TEATRO

TEATRO

sənət portalı

post-title

Emin Əliyev - "Sara Keyn və İn Yer Feys teatrı"

Marqaret Tetçerin siyasi arenadan çəkilməsi yeni bir dövrün başlanğıcı hesab olunur. 1995-ci ildə Royal Kört Cervud Cervud Apsteyrdə göstərilən Sara Keynin cinsəllik və şiddət kimi tabuların yer aldığı “Zibilə qalmış” adlı pyesi əsasında hazırlanmış tamaşa böyük səs-küyə səbəb olur və in yer face teatrının başlanğıcı olaraq qəbul edilir. Bəzi tənqidçilər tərəfindən kəskin şəkildə tənqid olunan bu tamaşa, bəziləri tərəfindən müdafiə olunurdu. Bu tarixdən sonra Royal Kört Cervud Apsteyrdəki tamaşaların sayı artmış, Travers, Buş, Hamsted, Old Red Layn, Royal Statford İst Teatrı kimi bir çox teatr, sənət icmaları (fondları), sponsor firmalar yeni əsərlərə yardım ayırmışlar.

Ruhun qorxulardan arınmasını müdafiə edən teatr anlayışı Aristotel zamanından bəri gələn yanaşmadır. Xüsusilə müasir və çağdaş teatrın, ya da yeni interpretasiyalarla səhnəyə qoyulan klassik pyeslərin tamaşaçıya təqdim etdiyi tənqidi düşüncə, şərh fürsəti çoxistiqamətli, çoxformalı bəşəri bir problem olan şiddətin araşdırılmasına və həllinə töhfə verməkdədir. Teatrda şiddətin təmsil edilməsi də yeni bir hal deyil, hətta in-yer-face teatrı nümayəndələrinin A.Artonun “Qəddarlıq teatrı”ndan təsirləndiyi bildirilir.

90-larda ən çox səs-küyə səbəb olan əsərlərin müəllifi Sara Keyn hesab olunur. Onun 1995-ci ildə Royal Kört Cervud Apsteyrdə tamaşaya qoyulan “Zibilə qalmış” pyesi dövrün ən qalmaqallı pyeslərindəndir. Cansıxıcı əsərlərin müəllifi olaraq tanınan Sara Keyn tənqidlərə qarşı belə reaksiya verir: “Məni ən çox təəccübləndirən şey medianın şiddətin özündən daha çox onun təcəssümünə reaksiya verməsidir”. (1 s. 196)

Yeni yazının müəlliflərini ortaq mövzular - cəmiyyətin problemləri, qadına, uşaqlara və heyvanlara yönəlmiş təcavüz və getdikcə şiddətlənən hadisələr, Avropa birliyindən qaçqınlıq statusu alma, qlobal terrorla mübarizə, mütəşəkkil cinayət qruplaşması, gəncliyin problemləri, kapitalizm və qlobalizasiyanın, yeni texnologiyaların fərd və cəmiyyət üzərindəki təsirləri, ünsiyyətsizlik, yalnızlıq və yadlaşma kimi mövzular birləşdirir. 

Zibilə qalmış” müasir ingilis dramaturqu Sara Keynin ilk və ən məşhur pyesidir. Müəllifin “gənclik əsərləri” kimi təsvir etdiyi və yaradıcılığına aid etmədiyi yazılarını istisna etsək, “Zibilə qalmış” Keynin ilk pyesi idi (baxmayaraq ki, o, daha sonra bəzi pyeslərindən hissələri “Aclıq” və “4.48 Psixoz”da da istifadə etmişdir). Müəllif pyesin ilk iki səhnəsini Birmingemdə tələbə olarkən yazıb və bu əsərlər orada tamaşaya qoyulub. Daha sonra müəllifin meneceri olacaq Mel Kenyon bu nümayişlərə baxdıqdan sonra Keynə əsərini London Royal Kört Teatrı göndərməyi tövsiyə edib.

1990-cı illərin və in yer face teatrının simvola çevrilmiş dramaturqu Sara Keyn 28 illik həyatında “Zibilə qalmış” (1995), “Fedranın Sevgisi” (1996), “Təmizlənmiş” (1998), “Aclıq” (1998) və 1999-cu ildə bitirdiyi və intiharından bir il sonra tamaşaya qoyulan “4.48 Psixoz” kimi mövcud dram və  tamaşa anlayışını dağıdan pyeslər qələmə almışdır. Sara Keyn pyeslərində psixoloji analizlər, əxlaqi və siyasi sözlərlə bəzədilmiş, alışdığımız əyləncəli teatr forması yerinə metafizik teatra doğru yönəlmiş, müharibə, ölüm, şiddət kimi mövzulara toxunaraq, teatrın ictimai gücünə önəm vermişdir. Bu məzmunda “Zibilə qalmış” ingilis teatrının yenidən zənginləşməsi baxımından katalizator rolunu oynayır. Bu pyesin tamaşaya qoyulması Con Osbornun “Look Back in Anger” pyesindən sonra ingilis teatrı üçün ikinci bir dönüş (bifurkasiya) nöqtəsi olaraq qeyd edilir. Tom Sellar bu pyeslərin İngilis teatrı üçün təsirini belə dəyərləndirir:

