Qəhrəman deyəndə ilkin olaraq ağlımıza fədakar, cəsur, estetik cəhətdən görkəmli, real həyatda gördüyümüz insanlara bənzəməyən, yaşadığı mühiti dəyişə biləcək gücə qadir bir obraz canlanır. Bu tip obrazlar çox vaxt faciəvi əsərlərin çətin həyat sınaqlarından keçmiş qəhrəmanlar olur. Onlar üçün çətinliyə sinə gərmək elə də çətin olmur, biz onların həyatla mübarizəsini gördükcə, sanki onlar kimi güclü ola biləcəyimizi düşünürük bir anlıq. Bununla da, öz həyatımıza baxdıqda necə də cılız problemləri şişirtdiyimizi və onları “çətin” adlandırmağın, əslində, absurd olduğunu düşünməyə başlayırıq. Ümumiyyətlə, biz çətin nəyə deyirik? Həqiqətən, bizim “çətin” adlandırdığımız, əslində, bizim edə bilmədiklərimizdir? Yoxsa etmək istədiklərimiz və potensialımızın buna yetmədiyini düşündüklərimiz?
Hər bir insanın içində qaranlıq və işıqlı tərəf vardır. Biz çox vaxt işıqlı tərəfi görürük. Çünki insanlar bizə yalnız işıqlı tərəfləri göstərirlər. Qaranlıq tərəf isə, əslində, heç kim tərəfindən tam olaraq görülmür. Biz onun yalnızca “kölgəsini” görürük. Amma “insan” adlandırdığımız varlığın daxilində və başlanğıcında bir heyvan substansiyası olduğunu unuduruq. Çünki insanı “insan” edən, onu yetişdirən ailə və cəmiyyətdir. Biz bir insanın necə biri olduğunu onun digər insanlarla münasibətlərində daha aydın şəkildə sezirik.
Qəhrəmanın əksi olan anti-qəhrəman, əslində, qaranlıq tərəfini bizə az da olsa, göstərən həmin o, “maskasız” insan və ya cəmiyyətdən özünü təcrid etmiş “insan”dır. Eynilə Şopenhauerin insanı kimi. Şopenhauerin insanı dürüstlüyün iztirabına qatlaşmağı könüllü surətdə öz boynuna götürür və bu iztirab onun şəxsi iradəsini öldürməsinə və naturasında baş verəcək köklü çevrilişin və dönüşün yolunu hazırlamağa kömək olur. Buna görə dürüst insan, etdikləri hər nə qədər içində olduğu həyatın qanunlarına zidd kimi görünsə də, fəaliyyətinin qeyri-adi və daha üstün bir həyatın qanunlarıyla izah olunan və ən dərin mənada təsdiqləyici, metafizik əhəmiyyət daşıyan fəaliyyət olduğunu dərk edir. Bu tip insanlar daxilən təklik qorxusu olmayan və özünə bunun vasitəsilə “qalxan” yaradaraq müdafiə etməyə çalışan tiplərdir.
Zorba cəmiyyətlərin, hökumətlərin, dinlərin, ictimai rəyin, bir sözlə, hər hansı tiranlığın hökm sürdüyü yerdə tənha filosofa nifrət edirlər, çünki fəlsəfə insanın qarşısında heç bir tiraniyanın soxula bilməyəcəyi sığınacaq kimi, daxili aləmin mağarasını, qəlbin labirintini açır və bu, tiranları təhqir edir, onları qəzəbləndirir. Ona görə də çox vaxt hər tənhalıqda gizli günahın yatdığını böyük qəddarlıqla irəli sürmüş və bu iddianı praktik şəkildə açıqlamışlar.
Bu cür tipləri biz bir sıra roman və pyeslərdə tez-tez müşahidə edirik. Onlar üçün təklik müdafiə olunma vasitəsi və ya yoludur. Müasir bir ingilis yazarı sıradanlığa, bayağılığa məhkum olmuş bir cəmiyyət içində yaşayan qeyri-adi insanların məruz qaldığı ən əsas təhlükəni belə təsvir edir: “Bu cür yad və fərqli xarakterlər öncə məzlumlaşır, sonra melanxoliyaya qapılır, sonra xəstələnir və nəhayət ölüb gedirlər...” Orjinal insanlara duyulan nifrət o həddə çatıb ki, Sokrat kimi bir insan bizim dövrümüzdə yaşaya bilməzdi və heç bir halda yetmiş yaşına cata bilməzdi.
