Festival nədir? Azərbaycan dilli elektron resurslar deyir ki, festival [fr. festival – bayram] incəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayramdır. Bəs, onda niyə bayram yox, festival deyirik? Məncə, festival bir xalqın, ölkənin, coğrafiyanın “bayramıdır”. Bayram isə özü-özlüyündə geniş anlayışdır. Çünki, “bayram” eyni dinə, dilə, etnik qrupa, milliyyətə mənsub olanların bayramıdır. Festival isə maqnit kimidir, bir sıra ölkələri özünə çəkir, öz daxilində “yarışmağa”, birləşməyə səsləyir. Bayram tolerant deyil, çox zaman “separatçıdır” çünki, dinə, adət-ənənəyə, düşüncəyə, mədəniyyətə kip bağlıdır. Bayram monotondur, festival isə polifonikdir...
Festivalları keçirməkdə məqsəd nədir?..
Festivallar bütün dünyada keçirilir. Əksər hallarda festival mədəniyyət prosesinin triqqeri kimi qavranılır. Almaniyada ”Oktoberfest”, Hindistanda “Holi Fest”, Meksikada “Ölülər günü”, Taylandda “SonKran”, Rusiyada “Ağ gecələrin ulduzları”, ABŞ-də “Burning man” kimi festivalları misal çəkmək olar. Ümumiyyətlə, festivallar həm mövsümi, həm də dini xarakter daşıya bilir. Son zamanlarda isə, demək olar ki, dini festivallar da öz mahiyyətini itirib və mövsümi olaraq qeyd olunur... Gəlin, dünyanı bir kənara qoyaq... Öz ölkəmiz, hətta öz ölkəmizin daxilində olan bizim (tələbələr) üçün böyük, dünya üçün kiçik görünən ADMİU-nun “Pillə 2 Tələbə Tamaşaları” festivalından danışaq...
Festival haqqında olan qeydlərimə professor Aydın Talıbzadənin fikri ilə başlamaq istərdim. “Festival teatr həyatının törənidir, teatr həyatının sevgisidir və teatr həyatının kəpənəyidir...”. Festivallar da eynilə kəpənək kimi qısa bir ömür yaşayır, amma buna baxmayaraq uzun müddət yaddaşlarda qalır. Eynilə festivalın tamaşalarından olan Rey Bredberinin (Ray Bradbury) “...Və ildırım çaxdı” tamaşasındakı kimi. “...Və ildırım çaxdı” tamaşası kiçik bir “kəpənəy”in nələrə qadir ola biləcəyini bizə göstərdi. Tamaşanın ideya müstəvisi Edvard N. Lorensin (Edward N. Lorenz) “Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər” mülahizəsindən yaranmışdır. “Kəpənək effekti” nəzəriyyəsi tamaşanın əsas ideyasını təşkil edir. Tamaşanın “günahkar” obrazı Eckels kiçik bir kəpənəyi öldürməklə fərqli dövrlərdə yaşamış İskəndər, Napaleon, Hitler və digər tiranlardan daha böyük cinayət işləmiş olur. Sadəcə, kiçik bir “kəpənəy”in ölümü onu bəşər tarixinin əzəli qatillərindən birinə çevirir. Yaratdığı fəlakətin nəticəsində qorxuya düşür. Bu qorxu dünyanı uçquna sürükləyən biri üçün kifayət qədər tragik idi. Amma uçqun kimin üçün son, kimin üçün isə başlanğıcdır.
Eynilə Tüncər Cücənoğlunun “Uçqun”unda olduğu kimi. Tamaşanın topluma verdiyi mesaj belədir: “Susma, danış! Çünki susmaq əlac gətirməz”. Amma tamaşanın sonunda gənc adam əlinə tüfəngi alıb hədə-qorxu gələnə kimi su dolur və uşağın çığırtısının heç bir təsirinin olmadığı əsaslandırılmış olur. Bununla da tamaşanın sonu yarımçıq qalır və əsas problem həll olunmur. Burada qorxunun yaratdığı “cəsarət” bütün kənd camaatı üçün örnək olur. Qorxu hər zaman cəsarət yaratmır. Bəzən qorxu insan üçün faciədir. “Qorxaq insan” isə, ümumiyyətlə, cəmiyyət üçün təhlükədir...
