TEATRO

TEATRO

sənət portalı

post-title

Emin Əliyev - Tadeuş Kantor

Sosializm realizminə qarşı çıxan rejissor günlərin bir günü özünü zamanının məşhur və dahi rejissorlarından birinə çevrildiyini gördü. Bu, həmin rejissor idi ki, 20-ci əsrin ortalarında Polşada teatr dərnəkləri qurur, sərgilər keçirir, ətrafına dövrünün ziyalılarını təkidlə yığaraq fərqli bir teatr yaratmağa çalışırdı.

Məşhur "KRİKOT 2" teatrının yaradıcısı, rəssam, səhnə dizayneri, yazıçı, nəzəriyyəçi və Xarkov Rəssamlıq Akademiyasının professoru Tadeuş (Tadeusz) Kantor 1915-ci ildə Polşanın Vielopole bölgəsində gözünü dünyaya açıb. Uşaqlığı birinci dünya müharibəsi illərinə təsadüf edən rejissorun atası bu müharibədə iştirak edib və onun sonrakı tamaşalarında ata fiqurunun özəlləşməsinə səbəb olub.

Yaradıcılığı əsasən iki dövrə: Müharibə və Post-müharibə dövrünə bölünür. Kantor 1934-cü ildən 1939-cu ilə kimi Xarkov Rəssamlıq Akademiyasında səhnə dizayneri (səhnəqrafiya da deyilir) və rəssamlıq təhsili alır. Burada oxuduğu müddətdə teatr fəaliyyətinə də başlayır və 1937-ci ildə akademiyada kukla teatrı təşkil edir. Tələbə yoldaşları ilə Moris Meterlinkin "Tintajilin ölümü" pyesini səhnələşdirir. Universiteti bitirdikdən sonra Kantor Xarkovda rəssam kimi işləyir və eyni zamanda ilk ciddi işlərini sərgiləyir.

Bu illərdə o konstruktivizm, dadaizm və informel art-dan təsirlənir, nəticədə ikinci dünya müharibəsi dövründə müstəqil zirzəmi teatrını yaradır. 1942-1944-cü illərdə nasist işğalları dövründə rəhbərlik etdiyi teatrda J.Koktonun - Orfey; Y.Slovaçkinin "Balladina"; S.Vispianskinin "Odisseyin dönüşü" əsərlərinə quruluş verir. Həmçinin "Gənc rəssamlar qrupu"-nu da yaradır.

Müharibədən dərhal sonra o Xarkovda "Köhnə Teatr"-da işləməyə başlayır. Polşa avanqardçı rəssamı Andrey Pronaszka ilə birlikdə "Odisseyin dönüşü" əsərinin ikinci hissəsini qurmağı planlaşdırır. Üstündən müəyyən zaman ötdükdən sonra Rotunda Akademik Teatrında Y.Çexoviçin "Yararlı və yararsız - Tramvayda misteriya tamaşası" pyesinə quruluş verir. Həmçinin bir çox teatrlarla da səhnə dizayneri kimi əməkdaşlıq edir.

1945-1946-cı illərdə yaratdığı rəssamlar qrupu ilə iki sərgi təşkil edir. 1947-ci ildə altı ay Parisdə yaşayır. Qayıtdıqdan sonra Mədəniyyət və İncəsənət nazirliyindən Kantora xüsusi təqaüd ayrılır və eyni zamanda Xarkov Rəssamlıq Akademiyasında müəllim kimi işləməyə başlayır. Müharibədən sonrakı ilk fərdi sərgisini - müasir rəssamlıq sərgisini Polşada keçirir.

Və günlərin bir günü həyatının dönüş nöqtəsi sayılacaq hadisələr baş verir. Nazirlik sosializm realizminin təbliğinə başladığı andaca Kantor rəssamlıq və rejissorluq karyerasına ara vermək fikrinə düşür. Tənqidi mövqeyinə görə akademiyadakı vəzifəsini itirir. Qayıdır "Köhnə Teatr" və "Yuliya Slovaçki" teatrlarında səhnəqrafiya ilə məşğul olmağa. Həmçinin bir çox tamaşaların geyim dizaynını verir. Sonralar Kantor müsahibələrinin birində demişdi: "Mən bir neçə il səhnə dizayneri işlədim lakin, bu yalnız ehtiyacımı, yaşayışımı təmin etmək üçün idi. Mən özümə qarşı ədalətli davranmağa çalışırdım. Əgər başqa yollarla pul qazanmağa çalışsaydım buna qurşanar və daha yaxşısına doğru can atardım. Amma ümumən səhnəqrafiyaya qarşı idim".

1955-ci il Kantor üçün bir neçə səbəblərə görə önəmli il sayılır. Belə ki, həmin il o öz teatrını yaratmaq üçün bir qrup nəzəriyyəçi, tənqidçi və sənət adamını öz ətrafına toplayır. Və nəticə - "Krikot 2" teatrı yaranır.

