TEATRO

TEATRO

sənət portalı

post-title

Fəridə Cəlilova - Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar

(ADMİU-nun Vaqif İbrahimoğlunun 70 illiyi münasibəti ilə keçirdiyi “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzulu Beynəlxalq Elmi Konfrans, 18 oktyabr 2019-cu il)

Vaqif İbrahimoğlunun teatr haqqında söhbətlərində, yazdığı məqalələrdə bəlkə də ən çox istifadə olunan söz “ruh”dur. Amma məgər bu sözün hamı tərəfindən qəbul olunmuş birmənalı tərifi mövcuddurmu? Belə isə, təklif edirik, Vaqif İbrahimoğlunun “ruh” anlayışının fəlsəfi, yaxud estetik məna daşıyan konkret termin və ya naməlum olan hər şeyə verilən qeyri-müəyyənlik aurasının daşıyıcısı olan söz kimi yanaşması məsələsinin üzərində dayanaq.

Ruh sözünün incəsənət, həmçinin də teatr nəzəriyyəsinə münasibətdə geniş şəkildə tətbiq edən filosof Hegel olmuşdur və məhz onun estetik baxışları, sadələşdirilərək, indiyə qədər məktəb dərsliklərində ədəbi əsərlərin təhlili üçün açar rolunu oynayır. O, məşhur “Estetika”sında incəsənət formalarının təsnifatını verərkən idealın müxtəlif növlərinə əsaslanmağı rəhbər tuturdu. Obyektiv idealizmin nümayəndəsi kimi filosof incəsənət üçün ən uğurlu forma kimi, ideyanın hələ öz bədii ifadəsini axtardığı və öz-özlüyündə mücərrəd, qeyri-müəyyən olan ilkin simvolik formadan fərqlənən, ruhun konkret hadisələr vasitəsilə təcəssüm olunduğu klassik formanı götürür. Hegel deyirdi: “İncəsənətin ilkin mərhələsində fantaziyanın istəyi təbiətdən ruhsallığa keçidə cəhddən ibarət idi. Lakin bu cəhd yalnız ruhun axtarışı olaraq qalırdı. İncəsənətə həqiqi məzmun verə bilmədiyindən, o, özünü təbiət mənasına, yaxud daxili başlanğıcın subyektivlikdən məhrum abstraksiyalarına, əsl fokuslaşma yarada bilən abstraksiyalara münasibətdə yalnız zahiri forma kimi təzahür etdirirdi. Klassik incəsənətdə biz bunun əksini görürürk. Burada ruhsallıq, təbiət mənasının götürülməsi sayəsində ilk dəfə olaraq müstəqillik əldə etsə də, məzmunun əsasını və prinsipini, təbiət hadisələri isə öz cismaniliyi və hissi predmetliyində – zahiri formanı təşkil edir” [Г.В.Ф. Гегель, 1969, s. 231-232]. Hegelə görə, incəsənətin sonuncu, romantik formasında ruh artıq öz sərbəstliyini dərk edir. Bu zaman zahiri formada qalmaq onu qane etmir. İdealın sadə, müsbət bütövlüyü həll olunur və ikili bütövlüyə ayrılır: öz daxilində mövcud olan subyektiv başlanğıc və zahiri hadisə. Hegel deyir: “Romantikliyin əsl məzmunu mütləq daxili həyat, müvafiq forması isə öz sərbəstliyini və azadlığını dərk etmiş ruhsal subyektivlikdir” [Г.В.Ф. Гегель,  1969, s. 233]. Sonrakı mərhələdə romantik incəsənətin parçalanması baş verir ruh mütləq mövcudluq formasında incəsənətə və qeyri zahiri formalara ehtiyac duymur. Bəs incəsənətlə nə baş verir bundan sonra? İncəsənətdə indi hazırda ətrafda müşahidə etdiyimiz fərqli cərəyanlar yaranır ki, bunların hamısı göstərilən əsərdə proqnoz edilmişdir.