Bu yalnızlar və azadruhlular, əslində, olduqlarından, düşündüklərindən fərqli göründüklərini bilirlər; onlar yalnızca həqiqətə və dürüstlüyə can atırlar, istədikləri başqa nəsə yoxdur, fəqət bu halda belə, ətraflarını müxtəlif anlaşılmazlıqlardan ibarət tor bürüyür (Fridrix Nicşe “Şopenhauer tərbiyəçi kimi”). Lakin onlar bu zorakı daxiləgizlənmənin, məcburi səbretmənin zaman-zaman qisasını alırlar. Bu zaman öz mağaralarından bayıra üz ifadələriylə (maskayla) çıxırlar; bax, onda söylədikləri hər kəlmə və etdikləri hər davranış bir partlayışa çevrilir və həmin halda özlərini məhv etmələri də mümkündür. Bununla da anti-qəhrəman (və ya yarımallah) bizim etmək istədiklərimizi sərbəstcə edir, bununla özünə qarşı bizdə maraq (şəhvət) oyadır və onun etdiyi iyrənc əməlləri tez bir zamanda etməsini və bu əməllərdən sonda necə çıxış yolu tapacağını görmək istəyirik.
Çağdaş film və tamaşalarda bu tip obrazların sayı son vaxtlar artmışdır. Hətta onlar qəhrəmanlardan daha çox sevilir və pərəstişkar toplayırlar. Dostoyevskinin Raskolnikovu, Harley Quinn (DC Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən bir personajdır), “Joker”, “Pennywise”, “Cruella”, “Maleficent”, “Charlie and chocolate factory” və s. Demək olar ki, Joker Betmandan daha çox sevilir və pərəstişkar toplayır. Eyni zamanda, vaxtilə cizgi filmlərində və nağıllarda mənfi obraz kimi göstərilən “Maleficent”i biz artıq daxilində qanadlarını kəsən və onu yarı yolda qoymuş kralın qızına baxacaq qədər mərhəmətli bir obraz timsalında görürük.
Artıq bir sıra filmlərdə mənfi obrazlar müsbət obrazlardan daha çox sevilir. “Charlie and chocolate factory” filmindəki Willy Wonka bizə geyimi və danışıq tərzi ilə estetik təəssürat yaradır. Bu təəssürat bizə ona qarşı fərqli yanaşma imkanı verir və filmdəki bioqrafiyası, hətta onun etdiyi hərəkətlərə haqq qazandırmağımıza səbəb olur. Maraqlısı budur ki, Uilly Uonka uşaqları valideynlərinin gözləri qarşısında fərqli sınaqlara çəkir və onlardan bəziləri bənövşəyi şar kimi şişir, bəziləri isə sincablar tərəfindən işgəncəyə məruz qalır və s. amma biz yenə də Willy Wonkanı sevirik.
Ümumiyyətlə, insanlara başqalarının fərqli sınaqlara çəkilməsini və ya yarış meydanı (mübarizə meydanı) kimi yerlərdə qazanmaq uğrunda nələri edə biləcəklərini görmək, müşahidə etmək bilavasitə estetik bir zövq verir (elə indiki dövrdə baxdığımız Survivor yarışmasını da misal çəkmək olar). Bizim üçün onların əzab çəkməsi və ya mental cəhətdən çöküşü maraqlı olmur. Sadəcə olaraq, həvəslə kimin qazanacağını gözləyirik. Müasir tamaşaçını estetik sınaqlara çəkməklə, onlara sərbəst şəkildə tərəf seçmək hüququnu verməklə bilavasitə insanların içərsindəki həmin o güclü olana qarşı “pərəstişkar ehtirası” ortaya çıxır.
Harley Queen film ərzində zorakılıq aktlarından dəfələrlə istifadə edir, amma bütün bu döyüş səhnələri bizə zövq verir. Biz onun qarşısındakı insanların əzablarını duymuruq, sanki duyğusuz şəkildə yalnızca kimin qalib gələcəyini səbirsizliklə gözləyirik. Müasir tamaşaçını duyğusuzlaşdıran, əslində, mənfi qəhrəmanların sonda qorxmaz və cəsarətli şəkildə özlərini müdafiə edə bilmələridir. İnsanlara da güclü olanın mübarizəsi daha maraqlı gəlir və bu gücün mənfi obrazlara verilməsi bilavasitə müasir tamaşaçını müsbət obrazlardan soyudur. Artıq insanlar üçün bu tip obrazların yaradılması və onların qələbəsinə qarşı inamın olması adi hal almağa başlayır. Bu obrazlara haqq qazandıran isə onların acınacaqlı taleyi, çəkdikləri əzablar olur. Həmin tale müasir tamaşaçının gözündə mənfi obrazı anti-qəhrəmana (və ya yarımallaha) çevirir. İnsanlar üçün tək çıxış yolu bu olur ki, mənfi olmaqla, əks qütbdə durmaqla, əslində, qələbə mümkündür. Bu qələbənin nə qədər ədalətli olması isə heç kimi maraqlandırmır.
