bir mövzu və janr məhdudiyyəti qoymadıq.  

- Festivalın proqramına neçə tamaşa daxil edilmişdi?

- Təşkilat Komitəsinin müraciətindən sonra bizə 20 tamaşa göndərildi və festivalın elan edilən şərtlərinə uyğun gələn 12 tamaşa seçildi. Bu tamaşalardan 5-ni Bakıda, 5-ni paytaxtdan kənarda fəaliyyət göstərən dövlət teatrları hazırlamışdı. İki müstəqil teatrın- “Cosmo” və “Səhnə”nin  tamaşaları da bəyənilərək festival proqramına daxil edildi. Maraqlıdır ki, ölkədə fəaliyyət göstərən 5 dövlət kukla teatrından üçü- Azərbaycan Dövlət, Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrı festivala qatılmışdı. Bu gün teatrlarımızın repertuarındakı ən maraqlı tamaşalarından da 6 səhnə əsəri seçilərək müsabiqədənkənar proqrama salındı. Sayca ikinci festivala xüsusi rəng qatan özəlliklərdən biri də xarici tamaşanın müsabiqədənkənar proqrama daxil edilməsi oldu. K. Marcanaşvili adına Tbilisi Dövlət Akademik Teatrının kollektivi Lev Tolstoyun “Kreyser sonatası” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı bizim tamaşaçılara təqdim etdi.

Teatr ictimaiyyətinin və medianın da xüsusi qeyd etdiyi kimi, festivalın proqramı çox zəngin idi, münsiflər heyəti hər tamaşadan sonra ictimai müzakirə apardı, əcnəbi teatrşünasların, prodüserlərin iştirakı ilə treninqlər, ustad dərsləri keçirildi. Bu baxımdan “Teatr dünyası-dünya teatrı müasir dövrün qlobal problemləri kontekstində” mövzusunda panel müzakirəni, Tbilisi Beynəlxalq Teatr Festivalının art direktoru Yekaterina Mazmişvilinin və həmin festivalın Beynəlxalq proqram üzrə prodüseri Nutsa Burjanadzenin “Festivalın strukturu: çağırışlar, vəzifələr və perspektivlər” və Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin “Qafqaz təbaşir dairəsi” mövzularında ustad dərslərini xüsusi qeyd etmək istərdim.   

Görkəmli sənətkarımız, Xalq artisti, Türkiyənin Çukurova Universitetinin Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun Mədəniyyət və İncəsənət Universitetində keçirdiyi ustad dərsləri də düşünürəm faydalı oldu.

Rayonlarda fəaliyyət göstərən bütün dövlət teatrlarının nümayəndələri festivala dəvət olundu, onlar otellə, yeməklə təmin edildilər, festival günlərində tamaşalara baxdılar, müzakirələrə, treninq və ustad dərslərinə qatıldılar. Həmkarları ilə fikir mübadiləsi aparılar, bir növ paytaxtın teatr havasına inteqrasiya oldular, dünya teatrlarında gedən proseslər barədə məlumat topladılar.  

Seçilən “Şinel”

- Münsiflər heyətinin üzərinə böyük məsuliyyət düşmüşdü...

- Təbii. Belə festivallarda münsiflər heyətindən çox şey asılı olur. Nüfuzlu şəxslərdən ibarət münsiflər heyətinə birinci festivalda olduğu kimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov sədrlik edirdi. Münsiflər heyəti Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor, yazıçı-dramaturq Əli Əmirlidən ibarət idi. İlk festivalda münsif olan Xalq artisti Pərviz Məmmədrzayevi bu dəfə Xalq artisti, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov əvəzləmişdi. Məhz bu insanların nüfuzu və obyektivliyi sayəsində hər iki festivalın qalibləri ilə bağlı qərarlar həm iştirakçılar, həm də bütün teatr cameəsində rəğbətlə qarşılandı.

 Belə festivalların ən maraqlı anı mükafatlandırma mərasimi olur. Sizin festival da bu baxımdan istisna olmadı. Bildiyim qədəri ilə xarici ölkələrdən gələn teatrşünasların mükafat verməsi öncədən nəzərdə tutulmamışdı...