Vaqif İbrahimoğlu məqalələrində Platon, Şellinq, yaxud Hegelin ruh, ideya, yaxud ideal anlayışlarına söykəndiyini qeyd etmir. Onun məsələyə öz yanaşması var idi və biz bu yanaşmadan çıxış edərək mövcud fəlsəfi sistemlərdəki baxışlarla analogiya apara bilərik. Bu, Vaqif İbrahimoğlu və onun yaratdığı Yuğ Teatrının fəaliyyət istiqamətini anlamağa kömək etməlidir. Lap ümumi şəkildə desək, Vaqif İbrahimoğlu teatrı hadisə təzahürünə ehtiyac duymayan ruhu göstərmək məqsədi güdürdü və yuxarıda Hegeldən gətirdiyimiz sitat məhz Vaqif İbrahimoğlunun teatr anlayışına aydınlıq gətirməyə kömək məqsədi güdür. Hərçənd istisna etmirəm ki, Vaqif müəllim hansısa məqamlarda Hegellə razılaşmaya bilərdi. Amma Vaqif İbrahimoğlunun teatr görüşlərini anlamaq üçün idealist başlanğıcdan çıxış etməyin labüdlüyünü qeyd etmək lazımdır. Özü də bu cür yanaşma, əslində, praktik fəaliyyət baxımından deyil, yalnız hazırda ixtiyarımızda olan formanın yaranma səbəblərini anlamaq üçün zəruridir.

Yuğ Teatrının fəaliyyətinə diqqət yetirsək görəcəyik ki, Vaqif İbrahimoğlu bir çox məqamlarda daha ümumi kateqoriyaları nə konkret hallarla müqayisə oluna biləcək simvollarla, nə də hadisələr vasitəsilə ifadə etməyə çalışır. Daha doğrusu, mütləq olmasa da, kifayət qədər ümumi olanın doğurucu səbəbinin dərki mütləqin dərki ilə eyni hissi yaşadırsa, bu, hələ müqayisə əsaslı simvol sayılmamalıdır. Çünki burada, daha az və ya çox ümumi olmasından asılı olmayaraq, əks olunan mütləq olanı göstərmək üçün xüsusi olaraq seçilməmişdir. Ayrılıqda mütləq olanı əks etdirmək üçün xüsusi forma tapmaq təcrübəsi Yuğ Teatrının fəaliyyəti çərçivəsindədir. Ancaq mütləqlikdən başqa heç bir keyfiyyəti bəlli olmayan kateqoriyanın təzahürü məsələsi çaşqınlıq yaratmaya bilməz. Vaqif İbrahimoğlunun teatr poetikasında hissə ayrılan böyük yer məhz bununla əlaqədardır. Belə ki, Vaqif İbrahimoğluya görə mətləb, elə mətləbdir. Onun böyüyü, yaxud kiçiyi yoxdur (əgər söhbət hissdən gedirsə).

