Gözəlliklər məskəni Qaxda bir məkan var. Burada həmişə uşaq səsləri, alqış sədaları eşidilir. Bura ayaq basan balacalar özlərini sehrli aləmdə hiss edirlər. Həmin anda cocuqların gözlərindəki sevinci görmək necə də xoşdur.
50 il öncə...
Qapıları daim uşaqların üzünə açıq, onları nağıllar aləminə dəvət edən bu məkanın adı Qax Dövlət Kukla Teatrıdır. Əlli ildir ki, bu teatr təkcə Qaxda deyil, bölgədə yaşayan balacaların, məktəb yaşlı tamaşaçıların təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır, onlarda incəsənətin bu vacib və maraqlı növü barədə ilkin təəssürat yaradır.
Qax Dövlət Kukla Teatrı bu əlli ildə uzun və mürəkkəb bir yol keçib. 1971-ci ildə rayon sakini İsako Zeynalaşvili həvəskar gəncləri ətrafına toplayaraq dərnək yaradır. Rayon mədəniyyət evində fəaliyyət göstərən dərnəyin səs-sorağı tezliklə Bakıya gedib çıxır və cəmi beş il sonra bu kollektivə Xalq Teatrı statusu verilir.
1992-ci il bu sənət ocağının tarixində mühüm hadisə baş verir-dövlət statusu alan kollektiv Qax Dövlət Kukla Teatrı adlandırılır. 1997-ci ildə teatr ilk xarici qastroluna gedir- qonşu Gürcüstan tamaşaçıları qarşısında çıxış etmək imkanı qazanır. 2003-cü ildə Bakıda keçirilən uşaq tamaşaları festivalında Qax Dövlət Kukla Teatrı da uğurla iştirak edir və diploma layiq görülür. 2005-ci il kollektivin tarixində əlamətdar bir hadisə ilə yadda qalır, həmin il Milli Teatr Günü ərəfəsində Azərbaycan Teatr Xadimləri İttifaqının elan etdiyi qaliblər sırasında bu fədakar kollektivin də adı çəkilir və Qax Dövlət Kukla Teatrı “Qızıl Dərviş” mükafatını qazanır. Həmin il teatr doğma Qaxa daha bir mükafatla qayıdır. Qardaş Türkiyənin İzmir şəhərində keçirilən VII Uluslararası Kukla və Kölgə Oyunları Festivalında ölkəmizi layiqincə təmsil etməyi bacarır və bu nüfuzlu sənət yarışmasının “Qran-Pri”sni qazanır. 2009-cu ildə kollektiv Estoniyanın Villandi şəhərində düzənlənən festivala, növbəti ildə isə Tallində keçirilən “Teatr çamadanda” festivalına dəvət olunur və hər iki ölkədən Vətənə diplomla dönür.
2010-cu ildə Mədəniyyət Nazirliyinin təşkil etdiyi II Respublika Kukla Teatrları Həftəsinin Qaxda keçirilməsində də məhz bu kollektivin son illərdəki uğurları mühüm rol oynayır. Qaxdakı kuklaçılar 2014-16-cı illər araqlığında Rusiya Federasiyasının Həştərxan və Ukraynanın İvano-Frankovsk vilayətlərində keçirilən festivallara da qatılmağa imkan tapıb. Ölkəmizdəki kukla teatrları arasında öz yeri olan Qax Dövlət Kukla Teatrı bu əlli il ərzində 150 tamaşa hazırlayaraq balaca teatrsevərlərə təqdim edib ki, bunun da 80-dən çoxu məhz rəsmi dövlət statusu alandan sonra ərsəyə gəlib. Teatrın uzun illik uğurlu fəaliyyəti diqqətdən kənarda qalmayıb, kollektivin iki üzvünə Əməkdar mədəniyyət işçisi, bir üzvünə isə Əməkdar artist fəxri adları verilib. Əməkdaşlardan bir neçəsi Mədəniyyət Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.
Bir neçə il sonra...
Uşaqların sevimli məkanına çevrilən əlli yaşlı bu sənət ocağının tarixində yeni bir mərhələ başlayır. Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Seymur Vəliyev Qax Dövlət Kukla Teatrının direktoru təyin edilib. İncəsənət aləmində yaxşı tanınan Seymur Vəliyev kollektivin fəaliyyətində ciddi dönüş yaratmaq fikrindədir. Yeni direktorun planları barədə bir az sonra...