Elçinin “Cəhənnəm sakinləri” qorxuları ucbatından öz “mən”lərini itirmişdilər. Yenidən doğulmaq, yenidən yaşamaq, yeni ilə günahsız girmək arzusunda idilər. Çünki onlar, başdan-ayağa günaha batmış “cəhənnəm sakinləri”- Adəm və Həvvanın yerdəki siluetləri idilər. 1937-ci ildən çıxmaq və 1938-ə keçid etmək... Amma onların daxilindəki “qaranlıq” “işıqlı” ilə keçid etməyə imkan vermirdi. Azad deyildilər, öz xəbislikləri ucbatından onların dünyası – cəhənnəmi qaranlıq idi. Onlar qorxuya düşəndə, “Qonağ”ın kim olduğunu tapmağa çalışdıqda dəliyə çevrilirlər. Bu dəlilik onlara tanrı tərəfindən verilmiş cəzanın başlanğıcı idi. Tanrını xatırlayırlar (baxmayaraq ki, “kommunist” idilər), qatil olurlar (baxmayaraq ki, “günahsız” idilər), iblisə çevrilirlər (baxmayaraq ki, “cənnəti” arzulayırdılar).
Totalitar sistemin insanları günahkara çevirdiyini gördük. Bəs, biz hansı siyasi sistemdən danışırıq? Bu sistem S.Mrojekin pyesi əsasında hazırlanmış “Karol” tamaşasında “Biz haqlıyıq, çünki sayımız daha çoxdur” sitatına bənzəyir; “Baxın, siz savadlsınız, nə olsun ki, biz sizdən qorxuruq? Xeyr, siz bizdən qorxursunuz ...”. Qorxu insanın daxilində əbədi olaraq məskunlaşan qonaqdır. Yəqin qorxuların ən böyüyü itirmək qorxusudur. İnsan daim öz həyatını, sağlamlığını, ağlını, gücünü, pulunu və s. itirməkdən qorxur. Buna görə də qorxunun mövcudluğu insanın əl-ayağını bağlayır. Onu azadlıqdan məhrum edir. “Bu kontekstdə şeytan xislətdir, tanrı – tərbiyə. Xislət azadlığı sifariş eləyir, tərbiyə çərçivəni, çərçivə hüdudlarını qapadan yasağı” (A.Talıbzadə “Janriçi mutasiyalar” səh. 96).
İnsan daim öz xisləti ucbatından qurbana, yaxud günahkara çevrilir. Daha sonra isə özünə və ətrafına qarşı yadlaşır. A.Kamyunun “Yad” əsərinin qəhrəmanı Merso sayağı. Merso öz “mən”indən ayrılaraq saxta bir “mən” yaratmışdı. Ya da həqiqi bir mən, kim bilir?! Bəlkə də bütün insanlar “yad”dır, sadəcə, hamı peşəkarcasına commedia dell’ arte maskaları kimi maskalanıb. Bu maska onun daxilindəki xisləti gizlədir. Mersonun əksi olan Raymond isə hər şeyə hədsiz dərəcədə reaksiya bildirir. Bu, tamaşada tarazlıq yaradır. Daha sonra bu yadlaşma insanı ölü bir ruha çevirir.
Eynilə C.Məmmədquluzadənin “Ölülər”i kimi. “Vallah, dünyanın işlərinə məəttəl qalmışam. Ölülər rahat idi. Əsl dirilməli olanlar “yaşayanlar” idi”. Tamaşada pedofil Şeyx Nəsrullahdan və bu xəstəyə tabe olan “zehni xəstə”lərdən söhbət gedir. Bu insanlar üçün öz övladlarını, “ölüləri diriltmək” üçün öldürmək nə qədər də acınacaqlıdır. Əlində olanın qiymətini bilməmək və daha artığına tamah salmaq. “Kainat hər şeyin çürüdüyü məzardır” (G.Büxner “Dantonun ölümü”). Bu cəhətdən məzarlıqda ölülərin mövcudluğunu danmamaq gərək...
B.Nuşiçin “Nazirin xanımı”nın “xanım-xatın” Jivkası qazandığı gücü itirməmək üçün nəyə desən, hazırdır. Şöhrət və ad onu fərqli bir qadına çevirir. Ya da o vaxta qədər içində gizlətdiyi xəbis xüsusiyyətləri aşkara çıxarır. İnsanın güclü olmaq, idarə etmək, kobud da səslənsə, “Tanrı olmaq” arzusu onu günaha doğru sürükləyir. Nə olursa olsun, bu qadın üçün “Nazirin xanımı” olmaq yolunda hər şey mübahdır...