Yuğ Teatrının tamaşalarında rejissor strukturu təqdim edir. Strukturun doldurulmasını aktyor təmin edir. Vaqif İbrahimoğlu deyir: “Teatr sözünün açması məzmunsuz strukturları əyaniləşdirməkdir. Və insanlar baxıb o biçimsiz formaları öz duyğuları, təsəvvürləri ilə doldururlar. …Əsl ruhsal teatr. Bütün mədəniyyətlər mərasimi ritual və mövsümi oyunlardan keçib. Və tədricən insana varolmanın sirlərini, o dünyanın sirlərini məzmunsuz biçimlərdə göstərərək yaşadıb. Mən də bəzi elmi nöqtələrdən çıxış edib deyirəm ki, teatr yenidən fırlanıb həmin o məzmunsuz strukturlara gələcək. İndi insanlara informasiyanı internet verir. Maarifləndirir məktəb. Mənəviyyatla din məşğuldur.  Teatr isə insanın öz ruhu ilə görüş yeridir” (V. İbrahimoğlu, 2002). Göründüyü kimi, Vaqif İbrahimoğlu üçün teatrın məqsədi ilə onun faydalarının eyni şey olmadığı aşkardır. Sadəcə, ola bilsin, çoxları tərəfindən qəbul edilmiş estetik funksiyanın bir sıra yozumlara məruz qalmaması üçün teatrın “ruhsal” mahiyyəti Vaqif İbrahimoğlu tərəfindən burada xüsusilə vurğulanmışdır. Belə ki, estetikliyi yanlış olaraq yalnız gözəllik kateqoriyasının göstəriciləri vasitəsilə ifadə olunan formaların təbliğində görənlər bu soyuq, donuq “gözəllik”dən heç bir hiss oyanmamasına tez bir zamanda təəccüblənməyə başlayırlar. Ölçü, metr, simmetriya kimi keyfiyyətlərin arxasında harmoniya yaradacaq nə isə (V.İbrahimoğluya görə ruh) olmadığı zaman teatr xadimləri formanın yanlış tapıldığını düşünürlər. Bir çoxları isə yalançı gözəlliyin uğursuzluğunu teatrın “həyatla əlaqəsinin itirildiyindən” baş verdiyini səbəb gətirir (История западноевропейского театра, 1985, 134-136, 167). Bu izahın ardınca dərhal yeni forma tapıntısı kimi eybəcərliyin göstərilməsi ideyasını irəli sürürlər. Həyatın yalnız gözəllikdən ibarət olmaması baxımından səhnədə eybəcərliyin istisnası obyektiv gerçəkliyi tam əks etdirilməməsi kimi qəbul oluna bilər.  Və eyni “teoremin” əksini də alırıq. Bu baxımdan “həyatla itmiş əlaqə” – ruhla itmiş əlaqə kimi ifadə olunsa Vaqif İbrahimoğlunun fikri daha aydın görünər. Əlbəttə, ruhla hər yerdə görüşmək olar və Vaqif İbrahimoğlunun “ruhla görüş” kimi müəyyənləşdirdiyi hadisəni biz beynin xüsusi fəaliyyəti kimi dəyərləndiririk. Sadəcə olaraq, cəmiyyətin hər bir üzvünün üzərinə düşən ictimai, sosial vəzifələr asudə vaxtında xüsusi gərginlik tələb edən hər hansı bir fəaliyyətlə məşğul olmağa imkan vermir. Sözsüz ki, “ruhla görüş” öz-özlüyündə teatrda, tamaşa vasitəsilə heç bir gərginliyə səbəb olmur (tamaşanın nəzərdə tutduğu əhval-ruhiyyə “gərginlik” ovqatı deyilsə). Gərginlik yarada bilən səbəb xüsusi fəaliyyət üçün – bura ya xalis zəkanın məhsulları, ya da təhtəlşüurun arxetipləri daxildir – şəraitin təşkil edilməsinin öz-özlüyündə kifayət qədər mürəkkəb iş olmasındadır. Bu şəraitin təşkil edilməsini isə teatr öz üzərinə götürür. Qalanlarını isə, Vaqif İbrahimoğlu dediyi kimi, tamaşaçılar özləri duymalıdırlar.  Bu baxımdan, Vaqif İbrahimoğlu tamaşaçıya da, haradasa, müəlliflik hüququ verirdi.

Sözügedən möcüzəvi şəraitin əsas keyfiyyətini yuxarıda gətirdiyimiz misalda Vaqif İbrahimoğlu “məzmunsuz” sözü ilə ifadə etmişdir. Vaqif İbrahimoğlunun teatr poetikasının “qeyri-aristotelsayağı” olmasını şərtləndirən bu məqam dramaturgiyanın alternativi kimi çıxış edir. Bu məsələnin üzərində bir qədər ətraflı dayanmağa dəyər. Belə ki, “məzmunsuz struktur” dedikdə konkret olaraq nədən imtina olunduğu müəyyənləşdirilməlidir ki, burada da Yuğ Teatrının müxtəlif tamaşalarında məzmunun bu və ya digər dərəcədə iştirakı ilə rastlaşmağımız sual doğurmaya bilməz.

Qeyd etmək yerinə düşər ki, forma və məzmun anlayışları fəlsəfədə və incəsənətdə fərqli məna daşıyır. İlk növbədə incəsənətdə bu kateqoriyaların hansı anlamda işlədilməsinə baxaq. Bildiyimiz kimi, incəsənət əsərinin məzmunun öz strukturu vardır ki, bu struktur məzmunu mövzu və ideya olmaqla iki tərkib hissəsinə ayırır. Mövzu gerçək aləmdə baş verən hadisələri, münasibətləri əhatə edir, ideya vasitəsilə isə bu hadisələrin mahiyyətini dəyərləndirmək mümkün olur.  İncəsənətin bir çox funksiyasını vurğulayanların gətirdiyi dəlil əsərin ideyasının əxlaqi, mənəvi, lap siyasi qərarların verilməsindəki xidmətinə dair fikirlərdən qaynaqlanır. Məzmunun quruluşunu isə forma təmin edir ki, formanın da elementlərindən süjet, kompozisiya, bədii dil, müxtəlif ifadə vasitələrini (söz, vəzn, temp və s.) göstərmək olar.