Qax Dövlət Kukla Teatrı bu günlərdə 2021-20220-ci teatr mövsümünə yekun vurdu. Bu münasibətlə balaca tamaşaçılara, rayon ictimaiyyətinə üç tamaşa təqdim olundu. Bununla bağlı təşkil edilən mərasimdə əvvəlcə mövsüm ərzində fərqlənən iki əməkdaşa- Araz Mehrablı və Nicat Abuzərliyə xüsusi mükafatlar verildi. Sonra “Çirkin ördək balası” tamaşasına ictimai baxış keçirildi. Dünya şöhrətli uşaq yazıçısı Hans Xristian Andersenin məşhur əsəri əsasında hazırlanan tamaşaya kollektivin təcrübəli üzvü Rahib Məmmədov quruluş verib. Tamaşada rolları Afət Yaqubova, Məlahət Məmmədova, Azər Kərimov, Elnarə Razıyeva, Aynurə Abbasova, Cəbrayıl Quluşov ifa edirlər. İctimai baxışdan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Şəki Regional Təhsil İdarəsinin rəis müavini Günay Mahmudova, Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmail Paşayev, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlı, “Mədəniyyət-Culture” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva çıxış edərək tamaşa barədə fikir və mülahizələrini bildirdilər. Xatırladaq ki, “Çirkin ördək balası” tamaşasının premyerası yeni teatr mövsümünün əvvəlində oynanılacaq. Quruluşçu rejissor Rahib Məmmədov və yaradıcı heyətin üzvləri ictimai baxışda qeyd olunan iradların tamaşasının premyerasına qədər aradan qaldırılacağını bildirdilər.
Sonra Qax Dövlət Kukla Teatrının repertuarındakı “Tülkünün uçuşu” tamaşası təqdim edildi. Abdulla Şaiqin məşhur “Tülkü Həccə gedir” əsərinin motivləri əsasında dramaturq Rəhman Əlizadənin yazdığı “Tülkünün uçuşu” tamaşasına teatrın aktyoru Araz Mehrablı quruluş verib. Quruluşçu rəssam Günel Babayeva, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir. Balacalar üçün çox böyük tərbiyəvi əhəmiyyətə malik səhnə əsərində kukla tamaşalarının müxtəlif elementlərindən uğurla istifadə edilib. Tamaşaçıların dəfələrlə alqışladığı kuklaçılar Azər Kərimovun, Araz Mehrablının, Afət Yaqubovanın, Maia Zeynaslaşvilinin, Cəbrayıl Quluşovun, Məlahət Məmmədovanın oyununu xüsusi qeyd etmək olar.
Qax Dövlət Kukla Teatrı mövsümə dahi Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanan eyni adlı pantomim tamaşa ilə yekun vurdu. Səhnə əsərinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov quruluş verib, quruluşçu rəssam Mayis Abdullayevdir. Tamaşada rolları İlmar Abdullayev, Afət Yaqubova, Araz Mehrablı, Azər Kərimov, Aynurə Abbasova və Elnarə Razıyeva oynayırlar. Uşaqları xeyirxahlığa, dürüstlüyə səsləyən bu tamaşa böyük maraqla qarşılandı.
Füsunkar bölgələrimizdən birində fəaliyyət göstərən bu kollektivlə, onun istedadlı və fədakar əməkdaşları ilə tanışlıqdan və “Tülkünün uçuşu”, eləcə də “Xeyir və Şər” tamaşalarını canlı izlədikdən sonra tam cəsarətlə demək olar ki, Qax Dövlət Kukla Teatrı öz repertuarına daha mürəkkəb əsərlər daxil edə bilər. Adıçəkilən bu iki səhnə əsəri ilə xarici teatr festivalında uğur qazanmaq mümkün və real arzudur. Araz Mehrablı və Afət Yaqubova kimi istedadlı kuklaçılarla tanışlıq isə əsl tapıntı oldu.
Qax Dövlət Kukla Teatrına yeni direktor təyin edilən Seymur Vəliyev də kollektivin yaradıcı və texniki heyətinin gücündən, sənətə olan sevgisindən doğru-düzgün istifadə edərək maraqlı layihələr həyata keçirmək fikrindədir. Direktor təkcə Qaxın və bölgənin deyil, ölkənin teatral həyatında mühüm rol oynaya bilən, beynəlxalq festivallarda yenidən öz sözünü deməyi bacaran, texniki imkanları müasir tələblərə cavab verən bir sənət ocağı formalaşdırmaq istəyindədir. Seymur Vəliyev deyir ki, Mədəniyyət Nazirliyinin, yerli icra orqanının dəstəyi ilə yaxın bir neçə ildə bu planları həyata keçirmək olar.
Hər tamaşadan sonra cocuqların gözlərindəki sevinc diqqətimizdən yayınmadı. Təkcə bu sevinc hissini yaşatmaq üçün fədakarlıq etməyə dəyər...
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...