TEATRO

TEATRO

sənət portalı

post-title

Emin Əliyev - Kerl Çörçill yaradıcılığında müharibə mövzusu

Kerl Çörçill 1938-ci ildə Londonda doğulmuş İngilis dramaturqdur. Pyesləri əsasən feminizm, iqtidarın tənqidi və cinsəlliklə əlaqəlidir. Aleks Sirz onun haqqında yazır: “1980-ci illərdə ən təsirli yazar Çörçill idi. O, xaotik dialoqları, dəyişən zamanları və duyğusal reallığı özünə xas şəkildə bir arada istifadə edərək teatr dilini gücləndirib.” (2s. 25)

Kerl Çörçillin “Uzaq” (“Far Away”) pyesi münaqişələrə və bu münaqişələrin həyatımıza, bəşəriyyətə mənfi təsirinə həsr olunub. Pyesin ilk tamaşası 2000-ci ildə Royal Kört teatrının Cervud səhnəsində Stefen Dardli tərəfindən qurulmuşdur. 

Kerl Çörçillin bu pyesi distopik dram kimi səciyyələndirilir. Tənqidçi Lin Qardner yazır: “Əgər dünyaya müharibə elan etsəniz, dünya da sizə qarşı müharibəyə başlayacaq. Qaçılmaz olaraq özünüzə savaş açacaq və sizə ən yaxın adamlara güvənməyəcəksiniz.”  (1 s. 130)  

Pyesin ilk səhnəsi gənc qızın əmisinin dəmir çubuqla insanları vurduğunu görməsi və bunu digər qohumundan soruşması ilə başlayır. Pyesin sonunda isə bütün dünya, quşlar və heyvanlar da böyük bir müharibənin içində olur.  

Çağdaş ingilis teatrında bir çox dramaturq teatr tarixində yeni anlayışlara yol açan Bertold Brextin teatr nəzəriyyəsini mənimsəyir. Brextin epik teatrının başlıca məqsədi bilinən olanı yadlaşdırmaq və dünyanın dəyişdirilə bilən olduğunu göstərməkdir. İki böyük dünya müharibəsini görən Brext cəmiyyətin axsayan tərəflərini tənqidi bir dillə göstərərkən, tamaşaçını düşünməyə vadar edir. İkinci dünya müharibəsindən sonra Edvard Bond, Trevor Qriffit, Con MkQret adlı ingilis dramaturqlar da Brext kimi ictimai problemlərə toxunansiyasi pyeslər qələmə alırdılar. Bunlardan biri də feminist və siyasi teatrın nümayəndələrindən olan Kerl Çörçill idi.

“Yeddi yəhudi uşaq” - Qəzza üçün pyes Kerl Çörçilin 2009-cu ilin əvvəlində yazdığı və  böyük mübahisələrə yol açan pyesdir. Müasir dramaturqlardan biri olan David Hare “Getsemani” pyesinə görə Yəhudi düşmənçiliyində günahlandırıldıqdan sonra eyni reaksiyalar da Çörçilə gəlməyə başladı. Çörçilin pyesi hətta dramaturqları da özündən çıxarır. K.Çörçilin pyesinə cavab olaraq, Deb Marqol “Yeddi fələstinli uşaq”, İris Bahr isə “Yeddi ingilis uşaq” pyeslərini yazır.    

Poetik dilin istifadə olunduğu və 10 dəqiqə xronometrajı olan “Yeddi yəhudi uşaq pyesi” London Royal Kört Teatrında 2009-cu ildə hər kəsə açıq olaraq tamaşaya qoyulur. Amerikanın teatr jurnalı Playbillin tənqidçisi Hernandez tamaşanın nasistlərin soyqırımına, İsrailin sisteminə, Fələstin xalqının üsyanınına və Qəzzada yaşanan hadisələrə həsr olunduğunu bildirir. Bu müasir pyes təxminən 70 illik bir zaman kəsimini əhatə edir.   

Royal Kört teatrının ən nüfuzlu dramaturqlarından biri olan Çörçil bu pyesi İsrailin 2008-ci ildə Fələsinə qarşı etdiyi soyqırıma qarşı reaksiya olaraq yazıb. İsrailin Qəzzanı 22 gün qurudan və havadan bombalaması ilə 1300-dən çox fələstinli ölür və onların üçdə biri uşaq olur. Bu hücumdan sonra 4000 bina məhv olur 20000 bina zədə alır. Onminlərlə adam evsiz qalır. Çörçil “Yeddi yəhudi uşaq” pyesini niyə yazdığını bu cür açıqlayır: “Qəzzada yaşanan hadisələrdən sonra bu pyesi yazdım. Bunun oradakı insanlara bir kömək oluğunu düşündüm. Hamı Qəzza mövzusunu yaxşı bilir, hamı orda yaşananlara üzülür. Pyes bu vəziyyətdə kömək ola bilər. Bu pyes təkcə teatr hadisəsi deyil, həm də siyasi hadisədir.   

Çörçil “Yeddi yəhudi uşaq” pyesində tərəfləri haqlı-haqsız ayırmadan yaşanan hadisələrə bütünlüklə qarşı çıxır. Baş verən hadisələrə reaksiya verən dramaturq bu pyeslə fikrini sinfi, cinsi, mədəni və dini çıxarlar üçün yox, insanlıq və sülh üçün bildirir. Dramaturq bu pyeslə qəddarlıq edərək iqtidar olmağı vərdişə çevirən adamlara və qurumlara göndərmə edir. Bu qısa pyesin bir  çox hissəsi “o qıza de!” və ya “o qıza demə!” əmr cümlələri ilə başlayır. Çörçil ön sözündə hər bir səhnənin fərqli uşaqlara xitab etdiyini, səhnədə heç bir uşağın iştirak etməyəcəyini vurğulayır. Bu səbəbdən aktyorların hamısı yeniyetmələr və valideynlərdir. Pyesdə yəhudi nənə, baba və qohumları uşaqlarına yaşadıqları bu qəddar və qarışıq dünyada necə davranmalı olduqlarını başa salırlar. 
 

İstifadə olunmuş ədəbiyyat:

1. Aleks Sierz - Rewriting the Nation British Theatre Today. Methuen, 2011  

2. Lane, David. Contemporary British Drama. Edinburg University Press, 2010 

Load Time (S) : 0.000269