TEATRO

TEATRO

sənət portalı

post-title

Emin Əliyev - Kimdir dəli? – M.A.P. festivalından qeydlər

Metrodan düşüb şəhəri gəzəndə hər tindəki reklam lövhələrində, bir bilboardda adamın qarşısına iri hərflərlə M.A.P yazılmış posterlər çıxır. Birinci dəfə görsəydim, yəqin ki, nə olduğunu bilməyəcəyim bu posterlər oktyabrın 10-u başlayan 3-cü M.A.P beynəlxalq teatr festivalının reklamları idi. Keçən ilkindən fərqli olaraq, builki reklam siyasəti məni təəccübləndirdi. Posterlər çox sadə dizayn olunmuşdu və festivala məxsus element yox idi. Məncə, Azərbaycan teatrının gündəlik cansıxıcı mühitindən qurtulub, dünya teatrları ilə aramızda körpü yaratmaq istəyən böyük bir festival belə məqamları nəzərə almalı idi.

Festivalın ilk tamaşaları Vaxtanqov teatrının 3 tamaşası oldu: “Yevgeni Onegin”, “Lanqustun harayı” və “Medeya”. Bu 3 tamaşa festival ərəfəsində yox, daha əvvəl sentyabrın 1-4-ü arasında nümayiş etdirildi. 3 gün ard-arda göstərilən “Yevgeni Onegin” isə festivalın ən yaxşı tamaşalarında biri hesab olundu. Rus şairi A.Puşkinin eyniadlı poeması əsasında hazırlanmış tamaşa məni ilk dəqiqəsindən sonuna kimi soyuq, şaxtalı Rusiya havasında saxlamışdı. Aktyorların ideal seçimi, bənzərsiz oyunu, səhnə rəssamının həqiqi rus həyatı elementlərinə uyğun şeirsəl dizaynı qarşımıza realist və dəqiq hazırlanmış tamaşa qoymuşdu. 

Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasından sonra biz M.A.P-ın sədasını bir də oktyabrın 10-da eşitdik. 

Beləliklə, “Dəli yığıncağı”.

“DƏLİ YIĞINCAĞI”

Oktyabrın 10-u, saat 19:00-da Kamran Şahmərdanın "Dəli yığıncağı" ilə III M.A.P. Beynəlxalq teatr festivalı ikinci dəfə başladı. İlk dəfədir qapısından girdiyim ÜNS yaradıcılıq səhnəsi şəhərin ziyalıları, incəsənət xadimləri ilə qaynayırdı.   
Zala daxil olarkən gördüyüm açıq səhnə klassik əsərin müasir interpretasiyasından xəbər verirdi. Şou və ya kabare səhnəsini xatırladan bu quruluş sağ tərəfində elektro gitara və kamança, sol tərəfində isə tar ifaçısının durması ilə etno-rok musiqisinin işarəsini göstərdi. Sonra isə işıqlar söndü, tamaşa başladı. Sözü çox uzatmadan tamaşaçıların ekrana yaxın oturmasını istəyib davam edirəm:

Deməli, M.A.P.-ın axşam şousuna xoş gəlmisiniz. Çıxış edir tamaşanın birinci ifaçısı: Hikmət Rəhimov - yəni, aparıcı.
Rejissor Hikmətə günümüzün üslubuna uyğun ağ köynək, cins şalvar geydirib. Başına  müasir papaq qoyub. O, səhnədə şou aparıcıları kimi gəzir, tullanıb düşür, kütləni coşdurmağa  çalışır. Hikməti artıq Mirzə Cəlilin əsəri ilə bircə detal birləşdirir - dialekti. XIX əsrdə İrandan Azərbaycana köç etmiş fırıldaqçı İran mollalarına bənzəyən, cənubi Azərbaycan dialektində danışan Hikmət hakimliyin, mollalığın ciddi paltarını soyunub şou aparıcısına çevrilib. Hikmət şoumen kimi bitərəfdir: nə xurafatın tərəfindədir, nə dəlilərin. Şoumen kimi ortalığı qızışdırmağa çalışır. Və əsas ortaq nöqtəyə gəlib çıxır.

