TEATRO

TEATRO

sənət portalı

post-title

Fəridə Həmzəyeva - “Sezar ölməlidir”

“Ağacı qurdu içindən yeyər”

“Sezar ölməlidir” - Yuli Sezar haqqında çəkilmiş filmin içində olan  bir tamaşadır. Yuli Sezarın başına gələn əhvalatdan bəhs edir. Və bu əhvalatı aktyorlar tərəfindən canlı gördükdə “ağacı qurdu içindən yeyər” misalı yada düşür. 

Sezarın xanımı yuxusunda onu qanlar içində görür və onun qanına hər kəs toxunur. Buna görə də xanımı onun üçün narahat olur və ona senata getmə deyir. Ancaq Desius Sezara: “Bu yuxu olacağın tam əksidir. Sənə daha çox uğur qazandıracaq”, - deyərək, onu senata getməmək fikrindən daşındırmağa çalışır və onun fikrini dəyişdirir. Sezar qeyd edirdi ki, mənim  üçün ən  maraqlı olan hadisə  sonda gəlməlidir. Sonda isə... 

...Yuli Sezar Brut tərəfindən öldürülür. Əslində, ona xəyanət edən tək Brut olmur. Qılınclar Yuli Sezara bir anın içində hər tərəfdən saplanır. Ən son isə Brut ona qılıncını saplayır. Brut: “Mən Yuli Sezarı sevirəm, amma Romanı ondan da çox sevirəm” cümləsi ilə Romanı əsarətdən qurtardığını fikirləşir... Sezarın əsarətindən. Brut daha inandırıcı vədlər versə də, əslində, yerinə yetirməyi bacarmır. Ancaq onun dediyi bir söz bəlkə, doğrudan da dürüst biri olduğunu göstərir: “Əgər layiqli olmasam, Yuli Sezara  sapladığım bu qılıncla elə özümü də öldürəcəm”. Və sonda biz bu səhnəni də görürük, o, öz istəyi ilə Strato tərəfindən elə həmin qılıncla da öldürülür. Brut: “Sezar! Artıq rahat yat” deyir və bu da onun son sözləri olur.

Sezarın vəsiyyətnaməsi vardır. Naməni oxuyanda sui-qəsdçilərin necə səhv etdiyini Antonio Fraskonun canlandırdığı Antonionun dilindən bir daha eşidirik: “Hər Roma vətəndaşına, hər birinə ayrı ayrılıqda yetmiş beş drahm buraxıram, bundan da başqa gəzinti yerləri, bağları, bağçaları, yeni fidanlıqları”. Bu vəsiyyətnamadən sonra qatillərin nə qədər səhv, yanlışlıq etdiklərini görməmək mümkün deyil. 

Mənim diqqətimi çəkən obrazlardan biri də Françesko Karuzonenin oynadığı Kahin (görücü) rolu oldu. Diqqətimi çəkən onun rolunun sözlərindən çox, hərəkətləri idi. O, qeyd edir ki, mənim gəldiyim yerdə kahinlərin hamısı dəlidir. O, demək istədiklərini sanki danışdıqları ilə deyil, hərəkətləri ilə anlatmağa çalışırdı. Əslində bu, tamaşa üçün də fərqlilik idi. Çünki, bəlkə də indiyə qədər səhnəyə qoyulmuş yüzlərlə “Yuli Sezar” tamaşasında kahin obrazını heç bir aktyor bu qədər maraqlı canlandırmamışdır. 



“Qaranlıqda parlayan işıqlar”

Bir tamaşa hazırlanmalı idi. Amma bu tamaşa digərlərindən fərqli bir tamaşa olacaqdı. Haqqında bəhs edəcəyim tamaşa nə məktəbdə, nə qocalar evində, nə də hər hansısa bir meydançada, yaxud da, teatr səhnəsində gerçəkləşməyəcəkdi. Bu tamaşa Rebibbia həbsxanasında hazırlanacaqdı. Aktyorlar isə - on dörd, on yeddi, iyirmi altı il, ömürlük məhkum olunmuş məhbuslardır. Onlar ən ağır cinayətlər törətməkdə suçlanaraq həbs olunan insanlardır. 

