E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda üç-dörd dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəli şəxsləri seçirdi. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. 500 nəfərdən ibarət şura xalq yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini müdafiə edənləri vəzifəyə seçirdi. Əlbəttə, yuxarda qeyd etdiyim kimi bu proses e.ə V əsrdə baş verirdi. Bəs, indi?...
11-12 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi. Forumu açılış nitqi ilə başlayan Mədəniyyət naziri Adil Kərimli Teatr Forumunun vaxtının dəyişdirilməsinin səbəbi olan Azərpaşa Nemətovun vəfatına görə təəssüf etdiyini bildirdi və onun timsalında dünyasını dəyişən digər teatr xadimlərinə də rəhmət dilədi. Cənab nazir həmçinin, Teatr Formunun Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev mərkəzində baş tutduğunu və bu il ölkə daxilində və ölkədən kənarda silsilə layihələrin keçiriləcəyini vurğuladı. “Teatr ocaqdır! Teatr Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır...” A.Kərimov bu forumu təşkil etməkdə əsas məqsədin “Teatr peşəkarlarını bir araya gətirmək və müasir teatrın imkanlarını, qarşılaşdığı problemləri birgə müzakirə etmək, vahid bir platforma yaratmaq...” olduğunu qeyd etdi. Bu əsnada mədəniyyət sahəsinə yenicə addımlayan teatr könüllülərinə də xüsusi təşəkkürünü bildirdi.
Forum iki gün davam etdi və hər gün iki panel mövzusu ətrafında çıxışlar və fikirlər səsləndirildi. Ümumən forumun keçirildiyi məkan kifayət qədər uğurlu seçilmişdi, təşkilati işlər yerli-yerində idi, zənnimcə. Birinci panelin mövzusu “Azərbaycan teatrında ənənə və trendlər” idi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, forumda “müasir teatrın problemləri”ndən çox, teatr xadimlərinin ehtiyaclarından danışıldı və cəmi 4 paneldən yalnız 3-4 çıxış qoyulan mövzunu əhatə etdi.
Çıxışçılar içərsində, ilk növbədə teatrşünas, tənqidçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadənin fikirlərini paylaşmaq istərdim. Teatrşünas çıxışına bu sözlərlə başladı: “Mən, ilk növbədə, XX əsr dünya mədəniyyətinin bir-birinə zidd 2 şəxsiyyətinin 2 oxşar fikrini səsləndirmək istəyirəm: Onlardan biri Bertold Brextdir. Onun fikrincə, “Seyrçisiz teatr yoxdur”, digəri isə dadaizmin və sürrealizmin nümayəndələrindən biri, müasir konseptual sənətin proqramını hazırlamış Marsel Düşampdır. Onun, fikrincə isə, “Seyrçinin mövqeyi daha üstündür”. Teatrın iki məkanı var:
Birinci: Bədii kulturoloji məkan
İkinci: sosioloji məkan
... Əgər bədii məkanda olan bu konsepsiya, energetika, ideya niyyət sosioloji məkanda inikas eləmirsə, onda, deməli, vasitəçi də olmur. Teatrşünas sosioloji məkandan, bədii-kulturoloji məkanı seyr edən insandır... Öz hədəf auditoriyasını aramasıdır teatrın qarşısında duran ən böyük problem...” Tamaşaçının olmamasının ən başlıca səbəbi bugünkü “müasir teatrın” öz hədəf auditoriyasını tanımadığını vurğulayır. Çünki hazırkı vəziyyətdə hər hansı bir universitet tələbəsinə “Sonuncu dəfə hansı tamaşaya baxmısınız?” sualını versələr, böyük ehtimalla bu sual cavabsız qalacaqdır. Hazırkı tamaşaların iki üçünü çıxmaq şərtilə, yerdə qalanlar, demək olar ki, seyrçi qəlbinə xitab etmir".
Aydın müəllimdən sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin mülahizələri də teatrşünasın fikirləri ilə səsləşirdi. M.Ələkbərzadənin çıxışından yalnızca bu fikri qeyd etsəm, məncə, oxucuya hər şey aydın olacaq “...Səhnədə baş verəcək hadisə tamaşaçıya maraqlıdırmı...?”
Haşiyə: Afina xalq yığıncağında və məhkəmələrdə insanlar baxılacaq işlər haqqında bildirişlə tanış olur, yeniliklərdən xəbər tuturdular. Aqoraya hamı – varlı da, yoxsul da gəlirdi. Yaşlı kişilər və gənclər gimnaziyalarda məşhur alimlərin mühazirəsini dinləyir, gimnastika ilə məşğul olurdular. Böyük bir binada musiqiçilər və müğənnilər yarışırdılar... Forumda həmçinin, burada “protokol” adlanan hissə imtiyazlı şəxslər üçün nəzərdə tutulmuşdu. Yerdə qalanların burada əyləşməsi qəti qadağandır!!!