Xatırlasaq ki, rejissor Ayla Osmanovanın “Raskolnikoff” tamaşası, əslində, öz ehtiyacları naminə yaşlı və çarəsiz bir qadını öldürmüş obrazı təsvir edirdi. Eyni zamanda tamaşanın əsasını Raskolnikov və Sonya arasında keçən “Lazar haqqında mif” təşkil edirdi. Rejissorun buna müraciət etməsi mənə görə bu səbəbdən olmuşdur ki, burada biz Raskolnikovun daxili aləminin, demək olar ki, açıldığını və Sonyanın necə bir qadın olduğunu görürük. Həm də Raskolnikovun beynindəki bəzi qəti fəlsəfi fikirlər sırf romanın bu hissəsindən sonra meydana çıxır. “Raskolnikoff” adından da görüldüyü kimi, “Qarını deyil, özümü öldürdüm” – deyərək tamaşanın ideyasını açırdı.
Dostoyevskinin ölməz “Cinayət və cəza” əsərinin qəhrəmanı Rodion Romanoviç Raskolnikov ən sadə ədəbi söhbətlərdə belə xatırlanacaq qədər güclü bir roman qəhrəmanıdır. Onun cinayət törətməsi bizim gözümüzdə onu “pis” obraz etmir, çünki onun etdiyi “yaxşılıqlar” imkan vermirdi ki, biz qəti şəkildə Raskolnikovu qınayaq. Aktyor Nurlan Süleymanlının yaratdığı Raskolnikovla romandakı obraz arasındakı fərq bunda idi ki, romandakı obrazın qəlbində mərhəmət və daxilində fəlsəfi bir dahi yatırdı. Amma səhnədəki Raskolnikov daim itmiş bir düşüncəni və ya fikri geri qaytarmağa çalışan alimə bənzəyirdi. Sonyanın (Xəyalə Meydanova ) geyim tərzi, əslində, simvolik məna daşıyırdı. Çünki romanda o mehmanxanada çalışan qadınlar kimi geyindiyi halda, səhnədə aktrisanın ifasında o, adi və sadə geyinmişdi. Buna səbəb isə cismən çirklənmiş olsa da, daxilən paklığını qoruyub saxlaya bilməsi idi . Onun İncilə və dinə olan hədsiz inancı sırf bu hissədə Raskolnikova da təsirsiz ötüşmürdü. Sonyanı da bizə sevdirən, Raskolnikovda qeyd etdiyim səbəb idi. Hər şeydən öncə insandakı vicdan hissi və şüur onu heyvandan fərqləndirir.
Romanda digər maraqlı məqam teyflə bağlı mövzu idi. Svidriqaylovun gözünə görünən sevdiyi qadının teyfi və Raskolnikovun gözünə görünən öldürdüyü qadının teyfi. Bu mənə Şekspirsayağı ironiyanı xatırlatdı. Əslində, bu teyf məsələsi hər zaman ilahi, mifik və ya mistik bir yolla intiqamı xatırladırdı. “İlahi ədalətin” mövcudluğunu göstərmək cəhdi və ya yaratdığı ateist obrazdan dolayı qınaqdan qorxan Dostoyevski teyf məsələsini ortalığa atmaqla gözdən pərdə asırdı. Ya da belə desək, daha düzgün olar məncə, Şekspirsayağı üsuldan istifadə edərək sizi Hamletə rəqib ola biləcək obrazla qarşılaşdırıram. Budur, Raskolnikov Hamletin edə bilmədiyini bacardı, o bütün cəmiyyətin intiqamını qadını öldürərək aldı, amma sonda cəzasını da çəkdi. Halbuki, Hamlet insan öldürməmiş də iztirab çəkirdi. Əslində, bu iki əsər arasında oxşarlıq çoxdur, hər ikisinin qrup yoldaşı, sevdiyi qız, ölmüş atası var. Aradakı tək fərq, Dostoyevskinin obrazını kasıb, pulsuz-parasız və Hamletdən daha üstün təsvir edərək Şekspirin yaratdığı obrazdan daha yüksəkdə dura bilən cəsarətli bir obraz yaratmaqla özünü Sekspirdən üstün tutmasıdır.
Nəzərə almalıyıq ki, Raskolnikovu Dostoyevski elə-belə yaratmamışdır. Çoxları Raskolnikovu Dostoyevskinin yaratdığı orijinal şəxsiyyət hesab edir. Bununla belə, reallıq bir az fərqlidir. Dostoyevski XIX əsrin birinci yarısında Fransada yaşamış ziyalı qatil Pyer Fransua Lasenairedən ilhamlanaraq Raskolnikovu yaratmışdır. Lionda yaşayan burjua ailəsində anadan olmuş Pyer Fransua dördüncü uşaq olaraq on üç uşaqlı ailəyə qoşulur. Lakin valideynləri digər uşaqlarına baxarkən ona qarşı etinasızlıq etmişdilər. Arzuolunmaz uşaq kimi böyüyən və tez-tez tərk edilmə hissləri yaşayan Pyer Fransuanın daxili dünyası erkən yaşda ədalətsizlik və amansızlıq toxumlarını cücərtməyə başlayır. Digər tərəfdən o, çox çalışqan tələbədir. Onun ədəbiyyat, xüsusən də poeziyada böyük istedadı var. Ədəbiyyatla maraqlansa da, atasının onunla bağlı planları fərqlidir. Ancaq bu, onun təsəvvür etdiyi həyat deyil. 1825-ci ildə hüquq öyrənmək üçün Parisə gedir. Atasının işi pisləşəndən sonra təhsilini yarımçıq qoyub, saxta adla hərbi xidmətə yollanır. Qısa müddətdən sonra ordudan qaçaraq Liona qayıdır. Amma nə etsə də, kürkçü dükanına qayıtmaqdan qaça bilmir. Şotlandiyaya qayıtdıqdan sonra saxta imza cinayəti üzə çıxdığı üçün yaxalanır. Soyadını təmizləmək istəyən atası onun bu dəfə həqiqi hərbi xidmətə getməsi şərti ilə zaminə buraxılmasına icazə verir.