 

Krikot 2 dövrü

"Krikot 2" polyak dilindən tərsinə oxunduqda "Bu bir sirkdir" mənasını verir. Teatrın ilk premyerası S.İ.Vitkeviçin "Mürəkkəb balığı" əsərinin tamaşası olur. Bu tamaşaya Kantorun gələcək teatr tərzini müəyyənləşdirən bir çox elementlər də daxil idi: Səssiz filmlərə xas mühit, aktyorların müqəvva kimi hərəkəti, susqun ifa.

Kantorun bu "ambalaj", yəni, "qutulaşdırma" dövrü İnformel teatrında da davam edir. Belə avtomatik oyun tamamilə improvizə və hərəkətə güvənirdi. İnformel teatrının aktyorları Vitkasinin (S.Vitkeviç) "Kənd evi" tamaşasında öz fərdi keyfiyyətlərini bütünlüklə itirmişdilər. Onlar əşya kimi oynayırdılar.

Lakin, İnformel teatrı Kantoru tam qane etmirdi. Forma daxili mənaya yetərincə uyğunlaşmırdı  və düzəldiləsi çox məqam var idi. Buna görə də Kantor İnformeli Zero teatrına dəyişdi. Burada 1963-cü ildə tamaşaya qoyduğu "Dəli və rahibə" (S.Vitkeviç) onun ideyalarını daha dolğun reallaşdırdı.

Kantor və onun "Ölüm Teatrı" konsepti

Kantorun tamaşaları heç bir pyesin, ssenarinin əsasında qurulmurdu. Onun tamaşaları xatirələrindən, yaşadığı əzablardan, şüuraltına yerləşmiş tablolardan qurulurdu. Demək olar ki, əksər tamaşalarında səhnənin bir kənarında durub tamaşanı izləyir, yeri gələrsə müdaxilə edirdi. Tamaşalarının bir çoxunda müqəvvalardan istifadə edir və bu müqəvvalar ona ideyalarını daha mükəmməl ifadə etməsinə yardımçı olurdu. Kantor bununla insan ölümünü, müharibənin gətirdiyi dəhşətləri daha qabarıq şəkildə göstərirdi.

"Ölü Sinif"

"Ölü Sinif" insanın uşaqlığına və keçmişinə geri dönməyin qeyri-mümkünlüyündən bəhs edən hekayədir. Bu tamaşa dünyanın bir çox ölkələrində 1500 dəfədən çox nümayiş etdirilmiş və 1976-cı ildə "Newsweek" jurnalı tərəfindən dünyanın ən yaxşı tamaşası hesab edilmişdir.

"Ölü Sinif"in premyerası Polşada Kristofor qalereyasında 1975-ci il noyabrın 15-də baş tutdu. Bundan öncə isə sentyabrda BTA (Beynəlxalq Tənqidçilər Assosiasiyası) üzvlərinə tamaşadan fraqmentlər göstərilmişdi.

S.Vitkeviçin "Nadobnisie i koczkodany" əsərinin tamaşasından öncə Kantor planlaşdırılmış şəkildə tamaşanı "qapalı" keçirir. ""Ölü Sinif" qapalı iş idi. Çünki, açıq teatr dövrü artıq keçmişdə qalmışdı" - deyirdi Kantor.

O, 1978-ci ildə Teresa Betkovska ilə söhbətində deyir: "Mən həmişə işin qapalı olduqda daha cazibəli göründüyünə inanmışam. Qapalılıq tamaşaçını səhnəyə fokuslanmağa, onları özlərini böyük bir piramidanın kölgəsindəki kimi hiss etməyə məcbur edir. Buna metafizik təsir demək düzgün olmazdı. Belə demək olarsa, bu piramida konkret şüalar yayır".

Onun bir neçə işi, özəlliklə "Ölü Sinif" qapalı iş idi. Kantor bu qapalılığı oyun üçün ayrılmış yeri - səhnəni bağlamaqla izah edirdi: O, səhnəni tamaşaçılardan iplə ayırır, taxta künclüklər düzəldirdi. Aktyorlarla birgə səhnədə dururdu. Köhnə, taxta məktəb partaları onun teatrının ən mühüm detallarından biri idi.

Kantor müqəvvalar üçün tamaşada vacib rol təyin etmişdi, bu məqam onun "Krikot 2" teatrından daha öncə də  vardı: "Çəkməçi" və "Balladina" tamaşalarında. Lakin, "Ölü Sinif"dəki bu insanabənzər müqəvva aktyorlar tamaşaçılarda əsl şoka səbəb olmuşdu. Müqəvvalar mum muzeyindəki heykəlləri xatırladırdılar. Qordon Kreqin "Übermarionet" konsepsiyasına istinad edən Kantor bunu "ölüm mesajı" kimi izah edirdi.

Yan Klossoviç yazır: "Tamaşanın tərkib hissələrini nəzərə alsaq, müqəvvalar aktyor və əşya arasındakı bir sərhəddə dururlar. Bu insanabənzər fiqurlar əşya idi, lakin onlar aktyor kimi görünürdülər. Hansısa mebel parçası və ya bir qurğudan daha fərqli təəssürat yaradırdı. Müqəvvalar teatrın metafizik tərəfini açırdı".