Diqqətimi çəkən çıxışçılar içərisində şair, yazıçı-dramaturq İlqar Fəhmi üç əsas məsələni qeyd etdi. Dramaturq ilkin olaraq, “Bizim üçün nə etsinlər?” sualından başladı. Bu birbaşa İlham Rəhimlinin teatr adamlarına olan maddi yardım fikrinə qarşı bir cavab idi, əslində. İkinci bir problem isə “Bizdə yoxdur” sözünün tez-tez istifadə edilməsidir. Çünki teatr adamları bu fikri tamaşaçıya, aktyora, dramaturqa qarşı tez-tez istifadə edirlər. Bu fikrə münasibətimi artıq İ.Fəhminin üçüncü fikrinə istinadən deyəcəm: “gənclər üçün tədbirlər”. Hansı ki, hər il neçə nəfər ssenarist, aktyor, rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirir, amma onlardan, demək olar ki, çox az qismi öz sahəsi üzrə işləyir, yaxud, daha dəqiq desəm, uğurlu bir simaya çevrilir. Hazırkı dövrdə artıq hər hansı bir sahə üzrə “korifeyə çevrilmiş” simalardan istifadə olunur. Tutaq ki, dramaturgiyaya müraciət olunursa, mütləq şəkildə “Sekspiri qəbirdən xortlatmasalar” olmaz. İ.Fəhmi çıxışının sonunda kommersiya teatrının ciddi teatrla olan münasibətindən söhbət açdı...
Ən sonda söz ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərova verildi. Onun, fikrincə, Azərbaycan teatrında uğurlu işlərin davamlı olmamasının səbəbi “strategiya”dır. Başlıca problem isə PR və marketinqlə bağlıdır. Çünki bu, ümumiyyətlə Azərbaycan teatrında demək olar ki, yox səviyyəsindədir.
İkinci panel “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” başlığı altında təqdim edildi. Bu paneldəki çıxışçılar içərsində, oxşar fikirləri Nihad Qulamzadə səsləndirdi. SMM sahəsində kadr çatışmazlığından, rəqəmsal platformalardan söz açan N.Qulamzadə teatrda marketinqin əhəmiyyətini vurğuladı. “Hər bir teatr bu gün bir brendə çevrilməyi bacarmalıdır. Trend olmaq, məşhur olmaq deyil...!”. ...Və bu iki çıxışçının hər ikisinin sözünü “balta ilə kəsdilər”. Bu panelin növbəti çıxışçılarından Ceyhun Dadaşovun bir fikrini qeyd etsəm, məncə, söhbətin nədən getdiyi aydın olar: “Tələbələr universiteti bitirənə kimi peşəkar teatr sənətinin nə olduğunu bilmirlər”. Ümumiyyətlə bizim, məncə, ən böyük problemimiz “dinləmək”lə bağlıdır. Hamı qulaq asır, amma heç kim dinləmir. Bax, elə buna görə də bu tip forum və tədbirlərin sonda nəticəsi çox az olur. Xüsusilə də, qulaqlar “yeni” nələrsə eşidirlərsə...
Sonda tamaşaçı zalından kimlərsə, çıxışçılara öz suallarını ünvanlamalı idi, amma nədənsə, hər kəs teatr sahəsində etdiyi işlər haqqında məlumat verir və ya özünü sübut etməyə çalışırdı.
Forumun sonunda mədəniyyət yazarı Samirə Behbudqızı ilə kiçik bir söhbətim oldu. Onun forum haqqında olan fikirlərini qeyd etdim: “Forumun teatr sahəsində insan kapitalının inkişafı mövzusunda panel müzakirəsi ilə yekunlaşması əlamətdar və rəmzi mənadan xali deyil. Çünki teatr canlı incəsənət növü olduğu üçün burada insan kapitalı amili ikiqat önəm kəsb edir. Panel iclasın mövzularını müasir dünyada teatr özgür simasının yaradılmasının və ya mövcud olan simanı daha da mükəmməlləşdirməyin pillələri adlandırmaq olar. Şübhəsiz ki, hər bir teatrın özünün özəl ab-havası var və tamaşa qoymaq üçün kənardan rejissorların dəvət edilməsi, dəqiqi, məhz kimin dəvət edilməsi məhz o ab-havaya hər kəsdən yaxşı bələd olan teatr rəhbərliyinin öhdəsinə buraxılmalıdır. Dəfələrlə olub ki, bu və ya digər truppanın bu vaxtadək gizli qalan potensialı məhz kənardan dəvət edilmiş rejissorun tamaşasında açılıb. Məncə, hər hansı teatrın, belə demək mümkünsə, doğma rejissorları bu faktı özləri üçün araşdırıb nəticələr çıxarmalıdırlar.