Bütün bunlar davam edərkən jurnallarda onun şeirləri, məqalələri çap olunmağa başlayır, ədəbiyyat sahəsində tanınan bir ada çevrilir. Bununla belə, onun həqiqi karyerası çox fərqlidir. Fransuanın oğurluq, saxtakarlıq və adi cinayətlərlə başlayan əsl karyerası tərəddüd etmədən vəhşicəsinə qətllər törədən bir qatil olaraq sona çatır. Yuxarda qeyd etdiyim daxildəki partlayış təxminən bu cür baş verir. O, ya özünü öldürməliydi (bu, günahı özündə görmüş olsaydı baş verə bilərdi), ya da ətrafındakıları (bununla da günahı öz ətrafında görəcəkdi).
Fransa tarixinin indiyə qədər gördüyü ən pis cinayətkarlardan biri olan Pyer Fransua və onun ortağı Avril bütün cinayətləri qəsdən və qəddarcasına törətmişlər. Onların qurbanları isə günahsız insanlardır. O, bir bank işçisini və öz anasını öldürür. Bu cinayətlərə görə mühakimə olunmazdan əvvəl, adi cinayətlərinə görə qısa müddətə həbsdə yatır, oradakı müşahidələrini toplayır, “Həbsxanalar və Fransa cəza sistemi” adlı məqaləsində qanunları şiddətlə tənqid edir. Pul müqabilində törətdiyi cinayətlərlə ümid etdiyini ala bilməyən Pyer Fransua, ortağının onu ələ verməsi nəticəsində tutulur və daha böyük şöhrət qazanır.
O, soyuqqanlıdır. Heç bir peşmanlıq çəkmədən məhkəmədə günahını etiraf edir. O, özünü müdafiə etmək əvəzinə məhkəməni ittiham etməyə başlayır. Onun sözlərinə görə, törətdiyi qətllər sosial ədalətsizliyə üsyan xarakteri daşıyır. O, iddia edir ki, əllərinin qanlı olması kimi hakimlərin də əlləri qanlıdır.O, şıq geyimi, baxımlı görünüşü, müdafiə zamanı istifadə etdiyi ritorika və davranış tərzi ilə məhkəmə zalını hakimlərə meydan oxuduğu teatra çevirir. Viktor Hüqo və Teofil Qotye kimi yazıçılar Parisdə əfsanəyə çevrilən Pyer Fransuanın hücrəsini ziyarət edirlər.1836-cı ildə gilyotinə gedəndə də zərrə qədər peşmanlıq hiss etmirdi
Əsl anti-qəhrəmana çevrilən Pyer Fransua, sağ qalmasından daha çox ədəbi dünyanın gündəmində qalır. Balzak və Dostoyevski Pyer Fransua ilə maraqlandıqlarını açıq şəkildə bəyan edən yazıçılar sırasındadır. 1861-62-ci illərdə çıxan qəzetlərdən birində Dostoyevski yazırdı ki, Pyer Fransuanın bioqrafiyası romanlarda haqqında danışılanlardan qat-qat maraqlıdır. Dörd-beş ildən sonra “Cinayət və cəza”nı yazmağa başlayan Dostoyevski romanının məşhur qəhrəmanı Raskolnikovla Pyer Fransua arasındakı oxşarlıqlar maraq doğurur . Pyer Fransua kimi Raskolnikov da hüquq öyrənmək arzusundadır . O, pulu olmadığı üçün təhsilini yarımçıq qoymağa məcbur olur. Pyer Fransua kimi, Raskolnikovun da "Cinayət haqqında" məqaləsi var. Bu məqalədə Raskolnikov qanuna dərin inamsızlığını ortaya qoyur. O da pul üçün əlini qana batırır . O, sələmçiliklə məşğul olan qoca Alyona İvanovanı və onun bacısını vəhşicəsinə qətlə yetirir. O, şüursuz instinkti ilə bu cinayəti törədir, amma aldığı az miqdarda pul onun vicdanını sakitləşdirməyə kifayət etmir.
