TEATRO

TEATRO

sənət portalı

post-title

Fatimə Qurbanzadə - Qodonu gözləmək...

Semuel Bekketin “Qodonun intizarında” pyesini Erik Bentlinin dili ilə anti-pyes adlandırmaq olar. Bu pyesə “absurd dramı” da deyirlər. “Qodonun intizarında” pyesi XX əsrin II yarısında yazılmış ən orjinal dramatik əsərlərdən biri kimi tanınır. Bu pyes güclü əməl xəttindən, zahiri dinamikadan və xətti süjetdən məhrumdur, boş laqqırtı müəllif tərəfindən, az qala, əsərin dialoqlarının başlıca prinsipinə çevrilib. Xüsusilə, Estraqon və Vladimir əsər boyu, sanki biri digərinin danışmasını və bununla da vaxtın keçməsini istəyirmiş kimi söhbət edirlər. Bu personajlar qətiyyən bir-birilərini dinləmirlər. Çox vaxt onların söhbətləri dialoqdan çox  paralel monoloqları xatırladır. Məsələn, Vladimir İncildən, Estraqon ingilislərlə bağlı əhvalatdan danışır. Qodonu gözləməkdən başqa məqsədi olmayan Qoqo və Didi özlərini asmaq istəyirlər. Onların sözlərində konkret bir məna, məqsədyönlülük, müqayisə ediləcək dərin bir mövzu və ya ortaq fikrə gəlib qərar çıxaracaq bir ideya yoxdur. Sanki həyata yalnızca Qodonu gözləmək üçün gəliblər. Elə bil ki, Qodonu gözləyərkən vaxtı öldürmək naminə boş-boş çərənləyirlər. Estraqon əl-ayaqlarının bağlı olduğunu deyir. O, bu replikası ilə Qodoya bağlı olduqlarına eyham vurur. Maraqlıdır, axı, Qodo gəlsəydi, nə edəcəkdilər? Görəsən, onunla da belə boş-boş laqqırtı vuracaqdılar, yoxsa daha məzmunlu söhbət edəcəkdilər?

Pyesi oxuduğum andan bəri özümə verdiyim sual “mən bunu niyə oxuyuram?” oldu. Bir də, “axı, əsərdə nə baş verir?” Çünki onların danışığında hansısa mübarizə yox idi. Halbuki, bu vaxta qədər oxuduğum  pyeslərdəki dialoqlarda mübarizə vardı, hərəkət vardı, məqsəd vardı. Bu pyes isə digərlərinə bənzəmirdi. Heç hadisələrin ardıcıllığını tuta, konflikti müəyyənləşdirə, obrazların mübarizə xəttini izləyə də bilmirdim. Mən də onlarla birlikdə Qodonu gözləyirdim və bu qədər absurd dialoqlara qulaq asmaq məcburiyyətində idim. Onlar isə, sanki sadəcə, danışmaq xətrinə danışırlar və Qodonu gözləməkdən başqa heç bir “iş” görmürlər. 

Pyesin sonrakı bölümlərində Lakki və Poçço peyda olur. Poçço Lakkinin boynuna kəndir bağlayıb və onunla qamçı ilə danışır. O, Lakki ilə yük heyvanı kimi rəftar edir. Hətta mən əvvəl elə düşündüm ki, o insan deyil, heyvandır və sahibi onu “Lakki” çağırır. Əslində, Qoqo və Didinin də boynunda zəncir var, lakin Lakkininkindən fərqli olaraq, gözə görünmür. Onların ipləri Qodonun əlindədir. Çünki Qodo gələnə kimi onlar öz dəyərli zamanlarını ağacın yanında keçirirlər. Qodo onları bura bağlayıb və onlar hərəkət edə bilmirlər. Vladimir belə bir söz deyir: “İnsan belədir də, ayaqları günahkar olduğu halda ayaqqabılarından şikayətlənir”. O haqlı idi. Əslində, Qoqo və Didi intihar etməyi düşünməli deyildilər. Çünki əgər istəsəydilər, o yerdən uzaqlaşa bilərdilər və birlikdə daha çox şey əldə etmiş olardılar - ən azından, boş laqqırtıdan daha çox şey. Amma onların içində inam vardı. Nə vaxtsa Qodo gələcəkdi. Əgər bu inam olmasaydı, çıxıb gedə biləcəkdilər. Vladimir belə bir söz deyir: “Onların dördü də orada olub. Ancaq biri quldurun xilas olmağından danışır. Nədən ona inanırlar, başqalarına isə yox?” Zənnimcə, Didi burada onu demək istəyir ki, əslində, insanlar eşitmək istədiklərinə inanırlar və eşitmək istədikləri də ümid dolu və bəzəkli sözlərdir.