 “Jon Osbornun müharibədən sonra İngilis teatrına verdiyi əsgər Cimmi Porter obrazı kimi Sara Keyn çoxluğun görmək istəmədiyi mübahisələrə yol açan reallığı teatrımıza gətirir. 1950-ci illərdə Osbornun sinfi qəzəbin ruhuna toxunduğu və 1960-cı illərdə Edvard Bondun zalımlıq və aclığı izah etmək üçün danışılan dili və obrazı aqressiv göstərdiyi kimi, 90-cı illərdə də Sara Keyn həssas nöqtələrə toxunmağa, terrordan və ictimai deqradasiyadan danışmağa cəsarət edirdi”.(3 s. 29)

Çoxluq tərəfindən sərhədləri cızılmış nöqtələrə toxunan və bu sərhədləri alt-üst edən Keyn “Zibilə qalmış” pyesi ilə İngilis teatrına bomba kimi düşür. “Zibilə qalmış” 1995-ci ildə James Macdonald tərəfindən Royal Kört teatrında tamaşaya qoyulur. Tamaşanın nə qədər böyük təsir yaratdığını Keyn bu sözlərlə bildirir: “Tamaşa nümayiş olunmağa başladığı həftə Yaponiyada zəlzələ yaşandı, minlərlə insan öldü. Bu ölkədə 15 yaşında bir qıza təcavüz edildi və meşədə öldürüldü. Amma “Zibilə qalmış” tamaşası bu iki hadisədən daha çox səs-küy yaratdı. Şiddətin təmsil edilməsi, əsl şiddətdən daha çox qəzəbləndirdi. (4 s. 130,131) 

Tamaşaçıların qəzəblənməsinin əsas səbəbi bu zamana qədər gözünün qarşısında olan qəddarlığa qulaqlarını tutub, gözlərini bağlayan İngiltərənin, qəddarlıq onun qarşısına amansız şəkildə təqdim edildiyində onunla üzləşməsidir. S.Keyn dövrün tamaşaçısının alışdığı ənənəvi dramatik qaydaları atəşə tutur. Aleks Sirz bu vəziyyəti belə açıqlayır: “Howard Brenton’un The Romans in Britain” (1980) pyesindən bu yana bu cür ictimai reaksiya göstərilən və qəzəbləndirən pyes olmamışdı”. Tənqidçilər, bu mənada, şiddətin bu qədər açıq şəkildə göstərilməsini və təcavüzün bu cür nümayiş olumasını lazımsız bilirdi. Tamaşaçılar kimi reallıqdan gizlənən köşə yazarları və tənqidçilər də bu cür açıq şiddətlə qarşılaşdıqda narahat olmuşdular. 

Müasir qərb Bosniyada baş tutan müharibəyə, vəhşiliyə, ölümlərə səssiz qalmağı seçdiyindən dramaturqu da tənqid edirdilər. Halbuki tənqid etdikləri və qəbul edə bilmədikləri öz düşüncələri idi. Beyinlərində yaratdıqları qaydalar onları rahatlaşdırır və gündəlik həyatlarına davam etmələrinə imkan verirdi. Keyn isə onların bu rahatlığını pozub Bosniyada baş verənlərə reaksiya verilməsinin vacibliyini vurğulayırdı. Müəllif müharibələr, təcəvüzlər, ölümlərlə sarsılmış bədənləri və ruhları səhnəyə gətirərək tamaşaçıların bundan təsirlənməsini və özlərinə gəlməsini qarşısına məqsəd qoyub. Ən aparıcı teatr tənqidçiləri tərəfindən şiddətlə tənqid edilsə də, Keyn həm də onu mühüm yeni “dramatik səs” kimi tanıyan Harold Pinter, Kerl Çörçill və Edvard Bond da daxil olmaqla güclü müttəfiqlər qazanmağı bacarmışdı. Harold Pinter: “Sara Keyn, doğrudan, üzücü olandan və çirkin həqiqətdən bəhs etdi. Bu səbəbdən tamaşanın qadağan olunmasını istəyən qəzet başlıqları ilə üz-üzə qaldı” (3 s.33) deyərək Keynin mübarizəsini vurğulayırdı. Edvard Bond isə yazmaq istədiyim tək müasir pyes deyərək Keyni müdafiyə edir və bildirir. “İki tip dramaturq var: birincilər reallıqla oyun oynayırlar. Kimsə bunu pis, kimsə yaxşı etsə də, onların pyesləri həmişə maraq görür. İkinci tip isə reallığı dəyişdirir. Qədim yunan dramaturqları və Şekspir bunu bacara bilmişdir. Yüz illin kabusları belə reallığı dəyişdirmədi. “Zibilə qalmış” isə reallığı dəyişdirdi. Sara Keyn bu tip əsərlər yazan dramaturqdur. sitat. (2  s.189, 191)