Dostoyevskinin reallığa müdaxiləsi də buradan başlayır. Burada fakt və fantastika ayrılır. Dostoyevski öz qatilinin içinə Pyer Fransuada olmayanı – vicdanı qoyur. Biz normalda yalnız qaldığımızda, qulağımıza nəsə fısıldanacağından qorxuruq, buna görə də sakitliyə nifrət edir və insanlarla ünsiyyətə girərək qulaqlarımızı “karlaşdırırıq”. Raskolnikov özü ilə tək qaldıqda qulağındakı fısıldamalar ona rahatlıq vermir. Qətldən 12 gün sonra Raskolnikov ona qarşı heç bir sübut olmadığı halda, polisə təslim olur. Nəhayət, biri real həyatda, digəri bədii ədəbiyyatda olan Pyer Fransua və Raskolnikov hüquq biliyi olan, lakin qanuna inanmayan, yolları kəsilən istedadlı, iddialı gənclər kimi qarşımızdadır (Fridrix Nicşenin dediyi kimi, naturinsanlar). Fransız hakimləri Pyer Fransuanı gilyotinə göndərərkən, Dostoyevski öz qəhrəmanını ağır işlərə məhkum etmək üçün Sibirə göndərir.
Cinayət və cəza, peşmanlıq və əzab romanı belə yazılır. Dostoyevski Raskolnikovu iztiraba düçar edərək kamilləşdirir. Master Ekxartın dediyi kimi: “Sizi kamilliyə çatdıran ən sürətli heyvan iztirabıdır”. Bizə Raskolnikovu sevdirən onun vicdanıdır. Deməli, səlahiyyətli şəxslərin yaratdığı cinayət və cəza sistemi bizdə cinayətkarlara qarşı mərhəmət oyatmır, əksinə, nifrət oyadır. Biz əsassız şəkildə onları qınayırıq, amma onları bu vəziyyətə salan cəmiyyəti qınamırıq. Halbuki, onların bu cinayəti törətməkdə əsaslı səbəbləri və yaxud yaşanmışlıqları var və nəzərə alsaq ki, müharibədə öldürülən günahsız insanlar da cinayət işlənilərək öldürülür, amma onları öldürənlər zərrə qədər də vicdan əzabı çəkmir. Bir çox cinayətkarı cinayətə sövq edən elə cəza sistemlərinin vaxtında haqsızlıqlara qarşı ədalətli seçim etməməsidir . Hətta Raskolnikov da deyirdi: “mən bunu ədalət naminə edirəm...” Axı günahsız bir insanın ölümü nə qədər ədalətli ola bilər? Sözsüz ki, “cinayət deyil” bəhanədir. “Normal” adlandırdığımız insan məcbur olmadığı müddətcə cinayət törətmir.
Burada Raskolnikovu digər cinayətkarlardan fərqləndirən cəhətlərdən biri onun “sıradan” insan olmadığını özünə sübut etmək cəhdidir. Bir insanın ən ağır yükü gerçəkləşdirə bilmədiyi potensialıdır (Charles Schulz). Raskolnikov “super qəhrəman” olmağa can atırdı və onun törətdiyi cinayət sırf buna görə bizə elə də dəhşətli görünmür. Betman da Jokeri öldürmək istədikdə biz sanki onunla birlikdə “öldür... öldür...!” deyərək onu buna vadar edirdik. Bir sıra Marvel filmlərində mənfi obrazların (anti-qəhrəmanların) ölməsi bəlkə də buna görə bizə təsir etmir ki, onlar, əslində, cəmiyyətə xeyri dəyməyənlər idi. Raskolnikov da öldürdüyü həmin qadının pulu ilə araba altında qalmış yaxınının (Marmeladovun) dəfn xərcini qarşılamış və onun kasıb ailəsinə dəstək olmuşdu. Bu isə həmin qadının ölümünü bizim gözümüzdə adiləşdirirdi, daha dəqiq desək ölməməsi, bəlkə də, bizim üçün daha pis olardı. O, bu cəhdində elə də uğurlu olmur, Sonyanın səyi ilə o, cinayətini etiraf edir və təslim olur. Raskolnikovun yardım əli uzatdığı ailənin böyük qızı sayılırdı Sonya.