Kantorun öz təxəyyülünün məhsulu olan tamaşada hadisələr belə cərəyan edir: Əsərdəki əsas personajlar olan qoca kişilər uzun zaman sonra bel çantaları və onların uşaqlıq çağlarını simvolizə edən müqəvvalarla öz sinif partalarına geri dönürlər. Aktyorların səhnəyə möhtəşəm girişi Fransua Valtzın zəhlətökən, daimi təkrarlanan musiqisi ilə müşayiət olunur. Dərs yaşlı şagirdlərin üzünü büzməsi, bağırtısı və bir-birinə təzyiqi ilə başlanır. Əsərdə Vitkeviçin "Tumor Mozqoviç" pyesindən, dünya müharibəsindən səhnələr də vardır.

Ziqmund Qren 1977-də bu barədə yazırdı: "Tamaşada Kantor son müharibədə Polşa ərazisində yəhudilərin kütləvi qırğınlarını da göstərmişdir. Oda atılan müqəvvalar bir xalqın məhvini gözlər önünə gətirir. Metal bir top da uşağın çığırtısı gələn beşikdə ritmik şəkildə yellənirdi".

Tarixi problemlərdən savayı bu tamaşa bir insanın keçmişinə dönməsinin qeyri-mümkünlüyünü göstərir və bəlkə də bu səbəbdən dünya izləyiciləri bu tamaşanı güclü, təsirli sayırlar.

"Vielopol! Vielopol!"

1979-un payızında Tadeuş Kantor Florensiyadan tamaşa hazırlamaq üçün dəvət alır. Yenə də Kristofor qalereyasında məşqlər başlanır, Florensiyada isə bu məşqlər keçmiş kostyolda (kilsə) davam etdirilir. Premyera 23 iyun 1980-ci ildə baş tutur. Kantor tamaşanın afişasına doğulduğu Vielopol şəhərindəki kostyolun 20-ci əsrin əvvəllərində çəkilmiş ağ-qara şəklini vurur.

Bu kilsə onun həyatında mühüm əhəmiyyət daşıyırdı. Lakin, tamaşada daha mühüm məqamlar var idi. Onun atası Marian Kantor 1-ci dünya müharibəsində iştirak etmişdi. Tamaşada Kantor bu döyüşdəki piyadaları sözün əsl mənasında "canlandırmışdı". Atasının müharibə zamanı çəkdirdiyi bir fotoşəkil tamaşanın əsas mövzularından biri idi. Çəkilən şəklin orijinalında atası birinci sırada oturmuşdu. Rejissor da bu tamaşada həmin şəkli canlandırmışdı.

Yerli fotoqraf adlanan bir personaj ailəni rahibin meyidi ətrafına düzüb şəkil çəkirdi. Rahibin meyidini də özü yuyurdu. Hətta tamaşada elə bir məqam gəlib çatırdı ki, o öz degerotip kamerasını silaha da dəyişirdi.

Ölüm bu tamaşada qaçılmazdır. Kantorun yaddaşında qalan, onu təsirləndirən səhnələrdən biri də rahibin ölüm səhnəsi idi. O, 6 yaşında olarkən Rodoneviçin bədbəxt ölümünün şahidi olur. Rahib Vielopolda öz otağında pnevmaniyadan ölür. Balaca Tadeuşun yadında isə rahibin yorğan altından kənara çıxmış, lüt dabanı qalır. Kantor bu səhnəni çarpayı çərçivəsindən çıxmış ayaq şəklində göstərir. Rejissor Denis Babletlə söhbətində bu barədə deyirdi: "Çox güman ki, bu mənə böyük təsir göstərmişdi. Uşaq üçün bu çox dərin təcrübədir. Əgər o heç nə anlamırsa belə".

Kantor həmçinin digər uşaqlıq xatirələrini və ailə üzvlərini də tamaşada personajlaşdırmışdı: anası, atası, qohumları ilə yanaşı əsərdə Balaca Ravvin - yəhudi keşişi obrazı da vardır. İkinci dünya müharibəsi ərəfəsində onun yaşadığı şəhərdə əhalinin yarısını yəhudilər təşkil edirdi. Bu da tamaşada öz əksini tapmışdı.

Hadisələr "Xəyallar otağı" adlanan məkanda baş verir. Yataq, şkaf kimi mebellərin olduğu adi, sakit bir otaq birdən-birə əlində nəhəng xaç tutmuş insan, əsgərlərlə dolur. Burada ailə həyatından səhnələr, müharibə xatirələri İsanın iztirabları ilə əlaqələndirilir.

1983-cü ildə Kantor nəhayət ki, tamaşanı doğma kəndindəki kostyolda hazırlamağa razılıq verir. Bu tamaşa Polşada nümayiş olunur və 1989-cu ilə kimi "Krikot 2"-nin qastrollarında oynanılır.

Load Time (S) : 0.005693