- Qeyd etdiyiniz kimi, festivalımızın Dövlət Akademik Musiqili Teatrında keçirilən bağlanış və qaliblərin mükafatlandırılması mərasimi maraqlı anlarla yadda qaldı. Bildiyiniz kimi, bizim festivala Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasından da qonaqlar dəvət edilmişdi. Həmin qonaqlar müsabiqədənkənar tamaşalardan birini xüsusi diplomla təltif etmək istədiklərini bildirdilər, biz də Təşkilat Komitəsi olaraq etiraz etmədik. Onlar xüsusi diplomu istedadlı rejissor İradə Gözəlovanın Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında Dövlət Akademik Musiqili Teatrında hazırladığı eyni adlı tamaşaya verdilər.

“Ən yaxşı aktrisa” nominasiyasında Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova qalib elan edildi. Zemfira xanım Ülviyyə Heydərovanın “İnanıram” tamaşasındakı obrazına görə bu mükafata layiq görüldü. “Münsiflərin rəğbəti” mükafatı isə Gəncə Dövlət Kukla Teatrının hazırladığı “Dərdlərimin çamadanı” tamaşasındakı roluna görə Zülfiyyə Əliyevaya verildi. “Gənc ekspertlərin mükafatı” Dövlət Pantomima Teatrda rejissor Ceyhun Dadaşovun quruluşunda N.Qoqolun eyni adlı əsəri əsasında hazırlanan “Şinel” tamaşasına təqdim olundu.  

“4.4. Qısa Tamaşalar Festivalı”nin qalibi də Dövlət Pantomima Teatrının “Şinel” tamaşası elan edildi. 2-ci yerə rejissor Elşad Rəhimzadənin quruluşunda Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan “İnanıram” tamaşası layiq görüldü. 3-cü yeri isə “Səhnə” Müstəqil Teatrının festivala təqdim etdiyi “Qurd əfsanəsi” tamaşası tutdu. Bu səhnə əsərinin müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru isə Namiq Ağayevdir. Qaliblər pul mükafatı və xüsusi hədiyyələr də qazandılar.

- “Ən yaxşı aktyor” mükafatı isə heç kimə verilmədi. Təqdimat mərasimdə bununla bağlı suala da cavab tapılmadı...

- Dəyərli münsiflər xüsusi seçilən parlaq aktyor oyunu görmədikləri üçün bu nominasiyanın qalibini elan etmədilər. Təşkilat Komitəsi olaraq biz də onların bu qərarına hörmətlə yanaşdıq.  

Fürsətdən istifadə edib qalibləri bir daha ürəkdən təbrik edirəm. Festivalın keçirilməsində bizə dəstək olanlara minnətdarlığımı bildirmək istəyirəm.

Mədəniyyət Nazirliyi bizim festivalın davamlı olmasında və uğurla keçməsində çox maraqlıdır. Nazirliyin dəstəyi olmasaydı belə bir böyük həcmli layihəni reallaşdırmaq mümkün deyildi. Paytaxtdan kənarda fəaliyyət göstərən teatrlardan başqa biz 40-a yaxın xarici qonaq da dəvət etmişdik, məlum məsələdir ki, onların nəqliyyat və otel xərclərini qarşılamaq, təşkilatı işləri yüksək səviyyədə qurmaq, çap işlərini həyata keçirmək, səhnə tərtibatını qurmaq və s. məsələlər necə böyük miqdarda maliyyə xərci tələb edir. Bütün bu məsələlərdə Mədəniyyət Nazirliyinin rəhbərliyi  bizə böyük dəstək verdi. Rektor Ceyran xanım Mahmudova başda olmaqla Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim kollektivi, gənc teatrşünaslar, tələbə könüllülər, media könüllüləri  bizə yaxından kömək etdilər. Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və teatrın yaradıcı-texniki heyəti festivalın ilk günündən bağlanış mərasimi bitənə qədər yorulmadan və həvəslə çalışdı. Festival tamaşalarının, treninq və ustad dərslərinin keçirildiyi məkanlarda bizə şərait yaradan insanlara- Akademik Milli Dram Teatrının, Akademik Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Dövlət Pantomima Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyinə, kollektivinə, media tərəfdaşlarımıza Təşkilat Komitəsi adından minnətdarlığımı bildirmək istəyirəm. Yaranan bu həmrəylik, işgüzarlıq və sənət sevgisi sayəsində  əsl teatr bayramı yaşandı.

Birlikdə Azərbaycan teatrının bugünkü durumunu, real vəziyyətini test edə bildik.

Etibar Cəbrayıloğlu

Load Time (S) : 0.004920