Tamaşaya hazırlıq altı ay öncədən başlanır. Məşq prosesində, elə tamaşa zamanı da insanı heyrətə gətirən məhbusların bu qədər reallıqla rolu canlandırması idi. Bir filimin içərsində həm tamaşanı izləyirdim, həm filmi, həm də məhbusluq həyatının necə acınacaqlı, necə əsarətli olduğunu. Yəqin ki, filmin həbsxanada çəkilməsi də təsadüfi deyil. Bu, məhbusların həyatını göstərmək üçün bilərəkdən seçilmiş bir məkandır. Rejissorlar Paolo və Vittorio Taviani qardaçlarının ərsəyə gətirdiyi bu film doğrudan da böyük bir uğurdur. 

Məşqlər müxtəlif məkanlarda keçirilirdi: dustaq otaqlarında, dəhlizdə, açıq havada, amma həbsxana daxilində. Tamaşanı o  qədər dolğun, o qədər içdən, məharətlə və ən əsası da sevgi ilə oynayırdılar ki, hərdən tamaşaya hazırlıq mərhələsidirmi, ya filmin bir hissəsidirmi deyə ağlımda suallar yaranırdı. Məşq zamanı onlar bəzən özlərinə hakim ola bilmirdilər. Dalaşırdılar, bir-birini acılayırdılar, amma son olaraq yenə səhvlərini anlayıb bir araya gəlir və  məşqə davam edirdilər. Dustaq otaqlarında bir gün bir ilə bərabər idi. Məhkum Kozimo Reqanın canlandırdığı Kassio obrazının dilindən desək: “Nə zamanı, Fabio! Mən daha iyirmi il barmaqlıqlar arasındayam, və sən gəlib bizə zamanı itirməyək deyirsən”. 

Məhbuslar üçün həyat çox acı, çox amansızdır. Bu filmdə onların düşüncələrini, acımasız həyatın yaşantılarını görürük. Hər gecə yatağa uzananda tavanla edilən söhbətləri də unutmaq olmur. Məhbusların dili ilə desək: “Bizə məhkum deyil, tavanların növbətçisi demək daha doğru olardı. Hər gün yataqlarımıza uzanıb bütün gün tavana baxırıq, həm də bütün gün; Hər zaman tavanı izləyirsən, ona toxunursan, onunla danışırsan; Francesco oğlum! Tavanda üzünü görməyə çalışıram. Bu gün olmur, amma sınayıram, sınayıram“! 

Məşqlər o qədər əzimlə və maraqla keçirdi ki, hətta növbədə olan nəzarətçilər belə onları həvəslə izləyirdilər. Məhbuslar təklikdə belə tamaşaya hazırlaşırdılar. Uzananda, təmizlik işi görəndə, hətta pilləkənləri çıxanda belə, öz rollarına dərindən dalaraq onu canlandırırdılar. Sanki teatr onların həyatının ayrılmaz bir hissəsinə çevrilmişdi. Yəqin buna görə tamaşa, həmçinin də film bu qədər təsirli alındı və maraqla qarşılandı.

Nəhayət, gözlənilən həmin an gəlib çatır. Bu günü intizarla gözləyən hər kəs tamaşanı izləmək üçün böyük maraqla həbsxananın tamaşa salonuna toplaşıb. Məhbus aktyorlar tamaşaçılar arasında öz doğmalarını da axtarırlar. Salonda tamam fərqli bir mühit var. Səbəblərdən biri də ifaçıların mülki həyatda heç vaxt səhnəyə çıxmayan, səhnənin sirlərinə bələd olmayan, tamaşaçı alqışı eşitməyən aktyorlardan ibarət olmasıdır. Bu dəfəki aktyorlar, müxtəlif cinayətlərdə suçlanaraq ağır cəza almış məhkumlardır. Onların sənət bilgiləri olmasa da incəsənəti sevirlər.