Estraqon Lakkinin ağladığını gördükdə ona kömək etmək üçün yaxınlaşır, amma Lakki onu ayağından vurur. Çünki o qədər insanlar tərəfindən qəddarlıq görüb ki, “heyvani rəftar” onun da heyvanlaşmasına səbəb olub. “Manqurt” əsərində Nayman ana öz oğlunun başına əl vurduqda o, qorxaraq hücum etmək, müdafiə olunmaq istəyirdi. Lakki də belə idi, ona zərər verəcəklərini düşündüyü üçün müdafiə olunurdu. Artıq ona kim yaxınlaşarsa, onu vuracağını, ya da təhqir  edəcəyini düşündüyü üçün tez müdafiəyə keçirdi. Lakki mənə həmişə uşaqlar tərəfindən daşa tutulan küçə itini xatırlatdı. Ona yaxınlaşdığımız zaman dişlərini qıcayır və müdafiəyə keçirdi. Lakki ağladığı zaman bir başqasının ağlamasını görüb dayanır. Çünki insan özündən daha çox iztirab çəkən birini gördükdə təsəlli tapır və ağlamağını kəsir. Poçço Lakkinin qovmaq istəyirdi. Çünki, o artıq əvvəlki kimi deyildi. Əvvəl danışırdı, oynayırdı, amma indi bunların heç birini etmirdi, sadəcə, Poççonun ona verdiyi əmrləri yerinə yetirirdi.

Qoqo və Didinin münasibətləri mənə Xalid Hüseyninin “Çərpələng uçuran” əsərindəki Həsən və Əmir arasındakı münasibəti xatırladır. Həsən Əmir üçün hər şeyi edirdi, onu qoruyurdu. Amma bir gün Həsənin Əmirə ehtiyacı olduğu halda o, sakitcə dostunun döyülməsini seyr edir. Sonradan Həsən onunla danışmır və görüşmür. Lakin Əmir onu vurur və cavab qaytarmağını gözləyir, amma o heç nə etmir, yerə yıxılır, ayağa qalxır, amma cavab qaytarmır. Poçço da Lakkini vurur, qarşılığında Lakki ona heç nə etmirdi. Bəlkə də bu Lakkinin Poççonu “sahib” olaraq gördüyünə görə idi. Amma sonradan Qoqo və Didi Poççodan Lakkinin fikirləşməyini istəyir. Lakki fikirləşməyə başladıqda danışır və ədəbiyyatdan, fizikadan, idmandan və bir çox elm sahəsindən “üyüdüb-tökür”. Bu da onu göstərir ki, əslində, Lakki ağıllı idi, amma ona danışmağa qadağa qoyulmuşdu, ya da ümumiyyətlə, danışmağı unutmuşdu. Çünki o, fikirləşməyə başladığı an danışır. Deməli, Lakki bu vaxta qədər - əmrləri yerinə yetirərkən düşünmürdü, əgər düşünsəydi, sahibinin tapşırıqlarını “robot kimi” yerinə yetirməzdi. İnsanın içindəki ruhun ölməsi də belə olur. O, sanki robotlaşır və yalnızca yaşamaq naminə çalışır. Amma Lakki nəyinsə naminə çalışmırdı. Ümumiyyətlə, Poçço Lakkini özünə yaxın hesab edirdi. Əgər yaxın hesab etməsəydi, bu vaxta qədər onu satardı, ya da öldürərdi. Amma o, bunlardan heç birini etməmişdi. Lakki də hissiyyatsızlaşmışdı. Ona vurulan qamçı zərbələri qarşısında susurdu. Bu insanın həyata qarşı mübarizəsinin, ruhunun, iradəsinin ölümü idi. Artıq o mübarizə aparmırdı, dərk edirdi ki, hər şey mənasızdır, onsuz da sonunda susdurulacaqdı və başqa gedəsi yeri də yox idi. Sahibi, ən azından, ona yemək verirdi. İnsanın ölümü yalnız cisminin ölməsi ilə olmur, ən böyük itki canlı bədəndə ölü ruhu daşımaqdır. Lakki ölü ruh ilə yaşıyırdı, daha doğrusu, sürünürdü.