Nəticə 1: Hər iki tərəf fırıldaqçıdır.

Aparıcı-şoumen dəliləri bir-bir səhnəyə çağırır. Pırpız Sona, Molla Abbas, Cinni Mustafa, Həmzad Qurban və digərləri... Dəlilər də özlərinə məxsus formada Cəlilin paltosundan çıxmış (amma həm də çıxmamış) kimi bir-bir özlərini kütləyə təqdim edirlər. Hər şey idealdır, yazıçı necə yazıbsa, elə də gedir. Amma dəlilərin nirvanaya qalxdığı dəmdə səhnədə quraşdırılmış iri led ekranlarda İran inqilabından, günümüzün İranından kadrlar göstərilir. 

Sual 1: Niyə məhz İran? Məgər Azərbaycanda xurafat nümunəsi yoxdur?

Bunun təsirindən çıxmamış rejissor bizi ikinci sualın içinə atır. Dəlilər səhnədə simmetrik duraraq şeirlər deməyə başlayırlar. Onlar dərvişə çevrilirlər. Özləri üçün bir əqidə müəyyənləşdirirlər.
Belə çıxır ki, tamaşa yaradıcıları hadisələrin istiqamətini bu cür müəyyənləşdirirlər: dramaturji xətt dini savadsızlığı, "pis əqidə"ni tənqid edir və bundan çıxış yolunu yalnız Allaha eşqdə görür.
Cəlil Məmmədquluzadənin dəliləri dövrünün xurafatına, mollalarına qarşı çıxırlar. Onların dediklərini öz şüurlarına sığdıra bilmirlər, etiraz edirlər. Pırpız Sonasından tutmuş, Cinni Mustafasına kimi.

Sual 2: Bəs, Kamran Şahmərdanın dəliləri nə edir?

Tamaşanın dəlilərinin öz səmavi aləmləri var, orada yaşayırlar. Tamaşanın dəliləri ilahi eşqdən danışırlar.  Xurafatı itələyib müasir poeziyamızdan (sosial şəbəkədə tanınmış bir neçə müəllifin şeirlərindən) şeir parçaları ifa edirlər. Amma heç kim çıxıb soruşmur ki, əziz dəlilər, sevdiyiniz Allah hansı Allahdır?
Bəlkə, oturub belə düşünək: Cəlil Məmmədquluzadənin tənqid obyekti islamı yanlış təhlil edənlər idisə, sizin dəlilərə geyindirdiyiniz bu sufiyanə eşq paltarı da bir yanlış təhlil deyil? Bu eşq İslamın hansı qoludur, bəs, dindən uzaqdırsa, hansı əqidənin Allah anlayışına doğru gedirlər?
Bu fəlsəfi-akademik səfsəfəni kimin ayağına yazmalıyıq?

Məni bu suallar bu günə qədər narahat etsə də, özüm üçün bir cavab tapa bilmirəm. Əsərin niyə belə səhnələşdirildiyinə görə də susuram. Çünki, bu tamaşa festival açılışdan daha çox ad günü tədbirinə bənzəyirdi. 

Məni təsirləndirən ikinci tamaşa isə Maqbet idi. İtaliyanın “Sardegna” teatrının Maqbeti bir daha özümə Şekspirlə bağlı suallar verməyə kömək oldu.