“Zibilə qalmış” ilk dəfə yalnız müharibə, şiddət, zorlama və haniballıq (adamyeyənlik) kimi anlayışları ehtiva edən bir oyun olaraq görülüb tənqid edilsə də, qədim faciələrdən bəri insanların qarşısına qoyulan, qaçdığımız hisslərimizlə üzləşə bilmə fenomenini təqdim edir. Burada belə bir fikir yaranır ki, insanlar özünü başqa bölgələrdə, coğrafiyalarda yaşayan insanların yerinə qoyub, ağrılarını, qorxularını bölüşə, özünü tapa, arınmış şəkildə keçmişdə baş verənləri silməklə yeni səhifə aça bilər.

“Zibilə qalmış” pyesi ilə Keyn “şok və narahatlıqverici mətn” teatrı ənənəsini davam etdirir. Amma onun mətni təqdim etmə tərzi və səhnədə əks olunması eksperimental xarakteri daşıyır. Həyatı təqlid edən dram əvəzinə, müasir dövrü düzgün əks etdirmək, şüur formalaşdırmaq və ümumbəşəri anlayışları əks etdirmək məqsədilə yazılan “Zibilə qalmış” beş səhnə və üç əsas personajdan (Keyt, İan və Asker) ibarətdir. Pyes fiziki və mənəvi sağlamlığını itirmiş qırx beş yaşlı İanın, iyirmi bir yaşlı məsum qız Keytlə birlikdə Lidsdəki bahalı otel otağına gəlməsi ilə başlayır. Keynin pyesdə xüsusi bir yanaşma sərgiləyir və özəl drmaturji texnikadan istifadə edir var. Bu yanaşma ilə o, otel otağından ümumbəşəri problemləri, müharibəni, dağıntıları, viran qalmış insanları görməyə imkan verən qapını açır.

Oyunda keçmişdə münasibətləri olduğu anlaşılan İan və Keyt otel otağında yenidən bir araya gəlir, lakin Keytin İan-a qarşı hissləri ölüb və başqa biri ilə yeni münasibətə başlayıb. Buna baxmayaraq, İan Keyti ​​seksual bir obyekt olaraq görür və birlikdə olmağa israr edir. Bədbəxt keçmiş sevgilisinə kömək etmək istədiyi üçün otel otağına gələn Keyt ona istədiyi cavabı vermir və gecə İan tərəfindən zorlanır. Növbəti səhər Keyt İanın cinsi orqanını dişləyir və hamamın pəncərəsindən qaçır. Növbəti bölümdə adı açıqlanmayan əsgər otel otağına gəlir və əsgər gəldikdən sonra otel otağına minaatan mərmisi vurulur. Əsgər İan ilə vəhşilikləri haqqında danışır və ona işgəncə verir, İanın gözlərini çıxararaq yeyir, sonda əsgər özünü güllələyir. Körpə ilə otel otağına qayıdan Keyt körpə öldükdən sonra onu basdırır. Keyt getdikdən sonra kor olan İan körpəni yeyir və yerə uzanır. Oyunun sonunda ayaqlarının arasından qan axan, lakin yemək daşıyan Keyt otağa qayıdır. Bosniya müharibəsində yaşlı qadına heç kim kömək edə bilmədiyi kimi, Keyt obrazına da heç kim kömək edə bilmir.
 

 

İstifadə olunmuş ədəbiyyat:

1. Aleks Sierz - Rewriting the Nation British Theatre Today. Methuen, 2011  

2. Bond, Edward. “Sarah Kane and Theatre”, Graham Saunders, Love Me or Kill Me: Sarah Kane and the Theatre of Extremes içinde, Manchester ve New York: Manchester University Press. 2002 

3. Sellar, Tom.  “Truth and Dare: Sarah Kane’s Blasted”, Theatre, New Haven CT. 1996.

4. Stephenson, Heidi and Langridge, Natasha. Rage and Reason: Women Playwrights on Playwriting. London: Methuen. 1997

Load Time (S) : 0.000107