Pyesin növbəti hissəsində uşaq peyda olur. Qododan xəbər gətirir, daha doğrusu, onun bu gün gəlməyəcəyini deyir. Vladimirlə Estraqon bu yerdən gedirlər. Amma səhər yenidən eyni ümidlə geri qayıdırlar. Ancaq Estraqon bu dəfə başına gələn heç bir şeyi xatırlamır. Sanki manqurtlaşıb. Hər şeyi unudub. Bəlkə də bura gəlməzdən qabaq, özünün dediyinə görə, 10 nəfər tərəfindən əzişdirilmişdi deyə belə olub. Onlar Poççonu görürlər, bu dəfə o, kordur. Lakki isə lal. Onsuz da Poçço gözləri olduğu halda, heç nəyi görmürdü. Lakki isə danışa bildiyi halda susurdu. Və nəticədə, istifadə etmədikləri bu əzalar onlardan alınmışdı. Maraqlıdır ki, uşaq yenidən gəlir və bu dəfə də Qodonun gəlməyəcəyini deyir. Amma onlar heç yerə tərpənmirlər. Əslinə qalsa, Qoqo və Didi bir-birindən ayrı qala bilmirlər. Çünki onlar dəfələrlə küsməyə çalışmış, amma yenə də ayrı qala bilməyib, qucaqlaşıb barışmışdılar. Bəlkə də, Qodonu gözləmək onlar üçün söhbət etməyə, laqqırtı vurmağa bir bəhanə idi.

Poççonun dediyi kimi, “Hətta ən dəyərsiz varlıq sənə nəsə verə bilər, necə xoşbəxt olduğunu sənə xatırladar”. Bu belə idi, əsər boyunca onlar bir-birilərinə bağlı idilər, ayrıla bilmirdilər.

Pyesin adındakı Qodo “Qod”, “Allah” sözü ilə assosiasiya olunur. Yəni, onlar Qodonu ilahi bir varlıq olaraq görürdülər. Maraqlıdır ki, onlar Qodonu gözlərkən İncildən də danışırlar, bu da onu göstərir ki, tragikomediyada dinə eyham da var. Bekket bu əsərdə insanın Allahdan asılılığını göstərir. İnsanlar çox vaxt dua edərək Allahdan nəyisə umurlar. Amma özləri heç nə etmirlər. Gözləyirlər ki, hər şeyi Allah yoluna qoyacaq. Başa düşmürlər ki, oturub bir yerdə qalıb, sadəcə, dua etməklə heç nə alınmaz. İnsan özü də mübarizə aparmalıdır.

Tragikomediyada təkrarlanan situasiyalar var. Amma bunlar hər dəfəsində bizi fərqli düşünməyə vadar edir. Pyesdəki Qoqo və Didi sanki bir insanın iki üzüdür. Biri acgöz, unutqan hövsələsiz və yaltaq - bu Dididir, digəri isə gözütox, səbirli və təmkinli – bu isə Qoqo.

Hərdən mənə elə gəlir ki, əsərin qəhrəmanları Qodonu gözlədikləri zaman düşünməyi öyrənirlər. Sanki onlar bu vaxta qədər heç vaxt düşünməyiblər. Onlar Qodonu heç vaxt görməyiblər. Bu da bir simvoldur. Axı, biz heç birimiz Allahı görməmişik. Onlar da heç vaxt görməyiblər, Poççonu əvvəl Qodo hesab edirlər. Uşaq isə sanki elçidir. O, səmavi elçi olaraq Qodonun gəlməyəcəyini deyir. Amma onlar yenə də gözləyirlər. Çünki Qodonun gələcəyinə inandıqları üçün intihar etməkdən vaz keçmişdilər.

Qodo isə... Qodo gələcəkdimi? Qodo ümumiyyətlə, mövcuddurmu? Pyesin sonunda bu suallara nə müsbət, nə də mənfi cavab verilmir. Final açıq qalır. Bekket oxucunu da Vladimir və Estraqon kimi çarəsiz vəziyyətə salır. Bizim də Qodonu gözləməkdən başqa çarəmiz qalmır.

 

Fatimə Qurbanzadə

tələbə-teatrşünas

Load Time (S) : 0.004176