Amma Raskolnikov cinayətlə bağlı məqalə yazsa,belə ağıllı biri deyildi. O, evdən çıxanda qapını açıq qoymuşdu (evin küncündə gizlətdiyi zinət əşyalarına önəm vermədən) və bir meşşan içəri girərək bunu görmüş və onun qatil olduğunu anlamışdı. Romanda digər məntiqsizlik isə 3000 manat alacaqlarını eşitdikdən sonra Pyotr Petroviçin qarşısında boyun əyməyən Pulxariya İvanovna və Dunya onunla əlaqələrini kəsirlər, amma Pyotr Petroviç bunu Dunyanın əzilməzliyi, mərdliyi olaraq qiymətləndirir. Halbuki, bütün hadisələr, hətta pul söhbəti də onun gözünün qarşısında olmuşdu. Zametov Raskolnikovda “monomaniya” xəstəliyinin olduğunu demişdi. Sağlam düşüncədə tək psixoloji vəsvəsə kimi təsəvvür edilən, qismən dəliliyin bir forması olan bu xəstəlik əlamətlərini onda sezmişdi. Hətta Raskolnikov Zametovun yanında sayıqlamışdı da, və özü də bunu bilirdi. Və bunu bilə-bilə, Zametovun ona qarşı olan istehzalı baxışlarına təəccüb edirdi. Axı, Raskolnikov bunu başa düşməli idi, çünki Dostoyevski öz obrazını adi tələbə seçməmişdi. Raskolnikov cinayət işlərindən başı çıxan (ən az, məqalə yazacaq qədər) tələbə idi. Buna baxmayaraq, çox kobud səhvlər buraxırdı. “İnsanda məhz şəxsiyyətin dərk olunması onun təbiətinin və məramının aliliyindən xəbər verir” (N.Berdyayev “İnsanın köləliyi və azadlığı barədə”). Başqaları ona qınayıcı nəzərlərlə baxır və onun alçaq kortəbii başlanğıclarını, əxlaqsızlığa düçar olmuş forması kimi görürdülər . Kortəbii qüvvələr asılılığında olan zəif bir varlıq kimi o, iqtisadi maraqlarla, şüuraltı şəhvani meyllərlə, qayğılarla hərəkət edən birini andırırdı. O, cinayətkar olsa da, öldürdüyü qadından oğurladığı pulları xəstə bir ailəyə verməsi bu cinayəti yalnış hesab etməyimizə nə qədər haqq qazandırır ki? Bəlkə də, bu düzgün iş idi. Raskolnikov vicdan əzabı çəkməməliydi? Biz artıq onun cinayətini təsdiqləyirik və bunu düzgün əməl hesab etməyə başlayırıq. Çünki eynilə Svidriqaylovun və Müstəntiqin sözləri yada düşür: “Axı, mən də insanam”. Bununla da, insan olaraq günah işləmək adiləşir. Sonya ona İncildəki rəvayətlərdən birini “Lazarın hekayəsi”ni danışır. Hekayədə İsanın yaxın dostlarından olan, Məryəm və Martanin qardaşı Lazar xəstələnmişdir. Lakin o, bu xəbəri Marta və Məryəmdən eşitdikdən sonra Lazar ölür və İsa Lazar öldükdən sonra onun qəbrinin üstünə gedərək “Lazar çıx” deyir. Bununla Lazar dirilir və İsanın hörməti daha da artır. Maraqlısı budur ki, İsa onu xəstə ikən yox, öldükdən sonra ziyarət edərək dirildir. Buradan yalnızca bunu anlamaq olar ki, İsa öz hörmətini artırmaq məqsədi ilə bunu edir. Ona görə də, İsanın əməli emosional soyuqluq, əxlaqi məsələlərə laqeydlik kimi görünən makyavelist xarakter daşıyır .
Makyavelizm narsissizm və psixopatiya ilə birlikdə “qaranlıq üçlü” (ing. The dark triad) modelini əmələ gətirir. Makyavelistlər öz məqsədlərinə çatmaq üçün yalan danışmaq, aldatmaq kimi mənfi hərəkətlərdən çəkinməz, etdikləri hərəkətlər üçün vicdan əzabı duymaz. Onların manipulyasiya qabiliyyətləri yüksəkdir, digər insanları ələ salmağa meyillidirlər. Pyotr Petroviçin qeyd etdiyi kimi “Məsələn, əgər mənə bu vaxta qədər deyirdilərsə "sev", mən də sevirdimsə – bundan nə çıxırdı? Bundan o çıxırdı ki, mən əynimdəki çuxamı iki yerə bölürdüm, onu yaxın bir adamla bölüşürdüm, biz ikimiz də yarıçılpaq qalırdıq, bu bir atalar sözünə oxşayır: "Bir neçə dovşanın dalınca birdən qaçarsan, heç birinə də çatmazsan". Amma elm deyir: hamıdan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulmuşdur. Yalnız öz-özünü sevərsən - onda öz işlərini də yaxşı düzəldərsən, əynindəki çuxan da bütöv qalar. İqtisadi həqiqət əlavə edir, cəmiyyətdə yaxşı qurulmuş xüsusi iş, yəni ki, bütöv çuxa nə qədər çoxsa, həmin cəmiyyətin əsası da möhkəmdir, ümumi iş də o cəmiyyətdə daha çox düzələr. Deməli, mən ancaq və ancaq özüm üçün əldə edirəm, işi də elə aparıram ki, mənə yaxın olan adam da bir neçə daha cırıq çuxa əldə etsin, bunu da xüsusi, şəxsi bir səxavət nəticəsində deyil, ümumi tərəqqi üçün edirəm...”.