Şekspir haqqında narahat edici suallardan biri də budur: niyə Şekspir?
Ziddiyyətli xarakterlər? Həyəcanlı süjet xətləri? Tarixilik? Rejissorlar üçün boş məkan? Nə?
Son zamanlar Şekspirin əsərləri üzərinə qurulan tamaşalara baxdıqda mən də bu əsərləri başqa formada qurmağı düşünmüşəm. Amma bunu Hamleti və yaxud Maqbeti oxuyarkən təsirlənməyimlə deyil, beyinlərdə (eləcə də öz beynimdə) artıq qəlibləşmiş hadisələr xətti ilə əlaqələndirirəm.
Adəm və Həvva, Odissey, Edip, İsa peyğəmbər və digərləri ilə bağlı süjetlər teatra və incəsənətin digər sahələrinə necə sirayət ediblərsə, Şekspir hadisələri də dünya üçün elə qəlibləşib. Amma məncə, bunu tarix ələməyib, ingilislərin reklam maşınları "quraşdırıb". Çünki, bu saydığım səbəblər bir əsərin 500 ildən çox yaşamasına haqq qazandırmır.
Şekspir haqqında yəqin ki, heç kim pulsuz danışmır. Düzdür?
Elə oktyabrın 18-i "Sardegna" teatrının izlədiyimiz "Maqbet" tamaşası da bu fikirləri bir daha yadıma saldı. Maqbet - bir çox tənqidçilərin şeytan adlandırdığı, oyun qurbanı olan Maqbet.
Məni düşündürür - Maqbet kimin oyununun qurbanı olur?  Cadugərlərin, taleyin yoxsa ... qadınının?
Axı, onu ilk qətl üçün cadugərlər və yaxud hansısa şeytan yönləndirmir. Onu ilk cinayətinə məhz həyat yoldaşı itələyir. Ledi Maqbetin kraliça olmaq istəyi Maqbetin kral olmaq istəyini udur.
Qadın - şeytana çevrilir. Bu da məşhur mifik təfəkkürü - qadın və şeytan əlaqələrini bir daha yadımıza salır.
Qısası, oturub bir az da başımızı yorsaq, Maqbetin içindən hər cür mifik və ya həyati element tapmaq olar. Amma bizə italyan teatrının Maqbeti maraqlı idi. Yəni, saf tamaşa.
Səhnə dizaynı müasir dünyanın zövq tələblərinə uyğun minimalist üslubda tərtib olunmuşdu. Dekorasiya - yox idi. İstifadə etdikləri əşyalar məhdud idi. Yalnız bir neçə səhnədə ehtiyac olduqca stol qoyulurdu, onlar da səhnənin arxasında üç lövhə şəklində qoyulmuşdu. 
Təxminən bir ay öncə Çin opera teatrının "Maqbet" tamaşasını izləmişdik. Yaxın zamanlarda baxdığımdanmı ya həqiqətən, oxşar elementlər olduğundanmı mən bəzi anlarda ənənəvi Çin operasını xatırladım.
Tamaşa həmişəki kimi üç cadugərin səhnəyə gəlməsi ilə başladı. Onlar mimikaları, səhnədə cızdıqları hərəkət marşrutu, çığırtıları və ənənəvi cadugərdən fərqli olaraq sərgilədikləri komik oyun tərzi ilə mənə çinliləri xatırlatdılar. 

Elə gəldi ki, cadugərlər tamaşanın dinamikasını balansda saxlamaq üçün, susqun və apokaliptik atmosferin tamaşaçını yormaması üçün bu cür tullanıb-düşürdülər.

Həm də əsərdə cadugərlərdən daha maraqlı nəsə var ki?

Bu həqiqətləri yəqin ki, Şekspir özü də yaxşı bilir.

Amma həm də düşünürəm ki, “Maqbet” bununla belə 10 gün ərzində izlədiyim ən yaxşı tamaşa idi. 

Qeyri-ənənəvi mizanlar, əşyaların simvolikası, finalda “İsa peyğəmbər”ə bənzər obrazın üzüyuxarı qoyulmuş stolun başına dartılması və daha nələr nələr...

Simvolları çözməyi, yozum verməyi sevmədiyim üçün festivalın tamaşalarına qoyduğum bu suallarla sizi baş-başa buraxıram. Qoy yazıçı (burada: istənilən yazı yazan şəxs) yox, oxucu və tamaşaçı özü hər şeyə qərar versin. O hər şeyi biləndir. 

Load Time (S) : 0.004382