Beləliklə, ümumi tamaşalara nəzər salmalı olsaq, əslində, bütün sirrin kiçik bir kəpənək qanadında gizli olduğunu anlamış oluruq. Qəribə səslənsə də, festivalın ümumi və gizli bir mesajı vardı. O bu mesajı tamaşaların ideya qatında gizlədirdi. Sadəcə olaraq, bizim öhdəmizə düşən bu mesajları düzgün oxuya bilmək idi. Baxmayaraq ki, bəzən bu mesajlarda yanlışlıqlar vardı, onlar bəşəri ideyaların ilkin tumurcuqlarını öz bətnlərində daşıyırdılar. Məncə, insanın daxilindəki “Kor qüvvə” ( A.Şopenhauer deyimi ilə) onu vadar edir ki, daim günah işləsin. Axı, günah anlayışını da insan yaradıb. B.Spinozanın dediyi kimi, “onda Tanrı hər kəsdə vardır, əzizim...” Bu insanın “günah” olması düşüncəsini yalanlayır...
İnsan alidir, sakraldır, mübarəkdir, bütün günahlarına, səhvlərinə, rəğmən. Bəşəriyyət xirtdəyə qədər çirkaba bulaşsa da, müharibələr, siyasi kataklizmlər, xəstəliklər, qlobal fırıldaqlar, total nəzarət girdabında boğulsa da, insan qəbinin dərinliklərində olan işıq öləzisə də, sönmür və bəlkə də bütün qalaktikanın mövcudluğu bu işığa bənddir. Eynən festivalın bağlanış mərasimində qaliblərin gözlərindəki sevinc işığı kimi.
* Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 2 Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə" müsabiqəsi çərçivəsində çap olunur
Müəllifin digər yazıları
Dairələrə gündəlik həyatımızda tez-tez rast gəlirik. Biz bu elementar formaların uzaq planetlərdə və ulduzlarda şahidi ola bilərik; kurqanlar, kraterlər və kiçik göllər kimi torpaq birləşmələrində; ağac və bitki gövdələrin...
Kimyəvi reaksiyadakı sürəti artıran və işini bitirdikdən sonra heç bir dəyişikliyə məruz qalmayan maddələrə “katalizator” adı verilir. Maddə terminini bir kənara qoysaq, bu proses bizə çox tanışdır. “İşini bitirdi...
Festival nədir? Azərbaycan dilli elektron resurslar deyir ki, festival [fr. festival – bayram] incəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayramdır. Bəs, onda niyə bayram yox, festival deyirik? Məncə, festival bir ...
Atalar sözüdür yaxşı qulaq as,
Aslanın erkəyi, dişisi olmaz!...
İnsanın özünü axtarması, bir dəfə baş vermiş hadisə kimi yox, hər zaman sonsuz və davamlı olan dinamik hərəkət kimi görünür. ...
E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda üç-dörd dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəl...
Qəhrəman deyəndə ilkin olaraq ağlımıza fədakar, cəsur, estetik cəhətdən görkəmli, real həyatda gördüyümüz insanlara bənzəməyən, yaşadığı mühiti dəyişə biləcək gücə qadir bir obraz canlanır. Bu tip obrazlar &cc...
İnsan bu dünyaya əcdadının günahını yumağa gəlir.
Artur Şopenhauer
Tanrı insanı yaratdı, yoxsa insan Tanrını? Qədimdən bəri bir çox filosofları düşündürən və mübahisələrə səbəb olan suallardan biridir və fərql...
Əgər teatr sənətiylə tanışsınızsa, çox güman ki, komediya və faciənin ikonik maskaları ilə tanışsınız. Onların haradan gəldiyini bilirsinizmi? Ədəbiyyatda, teatrda və mahnıda ziddiyyətli mövzuların simvolu olan bu maskalar iki Yunan ...
Hər bir aktyorun öz yaradıcılıq yolu var və bu yolda hər aktyor özünəməxsus cığır açır. Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji aktyor məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi və faciə rolları...
Semuel Bekketin “Qodonun intizarında” pyesini Erik Bentlinin dili ilə anti-pyes adlandırmaq olar. Bu pyesə “absurd dramı” da deyirlər. “Qodonun intizarında” pyesi XX əsrin II yarısında yazılmış ən orjinal dramatik ...