Bir qayda olaraq, kişilərin makyavelist olmaq ehtimalları qadınlarınkından yüksəkdir. Romanda da əsas makyavelistlər və narsisistlər kişi obrazları qismində öz əksini tapırdı. Raskolnikovun cinayəti də, müəyyən dərəcədə, narsisist və makyavelist xarakter daşıyırdı. Raskolnikov özünə “sıradan” insan olmağı yaraşdırmadığı üçün qətl törətmişdisə, İsa öz əzəmətini göstərmək naminə Lazarın ölümünə mane olmamışdı. Belə nəticəyə gəlmək olarmı ki, bizim müqəddəsləşdirməyə çalışdıqlarımız, əslində, daxilində idarə edə bilmək iddiası olan və demək olar ki, o iddianı bizim üzərimizdə sınaqdan keçən varlıqlardır. Fikrim cinayətkarı müdafiə etmək və cinayəti düzgün əməl kimi təqdim etmək deyil. Sadəcə, cinayətə səbəb olanı tapmaqdır. Çünki hər bir nəticənin arxasında bir səbəb vardır. Son zamanlarda filmlərdə, kino və teatrlarda bu mövzunun aktuallığını görürük. Bu da müasir tamaşaçını cinayətkarın tərəfindən düşünməyə sövq edir. Biz artıq kiçik cinayətlərin arxasındakı böyük cinayətlərin axtarışına çıxırıq.
Mədəni və savadlı olmaq müasir insanın nə qədər rəzil və nanəcib olduğunu, qazanıb yığarkən nə qədər tamahkar olduğunu, önə atılarkən nə qədər yırtıcı olduğunu gizlətmək üçün səbəbə çevrilib . Bu gün kültür və təhsil təxmini bu vəziyyətdədir. Biz anti-qəhrəmanların, əslində, nə qədər orjinal olduğunu unuduruq bəzən. Ən azından, onlar saxta maskaları və qondarma kültürəl üstünlükləri ilə bizi aldatmırlar. Əslində, problem “kültür” qavramının yanlış başa düşülməsindədir. Kültür deyildikdə, əsasən elmin dəstəklənib artırılması başa düşüldüyü müddətcə, elm əzab çəkən böyük insanın yanından acımasız bir laqeydliklə keçib gedəcək. Eynilə “elmli” (universitet təhsili olan) Raskolnikovun tamahkarlığına görə bir “yırtıcıya” çevrilməsi kimi. Yaxud Harley Queen adlandırılan personajın “təhsilli kriminal psixoloq” olmasına baxmayaraq, öz xəstəsinə qarşı olan hissləri ucbatından “kriminal cinayətkara” çevrilməsi kimi. Demək ki, bütün problemlər “elmli” olmaqla həll olunmur. Maraqlısı budur ki, bu obraz duyğu kasadlığı və solğun şəkildə keçirdiyi həyat tərzindən bezmiş və Jokerə vurulduğunu hiss etdikdə isə həyatına daxil olmuş yeni duyğu ilə artıq dəyişiklik etmək vaxtının yetişdiyi qənaətinə gəlmişdir. Əvvəlki maraqsız və duyğusuz həyatından sonra Jokerlə olan münasibəti bitdikdə belə o, adi həyata qayıtmır. Artıq kriminal cinayətkar olmaq ona daha cazib gəlir, eynilə seyçiyə də. Amma onu bu həyata vadar edən digər səbəb əvvəl yaşadığı həyatın “sürünən heyvanınkından” fərqi olmadığı qənaətidir. Yəni o, sevgisində uğursuzluq qazansa belə əvvəlki həyatına nisbətdə daha “xoşbəxt”dir . Raskolnikova gəlincə isə, o da, elə “canlı” bir həyat yaşamırdı. Çəkdiyi iztirab onun üçün yeni bir hiss idi. Və bu iztirab onun soyuq və yoxsul həyatında fərqli yaşantı idi.