Teatrlarda studiyaların yaradılması və gerçək, intensiv, hərtərəfli fəaliyyəti birmənalı şəkildə teatr sənətinin inkişafına aparan ən rahat yollardan biridir.
Bölgə teatrları və paytaxt teatrları bölgüsü status ayrı-seçkiliyinə aparıb-çıxarmamalıdır. Əlbəttə, yaxşı olar ki, belə bir bölgü, ümumiyyətlə, olmasın. Yalnız bu halda vaxtilə teatral şəhər adını qazanmış və bu adı doğrultmuş şəhərlərimizin daha biri və hətta bir neçəsi meydana gələr. Bu isə ətalətə aparan bölgə və paytaxt teatrları bölgüsünü arxaikləşdirmiş olar. Meydanda qalar, böyük mənada, teatr sənəti”.
Bir şeyi də qeyd etmək yerinə düşərdi. Forumda iştirak edən mədəniyyət könüllülərinə qarşı münasibət də birmənalı deyildi. Axı, incəsənət adamları mədəni səviyyəsi ilə seçilməlidir, axı onlar “insan təbiəti”ni araşdırırlar. İstər qeydiyyat masasında dayanan könüllülər olsun, istərsə də içərdə “protokol” adlanan yerlərə gələn qonaqları yerləşdirənlər, hər biri forum boyu kifayət qədər çətinliklə üzləşdi. Burada açıq-aşkar şəkildə qeyd etmək niyyətində deyiləm, amma mənə elə gəlir ki, teatrın inkişafından çox, teatr adamlarının içərsindəki “mən”i inkişaf etdirməsi daha zəruridir.
Müəllifin digər yazıları
Dairələrə gündəlik həyatımızda tez-tez rast gəlirik. Biz bu elementar formaların uzaq planetlərdə və ulduzlarda şahidi ola bilərik; kurqanlar, kraterlər və kiçik göllər kimi torpaq birləşmələrində; ağac və bitki gövdələrin...
Kimyəvi reaksiyadakı sürəti artıran və işini bitirdikdən sonra heç bir dəyişikliyə məruz qalmayan maddələrə “katalizator” adı verilir. Maddə terminini bir kənara qoysaq, bu proses bizə çox tanışdır. “İşini bitirdi...
Festival nədir? Azərbaycan dilli elektron resurslar deyir ki, festival [fr. festival – bayram] incəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayramdır. Bəs, onda niyə bayram yox, festival deyirik? Məncə, festival bir ...
Atalar sözüdür yaxşı qulaq as,
Aslanın erkəyi, dişisi olmaz!...
İnsanın özünü axtarması, bir dəfə baş vermiş hadisə kimi yox, hər zaman sonsuz və davamlı olan dinamik hərəkət kimi görünür. ...
E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda üç-dörd dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəl...
Qəhrəman deyəndə ilkin olaraq ağlımıza fədakar, cəsur, estetik cəhətdən görkəmli, real həyatda gördüyümüz insanlara bənzəməyən, yaşadığı mühiti dəyişə biləcək gücə qadir bir obraz canlanır. Bu tip obrazlar &cc...
İnsan bu dünyaya əcdadının günahını yumağa gəlir.
Artur Şopenhauer
Tanrı insanı yaratdı, yoxsa insan Tanrını? Qədimdən bəri bir çox filosofları düşündürən və mübahisələrə səbəb olan suallardan biridir və fərql...
Əgər teatr sənətiylə tanışsınızsa, çox güman ki, komediya və faciənin ikonik maskaları ilə tanışsınız. Onların haradan gəldiyini bilirsinizmi? Ədəbiyyatda, teatrda və mahnıda ziddiyyətli mövzuların simvolu olan bu maskalar iki Yunan ...
Hər bir aktyorun öz yaradıcılıq yolu var və bu yolda hər aktyor özünəməxsus cığır açır. Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji aktyor məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi və faciə rolları...
Semuel Bekketin “Qodonun intizarında” pyesini Erik Bentlinin dili ilə anti-pyes adlandırmaq olar. Bu pyesə “absurd dramı” da deyirlər. “Qodonun intizarında” pyesi XX əsrin II yarısında yazılmış ən orjinal dramatik ...