Tamaşa başlayır, onlar öz rollarını məharətlə oynayırlar. Sanki elə aktyorluq üçün doğulmuşlar. Bəlkə də tamaşaçı sevinci, coşqusu, tamaşaçı alqışı onları dərin bir düşüncəyə qərq etmişdi. Biz niyə burdayıq?, Niyə səhvimizin qurbanı olub bu dörd divar arasına məhkum olmalıyıq? Bəlkə illərlə bitməyəcək bu zaman?  Əslində onların həyatını, düşündüklərini təsəvvür etmək çox çətindir...



“Ağ və qara”

...Tamaşa bitir, coşqulu alqışlar, dərin baxışlar sənə yönəlir və ... hər kəs tamaşanın təsiri altında oradan uzaqlaşıb  gedir, ...axırda sən qalırsan. Qaranlıq və boş səhnə, səssizlik və sükut, yanında olanlar isə sənin kimi cəzaları bəlkə də ömürlük olan dustaq yoldaşların. Amma səni gözləyən bir məkan da var - qaranlıq, soyuq, sən qaçmayasan deyə dəmir qapı ilə bərk-bərk bağlanan dustaq otağın. Rebibbia həbsxanasının bir küncü. Orda dostun var, amma tavandır. Sən danışırsan saatlarca, amma o səni sakitcə dinləyir. Sən isə elə hey danışırsan. Orada sənin kimi yüzlərcə suç ortaqların var. Onlar da sənin kimi etdikləri səhvin cəzasını ödəyirlər. Bəlkə ailən də var. Amma onlar Rebibbia həbsxanasının çölündədilər. Sənin isə onlara qovuşman bir xəyaldır. Səssiz olan bu otaq sənin üçün bir dərd, hüzün, peşmanlıq, eyni zamanda dərs otağı, böyük və bitməyəcək dərəcədə “kaş”larla dolu boş otaqdır. Kaşki etməzdim. Kaşki burada olmazdım. Amma bir şeyi də qeyd etmək olar ki, sonunu bildiyimiz bir işi ediriksə orada peşmançılığı yer yoxdur. Öz yolunu özün seçirsən. Artıq hər kəs kimi bir həyatın olmur. Sabahlar oyanırsan və döşəmələri silirsən, müxtəlif işlər görürsən və qaranlıq otağına geri dönürsən.

Qeyd etdiyim kimi, tamaşa Rebibbia həbsxanasının məhkumarı üçün bir dərs olmaqla yanaşı, onların bacarığını da üzə çıxarır. Salvatore Striano əhv olunub və həyatını həm teatrda, həm də kinoda aktyor olaraq davam etdirir. Kozimo Rega “Sumino ‘O Falco“ (“Ömürlük məhbusun avtobioqrafiyası”) kitabını yazır. Covanni Arcuri “Libero dentro“ (“Daxilən azad”) kitabını nəşr etdirir. Təxmin etmək olar ki, o kitabda nələr yazılıb... Sanki dənizin həzin dalğaları arasında tək qalmısan, boğulursan. Qarşıda isə ada görünür. Ora getmek istəyirsən, amma gedə bilmirsən. Və yavaş-yavaş boğulursan.

Film sayəsində məhbusların hissləri, yaşam tərzləri ilə yaxından tanış oluruq. Məncə rejissorlar üçün ən böyük uğur da bu idi. Film boyu demək olar bütün səhnələr ağ-qara nümayiş olunurdu... dəniz mənzərəsi, tamaşa oynanılan səhnələr və tamaşadan sonrakı kadrlardan başqa. Rejissorlar bununla yəqin ki, məhbusların həyatının yalnız ağ və qara rənglərdən ibarət olduğunu göstərmək istəyirlər, amma bu, filmi həm də daha baxımlı və maraqlı edir. Düşünürəm ki, rejissorlar ən düzgününü etmişlər. Axı məhbusun həyatını necə rəngli təsvirdə göstərmək olar..!

The End.

Fəridə Həmzəyeva
Tələbə-teatrşünas

 

Load Time (S) : 0.003490