Maraqlı sual yaranır: “Niyə təhsilli olduğu halda gənclər tamahkar və acgözcəsinə şöhrətə can atır?”. Axı, təhsilli insan sadə, anlayışlı, kültürlü və ədəbli olmalıdı. Bizə əzəldən bəri təhsilli dedikdə bu xüsusiyyətləri nümunə gətirməyə çalışıblar böyüklərimiz. Bəlkə də Niçşenin təbirincə desək; “kültürün metafizik mənasına duyulan inanc hər halda son nəticədə bu qədər ürkütücü olmayacaqdır: lakin təhsil-tərbiyə və məktəb sistemimiz üçün bu inancdan çıxarılan bir çox qənaətlər bəlkə də ürkütücü görünə bilər”. İndiki sistemin tələbəni və ya şagirdi “zorakı şəkildə alimə çevirməyə” çalışmasından çətin nə olar bilər, axı? Onun qulağına pıçıldayır: “Məni izləyin, oraya getməyin! Çünki orada daha üstün xarakterlərin, daha yüksək naturaların sadəcə alətləri olaraq kölgədə qalacaqsınız, orada öz xidmətinizdə əsla məmnun qala bilməzsiniz, kölələr və hətta avtomatlar kimi iplərə bağlanıb zəncirlərə vurulacaqsınız: Burada mənim yanımda isə əfəndilər kimi öz şəxsiyyətinizdən həzz ala bilərsiniz... böyük bir məiyyət ətrafınızda fırlana bilər və ictimaiyyətin alqışı sizi dühanın o soyuq efir yüksəkliyindən... əlbəttə ki, daha artıq sevindirəcəkdir” (Nitşe “Şopenhauer tərbiyəçi kimi” kitabından).
Mədəniyyətin ən önəmli xüsusiyyəti kitabları deyil, insanları tanımaq istəyən, hökümətə deyil, həqiqətə sayğı duymaq istəyən bir gənc yetişdirməkdir. Xarakterin müstəqil və azadə mərdanəliyi, erkən yaşda insanları tanımaq, elm üçün yetişdirilməmək, patriotizm məhdudluğunda sıxışıb qalmamaq, çörəyini qazanmaq ehtiyacı altında əzilməmək - bir sözlə, azadlıq və daima azadlıq! Yunan filosoflarının yetişdiyi mühit belə idi. “Şəxsiyyət bioloji və ya psixoloji kateqoriya deyil, etik və mənəvi kateqoriyadır. O ruhla eyniləşdirilə bilməz” (N.Berdyayev “İnsanin köləliyi və azadlığı haqqında”).
Yaşadığımız dövrə baxdıqda yalnızca zamanla yarışmağa çalışan, tamahkarcasına qazanc güdən, şöhrətpərəstlikdən öləcək qədər eqoist insan mühitindən yüksək nələrisə gözləmək samanlıqda iynə axtarmaq kimi bir şeydir. Bu cür azadlıq və yalnızlıq ucbatından insan dərhal məhv olar, axmaqlaşar və can sıxıntısından pis niyyətli bir gicbəcəsərə çevrilə bilər.
Müəllifin digər yazıları
Dairələrə gündəlik həyatımızda tez-tez rast gəlirik. Biz bu elementar formaların uzaq planetlərdə və ulduzlarda şahidi ola bilərik; kurqanlar, kraterlər və kiçik göllər kimi torpaq birləşmələrində; ağac və bitki gövdələrin...
Kimyəvi reaksiyadakı sürəti artıran və işini bitirdikdən sonra heç bir dəyişikliyə məruz qalmayan maddələrə “katalizator” adı verilir. Maddə terminini bir kənara qoysaq, bu proses bizə çox tanışdır. “İşini bitirdi...
Festival nədir? Azərbaycan dilli elektron resurslar deyir ki, festival [fr. festival – bayram] incəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayramdır. Bəs, onda niyə bayram yox, festival deyirik? Məncə, festival bir ...
Atalar sözüdür yaxşı qulaq as,
Aslanın erkəyi, dişisi olmaz!...
İnsanın özünü axtarması, bir dəfə baş vermiş hadisə kimi yox, hər zaman sonsuz və davamlı olan dinamik hərəkət kimi görünür. ...
E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda üç-dörd dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəl...
Qəhrəman deyəndə ilkin olaraq ağlımıza fədakar, cəsur, estetik cəhətdən görkəmli, real həyatda gördüyümüz insanlara bənzəməyən, yaşadığı mühiti dəyişə biləcək gücə qadir bir obraz canlanır. Bu tip obrazlar &cc...
İnsan bu dünyaya əcdadının günahını yumağa gəlir.
Artur Şopenhauer
Tanrı insanı yaratdı, yoxsa insan Tanrını? Qədimdən bəri bir çox filosofları düşündürən və mübahisələrə səbəb olan suallardan biridir və fərql...
Əgər teatr sənətiylə tanışsınızsa, çox güman ki, komediya və faciənin ikonik maskaları ilə tanışsınız. Onların haradan gəldiyini bilirsinizmi? Ədəbiyyatda, teatrda və mahnıda ziddiyyətli mövzuların simvolu olan bu maskalar iki Yunan ...
Hər bir aktyorun öz yaradıcılıq yolu var və bu yolda hər aktyor özünəməxsus cığır açır. Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji aktyor məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi və faciə rolları...
Semuel Bekketin “Qodonun intizarında” pyesini Erik Bentlinin dili ilə anti-pyes adlandırmaq olar. Bu pyesə “absurd dramı” da deyirlər. “Qodonun intizarında” pyesi XX əsrin II yarısında yazılmış ən orjinal dramatik ...