Nəzərə alsaq ki, hər hansı bir əsərin ideyası bu və ya digər hadisənin mahiyyətini açan strukturdur, Vaqif İbrahimoğlu isə hadisə vasitəsilə yeridilən istənilən növ təlqindən qaçır, bu zaman “psixosof” poetikanın tamaşaçıya etimad dərəcəsi təəccübləndirməyə bilməz. Bununla belə, Vaqif İbrahimoğlu “mövzu”dan qaçmır. Mövzu onun tamaşalarında mövcuddur. Digər məsələdir ki, bu mövzu çox zaman süjet vasitəsilə inkişaf etdirilmir. Başlıca estetik kateqoriyaların (gözəllik, eybəcərlik və s.) mahiyyətini müəyyənləşdirən iki istiqamət mövcuddur ki, bunlardan biri, deyək ki, gözəlliyi ideya kimi qəbul edir, digəri isə məzmundan asılı olmayan forma kimi. Ancaq Vaqif İbrahimoğlunun “məzmunsuz strukturlar”ının bu ikinci ideya və məzmundan asılı olmayan formalarla heç bir əlaqəsi yoxdur.

İndi isə forma və məzmunun fəlsəfədə nə anlama gəldiyinə fikir verək. Məzmunla əlaqədə nəzərdən keçirildikdə, forma məzmunun nizamı – onun daxili qaydaları, düzümü kimi başa düşülür. Materiya ilə əlaqədə nəzərdən keçirildikdə, forma mahiyyət kimi qavranılır.  Məzmun, bütövün təyinedici tərəfi olaraq, obyektin bütün tərkib elementlərinin, xassələrinin, daxili proseslərinin, əlaqələrinin, təzad və tendensiyalarının vəhdətini təşkil edir, forma isə məzmunun daxili quruluşudur. Forma və məzmunun qarşılıqlı münasibətlərində məzmun bütövün dinamik tərəfini, forma isə predmetin sabit əlaqələr sistemini əhatə edir. Fəlsəfə tarixində məzmunun kateqoriyası kimi “materiya” çıxış edir.

 “Məzmunsuz” sözünün “psixosof poetika”dakı mövqeyi, ilk növbədə, Vaqif İbrahimoğlunun sözügedən kateqoriyaya yanaşması ilə şərtilənir. Qeyd etdik ki, məzmun konkret struktura malik materiyadır, forma özü də strukturdur, amma bu, artıq eyni məzmunu ifadə edə biləcək (həmçinin digər məzmunları da) müxtəlif təzahürlər də ola bilər. Yox, əgər “məzmun” sözü bütövlükdə materiya kimi qəbul olunarsa, “məzmunsuz struktur” anlayışı maddi olan heç bir şeyi ifadə etməyən struktur kimi qəbul olunmalıdır. Belə ki, materialı, Vaqif İbrahimoğluna görə, “ruhun hikmətləri” olan “psixosof poetika”nın aparıcı anlayışlarından olan “məzmunsuz strukturlar” özündə mənəvi kateqoriyaları birləşdirir. Bu səbəbdən də, Vaqif İbrahimoğluya görə, maddi dünyanın təzahürü kimi çıxış edən məzmun sferasını mənəviyyatla qarışdırmadan, mənəvi proseslərin müstəqil şəkildə xüsusi forma və ideyalar vasitəsilə realizəsinə nail olmaq mümkündür. Görünür, Yuğ Teatrı öz fəaliyyəti ilə bu təyinata daha çox yaxınlaşmaq fikrindədir. Hegel deyir ki, məzmun öz-özlüyündə konkret və həqiqi olmalıdır, əks halda, o, özünə müvafiq forma tapa bilməyəcək. “Məzmunsuz strukturlar” isə müasir dövrdə insanın müxtəlif tşəkilatlanma sistemləri şəraitində mövcudolma imkanlarını aşkarlayan formalardandır. Bu səbəbdən, o, işlək və aktualdır.

Ədəbiyyat siyahısı:

  1. İbrahimoğlu Vaqif. Ruhsal məkan. Biçimsiz zəng. Duyğusal söhbət. (V.İbrahimoğlu ilə müsahibə). «525-ci qəzet», Bakı, 2002, 6 aprel
  2. Аристотель. Политика. / («Политика» и «Поэтика»). Москва: Издательство АСТ, 2002, 393 стр.
  3. Гегель Г.В.Ф. Эстетика. В четырех томах. Том второй. Москва: Искусство, 1969, 328 стр.
  4. История западноевропейского театра. Т. 7. (1917-1945). Москва: Искусство, 1985, 535 стр.
Load Time (S) : 0.000087